Eşqin dahi tərənnümçüsünün
obrazı təsviri sənətdə
Azərbaycan təsviri sənətində bir çox ədibin
surəti yaradılıb. Dahi Nizaminin, əsilzadə ruhlu Natəvanın,
satira ustası Sabirin... Bu mövzuda əsərlər ədiblərin
yaradıcı simasına xas olan fərdi əlamətləri
və müəlliflərin ifadə tərzinin rəngarəngliyi
ilə göz oxşayır. Eşqin dahi tərənnümçüsü,
mənəviyyat carçısı olan Məhəmməd
Füzulinin surəti isə əsas etibarilə lirizm və dərin
şeiriyyətlə aşılanıb. Təsviri sənətdə
M.Füzuli surəti ilə tanışlığımız
1939-cu ildən başlayır. Həmin ildə Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dekorativ
bəzəkli, firuzəyi-göy şirəli naxışlarla
bəzədilən eyvanında şairin heykəli
ucaldıldı. Sadəliyi, səmimiliyi, mənəvi zənginliyi
ilə tamaşaçının qəlbinə yol tapan bu əsər
heykəltaraş Fuad Əbdürrəhmanovun nailiyyəti idi.
F.Əbdürrəhmanov ilkə imza atmış və heykəltaraşlıq
tarixində M.Füzulinin ilk dəfə olaraq heykəlini
hazırlamışdı. Bu heykəl, eyni zamanda şairin bizə
tanış olan simasının ilk eskizi idi. Çünki
M.Füzulinin real cizgilərini əks etdirən portreti
müasir dövrədək gəlib çatmayıb. Bunun səbəbi
isə orta əsrlərdə portretə, heykələ dini səbəblərdən
mənfi münasibətlə bağlı idi. F.Əbdürrəhmanovun
gərgin axtarışları nəticəsində
yaratdığı Füzuli obrazı sonradan şairin xalq tərəfindən
və rəsmən qəbul olunmuş ilk portreti kimi
tanındı. Heykəl
muzeyin eyvanında abidəsi yer alan digər ədiblərin
fiqurları ilə eyni ölçü və həcmdə,
ayaqüstü pozada işlənib, ansambl ilə
uyğunlaşdırılıb. Sənətkarın uğurla
hazırladığı bu heykəldə şairin
yaradıcılıq simasına xas olan fərdi əlamətlər
inandırıcı, gerçək təəssürat
oyatmağa qadir cizgilərdir. Müəllif ehtiraslı
şair qəlbinin incəliklərinə nüfuz etmək istəmiş
və buna müvəffəq olmuşdu. Şairin surətini
şöhrətləndirən heykəltaraş bu əsərində
peşəkarlıq məharətini bir daha nümayiş
etdirmişdi.
M.Füzulinin sonrakı dövrlərdə
hazırlanan portret və heykəllərində sənətkarlar
şairin simasını öz yaradıcılıq süzgəclərindən
keçirsələr də, F.Əbdürrəhmanov tərəfindən
yaradılmış obrazın ümumi cizgilərinə sadiq
qalmışlar.
M.Füzuli heykəlləri onun şəxsiyyətinin
daşla ifadə olunan rəsmidir. Füzuli
dühasının möhtəşəmliyini vurğulayan,
Füzuli əzəmətinin duyulduğu digər bir heykəl
isə Tokay Məmmədov və Ömər Eldarov təxəyyülünün
ortaq məhsuludur. Söhbət Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının önündə ucaldılmış
heykəldən gedir. Azərbaycan heykəltaraşlıq sənətində
monumental abidələrin ən uğurlu örnəklərindən
biri olan bu heykəl 1958-1962-ci illərdə hazırlanıb.
Heykəldəki lirik əhval-ruhiyyə, incə plastik
keçidlər sənətkarların yaradıcılıq dəsti-xəttini
açıq-aşkar nümayiş etdirir. Real natura
hissiyatına malik heykəltaraşlar öz sənətinin fədaisi
şairə xas olan xüsusiyyətlərin mahir
ifaçısı kimi çıxış etmişlər.
