HAMIYA AÇIQ OLAN
ŞƏXSİ MƏKTUBLAR
Turxan Gənceyi az yazan, həm də yığcam yazan
alimlərdən idi. Ondan cild-cild əsərlər, bir
neçə yüz və min səhifələri dolduran
kitablar qalmayıb. Qələmindən çıxanlar həcmcə
böyük olmayan, həm də tez-tez yox, ayda-ildə bir yol
yazdığı məqalələrdir. Amma o məqalələrin
hər biri onlardan qat-qat qalın olan araşdırmalardan siqlətcə
daha sanballıdır və oxuduqca anlayırsan ki, növbəti
tədqiqlərinə keçmədən elə bu məqaləni
içəridən böyütməyə,
qaldırdığı məsələlərin hər birinin
ardınca gedərək mövzunu həm eninə, həm
uzununa - dərinləşdirərək və genişləndirərək
inkişaf etdirsəydi, elə bu məqalə dönüb
olardı ayrıca monoqrafiya.
Turxan Gənceyi araşdırıcılıqda ənənəvi
olmayan və yalnız ali dərəcəli alimlərə xas
bir xətt tutmuşdu. O, özündən sonra gələnlərə
yol xəritəsi cızan, çətin mətləblərə
aparan cığırları dəqiqliklə nişan verən,
işin çətinini yerinə yetirərək müəyyənləşdirdiyi
qəlib əsasında daha hansı addımları
atmağın açarını ardıcıllara təqdim edən
xeyirxah müəllim idi. Onun məqalələrinin hər biri
sonra dünyanın neçə ölkəsində neçə
alimin sıra-sıra araşdırmaları üçün
cövhərə çevrilir, başlanğıc nöqtəsinə
dönürdü. Elə Lütfi Zadə (1921-2017) də belə
olub. O da az və yığcam yazırdı, amma onun da hər
yeni yazısı başqa alimlərin sonrakı neçə-neçə
araşdırmaları üçün bir
qığılcıma dönürdü. Hər yeni əsərini
ortaya çıxarmaq üçün Turxan Gənceyi uzun
müddət araşdırmalar aparırdı. Bir neçə
səhifəlik məqaləni yazmaq üçün yüz səhifələrlə,
min səhifələrlə mənbələri
qaldırırdı. Turxan Gənceyi mənbələri dindirməyin,
məxəzlərlə danışmağın ustası idi.
Başqalarının dönə-dönə
açdığı, oxuduğu qaynaqlarda o, heç kəsin
indiyəcən görmədiyi incəlikləri tapa bilirdi. Və
bir də indi bizim üçün mühümdən-mühüm
olan bir cəhət - hansı səmtə üz tuturdusa, o
araşdırmalarının arxasında ümumən
türklük məfkurəsindən öncə mütləq
azərbaycançı damarı, ümdə Azərbaycan
marağı vardı.
Orta əsrlərin məşhur salnaməçisi Xandəmir
(1473/76-1534) "Həbibi-s-siyər" əsərində xəbər
verir ki, 1501-ci ildə Şah İsmayıl (1487-1524) ruh bədənə
daxil olan kimi Təbrizə girdi və bu gözəl şəhəri
səltənətin paytaxtı elan etdi, Səfəvilər
dövlətinin təməli belə qoyuldu. Və Təbriz Səfəvilər
dövlətinin baş şəhəri olaraq, əlbəttə,
inkişafında yeni bir mərhələyə qədəm
qoydu. Lakin bu, çox çəkmədi - 1555-ci ildə
paytaxt Təbrizdən Qəzvinə
köçürüldü, 1597-ci ildə isə I Şah
Abbas (1571-1629) daha bir paytaxtdəyişmə etdi - baş şəhəri
Qəzvindən İsfahana dəyişdi. Təbii ki, Təbrizin
paytaxtlılığı, ölkənin inzibati mərkəzi
olmaq keyfiyyətini itirməsi onun siyasi və mədəni
nüfuzuna müəyyən qədər təsir etməyə
bilməzdi. Amma ard-arda dəyişən paytaxtlar və nəhayət,
başkəndin İsfahana gəlməsinin vəd etdiyi daha
ayrı təhlükələr vardı: Azərbaycan türkcəsinin
Səfəvi imperiyası içərisində küncə
sıxılma ehtimalı. Lakin vəziyyət gerçəklikdə
necə idi?
