Gəncədə Həmid Araslı böyük elmi forumu

Görkəmli ədəbiyyatşünas alim, əməkdar elm xadimi, akademik Həmid Araslının anadan olmasının 115 illiyinə həsr olunmuş konfransda AMEA-nın prezidenti də iştirak edib

 

Azərbaycanın elm tarixində çalışdıqları sahədə sözün əsl mənasında inqilab və intibah yaratmış böyük şəxsiyyətlərimiz az deyil. Böyük ədəbiyyatşünas alim, Əməkdar elm xadimi Həmid Hacı Məhəmmədtağı oğlu Araslı (1909-1983) belə nəhəng isimlərimizdəndir. Mübaliğəsiz deyə bilərik ki, Nizami, Füzuli, Nəsimi, Xətai, Məhsəti, Vaqif, Vidadi, Firdovsi, Cami, Hafiz, Əlişir Nəvai,.. "Kitabi-Dədə Qorqud", aşıq yaradıcılığımız, dastanlarımız dedikdə, fikrimizdə, təsəvvür və könlümüzdə canlanan "tablolar" məhz Həmid Araslının əməyi sahəsində formalaşıb.

Ölkəmizin, həmçinin dost Özbəkistanın əbəbiyyatşünas alimləri Həmid Araslının döğumunun 115-ci ildönümündə  Gəncədə böyük elmi foruma toplaşıblar.

"Akademik Həmid Araslı və Azərbaycan ədəbiyyatşünaslığı" mövzusundakı elmi-praktik konfrans Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasinin Nizami Gəncəvi adina Ədəbiyyat İnstitutu və Gəncə Bölməsi tərəfindən təşkil olunub.

Konfransın işində AMEA-nın pezidenti, akademik İsa Həbibəyli də iştirak edib.

Konfransın iştirakçıları Gəncə şəhərinin mərkəzi meydanında Ulu öndər Heydər Əliyevin  abidəsini ziyarət edərək, müasir dövlətçiliyimizin banisinin xatirəsinə ehtiramlarını bildirib, zəmanəmizin bu böyük şəxsiyyətin heykəlinin qarşısına gül dəstələri qoyublar.

Sonra iştirakçılar Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsinə yollanıblar. Bəşəriyyətin dahi fikir adamının son mənzili, eləcə də onun bu ərazidə dəfn olunan yaxınlarının, ata-anasının qəbirləri ziyarət olunub.

Qonaqlar Nizami Gəncəvi Muzeyində də olub, burada saxlanılan qiymətli eksponatlara baxıblar.

İclasdan əvvəl qonaqlar AMEA Gəncə Bölməsində işıq üzü görmüş elmi nəşrlərdən ibarət sərgiyə baxıblar.

Konfrans işinə Bölmənin böyük salonunda başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Konfransı giriş sözü ilə açan AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Azərbaycan, eləcə də Şərq dünyası ədəbiyyatşünaslıq elminin nəhəng simalarından olan akademik Həmid Araslı ilə bağlı əlamətdar tarixə, onun anadan olmasının 115 illiyinə həsr olunmuş bu mötəbər elmi forumun iştirakçılarını alimin doğma yurdu Gəncədə salamlamaqdan məmnunluq duyduğunu bildirib. O, konfransın işinə qatıldıqlarına görə AMEA-nın prezidenti, akademik İsa Həbibəyliyə, digər tanınmış alimlərə, eləcə də özbəkistanlı qonaqlara Gəncənin elmi ictimaiyyəti adından təşəkkür edib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxışında prezident seçkilərində qalib gələn dövlət başçısı İlham Əliyevin andiçmə mərasimindəki çıxışının mahiyyətini ölkəmiz və xalqımız üçün yeni dövrün başlanğıcı kimi xarakterizə edib.

İsa Həbibbəyli ölkə rəhbərinin Sərəncamı ilə böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd edilməsini də məhz Azərbaycançılıq işığında həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, böyük alim Həmid Araslının Füzulişünaslığımızın başlanğıcında durduğunu qeyd edib.

Akademik İsa Həbibbəyli AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin Özbəkistandakı həmkarları ilə əlaqələrinin təqdirəlayiq olduğuna diqqət çəkib. O, Gəncə Bölməsində də Əlişir Nəvai Mərkəzinin yaradılmasının məqsədəuyğunluğunu bildirib.

Akademik İsa Həbibəyli görkəmli alimimiz Həmid Araslının millətimiz üçün ən böyük xidmətlərindən birinin "Kitabi Dədə Qorqud"u nəşr etdirməsi və bu eposun araşdırması olduğunu xüsusi vurğulayıb.   

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev iştirakçıları, o cümlədən qardaş Özbəkistandan gəlmiş nümayəndə heyətini salamlayaraq, akademik Həmid Araslının irsi ilə bağlı bu elmi konfransın işinə uğurlar arzulayıb.  O, Nizami yurdunun yetirməsi olan Həmid Araslının yaradıcılığını milli sərvətimiz kimi səciyyələndirib. Adil Tağıyev 12-17-ci əsrlər Azərbaycan ədəbiyyatı tarixinin məhz onun tərəfindən öyrənildiyini vurğulayıb.

Akademik İsa Həbibbəyli AMEA adından daha bir hədiyyəni, türk millətinin ana kitablarından olan, 11-ci əsrdə yaşamış Mahmud Kaşğarinin "Divani-lüğəti-türk" əsərinin azərbaycanca nəşrini Gəncə Şəhər İcra Hakimiyyətinə və Gəncə Bölməsinə təqdim edib.

Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, akademik Şuxrat Siracəddinov çıxışında özbək xalqının Azərbaycana, Nizami yurduna məhəbbətini və salamlarını çatdırıb.O, böyük Nizaminin məqbərəsinin ziyarətindən qürur və təsirli hisslər duyduğunu deyib. Şuxrat Siacəddinov Həmid Araslının adının özbək almləri üçün də çox əziz olduğunu bildirib.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxışında Həmid Araslını böyük Füzuli tədqiqatçısı kimi xarakterizə edib. Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru, professor Nozliya Normuradova da çıxışında özbək alimlərinin azərbaycanlı alimlərlə əməkdaşlığının gündən-günə sıxlaşdığının sevindirici olduğunu vurğulayaraq, Həmid Araslı irsinin xalqlarımız üçün əziz adlar olan Nizami ilə Nəvaidən keçdiyinin simvolik məna daşıdığını dilə gətirib.Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov Gəncədə yetişmiş Həmid Araslını dahi Nizami Gəncəvi varisliyi ənənəsinin davamçısı olduğunu qeyd edib.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva çıxışında Həmid Araslının milli ədəbiyyat tariximizin Məhsəti Gəncəvi və digər naməlum müəlliflərinin aşkar edilməsi və onların yaradıcılığının araşdırılması istiqamətindəki əvəzsiz xidmətlərindən də söz açıb.

Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin baş müəllimi, filologiya elmləri doktoru Gülbahor Aşurova xalqlarımızı birləşdirən dəyərlərdən danışıb. O, özbək şairi, mərhum Camal Kamalın Nizaminin əsərlərinin özbək dilinə çevirməsinin xüsusiyyətlərindən söhbət açıb, həmçinin həmin şairin "Azərbaycan" şeirini səsləndirib.

Gəncə Dövlət Universitetinin müəllimi Cahan Ağamirov öz müəllimi Həmid Araslı haqqında xatirələrini bölüşüb.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan Hürnisə Bəşirova böyük alimimizin Azərbaycan ədəbiyyatşünaslıq məktəbinin formalaşmasındakı rolundan söhbət açıb.

Böyük alimimizin övladı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslı çıxış edərək, bildirib ki, ölkə rəhbərinin milli-mədəni dəyərlərimizə diqqəti sayəsində xalqımızın inkişafında rolu olmuş şəxsiyyətlərin irsinə yeni baxış formalaşır.

Nüşabə xanım həmçinin bildirib ki, Həmid Araslı Gəncədə müəllimlərinin ona yalnız elm deyil, insanlıq öyrətdiklərini deyirmiş. Alimin övladı Həmid Araslının elmi irsinə və şəxsiyyətinə ehtiram və bu günkü dövrün tələbləri baxımından yaradıcı münasibətə görə AMEA-ya, onun prezidenti, akademik İsa Həbibəyliyə, Gəncə Bölməsinə və onun sədri, akademik Fuad Əliyevə, konfransın iştirakçılarına və qonaqlarına, Gəncə şəhərinin rəhbərliyinə minnətdarlıq bildirib.

Konfransı yekunlaşdırarkən, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev görkəmli alimimiz Həmid Araslının zəngin irsinin işığında keçən bu elmi foruma hədsiz diqqət göstərərək, onun işində fəal iştiraka görə hörmətli akademiklərimiz İsa Həbibbəliyə, Teymur Kərimliyə, digər dəyərli alim və tədqiqatçılarımıza, Nizami Gəncəvi, Əlişir Nəvai və türk- şərq ədəbi və fikir aləminin tədqiqatlarının nəhəng simalarından olan Həmid Araslı irsinə bu gün bir daha doğmalıq nümayiş etdirən özbək alimlərə dərin təşəkkürünü bildirib.

Bölmə tərəfindən Gəncənin qonaqlarına Həmid Araslıya həsr olunan konfransın materialları və bu böyük alim haqqında məşhur elm və ictimai xadimlərin fikirləri toplanmış kitablar, həmçinin bu qədim şəhərin tarixi abidələrini özündə əks etdirən tablolar hədiyyə olunub.

Daşkəndli qonaqlar da qarşılıqlı hədiyyələr, özbək milli rəmzlərinin təsviri olan suvenirlər təqdim ediblər.

Konfransdan sonra AMEA Gəncə Bölməsində Əlişir Nəvai Mərkəzinin yaradılması haqqında AMEA Prezidentinin iştirakı ilə memorandum imzalanıb. Sənədi Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev və Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, akademik Şuxrat Siracəddinov imzalayıblar.

Akademik İsa Həbiibbəyli  mərkəzin yeni istiqamətlərin müəyyənləşməsinə, birgə tədqiqatların aparılmasına, həmçinin dost ölkələrimiz arasında ədəbi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Akademik Şuxrat Siracəddinov Daşkənddə Nizamişünaslıq və Füzulişünaslıq, Bakıda Nəvaişünaslıq mərkəzlərinin fəaliyyət göstərdiyini, indi isə bu yöndə Gəncədə addımlar atıldığnı qeyd edib və  sözügedən mərkəzlərin iki xalq arasında ədəbi-mədəni əlaqələrin inkişafında körpü rolunu oynadığını vurğulayıb.

Daha sonra konfransa qatılan qonaqlar görkəmli ədib və alimimiz Mir Cəlal Paşayevin Gəncədəki ev-muzeyini ziyarət edib, buradakı qiymətli sənəd və eksponatlarla tanış olublar. Akademik İsa Həbibbəyli muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Daha sonra qonaqlar Gəncənin füsunkar guşələrindən biri olan Xan bağında da olublar. Onlar görkəmli yazıçımız Nigar Rəfibəylinin abidəsi önünə güllər qoyublar.

 

 

Zakir MURADOV,

Gəncə

525-ci qəzet . 2024.- 13 mart,№47.-S.13.