Aktrisanın
şirin-acı həyat hekayəti
(Əvvəli ötən çərşənbə
sayımızda)
Biz Rafiqlə Balidə
istirahət edərkən yerli teatra baş çəkmək
istədik. Bali teatrı da öz qədim tarixinə malik
olmaqla, Asiya xalqlarının kiçik teatrını təmsil
edənlərdən biridir. Bu qitənin bir neçə
ölkəsində teatr mövcud idi. Bu teatrlarda dramaya, demək
olar ki, rəqs əlavə olunurdu. Sanskrit dramalarına hind
klassik rəqsi daxil idi, müasir hind filmlərini də bol rəqssiz
güman etmək mümkün deyildir. Balidə isə belə
rəqslər hər yerdə gedə bilərdi, hətta məbəd
qarşısında və icma iclasları üçün
olan pavilyonların özündə də ifa edilirdi.
Dialoqları adətən musiqi müşayiət edir, rəqslərin
özü də mahiyyətə xidmət edir. Xüsusi
prinsipial cəhət xordur. Musiqi də tamaşanın ruhuna
uyğun olur, şadlıq, şən hadisə vaxtı
heç vaxt rekviyem musiqisi çalınmır. Rəqqas
söz jesti ilə pərdənin açılmasına
göstəriş verirdi. Rəqslərdə qollar, ovucun
içi sifətin qarşısında olurdu, onlar fiquranı
göstərmək üçün diaqonal xətt çəkirdilər.
Yalnız Bali rəqsi başa çatanda, onlar
dayanırdılar. Adada əhali xristian dininə sitayiş etsə
də, milli ənənələrə böyük ehtiram
vardır və onlar yaşamaqda davam edir. Mən gənc ərimin
nəzakətindən çox razı idim, belə
davranışına görə onun valideynlərinə də
minnətdarlıq hissləri bəsləyirdim. Rafiq məni
yarım sözdən başa düşürdü, heç
bir istəyimə etiraz etmirdi. Balidə mənim təklifimlə
yerli teatrın hind eposu "Ramayana" mövzuları əsasında
hazırlaşmış tamaşaya da baxmışdıq.
Onlar mənim aktrisa olduğumu eşitdikdə, pantomimama və
rəqsimə baxmaq istədiklərini bildirdilər. Mən
onlarda dəbdə olan qaş-göz mimikası vasitəsilə
fikrimi ifadə etdiyimi göstərdim, sonra isə hind rəqsini
ifa etdim. Onlar mənim çıxışımdan, xüsusilə
rəqsimdən çox razı qalıb, ərimə mənim
istedadımı təriflədilər.
Rafiq əvvəldən mənim teatrda işləməyimə
mane olmayacağına söz vermişdi və vədinə də
əməl etdi. O, mənim işə gedib
qayıtmağıma bahalı maşın
ayırmışdı, avtomobil mənim sərəncamımda
idi. Truppamızın bəzi üzvləri mənim yeni vəziyyətimə
paxıllıqla yanaşır, arxada mənim belə ərə
getməyimdə hiyləgərliyimin əsas rol
oynadığını danışırdılar. Guya ki, ərim
məni sevdiyinə görə deyil, toruma
düşdüyünə görə almışdır. Belə
çıxır ki, mən əsl hörümçək təbiətinə
malik imişəm. Gözü götürməyənlərin
belə danışıqları məni
qıcıqlandırmamış qalmadığı kimi, məni
ərimə, ailəmə, hətta işlədiyim kollektivə
də daha sıx bağlayırdı. Artıq mənə
boğazdan yuxarı tərif deyənlər də çox idi,
lakin bu hiperbolalara mən inanmırdım. Çünki indiyədək
ciddi psixoloji bir obrazı yaratmağa müvəffəq
olmamışdım, xırda personajlardakı uğurumu isə
o qədər də böyük bir şey hesab etmirdim,
çünki artıq dəbə düşmüş hərəkətlər,
danışıq tərzi, qəhqəhəyə keçən
gülüş elə bir dayanıqlı uğur sayıla bilməzdi.