Turxan Gənceyi, olsun ki, başqa çoxlarını
da düşündürmüş, ancaq onillərcə,
yüzillərcə açıq qalmış bu vacib mədəni,
milli, tarixi mənası olan suala cavab tapmaq üçün
inadlı axtarışlara başladı. Siyahısı az qala
yazdığı məqalənin həcmiycə olan məxəzləri
qaldırdı və həmişə yaşayacaq, onu
mütaliə edən azərbaycanlıların içərisində
daim qürur duyğusu oyadacaq, yazını oxuyan digər
xalqların təmsilçilərində də Azərbaycan
dilinə, Azərbaycan xalqına rəğbət oyadacaq bir məqaləni
ortaya qoydu: "İsfahandakı Səfəvi sarayında
türk dilinin mövqeyi".
Həmin məqaləsində Turxan Gənceyi Şərq
və Qərb mənbələrinə əsaslanaraq bir-birindən
maraqlı faktları sıralayırdı. İtalyan səyyahı
Petra Della Vallenin (1586-1652) 1617-ci il dekabrın 18-də dostu
Mario Eskipanoya göndərdiyi bir məktubdan parçanı
iqtibas edirdi. Petra Della Valle yazırdı ki: "Bu gün
İsfahanda - sarayda, ümumilikdə İranda daha çox
türkcə danışırlar, nəinki farsca. Bunun səbəbi
o deyil ki, türkcəni farscadan daha üstün hesab edirlər.
Bunun əsas səbəbi ondan ibarətdir ki,
qızılbaş ordusundakıların hamısı türklərdir
və onlarla ünsiyyət saxlamaq üçün gərək
türkcəni biləsən. Ona görə də ordu içərisində
də, orduyla ünsiyyətdə olan dövlət məmurları
da, saray adamları da hamısı türkcə
danışırlar. Həmin səbəbdən şahın
özü də həm qoşun içərisində, həm
də camaat arasında türkcə danışır ki, onu hər
kəs yaxşı başa düşsün".
Unudulmasın ki, bu hadisə İsfahanda zahirən
farsların daha çox yaşadığı məkanda
baş verir. Həmin məqaləsində Turxan Gənceyi
sıra-sıra farsdilli qaynaqlara üz tutursa da, Avropa mənbələrinə
daha artıq üstünlük verir və bu da onun
yürütdüyü əsas fikrin qüvvətli, həm də
mötəbər dayağına çevrilir.
Turxan Gənceyi 1636-cı ildən 1638-dək bu tərəflərdə
səyahətdə olmuş alman səyyahı Adam Olearinin
(1599-1671) İsfahanda - sarayda verilən bir ziyafəti təsvir
edən sözlərini də iqtibas gətirir: "Ziyafət
bitdikdən sonra eşikağası çıxdı
qabağa, türk dilində bir dua oxudu və insanlar da
hamısı "amin" dedilər".
Və səyyah təəssüratı lap şiddətləndirən
bir cümlə də əlavə edir: "İsfahan
sarayında türk dili o qədər önəmlidir ki, fars
dilində nadir hallarda bir kəlmə söz eşidərsən".
Turxan Gənceyi daha bir inanımlı sitatı
1660-1670-ci illərdə İranda səyahətdə olmuş
və müşahidələri əsasında dəyərli səfərnamə
yaratmış Şevalye Jan Şardendən (1643-1711) gətirir: "Türkcə
sarayın və qoşunun dilidir, bütün qadınlar və
kişilər, xüsusən zadəgan ailələri tamamən
türkcə danışırlar. Bunun əsas səbəbi isə
odur ki, Səfəvi səltənətinə rəhbərlik
edənlərin özləri kökcə türkdürlər".
Turxan Gənceyi müddəaları daha qüvvətli,
sözləri daha isbatlı olsun deyə digər Avropa müəllifinə
də müraciət edir. 1644-cü ildə bir diplomatik
missiyanın rəhbəri olaraq Rafael Düman İrana gəlmiş,
xeyli müddət qaldıqdan sonra elə İranda da vəfat
etmiş, burada torpağa tapşırılmışdı. Cəsədi
burada qalsa da, son əsəri Avropaya çatmış, orada nəşr
edilmişdi və bu gün XVII yüzil İranının bir
çox olmuşlarını dürüst görüb
anlamağa vasitəçiyə dönür. "1660-cı
ildə İranda vəziyyət" adlı həmin əsərdən
Turxan Gənceyi həmin çağlarda ölkədəki
gerçək dil mənzərəsi barədə canlı
şahidin - müəllifin bu sözlərini iqtibas edir:
"İranda sadə əhali öz arasında əsasən
farsca danışır. Amma sarayda danışılan dil
türkcədir".
