AMEA-da Elm Günü
qeyd olunub
Martın 27-də Azərbaycan Milli Elmlər
Akademiyasının Əsas binasının Dairəvi
zalında Elm Günü münasibətilə "Elm
Günü və Günün elmi: humanitar tədqiqatlar və
süni intellekt" mövzusunda təntənəli tədbir
keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli,
Xalq rəssamı akademik Ömər Eldarov, Azərbaycan
Ağsaqqallar Şurasının sədri, millət vəkili
Eldar Quliyev, millət vəkilləri Fazil Mustafa, Ülviyyə
Həmzəyeva, AR Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil
siyasəti şöbəsinin müdiri Turxan Süleyman, AMEA Rəyasət
Heyətinin üzvləri, həqiqi və müxbir üzvləri,
AMEA-nın elmi müəssisə və təşkilatlarının
əməkdaşları və respublika elmi ictimaiyyətinin
nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə ilk dəfə təşkil
olunmuş Xalq rəssamı akademik Ömər Eldarovun fərdi
heykəltəraşlıq sərgisinə, elmi ictimaiyyətə
ilk dəfə təqdim olunan AMEA loqosunun eskizləri sərgisinə,
eləcə də AMEA Arxeologiya və Antropologiya
İnstitutunun sərgisinə baxış olub.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin
"Elm Günü və Günün elmi: Humanitar tədqiqatlar
və süni intellekt" mövzusunda giriş nitqi dinlənilib.
Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı
ilə Azərbaycanda Elm Gününün təsis edildiyini
diqqətə çatdıran akademik İsa Həbibbəyli
bu əlamətdar günün ölkəmizdə geniş qeyd
olunduğunu söyləyib.
Azərbaycan elminin qədim tarixi köklərə
malik olduğunu bildirən AMEA rəhbəri Orta əsrlərdə
və sonrakı dövrlərdə Xətib Təbrizi,
Əbülhəsən Bəhmənyar, Səfiəddin Urməvi,
Nəsirəddin Tusi, Əbdülqadir Marağayi, Abbasqulu
Ağa Bakıxanov kimi alim və mütəfəkkirlərimizin
öz elmi fəaliyyətləri ilə bütün dünyaya
səs saldıqlarını bildirib. Həmçinin həmin
dövrlərdə elmi ideyaların görkəmli ədəbi
mütəfəkkirlərimizin əsərləri vasitəsilə
ictimaiyyətə aşılandığını və nəticədə
elmin cəmiyyətdə öz nüfuzunu
artırdığını vurğulayıb.
Azərbaycan elminin təşkilatlanmasından sonra bu
prosesin geniş vüsət aldığını söyləyən
akademik İsa Həbibbəyli 1923-cü ildə elmi-tədqiqat
işlərini aparmaq üçün Azərbaycan Tədqiq və
Tətəbbö Cəmiyyətinin
yaradıldığını, 1932-ci ildə bunun əsasında
SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan
şöbəsinin təşkil edildiyini, 1935-ci ildə isə
SSRİ EA Azərbaycan Filialına çevrildiyini diqqətə
çatdırıb. Nəhayət, 1945-ci ilin 27 mart tarixində
15 həqiqi üzvün iştirakı ilə Azərbaycan SSR
Elmlər Akademiyasının təsis olunduğunu bildirib.
AMEA-nın ötən 80 ilə yaxın müddətdə
şərəfli inkişaf yolu keçdiyini deyən akademik
İsa Həbibbəyli bu inkişafın təmin
olunmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna
xidmətləri olduğunu diqqətə çatdırıb.
Qeyd edib ki, Sovet hakimiyyəti illərində Heydər
Əliyevin təşəbbüsü ilə Elmlər
Akademiyasının maddi-texniki bazası əsaslı şəkildə
yenidən qurulub, elmi tədqiqatların ölkə həyatı
ilə əlaqələndirilməsi üçün geniş
imkanlar yaradılıb. Müstəqillik illərində isə
Ümummilli Liderin Fərmanı ilə 2003-cü ildə Elmlər
Akademiyasına Milli Elmlər Akademiyası statusu verilib.