Onlar qəhrəmanları üçün səciyyəvi
duruş, psixoloji vəziyyət seçmiş, surətin
xarakteristikasını tamamlayan yardımçı detallardan
ustalıqla faydalanıblar. Heykəldə ilhamlı şairindərin
mənəviyyatının əksi nə qədər mənalı
və cazibədardır. Ona baxdıqca bizi onun hiss və həyəcanları
düşündürür. Şairin uzun libaslı
fiquru, onun əzəmətli qaməti, möhtəşəm
silüeti mavi səma fonunda daha aydın və qabarıq nəzərə
çarpır. Tunc heykəl
qranit pyedestal üzərindədir. Abidə kompleksinin ümumi
hündürlüyü 12 metrə çatır. Memarlarla heykəltaraşların
birgə zəhmətinin dəyərli məhsulu olan heykəlin
postamentindəki qorelyefdə şairin "Leyli və Məcnun"
əsərindən bir səhnənin təsvir edilməsi heykəlin
məzmununu xeyli zənginləşdirib. Sözsüz ki,
şairin bədii xəzinəmizə bəxş etdiyi
töhfələr sənətkarlarımız tərəfindən
yüksək qiymətləndirilib və bu da əsərə
öz təsirini göstərib. Fiqurun başını nisbətən
sola istiqamətləndirilməsi və əlini çənəsinə
söykəyib öz daxili aləminə qapılmış
halda təsviri şairin abidələşmiş
obrazındakı kamilliyi təmin edən cəhətlərdəndir.
M.Füzulinin bu müdrik görkəmi sanki onun dünya poeziya
zirvəsini fəth etmiş şair dühasına bədii
işarədir.
Füzuli qəzəli, Füzuli ruhu, Füzuli məhəbbəti
bir çox sənətkarın ilham mənbəyi olub. Təsadüfi
deyil ki, müsəlman Şərqində ilk opera məhz
şairin eyniadlı əsəri əsasında
yaradılmış, Füzuli poetikasının
işığı hətta musiqi sənətimizi belə
aydınlatmışdı. Necə ki, musiqi ahəngdən,
şeir avazdan ibarətdir, rəsm əsəri isə həm
ahəngdən, həm də avazdan yoğrulur. Bu mənada,
klassik musiqinin, klassik ədəbiyyatın vurğunu olan
Toğrul Nərimanbəyovun "Azərbaycan müğənniləri"
diptixindəki Füzuli surətini təhlil etməsək,
düzgün olmaz. T.Nərimanbəyovun mürəkkəb təsvir
sxemini kompozisiya şəklində tamaşaçıya
çatdırmaq bacarığı onun bu əsərinin belə
mükəmməl alınmasına səbəb olmaya bilməzdi.
Rəssamın dəsti-xəttinin unikallığı bu
tabloya xüsusi parlaqlıq verir. Şairin sanki canlı olan,
ülvi fikirlər ifadə edən çöhrəsi göstərir
ki, rəssamın ən çox sevdiyi qəhrəmanlarından
biri də M.Füzuli olub. T.Nərimanbəyovun öz
illüstrativ üslubuna sadiq qalması şairin mistik
üslubu ilə səsləşir. Rəssamın bu üslubu
yenə də tamaşaçını heyran edir və
personajla izləyici arasında dialoq başlayır. Müəllifin
öz şair personajını tünd kolorit və dekorativlik
daxilində təhlil və təqdim etməsi heyranedicidir. Bu
dekorativlik şairi çərçivə kimi haşiyələyərək
onun simasına tamamlıq, bütövlük bəxş edir.
Detalların çoxluğuna baxmayaraq, kompozisiyanın fikir mərkəzini
şairin surəti təşkil edir. Tablonu seyr edərkən
sanki şairin mənəvi aləminə xəyalən gəzintiyə
çıxmış oluruq. Mürəkkəb rənglər,
ornamentallıq, qaval və kamança səsinin ahəngi içərisində
sanki şairin qəzəllərini eşidirik. Rənglərin
poeziyasını yaradan sənətkarın
fırçasının gücü elə bundan ibarətdir
ki, onun hər tablosunu izlərkən sanki nağıllar aləminə
səyahət etmiş oluruq.
Səttar Bəhlulzadənin "Qəzəlxan"
portretindəki pastel tonlu rəng çalarlarını
lüzumsuz alabəzək adlandırmaq olmaz. Rəssamın bu əsərində
hər bir rəngin öz mənası, öz fəlsəfəsi
var. Tablodakı rəng palitrası, şeiriyyət, dinamika
sanki portreti hərəkətləndirir, dilə gətirib
danışdırır. Sıralanmış oxra,
yaşıl, qəhvəyi rəng uyğunluğuna xüsusi
meyl göstərən rəssamın bu lövhəsində
parlaq ağ zolaqlar da görmək mümkündür. Həmin
rənglərin ahəngi ilə cingiltili təzad təşkil
edən bu ağ ləkələr koloritin daha mənalı
çıxmasına səbəb olur. Rəssam surətinin
psixologiyasının təhlilinə xüsusi fikir verir, həmin
dramatik boyalarla şairi diqqətimizə çatdırır.
Detalları incə xətlərlə rəsm edilmiş bu əsərdə
S.Bəhlulzadə personajını qəmgin əhval-ruhiyyədə
təqdim edib. Onun sifəti ciddi, alnını kəsib
keçən qırışlar ifadəli və mənalıdır.
