Şeytana
qarşı
(I yazı)
Deyilənə görə, bir gün insanlar
Şeytanı yaxalayıb soruşurlar ki, niyə bizi rahat
buraxmırsan, nə verib ala bilmirsən bizdən? Şeytan
acı-acı gülüb deyir: "İstəsəydiniz məni
bircə günün içindəcə məhv edərdiniz.
Amma istəmirsiniz, çünki bunu bacarmırsınız və
heç vaxt da bacarmayacaqsınız, çünki istəmirsiniz.
Üstəlik, tez-tez mənim roluma tamah salır, missiyama, əməllərimə
ortaq çıxırsınız. Ona görə də bu
sualları özünüzə versəniz yaxşı
olar".
...Şeytan - insan münasibətləri fikir,
düşüncə adamlarını zaman-zaman məşğul
edib.
Bu baxımdan Şeytanı əlində
üçdişli yaba tutmuş müdhiş qiyafəli,
buynuzlu, eybəcər varlıq görkəmində təsvir və
təqdim edən düşüncə steorotiplərinin
dağıdılmasında onu mistik qüvvə kimi göydə
yox, insanların qəlbində gizlənmiş hisslərin,
fikirlərin təcəssümü kimi yenidən yaradan bədii
söz ustalarının xidmətləri danılmazdır. Amma
bu haqda danışmazdan öncə xeyli əvvələ
qayıdıb diqqəti Çingiz xanın adı ilə
bağlı bir əhvalata yönəltmək istəyirəm.
Yürüş vaxtı Çingiz xan yolun kənarındakı
böyük bir tikilinin yanında atını saxlayıb
binanın qapısı ağzında dayanmış kişidən
soruşur:
- Bu, kimin evidir?
Kişi cavab verir:
- Bura Allahın evidir. Adına came deyirlər.
Çingiz xan bərk hiddətlənir:
- Bu nədir, siz bütpərəstsiniz məgər?
Allahın bir evi var - o da insanların qəlbidir. Sizsə onu
öz doğma evindən çıxarıb yerini kin-kidurət,
nifrət, eybəcər istəklərlə doldurmusunuz. Sizi
atımın ayaqları altında məhv edərdim, amma
düşünürəm ki, heç buna da layiq deyilsiniz!..
Çingiz xan filosof yox, sərkərdə idi. Amma onun
adı ilə bağlı olan bu əhvalat və dedikləri
Tanrı - Şeytan - insanlar triadasına dərin fəlsəfi
baxışların özəl prinsiplərini sərgiləyən
bir düşüncə modeli, meyarı təsiri
bağışlayır. Diqqət yetirin, istər doqmatik, istərsə
də fəlsəfi düşüncə Tanrıya əvvəli
və sonu bilinməyən, mütləq, laməkan, eyni vaxtda
hər yerdə olan, yəni bütün fəzanı,
kainatı dolduran varlıq kimi baxır, Çingiz xan isə
onun məkanını insan qəlbinin ölçülərinə
qədər kiçiltməkdən çəkinmir. Bunu
Tanrıya sayğısızlıq, onu inkar etmək
anlayışları ilə eyniləşdirmək sadəlövhlük
olardı. Çünki Çingiz xanın dedikləri bəzilərinin
düşündüyü kimi Tanrını insandan
uzaqlaşdırmır, əksinə, ona daha çox yaxınlaşdırır, Tanrı
anlayışının mahiyyətini düzgün anlamağa
dəvət edir. Axı inam, inanc anlayışları kimi
Tanrı da nəsnəl (maddi) varlıq olmadığı
üçün gözəgörünməzdir, üstəlik,
təcrübədən dışarıdadır. Deməli, əsas
məsələ o deyil ki, sən Tanrını necə təsəvvür
edirsən (yaxud ümumiyyətlə, təsəvvür edə
bilirsənmi?). Əsas odur ki, sən Tanrıya necə
inanırsan. Tanrıya ev tikmək artıq onu kiməsə bənzətməyə,
kimləsə eyniləşdirməyə uyğun gəldiyi,
"Tanrının dünyadakı camelərin sayı qədər
evi var" kimi qəribə bir hökmə yol
açdığı üçün Çingiz xan haqlı
olaraq onu qəbul etmirdi. Axı, Tanrının eyni vaxtda hər
yerdə olmasını məqbul hesab edən ağıl
hansı məntiqlə, nəyə istinad edib konkret bir yerdə
Tanrıya ev tikmək haqqında hökm verə bilərdi?