Bir rejissor hətta mənə "Homer qəhqəhəsindən"
artıq əl çəkməyi məsləhət
görmüşdü.
Toyumuzdan bir il on ay sonra mən Rafiqi və valideynlərini
oğlan uşağı doğmaqla, qiymətli bir hədiyyə
ilə çox sevindirdim. İl yarım sonra mənə
çox oxşayan qızımız dünyaya gəldi.
Oğlumuz Namiq və qızımız Sara evimizin təbii bəzəyinə
çevrilmişdilər.
Mən ana olmaq sevincini yaşamağın
yaratdığı yeni, mənə tanış olmayan bir ruhla
daha çətin rollar axtarışına
düşmüşdüm, istəyirdim ki, onlar ən azı
10-15 il ömür sürsün. Bu məsələdə
Rafiqin köməyinə ehtiyacım vardı, o, zəngin
mütaliəsinə görə mənə yaxşı məsləhətçi
ola bilərdi. Həm də məndə vətənpərvərlik
hissini daha da yüksəltmək üçün şəhərimizin
keçmişinə bələd olmağımı istəyirdi.
Bu barədə mənim dünyagörüşüm zəif
idi, kasıb bir küçədə yaşamış və
bir də məktəbimizin və universitetimin yerləşdiyi
əraziləri az-çox tanıyırdım. Bakının
müəyyən tarixi abidələrini birgə gəzmək
barədə istəyimi nəzərə alıb, məni
yaxşı tanımadığım yerlərə apardı,
İçərişəhəri gəzmək və XX əsrin
başlanğıcında tikilmiş dəbdəbəli evləri
görmək mənə ləzzət verdi.
Yeni ailənin ev qayğıları
Bizim mənzilimiz olduqca geniş idi, onu səliqə-səhmanda
saxlamaq müəyyən əziyyət və diqqət tələb
edirdi. Etiraf etməliyəm ki, mən belə genişliyə
öyrənməmişdim və ondan irəli gələn
işləri görmək, problemləri həll etmək sahəsində
də mənim səriştəm yox idi. Əvvəlcədən
razılaşdığımız kimi, ev təsərrüfatının
idarəçiliyi, bu sahədə müəyyən təcrübəsi
olan Rafiqin üzərinə düşürdü. Digər tərəfdən
mən daim teatrda olurdum, evdə baş verən hadisələrdən
dəyişikliklərdən sonra xəbər tuturdum və ərim
də xoş xasiyyəti hesabına mənə heç bir
iradını bildirmirdi.
Ev təsərrüfatını idarə etməkdə
Rafiqin yaxın köməkçisi evimizin yaşlı
qulluqçu qadını idi. Mətbəx isə
bütünlüklə onun hökmranlığı
altında idi. Uşaqların dayələri də lazım gəldikdə
ona köməklik edirdilər. Rafiqlə mən evdə səhər
yeməyini yeyib, işə yollanırdıq. Səhər yeməyimiz
də olduqca sadə idi, yulaf sıyığından, bir
parça çörəyin üstünə
yaxılmış qaymaq və baldan ibarət olurdu. Mən
köhnə adətimə uyğun olaraq bir armudu stəkan
çay içir, Rafiq də öz yeniyetməliyindən
öyrəndiyi kofeyə üstünlük verirdi. Axşamlar
isə evə qayıtdıqda xırda qəlyanaltı ilə
kifayətlənirdik.
Qulluqçu danışqan arvad idi, nəsə
xoşuna gəlməyəndə açıq
narazılığını bildirməkdən çəkinmirdi.
O, ərimlə sıx əlaqədə işlədiyindən,
ona daha tez-tez iradını bildirirdi, təkcə mənimlə
nəzakət çərçivəsində
davranırdı, uşaqların və dayələrin
üstünə yeri gələndə
qışqırırdı da. Lakin heç kəs ondan
incimirdi, bilirdilər ki, o, adətən haqlı iradlar tutur.
Onun belə tələbkarlığı olmasaydı, evdə
çox şey alt-üst olardı, ev təsərrüfatı
idarəçilikdən çıxardı.
