"Şuşanın gözəl günlərindən
biri"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi,
sənətşünas Emil Ağayevdir. Onunla Əməkdar rəssam
Asif Azərellinin "Şuşanın gözəl günlərindən
biri" əsəri haqqında danışmışıq.
Asif Hüseyn oğlu Azərelli 1946-cı ildə Bərdə
rayonunda anadan olub. Gənc rəssam daha sonra təhsilini
Əzim Əzimzadə adına Dövlət Rəssamlıq məktəbində
alaraq, 1971-ci ildə tanınmış qrafika ustası
Əliağa Məmmədovun sinfini bitirir. 1974-cü ildə
Tbilisi Rəssamlıq Akademiyasına daxil olur. Rəssam burada
Gürcüstanın tanınmış sənətkarları
- Korneli Sanadze və Uça Çaparidzedən sənətin
incəliklərini öyrənir. Rəssamın
yaradıcılığında Qarabağ mövzusu leytmotiv təşkil
edir. Bu silsiləyə "Laçın qayası" (2015),
"Şuşa qalası" (2016), "Şuşa qalası
tele qüllə ilə" (2015), "Əsgəran
qalası" (2015) və başqa əsərlər daxildir.
- Emil bəy, əsər neçənci ilə aiddir və
indi harada saxlanılır?
- Əsər 2019-cu ilə aiddir. Tablo sifarişçi
tərəfindən alınıb.
- Əsərin rəng və kompozisiya quruluşu necədir?
- "Şuşanın gözəl günlərindən
biri" əsərində əhalinin məişət həyatını
əks etdirən sənətkar burada baş verən hadisələri
tematik tablo kimi canlandırır. Monumental boyakarlıq ənənələrinə
xas olan xüsusiyyətləri özündə birləşdirən
əsərdə xalqın məişət, geyim tərzi və
estetik ruhunu duya bilərik. Şuşanın qədim evləri,
gözətçi məntəqəsi görünür. Fonda
cavanlar özlərinə ov quşu və qılınc
seçir. Ata öz gənc qızlarına cehizlik Şuşa
xalçasını göstərir. Şuşa
xalçaları xovunun daha da hündür olması, əlvan,
şux koloritli, çox nazik, incə, zərif, xüsusən
də dəst xalı-gəbə kimi iri
ölçülü xalçaların toxunması ilə
seçilir. Bu qrupa daxil olan xalçaların tarixi XVIII əsrin
ikinci yarısına, Şuşanın əsasının
qoyulmasından sonrakı dövrə təsadüf edir. XVIII əsrin
ikinci yarısından etibarən Qarabağın xalça
istehsalı əsasən mərkəzi Şuşa şəhərində
inkişaf edir. Toxunan xalça-palazların sayı və
keyfiyyətinə görə mədəniyyət paytaxtı
XIX əsrdə Qarabağda birinci yeri tuturdu. Oxumuş
insanın özünə çıraq seçməsi,
ustanın dəmir düzəltməsi tarixi şəhərimizdə
müxtəlif sənət növlərinin
inkişafını bir daha sübut edir. Əsərdə
geyimlərin təsviri obrazların
parlaqlılığını vurğulayır. Azərbaycanın,
eləcə də Qarabağın zəngin maddi mədəniyyət
irsinin araşdırılması kontekstində geyimlərin və
bəzəklərin özünəməxsus yeri var.
- Kompozisiyada Qarabağın geyim mədəniyyəti
xüsusi yer tutur. Bir qədər bu haqda danışaq.
- Uzun sürən tarixi inkişaf prosesinin məhsulu
olan geyim mədəniyyəti yerli təbii-coğrafi şəraitin,
əhalinin təsərrüfat məşğuliyyətinin
istiqamətinin, mədəni əlaqələrin
yaratdığı müştərək zənginləşmənin
fəal təsiri altında formalaşıb inkişaf
etmişdi. XIX əsrdə və
XX əsrin əvvəllərində Azərbaycanın ənənəvi
qadın geyimləri özünün parlaq rəng əlvanlığı,
biçim tərzi və tikiş üslubunun mürəkkəbliyi,
eləcə də tip və formalarının fərqli
olması ilə seçilirdi. Qarabağın milli qadın
geyimləri tarixən "alt paltarı" və "üst
paltarı" olmaqla iki əsas variantda mövcud olub. Qadın
alt köynəkləri tuniki biçim üslubunda tikilib, əldə
toxunan, satınalma pambıq və zərli ipək
parçalardan tikilirdi. Üst geyim tiplərinin əsas elementlərindən
biri üst köynəyi hesab olunurdu. Onu tuniki və ya kəsmə
(doğrama) biçim üsulu ilə tikərək,
qollarının ağzını bilərzikli və ya yelpazəli
hazırlayır, qoltuğunun altına isə fərqli parçadan
incə xiştək qoyurdular. Qarabağ qadın köynəklərinin
boyun hissəsi həm boyunduruqlu, həm də boyunduruqsuz
olurdu. Məşhur baş geyimləri ilə öz
şöhrətini qazanan bu bölgə geyim mədəniyyətimizin
inkişaf tarixindən xəbər verir.
XIX əsrdə və XX əsrin əvvəllərində
Qarabağ əhalisinin ənənəvi kişi geyimləri
öz biçim üsuluna və tikiş texnikasına görə
ümumazərbaycan və hətta ümumqafqaz səciyyəsi
daşıyır, eyni zamanda lokal-məhəlli xüsusiyyətləri
ilə seçilirdi
- Sizcə, bu rəsm bizə nə deyir?
- Əsər bütövlükdə Azərbaycanın
mədəniyyət paytaxtı Şuşanın məişət
həyatı ilə bərabər, mədəniyyətini də
təqdim edir. Rəsmdə şəhər çox canlı təsvir
olunub. Bu əsərdə Azərbaycan xalqının
yaşayışı, mədəniyyəti və geyim
estetikası xüsusi vurğulanır. Eyvanda gülləri
sulayan gənc qızın öz işini görməsi, yoxsa
cavan oğlana sevgi dolu baxışlarla baxması
tamaşaçıda sual doğurur. Rəssam bu əsərdə
Şuşa əhalisinin gözəl günlərindən
birini təsvir edib.
Aytac SAHƏD
525-ci qəzet . 2024.- 13
mart,№47.-S.12.