Şair sanki sevimli surətlərini düşünür. Rəssamın
obrazı ümumiləşdirib, xırdalıqları
qabardaraq sənət baxımından tutarlı əsər
yaratmaq qabiliyyəti bu tabloda da nəzərə
çarpır.
Vurğulamalıyıq ki, S.Bəhlulzadə portret
janrına az-az müraciət etsə də, M.Füzulinin
portretinə bütün yaradıcılığı boyu dəfələrlə
qayıtmışdı. "Mənim bir rəssam kimi
yetişməyimdə üç müdrik sənətin-qədim
xalça və miniatür sənətimizin, bir də
Füzulinin odlu-alovlu poeziyasının böyük rolu olub" deyən rəssamın
Füzuli poeziyasına bəslədiyi ülvi məhəbbət
onun qrafika və rəngkarlıq tablolarında öz əksini
tapıb. Hətta müasirlərinin söylədiklərinə
görə, rəssam bəzən dahiyanə əsərləri
üzərində işləyərkən M.Füzulinin qəzəllərini
zümzümə edərmiş. S.Bəhlulzadə
Füzuli və onun nakam məhəbbət
yaşamış qəhrəmanları olan Leyli və Məcnuna
saysız-hesabsız əsərlər ithaf edib.
"Füzulinin portreti", "Şair kədəri",
"Məcnun ağlar, şam ağlar", "Leylinin
sorağında", "Zəncirlənmiş arzular" kimi
əsərlərə baxarkən görürük ki, rəssam
izləyicidə nəcib duyğular doğuran motivlər
axtarmış və buna nail olmuşdu. Rəssamın bu
mövzuya həsr etdiyi, müəyyən mənada pərakəndə
və təxmini çəkilmiş lövhələrini belə
həyəcansız izləmək qeyri-mümkündür.
Füzuli əsl məhəbbəti sözlərlə təsvir
edən rəssam idi, Səttar isə rənglər
dünyasının şairi idi.
Milli illüstrasiya sənətimizin başlıca
mövzusu mücərrəd rəvayətlər deyil, bəşəri
motivlər olub. Görkəmli rəssamımız Mikayıl
Abdullayev də M.Füzuli poeziyasına ara-sıra müraciət
etmiş, onun "Leyli və Məcnun" poemasına
illüstrasiyalar çəkmişdi. Rəssam eyni zamanda
"Leyli və Məcnun" operasına bədii tərtibat vermişdi. "Hər
gün ən azı dörd saat mütaliə edirəm, iki
saat yazıram, səkkiz saat molbert önündə
dayanıram" deyən sənətkar görünür ki,
Füzuli poeziyası ilə də yaxından tanış
olubmuş. Bu gün Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin dahi şairə aid zalında
Füzuliyə
ithaf edilmiş dekorativ-tətbiqi sənət nümunələri,
heykəllər, portretlərlə birlikdə süjetli bir
tablo da diqqətimizi çəkir. Rəssam Əyyub Məmmədovun
fırçasının məhsulu olan və "Azərbaycanlıların
Bağdada köçü" adlanan bu tablo M.Füzulinin
atası Süleymanın ailəsi ilə birlikdə
köç etdiyi tarixi təqdim edən maraqlı
eksponatdır. Boyaların ahəngi, ifa tərzi ilə fərqlənən
bu tabloda şairin yaşadığı dövrün nəbzi
və nəfəsi duyulur. Dünya ədəbiyyatının
inci-gövhəri sayılan M.Füzuli və onun poeziyası
ilə bağlı mövzular bir çox sənətkarımız
üçün bir növ yaradıcılıq imtahanı
olub, onlarda kompozisiya təfəkkürünün zənginləşməsinə
və bədii təxəyyülün inkişafına təkan
verib. Bu gün bir çox şəhərdə mütəfəkkir
şairin heykəl və büstləri sərgilənir, onun bədii
obrazının əks olunduğu portretləri və
kiçik ölçülü heykəlləri muzeylərimizin
ekspozisiyasını bəzəyir. Həmin sənət əsərləri
Füzuli təfəkkürünə, Füzuli
dünyagörünüşünə xas olan əlamətləri
özündə əks etdirir.
Azərbaycan rəssamlıq sənətinin mənşəyini,
tarixi köklərini tədqiq edərkən dahi Füzulinin əsərlərində
rəssamlıq, xəttatlıq sənətlərinə həsr
olunan beytlər, misralar qarşımıza çıxır.
Bu məqamda deyə bilərik ki, sənətkarlarımızın
M.Füzuli irsinə göstərdiyi maraq, şairə ithaf
edilmiş saysız-hesabsız sənət əsərləri
təsadüfən yaranmayıb.
Şəmsiyyə ZALOVA
AMEA Naxçıvan Bölməsi İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı
525-ci qəzet . 2024.- 13 mart,¹47.-S.15.