Ardınca da Rafael Düman yunan, latın dillərinin
gözəlliklərindən bəhs edəndən sonra
heyranlıqla əlavə edir ki, türkcə əsla onlardan
geri qalmaz. Bu mülahizəsini bir qədər də əsaslandırmaq
üçünsə o, türkcənin üstünlüklərini
açıqca göstərən sübutları da gətirir.
Həmin məqaləsində Turxan Gənceyinin
başqa bir avropalının yazısından gətirdiyi
iqtibas ürəyə daha çox yatır. 1684-cü ildə
İrana İsveç səfirliyinin rəhbərlik etdiyi
nümayəndə heyəti varid olur. Engelbert Kempfer (1651-1716)
adlı bir alman həmin nümayəndə heyətinin həm
həkimi, həm tərcüməçisi idi. Engelbert də
türkcənin o dövrdə İranda əhali arasında,
İsfahanda - sarayda hansı mövqe tutması haqqında
gördüyünü, eşitdiyini, bildiyini qələmə
alaraq yazır ki, türkcə İsfahanda - sarayda elə bir
nüfuza və hörmətə malikdir ki, bütün əyan-əşrəf
o dildə danışır.
Və mühüm bir əlavə edir:
"İmtiyazlı təbəqədən olan kimsə bu dili
yaxşı bilmirsə, bu, böyük utanc
sayılır".
Elmə bağlanaraq bir ömür sürəcək
bu şərəfli və çətin yolçuluqda ilk qədəmlərini
atdığı çağlarda Turxan Gənceyi Əlişir
Nəvainin (1441-1501) "Muhakəmətu-l-luğateyn"inə
üz tutmuşdu. Bu risalənin cazibəsinə bir
türkçünün lap əvvəldən düşməməsi
də mümkünsüz idi. Çünki "Muhakəmətu-l-luğateyn"
bir köhnəlməz qızıl kitabdır ki, o əsərə
görə bütün türk dünyası gərək daim
Nəvainin ruhuna dualar edə.
Və Turxan Gənceyinin elmdəki böyük yolunun
yarım əsrinin tamamında qələmə
aldığı, İsfahanda, Səfəvi sarayında
türkcənin yerinə həsr edilən
araşdırması mahiyyəti etibarilə elə
Əlişir Nəvainin yadigar qoyduğu o altun risaləyə
bərabər tutulası incidir. Elə bir araşdırma ki, nəinki
hər səhifəsi, hər cümləsi insanın
varlığını qürurla doldurur.
Vətən yalnız üzərində ömür
sürdüyümüz torpaq deyil. Vətən həm də
(və bəlkə də daha əvvəl) içərimizdə
yaşayan ərazidir. Millət tarixində qalan elə
böyük şəxsiyyətlər olur ki, ömürlərinin,
zəkalarının, bəhrəvermələrinin
başqalarına müyəssər olmayan ucalığına
yetişirlər, elə ülvi bir səviyyəyə ki, onlar
sadəcə Vətən övladı olmaq çərçivəsindən
sıyrılaraq özləri vətənləşirlər. Məcazi,
rəmzi mənada da deyil, elə sözün birbaşa
anlamında! Elə ülviyyət qazanırlar ki, onlara vətən
kimi sığına bilirsən.
Böyük alim Turxan Gənceyi həm almaniyalı, həm
italiyalı, həm ingiltərəli, həm iranlı, həm
türkiyəli idi. O ölkələrin hər birində illərcə
yaşamışdı, bu ölkələrə zəkası
ilə xidmət etmişdi və həmin ölkələrin hər
biri Turxan Gənceyi üçün elə vətən kimi
idi. Ancaq əsas vətən daim onun içərisində idi.
O, azərbaycanlı idi və bu sevgi onun bütün
varlığını doldurmuşdu.