Uşaqların tərbiyəsindən atası da, mən
də razı idik. Dayələr bizim gözlədiyimizdən
də fərasətli çıxmışdılar və
uşaqlar da onları sayır, göstərişlərinə
əməl edirdilər. Qulluqçu isə pis
qidalandıqlarına görə onlardan narazılıq edirdi.
Evin bazarlığını Rafiqin sürücüsü
edirdi, aldığı hər şeyin keyfiyyətli
olmasına xüsusi diqqət verirdi, bu məsələdə
bəzən həddi aşıb, satıcılarla
uzun-uzadı mübahisə edir, bəzən hətta dava
salırdı. Rafiq ona iradını bildirəndə deyirdi ki,
mən haqsızlığa dözə bilmirəm, qiyməti əsassız
olaraq qaldıranlara öz etirazımı bildirirəm. Axı
kasıb adamlar da həmin bazardan ərzaq alırlar, onlar qəpiyə
də qənaət etməyə öyrənmişlər. Mən
öz evimə də bazarlıq edirəm, baha qiymət ailə
büdcəmə böyük ziyan vurur.
Qulluqçunu əsəbiləşdirən səbəblərdən
biri rayonlardan bizim evə gələnlər idi, onlar Rafiqin
biznes partnyorları idi, bizə pay gətirirdilər. Ona
görə evimizdə meyvə-tərəvəz bolluğu
yaranırdı. Onları yerləşdirmək isə
qulluqçunun üzərinə düşürdü və
bu, onu əlavə zəhmətə salırdı. Onu
narazı salan başqa bir cəhət isə, həmin
adamların nahar etməmiş evi tərk etməməsi idi.
Qulluqçu şikayətlənəndə, Rafiq onu sakitləşdirirdi
ki, bu, bizim milli qaydadır, rayona gedəndə onlar bizi
duz-çörəklə, yüksək qonaqpərvərliklə
qarşılayırlar, bizdən də müvafiq cavab gözləyirlər.
Mən bunun canlı şahidi oldum.
Bir dəfə bir fermer təzə tikdirdiyi evinin
açılışına bizi ailəliklə dəvət
etmişdi. Süfrə elə bol çeşiddə bəzədilmişdi
ki, elə bil kralı qarşılayırlar. Natiq və Sara
onun uşaqları ilə dostlaşıb, bağda tər
axıdana qədər oynamışdılar, kənddən
geri qayıtmaq istəmirdilər. Biz də rayonlu dostumuzun ailəsinə
yaxşı sovqat aparmışdıq, yükümüzün
çoxu bahalı İsveçrə şokolad qutularından
ibarət idi.
Məclisdə baş verən bir hadisə mənə
olduqca güclü təsir etdi, başqa iri ziyafətlərimizdə
buna təsadüf olunmamışdı. Biz sakitcə süfrədəki
xörəkləri dadanda, Rafiq dilə gəlib, dedi:
- Gəlin ümumi qaydanı pozaq, bədəni
qidalandırmaqla yanaşı, ruhumuzun da
qidalandırılması qayğısına qalaq, məclisimizdə
bir şənlik atmosferi yaradaq. İzolda xanımdan xahiş edək
ki, bu abad evin açılışını musiqi, şərqi
hesabına daha yadda qalan etsin, bir mahnı oxusun. Və
birbaşa təklif etdi ki, ingilis dilində amerikanların bir
vaxtlar çox sevdikləri "Edelveys"
mahnısını oxuyum, nə vaxtsa onu oxumağım ərimin
xoşuna gəlmişdi. Xahişini yerə sala bilməzdim və
oxumağa keçdim. İlk notları eşidəndən
sonra zaldakı evin özü kimi təzə olan pianinonun
arxasına keçdi, klavişləri azacıq yoxladıqdan
sonra, melodiya ilə məni müşayiət etdi. Edelveys
dağın çılpaq zirvəsinə yaxın bitdiyindən
əlçatmaz hesab olunur, mahnı da bu hissləri ifadə
edir. Mən musiqiyə uyğun olaraq yüksək notlarda
oxuyurdum. Hamı heyran qalmışdı.
