Metsamor AES
- regionu və dünyanı hədələyən ekoloji və
humanitar təhlükə
Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin
Nüvə Enerjisi Sammitinin rəhbərliyinə Metsamor Atom
Elektrik Stansiyası ilə bağlı açıq məktubu
aktuallığı ilə diqqət çəkən sənəd
sayıla bilər. Məktubda deyilir: "Biz - Azərbaycanın
vətəndaş cəmiyyətinin nümayəndələri,
elm xadimləri olaraq, Brüsseldə işə başlayan
Nüvə Enerjisi Sammitinin həmsədrləri -
Belçikanın Baş naziri Aleksandr De Krooya, Atom Enerjisi
üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano
Qrossiyə müraciət edərək, onları Ermənistanın
qəza vəziyyətində olan, istismar müddəti
çoxdan başa çatmış Metsamor Atom Elektrik
Stansiyasının törətdiyi qlobal təhlükəyə
diqqət yetirməyə, bu stansiyanın fəaliyyətinin dərhal
dayandırılması barədə Ermənistan hökuməti
qarşısında məsələ qaldırmağa
çağırırıq. Köhnə texnologiya ilə
işləyən, 9.5 ballıq seysmik zonada 1976-cı ildə
inşa edilmiş, cəmi 8 bala hesablanmış Metsamor Atom
Elektrik Stansiyası Azərbaycan, Türkiyə, Ermənistan və
bütün region üçün böyük nüvə təhlükəsi
yaradır. Ermənistan hakimiyyətinin bu AES ilə əlaqədar
məsuliyyətsiz davranışları, dünya ictimaiyyətini
aldatmağa hesablanan yalan hesabatları bölgəni növbəti
Çernobıl və Fukusima qəzalarına doğru
aparır. Hər keçən gün bu risk daha da böyüyür.
Metsamor Atom Elektrik Stansiyasını istismardan çıxarmaq,
beynəlxalq ictimaiyyətin gözlədiyi qayda və
prosedurlara əməl etmək əvəzinə, Ermənistan
hakimiyyəti hər dəfə onun ömrünü süni
şəkildə uzatmağa çalışır.
Metsamor Atom Elektrik Stansiyasının maye
tullantıları son nəticədə transsərhəd
çayı olan Araz çayına axıdılır. Bu
stansiya su qıtlığı olan ərazidə yerləşir,
köhnələn reaktorunu soyutmaq üçün su dərinlikdəki
quyulardan götürülür. Zəlzələlər
zamanı yeraltı suların səviyyəsinin və
axınların istiqamətinin dəyişməsi
mümkündür, bu isə soyutma sisteminin
etibarsızlığını aydın nümayiş etdirir.
Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının
qanunsuz ticarətinin aparılması da böyük
narahatlıq doğurur. Ermənistan ərazisində 200-dən
artıq radioaktiv mənbələr mövcuddur. Bu mənbələr
sırasına müxtəlif növ izotoplar daxildir. Ermənistanda
radioaktiv izotoplarla əlaqədar qaçaqmalçılıq
faktları da mövcuddur. Bu, radionuklidlərin terror məqsədilə
istifadə edilməsi ehtimalını artırır.
Metsamor Atom Elektrik Stansiyasının
tullantılarının yerləşdirildiyi poliqonların
artıq dolduğu və yeni nüvə tullantıları
poliqonunun yaradılması göstərir ki, bu
tullantıların yerləşdirilməsi ilə bağlı
ciddi problemlər mövcuddur. Atom Enerjisi üzrə Beynəlxalq
Agentliyi və digər aidiyyəti beynəlxalq qurumları bu
sahədə əsas təsirlənən ölkə kimi Azərbaycanla
sıx əməkdaşlığa
çağırırıq.
Öz xalqının və region dövlətlərində
yaşayan xalqların nüvə təhlükəsizliliyini nəzərə
almayan Ermənistan hakimiyyəti yalnız birgə qlobal səylərlə
Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətini
dayandırmağa məcbur edilə bilər. COP28-dən irəli
gələn məqsədlərə çatmağı əsas
istiqaməti kimi müəyyən edən Nüvə Enerjisi
Sammiti bu baxımdan əlverişli platforma kimi
çıxış edir. COP29-a ev sahibi edəcək Azərbaycan
ictimaiyyətinin də gözləntisi budur".