Son illərdə isə Azərbaycan elminin Prezident
İlham Əliyevin yüksək diqqət və
qayğısı sayəsində yeni inkişaf mərhələsinə
qədəm qoyduğunu deyən akademik İsa Həbibbəyli
elmi tədqiqatların ölkəmizin inkişaf
strategiyasına və milli prioritetlərə uyğun həyata
keçirildiyini, nəticədə böyük
uğurların əldə olunduğunu söyləyib. Həmçinin
dövlət başçısının qayğısı nəticəsində
"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin
təşkil olunduğunu, Yüksək Texnologiyalar
Parkının yaradıldığını, AMEA-nın Mərkəzi
Elmi Kitabxanasının yeni binasının tikildiyini,
Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki
bazasının yeniləşdirildiyini, Azərbaycan Milli Elmlər
Akademiyasının yeni Nizamnaməsinin təsdiq olunduğunu
diqqətə çatdırıb.
"Azərbaycan Respublikasında elm və təhsil
sahəsində idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı bəzi tədbirlər haqqında"
ölkə başçısının 28 iyul 2022-ci il tarixli
Fərmanı ilə Azərbaycan elminin inkişafında yeni mərhələnin
başlandığını bildirən akademik İsa Həbibbəyli
Elm və Təhsil Nazirliyinin AMEA ilə birgə ölkəmizdə
elmi fəaliyyətin təşkili və nüfuzunun
artması istiqamətində mühüm səylər göstərdiyini
vurğulayıb.
Akademik İsa Həbibbəyli "Heydər Əliyev
İli"ndə AMEA-da görülən genişmiqyaslı
işlərdən də danışıb, Ümummilli Liderin
xalqımız və dövlətimiz
qarşısındakı tarixi xidmətlərini əks etdirən
50-dən çox fundamental monoqrafiya və sanballı nəşrlərin
ərsəyə gətirildiyini, Akademiyanın HeydərƏliyevnaməsinin
yaradıldığını söyləyib.
AMEA rəhbəri, o cümlədən Qarabağın
və Şərqi Zəngəzurun tarixinin, folklorunun, mədəniyyətinin,
arxeologiyasının öyrənildiyini, aparılan tədqiqatlar
və bu mövzuda nəşr edilən kitablar əsasında
Akademiyanın yeni Qarabağnamələr silsiləsinin
yaradıldığını bildirib.
Prezident İlham Əliyevin Qərbi Azərbaycana
Qayıdış konsepsiyasından irəli gələrək
həyata keçirilən işlərdən də bəhs edən
akademik İsa Həbibbəyli AMEA-da Qərbi Azərbaycan Tədqiqatları
Əlaqələndirmə Şurasının təşkil
olunduğunu, Tarix və Etnologiya İnstitutunda Qərbi Azərbaycan
Tarixi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru,
Dilçilik İnstitutunda Toponimika şöbələrinin
yaradıldığını diqqətə
çatdırıb.
Həmçinin aparılan struktur islahatlarından
danışan AMEA rəhbəri Tarix İnstitutunun bazasında
Tarix və Etnologiya İnstitutunun, Arxeologiya, Etnoqrafiya və
Antropologiya İnstitutunun əsasında Arxeologiya və Antropologiya
İnstitutunun təşkilinin Akademiyada yeniləşmə
proseslərinin mühüm hadisələrindən olduğunu
deyib. Bundan əlavə, AMEA-nın müxtəlif elmi müəssisələrində
müasir tələblərə uyğun olaraq "Qarabağ
müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı",
"Türk xalqlarının tarixi və etnologiyası",
"Xəzərin arxeologiyası", "Erkən realizm və
yeni dövr Azərbaycan ədəbiyyatı",
"İdrak nəzəriyyəsi və məntiqi",
"Türk xalqlarının əlyazmaları", "Musiqi
folkloru" şöbələrinin, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda Mehmet Akif Ərsoy
Türk Ədəbiyyatı Mərkəzinin
yaradıldığını bildirib.
Akademik İsa Həbibbəyli yeniləşən
Akademiyada aparılan islahatlar içərisində elektron hərəkatın
xüsusi yer tutduğunu, elmmetrik hesablamaların
aparılması, AMEA alimlərinin əsərlərinə
istinadların müəyyən edilməsi üçün
beynəlxalq elmi bazalarda profillər yaradılması, elmi
jurnalların elektron bazasının qurulmasının həyata
keçirilməsi üçün MDB məkanında ilk dəfə
olaraq Azərbaycan Milli Elmlər Akademiyasında "Elektron
Akademiya" şöbəsinin yaradıldığını
vurğulayıb. Eyni zamanda şöbənin əməkdaşları
tərəfindən MDB məkanında ilk dəfə, Türk
dünyasında isə TÜBİTAK-dan sonra məhz ölkəmizdə
Virtual Elektron Resurslar Sisteminin yaradıldığını
deyib. Hazırda "Elektron Akademiya" şöbəsi tərəfindən
elmmetrik hesablamalar aparmaq bacarıqlarına malik robot
texnologiyalarının modelini yaratmaq üzərində işlərin
aparıldığını diqqətə
çatdırıb.