Bu ibrətamiz əhvalatda diqqəti çəkən
ikinci mühüm məqam Tanrı ilə yanaşı,
Şeytanın da mahiyyətinin və ünvanının dəqiq
göstərilməsidir (baxmayaraq ki, konkret olaraq adı çəkilmir).
İnsanın ev tikmək bəhanəsilə Tanrını
öz qəlbindən çıxarması dolayısı ilə
onun boş qalmış yerini başqa bir qüvvəyə təklif
etməsi deməkdir. Çingiz xan bunu pis niyyətdən,
Allaha sayğısızlıqdan formalaşan mənfi aura -
Şər adlandırır və bununla da dolayısı ilə
Şeytanın yuva saldığı əsas məkanı da
nişan verir - Şeytan adlandırılan şey insanların
öz qəlblərinə buraxdıqları və
Tanrının iradəsinə zidd olan mənfi enerjinin, pis
düşüncələrin, niyyətlərin
obrazıdır!
Mən həmişə vicdanı Tanrının insan
qəbindəki ziyası, işığı kimi başa
düşmüşəm və indi də inanıram ki, vicdanı olmayan adam Tanrını
tanımayan, ona inanmayan, qəlbindəki çirkin
duyğulardan Şeytan düzəldib
onun nökərinə çevrilən miskin bir
varlıqdır.
Bu yerdə mötərizə açıb bir haşiyə
çıxmaq istəyirəm (Məlumdur ki, demokratik
inkişaf yolunu seçmiş ölkələrin, o cümlədən,
Azərbaycanın konstitutiyasında vicdan azadlığı
insan azadlığının təməl prinsiplərindən
biri kimi təsbit olunub.
Çoxları, hətta bəzi mötəbər din xadimləri
bu ifadənin mənasını anlamadıqlarını, yəni
vicdanın nə olduğunu bilmədiklərini gizlətmirlər.
Şəxsən mənə görə, vicdan
azadlığı Tanrıya inanıb-inanmamaq məsələsində
seçim azadlığı anlayışına uyğun gəlir
(bəlkə də yanılıram). Yəni bu məsələdə
hər kəs azaddır - istəyər inanar, istəməzsə
yox. Zahirən elə də ciddi əhəmiyyət
daşımayan, demokratik, hüquqi cəmiyyət
quruculuğuna uyğun gələn bir paradiqmadır. Amma
orası da var ki, bu azadlıq dolayısı ilə adamlara
vicdansız olmaq üçün də seçim şansı
verir, buna hüquqi əsas yaradır. Dövlətin öz vətəndaşlarının
vicdansız olmaq hüququnu tanıması, məncə,
absurddur. Ona görə də bu "azadlığa"
hüquqi rəng verməkdənsə, onu insanların şəxsi
seçim hüququnun öhdəsinə buraxmaq daha məqbul
olmazmı?).
Mətləbdən uzaq düşməmək
üçün Çingiz xanın yaşadığı
uzaq keçmişdən qayıdaq XIX əsrə.
Artıq neçə yüz illərdir dünyanın
müxtəlif ölkələrində yaşayan müsəlmanlar
hər il müqəddəs Kəbəni ziyarət edir, digər
dini ayinlərlə yanaşı, biri neçə dollarasa (!)
daşlar alıb Şeytanı daşlayırlar ki, Allaha boyun əyməyən
bu lənətə gəlmiş mələk insanları rahat
buraxsın, düz yolun yolçusu olmaqda onlara mane olmasın.