Mütəxəssislərin fikrincə, 1976-cı ildən
köhnəlmiş texnologiya əsasında işləyən
Metsamor AES-in fəaliyyəti seysmik zonada yerləşən bir
obyekt kimi ətraf mühitə və insan
sağlamlığına ciddi mənfi nəticələrə
səbəb ola bilər. Metsamor
AES Çernobılda istifadə edilən oxşar texnologiya ilə
inşa edilib və reaktoru ikinci qoruyucu təhlükəsizlik
örtüyü olmadan fəaliyyət göstərir və bu
cür fəaliyyət regionda ekoloji təhlükəsizliyə
ciddi təhdid mənbəyi olaraq qalır. AES-də hər
hansı qəza baş verərsə, yalnız Ermənistanın
deyil, bütün Cənubi Qafqaz və Yaxın Şərq
ölkələrinin də ciddi ziyan görəcəyi
proqnozlaşdırılır. Çünki Metsamor AES
Türkiyə sərhədlərindən 16 km, İran sərhədlərindən
60 km, Azərbaycan və Gürcüstan sərhədlərindən
120 km məsafədə yerləşir.
Metsamor AES-in 1-ci və 2-ci nüvə reaktoru 1989-cu ildə
Spitak zəlzələsindən sonra bağlanmışdı,
lakin Ermənistan hökuməti enerji
çatışmazlığını bəhanə gətirərək
1995-ci ildə beynəlxalq birliyin
çağırışlarına və kəskin tənqidinə
baxmayaraq, AES-in 2-ci reaktorunun fəaliyyətini bərpa edib.
Hazırda Metsamor AES istismar müddətinin bitməsinə
baxmayaraq, müvafiq təhlükəsizlik normalarına riayət
etmədən daha artıq güclə fəaliyyət göstərir.
Bu gün köhnə sovet texnologiyası olan belə qoruyucusuz
nüvə reaktorları çox az sayda qalmaqdadır. Demək
olar ki, Avropa ölkələrində 50-60-cı illərdə
istehsal olunan birinci nəsil reaktorların fəaliyyəti
2015-ci ilədək dayandırılmışdı. Artıq
3-cü nəsil reaktorların istifadəsinə 2018-ci ildən
başlayan ölkələr sırasında Yaponiya, Çin,
BƏƏ və bu köhnə texnologiyalardan istifadə
etmiş Rusiya da var. Yeni nəsil reaktorlarda ekoloji səmərəli
həllər, xüsusilə soyutma sistemində sudan imtina və
əvəzində soyuducu reaqentlərdən istifadə, həcminin
azadılması, eləcə də gücləndirilmiş
texniki təhlükəsizlik standartları önəmlidir.
Hazırda beynəlxalq texniki standartlara cavab verməyən
Metsamor AES-in fəaliyyət müddətinin 2 dəfə
uzadılması ilə yanaşı, AES-in ekoloji idarəetmə
strategiyasının dəqiq məlum olmaması, qeyri-şəffaflığı
ekoloji təsirləri müəyyən etməkdə də
ciddi narahatlıqlar yaradır. Halbuki bu sahədə geniş
beynəlxalq təcrübəyə malik olan Atom Enerjisi üzrə
Beynəlxalq Agentlik kimi təşkilatlar 1986-cı il
Çernobıl, 2011-ci ilin FukiSima I nüvə stansiyasında
baş vermiş qəzalardan sonra nüvə təhlükəsizlik
standartlarının əsas baza prinsipi kimi şəffaflığın
artırılmasının zəruriliyi barədə həyəcan
təbili çalmışdır. Təəssüf ki,
bugünədək Metsamor AES-də AEBA missiyaları çərçivəsində
aparılmış tədqiqat nəticələri, AES-in
texniki status göstəriciləri, eləcə də
formalaşan radioaktiv tullantıları ilə bağlı təfərrüatlar
açıqlanmır və onların aqibəti barədə
dəqiq məlumatlar yoxdur.
