Səməd Vurğunun Oğuz səfəri

 

Təbiət vurğunu olan Xalq şairi Səməd Vurğun Azərbaycanın dilbər guşələrini gəzib, təbiətin gözəlliyindən zövq almağı xoşlayardı. Onun ən çox səfər etdiyi bölgələrdən biri də Vartaşen (indiki Oğuz) rayonu idi. Rayonun səfalı təbiəti, yaşıl meşələri, buz bulaqları şairi çox cəlb edirdi. Odur ki, Vurğun tez-tez bu yerlərə qonaq gələrdi.

Burada onun çoxlu dostları vardı. S.Vurğunun dəfələrlə Oğuzda olmasını onu şəxsən tanıyan, rayonun yaşlı sakinlərindən M.Xudiyev, F.Babayev, A.Səmədov, İ.Vahabov, S.Qarayev, A.Aşurov, A.Verdiyev və digərləri də təsdiq edirdilər.

Vətənpərvər ziyalılarımızdan olan P.Yaqub da özünün "Padar kəndinin ensiklopediyası" adlı əsərində yazır ki, "...şair hər gələndə çox vaxt rayonun Padar kəndində kolxoz sədri işləyən Hidayət Qasımovun qonağı olar, onunla birlikdə bir neçə gün təbiətin qoynunda gəzər, həm ov edər, həm də buranın füsunkar gözəlliyindən ilham alaraq, bulaqların başında oturub şeir yazar, dostlarının və camaatın xeyrində-şərində iştirak edərdi. Belə səfərlərin birində o, Padar kəndinin qırağındakı bulağın başında "Ceyran" şeirini yazmış və yanındakı ovçu yoldaşlarına oxumuşdu. Aradan bir müddət keçəndən sonra, Hidayət kişi həmin şeiri radiodan eşidəndə heyrət etmiş və sevinclə uşaqlarına demişdi ki, bu şeir bizim kənddə yazılıb və şeirin ilk dinləyicilərindən biri də odur.

Hidayət Qasımov söhbət edərmiş ki, Səməd Vurğun ov həvəskarı və sərrast atıcı olsa da, özü heyvana güllə atmağı xoşlamazmış. Adətən bərədə dayanıb, ovu nişan alar, amma tətiyi çəkməyə tələsməzmiş. Qəsdən yubanarmış ki, ovçu yoldaşları atsınlar. Təbiətə gözəllik verən bu yaraşıqlı heyvanları öldürməyə şairin əli gəlməzmiş.

Hidayət Qasımovun ad günündə iştirak edən Səməd Vurğun dostuna bir dənə aynalı beşatılan, bir dənə də xəncər bağışlayıb. Lakin Hidayət kişi rəhmətə gedəndə onun sevə-sevə saxladığı bu yadigarı, eləcə də, birlikdə çəkdirdikləri şəkilləri qardaşı Şükür saxlamaq üçün öz evinə aparıb. Sonralar Şükürün evində yanğın baş vermiş, həmin əşyalar da orada yanmışdır. Odur ki, böyük şairdən padarlılara xoş xatirələr və burada yazdığı şeirlər qalmışdır.

Bu yerlərdə - Oğuzda S.Vurğunu xoş xatirələrlə yada salanlardan biri də rayonun Kərimli kənd sakini Yetim Qara idi. Çörək pulunu maşın yumaqla qazanan bu zəhmət adamı, şairin səxavətindən ağız dolusu danışarmış. Deyirmiş ki, rayonun birinci katibinin maşınını yuyanda üç manat verir, yeri gəldi-gəlmədi üstümə də qışqırırdı. Vurğunun maşınını yuyanda isə, ondan pul almaq istəməzdim, amma özü zorla cibimə "iyirmibeşlik" basardı. Maşına da baxmazdı ki, necə yumuşam".

Onu da qeyd edək ki, şairin özündən böyük və yeganə qardaşı Mehdixan Vəkilov da bir müddət Oğuzda yaşamışdır. Görkəmli yazışımız İ.Şıxlı 12 mart 1959-cu il tarixli 21 saylı "Azərbaycan müəllimi" qəzetində çap olunmuş xatirəsində qeyd edir ki, Azərbaycanın Xalq şairi S.Vurğunun qardaşı Qazax seminariyasının ilk məzunlarından olan, ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, Azərbaycan Pedaqoji İnstitutunun rektoru (1956-1962), 1958-1962-ci illərdə  V çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı və Ali Sovet Sədrinin müavini, tarix elmləri doktoru (1969) və professor  (1969),  Əməkdar elm xadimi və Qabaqcıl maarif xadimi (1959 və 1973) fəxri adlarına layiq görülmüş, 1-ci dərəcəli Vətən Müharibəsi ordeni (1943), iki "Şərəf nişanı" ordeni (1944 və 1961) və keçmiş SSRİ-nin müxtəlif medalları ilə təltif edilmiş  M.Vəkilov  seminariyanı qurtardıqdan sonra bir müddət Quba, sonra isə Vartaşen (indiki Oğuz) rayonlarında müəllim işləmişdi.

 

İmran VERDİYEV

Əməkdar müəllimi

525-ci qəzet . 2024.- 13 mart,№47.-S.12.