AMEA-nın beynəlxalq əlaqələrinə də
toxunan akademik İsa Həbibbəyli 2023-2024-cü illərdə
Milli Elmlər Akademiyasının 3 beynəlxalq elmi təşkilatın
üzvlüyünə qəbul edildiyini, Türkiyə,
Pakistan, Bolqarıstan, Özbəkistan, Qazaxıstan, Monteneqro
Elmlər akademiyaları ilə müqavilələrin
bağlanılaraq əlaqələrin genişləndirildiyini
söyləyib.
Həmçinin dövlət
başçısının Milli Məclisdəki andiçmə
mərasimində qarşıya qoyduğu Türk
dünyasıyla əlaqələrin gücləndirilməsi
ilə bağlı olaraq AMEA-nın türk dövlətlərinin
akademik qurumları və ali təhsil müəssisələri
ilə sıx əməkdaşlıq etdiyini bildirib.
"Türk dünyası ilə elmi əlaqələrin
daha da genişləndirilməsi, humanitar və ictimai elmlər
sahəsində süni intellektin tətbiqi, AMEA-nın
embleminin dəyişdirilməsi və yeni loqotipinin
yaradılması, müstəqil dövlətimizin daha da
inkişaf etdirilməsində Azərbaycan elminin rolunun
artırılması qarşıdakı başlıca hədəflərimizdəndir",
- deyə AMEA prezidenti diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli
çıxışının sonunda bildirib ki, 44
günlük Vətən müharibəsində, eləcə
də antiterror tədbirləri zamanı xalqımıza
böyük qələbələr bəxş etmiş və
Xankəndidə Azərbaycanın Dövlət
Bayrağını ucaltmış Müzəffər Ali
Baş Komandan, Prezident İlham Əliyevin həyata
keçirdiyi daxili və xarici siyasəti alimlərimiz ürəkdən
dəstəkləyir, Azərbaycan elminə daim diqqət və
qayğı göstərən dövlət
başçısının qarşıya qoyduğu
mühüm vəzifələri məsuliyyətlə yerinə
yetirirlər.
Sonra ölkə başçısının 2 fevral
2024-cü il tarixli Sərəncamı ilə "Heydər
Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan
Respublikasının yubiley medalına layiq
görülmüş şəxslərə mükafatları
təqdim olunub.
Tədbirdə akademik Akif Əlizadə
çıxış edərək Elm günü münasibətilə
elmi ictimaiyyətə təbrik edib, dövlət
başçısının daim Azərbaycan elminə, Milli
Elmlər Akademiyasına qayğı göstərdiyini, elm
xadimlərinin təkliflərinə daim diqqətlə
yanaşdığını deyib, təltif olunanlar adından
Prezident İlham Əliyevə minnətdarlığını
bildirib.
Daha sonra Azərbaycan Respublikası Ağsaqqallar
Şurasının Döş nişanı və Fəxri fərmanları
şuranın sədri Eldar Quliyev tərəfindən elm xadimlərinə
təqdim edilib.
Təltiflərdən sonra millət vəkili Eldar
Quliyev elmi ictimaiyyəti təbrik edib, alimlərə yeni-yeni
nailiyyətlər arzulayıb.
Tədbir çərçivəsində, həmçinin
"Xalq rəssamı, akademik Ömər Eldarovla dialoq: sənət
dünyası və gələcəyə baxış"
mövzusunda dialoq təşkil olunub.
Akademik İsa Həbibbəyli ilk dəfə olaraq Xalq
rəssamı akademik Ömər Eldarovun fərdi heykəltəraşlıq
sərgisinin Elm günü çərçivəsində təşkil
olunduğunu söyləyib. Akademik İsa Həbibbəyli
ömrünün 70 ildən çoxunu heykəltəraşlıq
sənətinə həsr etmiş ustad heykəltaraş
Ömər Eldarovun zəngin yaradıcılıq yolundan bəhs
edib. Bildirib ki, ölkəmizdə heykəltəraşlıq
məktəbi yaratmış akademik Ömər Eldarovun
yaradıcılığında Azərbaycan və dünya
heykəltəraşlıq məktəbinin ən mükəmməl
elementləri öz əksini tapmışdır. Görkəmli
sənətkar Azərbaycan heykəltaraşlıq sənətinə
"düşünən heykəllər" silsiləsini gətirmişdir.