Mahnı bitdikdən sonra, o, başqa bir xahişini də
dilə gətirdi. Hələ uşaqlarımız
olmadığı, mənim buna görə çox qüssə
çəkdiyim vaxtlarda, özü səfərlərə gedərkən,
dərdimə həm də həsrətin əlavə
olunduğu bir dövrdə tez-tez həzin mahnılara
müraciət etdiyimdən hali idi. O, səfərdən
qayıdanda sevinc göz yaşları içində mən
bunu ona söyləmişdim, əsasən də Şövkət
Ələkbərovanın qəmli mahnılarına
oxumağı sevirdim. İndi də onlardan birini oxumağı
xahiş etdi. Mən həzin səslə "Sevgilim dənizdədir,
ağ yelkəni üzdədir" sözlərini oxuyanda, o,
daha da cuşə gəldi və unison qaydada musiqi ilə mənə
dəstək verdi. Mahnının ifası olduqca yaxşı
alındı. Hamı məni və Rafiqi alqışladı,
uşaqlarımız sevinclərini gizlədə bilmirdilər.
Ev sahibi, onun xanımı və Türkiyədə təhsil
alan kiçik qardaşı şən əhval-ruhiyyə
yaratdığımıza görə bizə minnətdarlıq
etdilər və fermer razılığını bildirmək
üçün dedi ki, musiqiniz evin
açılışını daha təntənəli etdi və
biz bunu heç vaxt yaddan çıxarmayacağıq.
Biz sadə həyat tərzini seçmişdik.
İmkanlarından asılı olmayaraq, Rafiqdə
lovğalıq, məğrurluq xüsusiyyəti yox idi. Bu, mənim
olduqca xoşuma gəlirdi. Zaman ötdükcə, mən onun
daha gözəl keyfiyyətləri ilə tanış olurdum və
mən bəxtimə düşən püşkdən daha
çox razı qalırdım.
İkinci Dünya müharibəsi qəhrəmanlarının
abidələrinə ziyarət
Mən nikahımızdan bir neçə il
keçdikdən sonra, səhər yeməyi vaxtı Rafiqə
bir xahişə müraciət etdim:
- Əgər mümkünsə, işinə maneə
olmayacaqsa, məni İkinci Dünya müharibəsində
igidliklə iştirak etmiş həmyerlilərimizin heykəllərini
görməyə apar. Mən onları çoxdan
gördüyümdən, cizgiləri yaddaşımda
yaxşı qalmayıbdır.
Rafiq arvadının müəmmalı xahişinə
təəccüb etdisə də, təklifinə
razılığını bildirdi. İndiyədək evimizdə
bu Sovet İttifaqı Qəhrəmanları heç yada
düşməmişdi.
Yaxşı ki, həlak olduqları yerə getmək təklifi
edilməmişdi, bu, tam müşkül məsələ
olardi. Pribaltikaya, Yaponiyaya, Sloveniyaya getmək lazım gələrdi.
İlk olaraq Dağüstü parka, Həzi Aslanovun
abidəsi yanına getdik, o qədər də ifadəli deyildi.
Heydər Əliyevin təşbbüsü ilə yaradılan
və 1983-cü ildə Lənkəranda təntənəli
surətdə açılan abidə daha möhtəşəm
idi. Onsuz da general balaca boylu adam idi, onun mənzil-muzeyində həmin
təntənəli günlərdə dolaşan bacısı
da, addım başı adamlara qəhrəman
qardaşının "cürəpə" olduğunu
deyirdi. Lakin bu igid insan tank diviziyası komandanlığına
yüksəlmişdi, Stalinqrad cəbhəsində xüsusi ilə
fərqlənmişdi. Ona görə də "Stalinqrad
döyüşü Qəhrəmanlarının
abidə- ansamblının" yerləşdiyi Mamayev Kurqanda
başqa Sovet İttifaqı Qəhrəmanları kimi Həzi
Aslanovun da rəmzi qəbiri vardır.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet . 2024.- 13 mart,№47.-S.14.