Turxan Gənceyi ömrünün çox illərini Səfəvilər
dövrünü araşdırmağa həsr etdiyindən və
Azərbaycan da məhz o səltənət dönəmində
ərazicə ən tam və parçalanmamış
böyüklükdə olduğundan alimin içərisindəki
vətən ərazicə də azı həmin nəhənglikdə
idi. Turxan ustadla uzun söhbətlərimizdən hasil etdiyim bir
qənaət də bu idi ki, onun qəlbində,
düşüncəsində həm bizim tarixi
torpaqlarımız, həm də dünyanın dörd
bucağına səpələnmiş azərbaycanlılar
qovuşurdu və onun təsəvvüründəki Azərbaycan
bizim duyub qavradığımızdan daha geniş, daha əzəmətli
idi.
...İlk gəncliyindən ta ixtiyar yaşlarınacan
Turxan Gənceyi görkəmli şəxsiyyətlərlə
ünsiyyətdə oldu. Şöhrətli müəllimlərdən
dərs aldı, özü də misilsiz müəllimə
çevrildi. Sonralar dünyanın güclü alimlərinə
çevriləcək neçə tədqiqatçı ondan
dərs aldı. Təbii ki, Turxan Gənceyi onların əksəriyyəti
ilə həyatı uzunu yazışmışdı.
Londondakı mənzilində bir gün mənə qalaq-qalaq məktublar
göstərdi. Başladım bir-bir zərfləri çevirməyə.
O məktubların hansı ünvanlardan, kimlərdən
göndərildiyinə baxırdım və əksər adlar
mənə tanış idi. Çünki o ad və soyadlar
dünyaca məşhur alimlərin, ədiblərin, sənət
adamlarınınkı idi. Sanki qarşımda dünyanın
seçmə simalarının bir ensiklopediyası vardı. O
vaxt da həmin məktubları bir-bir qaldırarkən fikrimdən
keçmişdi, elə indi həmin məktubların artıq
çoxdan Turxan Gənceyisiz qaldığı
çağlarda da düşünürəm ki, müxtəlif
ölkələrdən və şəhərlərdən 60
ildən artıq bir müddətdə dünya şərqşünaslığının
son klassiklərindən olan bu alimə ünvanlanmış həmin
məktubları qovuşduraraq bir məcmuəyə
çevirsən, nə qədər gözəl kitab
alınardı. Həm bir roman qədər diqqətlə, həvəslə
oxunası, həm də öyrəniləsi, hər səhifəsindən
çox gizlin sirlərə cavab tapılası kitab.
Çünki Turxan Gənceyi elə insanlarla
yazışırdı ki, onların əksəri elə onun
özü kimi ağıl dəryası idi, tarixin bir
parçası olan üstün şəxsiyyətlərdi, hələ
o vaxt, 1990-cı illərin əvvəllərində həmin məktublara
ötəri göz gəzdirəndə sezmişdim ki, bu
kağızlardakı bilik işığı,
düşüncəbölüşmə mədəniyyəti,
məlumatlar zənginliyi bir yana, hər məktubun özü,
o məktubların hər birinin arxasındakı dostluğun,
ünsiyyətin hekayəti də ayrıca maraqlı
tarixçədir.
Heyiflər olsun ki, bu ənənə də
ölüb gedir. Epistolyar irs məsələsi də, belə
anlaşılır ki, artıq tarixin dünənində qalan
xatirələr cərgəsinə qatılır.
Keçmişdə insanlar sözləri seçə-seçə
məktublar yazardı, o məktubları qoyacaqları zərflərə,
həmin zərflərin üstünə
yapışdırılacaq markalara da xüsusi diqqət yetirərdilər,
məktubları göndərər, sonra cavab məktublarını
gətirəcək poçtalyonların yolunu gözləyərdilər.
İndi hər kəs özü üçün
poçtalyondur. Bir neçə dəqiqənin içərisində
bilgisayarında, ya elə telefonundaca yazdığı məktub
istənilən məkana anındaca yertişir, elə həmin
sürətlə də cavab gəlir, daha sənin
ovqatının da göstəricisi olan xətt də yoxdur, zərf
də, o köhnə məktublardakı hiss-həyəcan da.
Daha heç keçmişdəkilərə oxşayan
saxlanası məktublar da yox kimidir. Dünyanın ünlü
şairlərinin, tanınmış
yazıçılarının, böyük alimlərinin,
qüdrətli sənətkarlarının məktublaşmalarından
ibarət cild-cild kitablar qaldı dünəndə, onlara bənzər
yeniləri daha olmayacaq. Sanki o dünənki dünya bir
ayrı, bizim indi içərilərinə getdikcə daha
artıq nüfuz etdiyimiz təzə zamanın da
dünyası büsbütün bir ayrı aləmdir.