Təbii, bu, bir simvolik mərasim, dini ritualdır,
çünki Şeytan o qədər də sadəlövh
deyil ki, gəlib bir yerdə dayansın və desin, ay müsəlmanlar,
xahiş edirəm gəlib məni daşlayasınız. Amma hər
bir simvolun, rəmzin arxasında insanlığa gərəkli
məram, ideya, hansısa həqiqətə işarə
olduğunu da unutmamalıyıq və bu mənada
Şeytanı daşlamaq şərə, əxlaqsızlığa,
Allahsızlığa insanların etirazını simvolizə
edi.
Ötən müddət ərzində Şeytana min,
milyon yox, üst-üstə milyardlarla daş atılıb,
milyardlarla insan bu yolla Allaha sədaqətini, Şeytana nifrətini
nümayiş etdirib və məntiqə görə bu cəzadan
şil-küt olan Şeytanın öz şeytanlıq
missiyasını yerinə yetirməyə nə heyi, nə də
marağı qalmalı idi.
Bəs həqiqətdə necədir?
Həqiqətdə isə Şeytan güclənərək bic-bic gülərək dişlərini
daha şövqlə ağartmaqda, dünyanı (xüsusilə
də müsəlman dünyasını) daha mükəmməl
tərzdə barmağına dolamaqdadır. Əgər sədaqət,
vəfa, etibar kimi anlayışlar dəyərini itirirsə, əxlaqsızlıq
əxlaq libasında meydan sulayırsa, harın əliəyrilər
düzlükdən moizə oxuyurlarsa, hər gün dünyada
insan qanı tökülürsə, günahsız uşaqlar
ölürsə, başqa nə fikirləşəsən? Belə
alınmırmı ki, o daşlar bumeranq effekti ilə geri
qayıdır, Şeytanın axırına çıxmaq əvəzinə
onu daha sırtıq əməllərə ruhlandırır,
insanları isə daha da acizləşdirir?
Görəsən, nə üçün belədir?
Məncə, bu ritualın əməli baxımdan
fiaskoya uğramasının ümdə səbəbini belə
ifadə etmək olar: insanlar o daşları Şeytana (və
Şeytanlığa ) içdən, daxildən gələn
inersiya ilə yox, sadəcə Allah qarşısında borc,
öhdəlik hissinin təsiri altında nəsnəl, yəni
real görünən varlığa atılan və ona fiziki xətər
yetirən daş kimi atırlar və fəqinə varmırlar
ki, bu halda bu mərasim ruhi-mənəvi dəyərini itirir, yerinə yetirilmək xətrinə
icra olunan hərəkətə çevrilir. "Mən Allah
qarşında borcumdan çıxdım, Şeytana daş
atmaqla ona qarşı mübarizəyə öz töhfəmi
verdim" ritorikası həmin daşatanların böyük
qisminin ən böyük aldanışıdır,
çünki bu əminlik, arxayınçılıq
Şeytana yox, insanların özünə ziyan gətirir,
Allahla sövdələşmə, etdiyin əmələ
görə mükafat, əvəz gözləmə kimi
naqisliklərə yol açır və nəticədə
insan özü üçün yaratdığı əminlikdə,
arxayınlıqda yolunu azıb ələkçinin (oxu:
Şeytanın) qıl verəninə, hətta bəzi hallarda
nökərinə çevrilir. Öz içində Allah
işığının yox, şərin,
riyakarlığın kiçik modelini yaradan belələri isə
Şeytan üçün rahat hulqum kimi bir şeydir.