"İnformasiya və Sosial Təşəbbüslərə
Dəstək" İctimai Birliyinin sədri Cəsarət
Hüseynzadə bildirib ki, Azərbaycan və Ermənistan
BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinə
dair Konvensiyasının üzvləridir: "Bu Konvensiyaya
görə, potensial təhlükəli layihələrin ətraf
mühitə təsirinin qiymətləndirilməsi yalnız
dövlət daxilində deyil, həm də bu obyektlərin təsirinə
məruz qala biləcək qonşu ölkələrdə
ictimai müzakirələri əhatə etməlidir. Lakin Ermənistan
beynəlxalq müqavilələrin tələblərini tamamilə
nəzərə almır. Azərbaycan dəfələrlə
beynəlxalq platformalarda Metsamor AES-in fəaliyyətini davam
etdirməsi ilə bağlı ciddi narahatlığını
bildirib, təəssüf ki, beynəlxalq ictimaiyyət Ermənistanın
öhdəliklərini yerinə yetirməsinə hələ də
müvəffəq olmayıb".
"Azərbaycan Çernobıl Əlilləri
İttifaqı" İctimai Birliyinin sədri Mirhəsən
Həsənov qeyd edib ki, Hazırda Azərbaycanın
qonşuluğunda, Ermənistan ərazisində potensial təhlükə
mənbəyi olan "Metsamor" Atom Elektrik Stansiyası fəaliyyət
göstərir. Azərbaycanın ictimai təşkilatları,
o cümlədən, "Azərbaycan Çernobıl
Əlilləri İttifaqı" İctimai Birliyi olaraq biz
müxtəlif beynəlxalq təşkilatlara
"Metsamor"un istismar müddətinin başa
çatması və bu stansiyanın fəaliyyətinin
dayandırılması barədə dəfələrlə
müraciətlər ünvanlamışıq:
"Metsamor" Atom Elektrik Stansiyası
"Çernobıl" Atom Elektrik Stansiyası kimi bölgə
üçün təhlükə mənbəyidir. Bu stansiya
köhnə texniki proqramlarla qurulub. Stansiyanın istismar
müddəti başa çatdığından onunla
bağlı rəylərdə bölgə üçün təhlükəli
olması dəfələrlə öz təsdiqini tapıb.
Niyə stansiyanın fəaliyyətinin
dayandırılması üçün beynəlxalq aləm
bir araya gəlmir? Niyə bölgədə insan
haqlarının müdafiəsindən danışan beynəlxalq
təşkilatlar Ermənistandakı stansiyanın fəaliyyəti
ilə bağlı mövqeyini ortaya qoymur? Əgər
"Metsamor"da partlayış baş verərsə, o,
"Çernobıl" Atom Elektrik Stansiyasındakı hadisə
kimi bəşəriyyət üçün ikinci
böyük və dəhşətli bir faciə olacaq. Otuz
ildir Azərbaycanın ərazi bütövlüyü Ermənistan
tərəfindən pozulur. Azərbaycana qarşı hərbi
təcavüz törədən Ermənistan o vaxt olduğu
kimi, hazırda da dünya ictimaiyyətini aldatmaqda davam edir və
ölkəmizlə bağlı yalan məlumat və
dezinformasiyalar yayır. Odur ki, beynəlxalq təşkilatlar
ermənilərin yalanlarına aldanıb yanlış
mövqedən çıxış etməməlidirlər.
Dünya birliyi Azərbaycanın həqiqətlərini bilməli
və düzgün mövqe nümayiş etdirməlidir. Beynəlxalq
qurumlar isə ölkəmizə qarşı ikili standartlar tətbiq
etməkdən əl çəkməlidirlər".
Qeyd edək ki, 1986-cı il aprelin 26-da Kiyev şəhəri
yaxınlığındakı "Çernobıl" Atom
Elektrik Stansiyasında baş vermiş partlayış bəşəriyyət
üçün XX əsrin ən böyük texnogen qəzası
hesab olunur. Faciədən ötən müddətdə 2500-dən
çox insan səhhətində yaranan problemlər
üzündən dünyasını dəyişib. O vaxt
baş vermiş qəzanın nəticələrinin aradan
qaldırılması işlərinə 600 min nəfər, o
cümlədən, 8 minə yaxın azərbaycanlı cəlb
olunmuşdu.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2024.- 29
mart, №54.- S.14.