...Bir yuxusuz gecəm də hər ikisinin halalı
olsun: həm Turxan Gənceyinin, həm Abbas Zamanovun (1911-1993).
İkisi də müəllimim olub. Abbas Zamanov sözün elə
birbaşa mənasında müəllimim idi - vaxtilə
Bakı Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsində oxuyanda Abbas müəllim mənə
müasir Azərbaycan ədəbiyyatından dərs deyirdi.
Turxan Gənceyi bilavasitə mənə dərs deməyib.
Ancaq illərcə çoxlu görüşlərimiz oldu,
yazışdıq, o məktublarımızda da daim ona suallar
verirdim, cavablar alırdım. Yəni hər dəfə Turxan
Gənceyiyə bir müəllimə üz tutan, bir ustada
müraciət edən kimi yazırdım.
Müəllimlərə borclarınısa gərək
imkan düşdükcə həmişə qaytarasan. Ya
bilavasitə özlərinin xatirəsinə ehtiramla, onlara aid
gördüyün işlərlə, ya da onların bir vaxt sənə
etdiyi yaxşılıqları şagirdlərinə, yetirmələrinə
ötürməklə.
Ona görə o da, bu da mənim müəllimlərimdir
və müəllimlərinə borcunu gərək həmişə
qaytarmağa çalışasan.
Gecənin bir aləmində ərəb əlifbasından
köçürdüyüm bu məktublar onların ikisinin -
iki əziz müəllimimin yazışmalarıdır. Məktubları
oxuduqca, sətir-sətir kağıza
köçürdükcə Turxan bəyin, Abbas müəllimin
mehriban səslərini eşidirəm. Sanki mənimlə
üzbəüz dayanıblar. Bu məktublar iki dostun dərdləşməsi,
bir-birinə ürək boşaltmasıdır, amma hər məktubda
həm də unudulmamalı tarix var. O məktublardan elə
bilgilər keçir ki, onlar gərək bir zərfdə
qapanıb qalmasın, ictimailəşsin, lazımdır ki, o
soraqlar tarixi dövriyyəyə keçə, insanlara
çata. Çünki orada yurdu və xalqı bütövləşdirən
elə işarələr var ki, millətin gözəl
çöhrəsini məhz belə-belə xırda cizgilərin
qovuşması aydın göstərməyə qadirdir.
1985-ci il iyun ayının 4-ü. Londondan Turxan Gənceyi
Bakıya, Abbas Zamanova yazır. Bir neçə gün sonra isə
artıq Abbas Zamanovun cavab məktubu Bakıdan Londona
çatacaq.
Abbas müəllim zəhmətkeş alim, öyrəniləcəklərin
dərinlərinə enməyi sevən tədqiqatçı,
təcrübəli müəllim idi. Ancaq Abbas Zamanovun tamamilə
fərqli bir üstünlüyü də ondan ibarət idi ki,
o, tayı-bərabəri olmayan körpü-adam idi. O dövrdə
ki, sovet rejimi yerində idi, onun siyasəti tam gücü ilə
işləyirdi, sərhədlər kip-kip qapalı idi, Abbas
Zamanov Azərbaycan ziyalılığının dünyaya
açılan qanadı idi. Və dünyanın ən
müxtəlif ölkələrindəki vətən həsrətli
soydaşlarımızın da Bakıyla təmaslarının,
Böyük Vətənlə ünsiyyətlərinin də ən
münasib yolu yenə bu balaca və Böyük kişi idi.
Sovet əyyamlarında Abbas Zamanov dildə,
düşüncədə, əməldəki böyük Azərbaycanın,
bütöv Azərbaycanın yaranması üçün
heç kəsin görə bilməyəcəyi işləri
yerinə yetirirdi. Elə bu məktublar da əslində həmin
sıradandır.
Bu, Turxan bəyin Bakıdan ayrılandan az sonra Londondan
göndərdiyi məktubdur:
"Çox möhtərəm və əziz Abbas
müəllim!