Akademik Ömər Eldarovun məhsuldar yaradıcılıqla
yanaşı, həm də Azərbaycanın elmi-ədəbi
və ictimai-mədəni həyatının fəal
iştirakçısı olduğunu söyləyən AMEA rəhbəri
bildirib ki, məşhur heykəltəraş tərəfindən
respublikamızda peşəkar rəssam və heykəltəraşlıq
məktəbi formalaşmışdır.
Ona göstərilən diqqətə görə
dövlət başçısına və Akademiya rəhbərliyinə
dərin minnətdarlığını bildirən Ömər
Eldarov uşaqlıq illərindən, heykəltəraş
olmağına keçən yoldan bəhs edib. Ömər
Eldarov vurğulayıb ki, Fəxri xiyabanda ucalan bütün
heykəl və büstlər onun əl işidir və bu
baxımdan Fəxri xiyabanı özünün açıq səma
altında fərdi sərgisi adlandırmaq olar. Keçdiyi
şərəfli yolun gərgin əmək tələb
etdiyini bildirən Ömər Eldarov yaratdığı obraz və
kompozisiyalardan, görkəmli şəxsiyyətlərlə
işindən, təkcə Azərbaycanda yox, dünyanın
bir sıra ölkəsində yaratdığı əsərlərdən
danışıb.
Daha sonra Ömər Eldarovun həyat və fəaliyyətini
əks etdirən "Hələ axşam deyil" sənədli
filmi nümayiş etdirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin Elm və
ali təhsil siyasəti şöbəsinin müdiri Turxan
Süleyman çıxış edərək Prezident İlham
Əliyevin Elm Gününün təsis edilməsi haqqında
müvafiq Sərəncamının Azərbaycan elminə, təhsilinə
böyük diqqət və qayğının təzahürü
olduğunu vurğulayıb, əlamətdar gün münasibətilə
elmi ictimaiyyəti təbrik edib. Turxan Süleyman elmlə təhsilin
vəhdətinin vacibliyini vurğulayaraq, 2023-cü il
noyabrın 28-də ölkə başçısının
imzaladığı Sərəncamla Xankəndi şəhərində
Qarabağ Universitetinin yaradılmasının tarixi hadisə
olduğunu bildirib. Qeyd edib ki, bu qərar bütövlükdə
Azərbaycan təhsilinin və elminin inkişafında müsbət
nəticələrə səbəb olacaq. O, alimləri və
gənc tədqiqatçıları Qarabağ Universiteti ilə
əməkdaşlığa dəvət edib.
Sonra çıxış edən Milli Məclisin Mədəniyyət
Komitəsinin sədri Fazil Mustafa AMEA-nın Azərbaycan
xalqının intellektual potensialının
formalaşmasında, onun sosial-ictimai tərəqqisində
mühüm rol oynayan qurum olduğunu deyib. Prezident İlham
Əliyevin elmi ictimaiyyətə hər zaman dəstək
olduğunu söyləyən Fazil Mustafa dövlət
başçısının elmlə bağlı, alimlərin
sosial vəziyyətinin yaxşılaşdırılması
ilə bağlı bir sıra Sərəncam və fərmanlar
imzaladığını xatırladıb. O, dünya elminin
çağırışlarına cavab verən elmi tədqiqatlara
üstünlük verməyin, Azərbaycan elmini beynəlxalq
elmi tələblərə uyğunlaşdırmağın
vacibliyini qeyd edib. Çıxışının sonunda Fazil
Mustafa elm adamlarını peşə bayramları münasibətilə
təbrik edib, onlara fəaliyyətlərində uğurlar
arzulayıb.
Çıxışlardan sonra akademik Yusif Məmmədəliyev
haqqında film nümayiş etdirilib.
Daha sonra elmi fəaliyyətində fərqlənən
bir sıra alimlərə AMEA-nın Fəxri fərmanları
təqdim olunub.
Sonda Azərbaycan Milli Elmlər Akademiyasının
Marşı səsləndirilərək tədbirə yekun
vurulub.
525-ci qəzet.- 2024.- 29
mart, №54.- S.10;11.