Dahi Hüseyn Cavid məhz buna görə Şeytan
ideyasını insan anlayışı ilə əlaqələndirib
yazırdı:
"İblis nədir? Hər cümlə-xəyanətlərə
bais,
Ya hər cümlə-xəyanətlərə bais
insan nədir? İblis!"
Deməli, insanların dilindən düşməyən
"Məni Şeytan yoldan çıxartdı" cümləsi
əslində hər cür naqislikləri özündən
uzaqlaşdırıb Şeytanıb üstünə atmaqla
özünə təskinlik vermək cəhdindən başqa
bir şey deyil. Çünki insanı yoldan çıxardan
onun öz xisləti, bu xislətdən irəli gələn nəfsi,
acgözlüyü, mərdmazarlığı... və deməli,
Allahın yolundan sapmağıdır. Burada yenə də
Çingiz xandan sitat gətirməli olacam: "Əgər
oğullar atalarını, kiçik qardaşlar böyük
qardaşlarını eşitmirlərsə, ər arvadına
etibar etmirsə, arvad da ərinə tabe olmursa, güclü zəifi
müdafiə etmirsə, kiçik böyüyə
inanmırsa, böyük isə kiçiyə hörmət
etmirsə, məmurlar ölkənin var-dövlətini mənimsəyib
varlanır və xalqı dilənçi vəziyyətinə
salırlarsa, o ölkədə yaşayan xalq bədbəxtdir.
Belə xalqı yalançılar və sələmçilər
idarə edərlər".
Bu müdrik fikrlə tanış olandan sonra
düşünürsən - məgər adamları
rüşvət almağa, yetimin malını yeməyə, yalan
danışmağa, satqınlığa, əxlaqsızlığa...
əlində üçdişli yaba tutmuş buynuzlu, quyruqlu
Şeytanmı məcbur edir?
Xeyr, dostlar! Bu, kimlərinsə uydurduğu canqurtaran
alibidir, hər şeyi Şeytanın üstünə atıb
özünü təmizə çıxarmaqdır.
Şeytanı sadəcə olaraq onu daşlamaqla yox, təmənnasız
yaxşılıq, şəfqət, mərhəmət, səxavət
nümayiş etdirməklə sarsıtmaq, məğlub etmək
olar (və lazımdır!)
Əgər sözünlə əməlin düz gəlirsə,
əgər bir acın qarnını doydurursansa, paltarı
olmadığına görə məktəbə gedə bilməyən
bir uşağı geyindirib onu sevindirirsənsə və
bunların müqabilində cənnəti satın
aldığını fikirləşmir, mükafat gözləmirsənsə,
inan - öz kəndindən, həyətindən
atdığın "daş" Şeytanın düz ürəyinin
başına dəyəcək!!!
Yaxşılıq etmək, haqqın, ədalətin tərəfində
dayanmaq Allahın hörmətini qazanmaq taktikası yox, həyat
tərzi olmayınca Şeytana milyardlarla nədir, lap
trilyardlarla daş atılsa da, bu, ən yaxşı halda filə
quş raqatkasından qum dənəsi atmaq effekti doğuracaq.
Elmin, fəlsəfənin, ədəbiyyatın sürətlə
inkişaf etdiyi, yeni fəlsəfi-etik konsepsiyaların meydana gəldiyi
XIX əsrdə mütləq zəka (Tanrı), Xeyir - Şər
qarşıdurması problemləri yenidən elmi və bədii
düşüncənin predmetinə çevrildi. Diqqət
yetirsək, bu konsepsiyaların əksəriyyətində
Çingiz xanın əhvalatından çıxan postulatlarla
yaxından səsləşən motivlər görərik. Bir
yazıda onların hamısını əhatə etmək
mümkün olmadığından növbəti yazıda bu
problemin kompleks şəkildə, maraqlı süjet fonunda nəzərdən
keçirildiyi bir əsər, daha doğrusu, onun ekran variantı haqqında danışacam.
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet.- 2024.- 29
mart, №54.- S.12.