Məktubunuzu aldım və çox sevindim. Bu arada
"Qardaş ədəbiyyatlar" jurnalında Sizin təvəllüdünüz
münasibətilə yazılan məqaləni də sevinclə
oxudum" ("Qardaş ədəbiyyatlar" dərgisinin də
bizim tariximizdə qalan yüksək yeri, əsirgənməməli
əvəzsiz qiyməti var. O dərgini dəyərli dostumuz,
Ərzurum Universitetinin professoru Əli Yavuz Akpınar
buraxırdı və həmin jurnal bütün Türk
dünyasının yazarlarını, iri bir coğrafiyanın
duyğu şəbəkəsini qovuşdururdu. Əli Yavuz
Akpınar da Abbas Zamanova ata və ağabəy kimi
sayğılı bir münasibət bəsləyirdi).
Turxan bəy davam edirdi: "Qardaşınız
oğlunun təvəllüdü mübarək olsun" (Abbas
Zamanovun qardaşı oğlunun təvəllüd tarixini təbrik
etməsi təsadüfi deyil. Abbas müəllimin o qədər
qohumları vardı ki... Nəyə görə məhz
qardaşı oğlunu təbrik edir? Çünki Abbas Zamanov
qardaşı oğluna "Turxan" adı qoymuşdu. Və
Turxan bəyə məktublarından birində
yazmışdı ki, icazənizlə mən
qardaşımın oğluna sizin adınızı verirəm.
Qoy sizin adınız bizim ailənin içərisində həmişə
canlı olsun, həmişə yaşasın, adınız
bizim məhəbbətimizin, dostluğumuzun rəmzi kimi bu nəslə
yadigar qalsın).
Turxan bəy yazırdı: "Bu balaca
adaşımın adımı daşıması məni
çox sevindirdi. Ona nurlu günlər və aydın gələcək
təmənna edirəm və bağrıma basıb gözlərindən
öpürəm. Kim bilir, onu görmək bəlkə mənə
də qismət oldu".
(Əlbəttə qismət olacaq. Bu məktubu yazandan
sonra Turxan bəyə nəsib olacaq ki, dəfələrlə
Azərbaycana səfər etsin, yubiley mərasimlərinə,
konfranslara qatılsın.
Zahirən adi məişət söhbətləri
gedir, şəxsi məktubdur. Ancaq danışan,
yazışan, üzbəüz olan iki böyük şəxsiyyətdir
- Turxan Gənceyi, Abbas Zamanov).
Turxan Gənceyi yazır: "Süleyman Rüstəm
üçün yazdığınız məqaləni diqqətlə
oxudum. Mən də bu böyük şairimizi bəhs etdiyiniz
illərdə görmüşəm (Bəhs edilən illər
XX əsrin ortalarıdır, 1940-cı illər - R.H.). O, mayor
rütbəli, zabit paltarında 36-37 yaşında dimdik bir gənc
idi və şeirləri bizləri Təbrizdə sehrləyirdi".
(Məhz belə-belə təfərrüatlara görə
bu məktubların heç birinin adi yazışma deyil, tarixi
sənəd olduğunu hər dəfə xüsusi
vurğulayıram. İrəliləyən sətirlərdə
görəcəksiniz ki, burada Turxan Gənceyinin Süleyman
Rüstəm (1906-1989) yaradıcılığına ədalətli,
insaflı və sərrast qiymətverməsi var ki, heç vəchlə
bu dəyərləndirmə gərək arxiv küncündəki
bir məktubun kimsəyə görünməyən sətirlərində
susmasın. Böyük ədəbiyyatşünasın
görkəmli bir şairimiz haqqındakı bu sərrast
baxışlarının ədəbi dövriyyəyə
daxil olmaq haqqı var).
Belə yazır Turxan bəy: "Mənim fikrimcə,
Süleyman Rüstəm yalnız Mədinə və Balaş
üzərində mütəəssir olmamış, hətta
Şəhriyar və Səhəndin Azərbaycan dilində və
heca vəznində yazmasında böyük amil
olmuşdur".
(Bu, sadə qiymət deyil, bu, yalnız ədəbi
deyil, siyasi çəkisi olan miqyaslı qiymətdir. Şəhriyarla
(1907-1988) Səhənd (1926-1979) XX əsrdə Güney
şeirimizin zirvə simalarıdır. Onların anadilli
yaradıcılığına Süleyman Rüstəm təsiri
haqqında bir başqasının verə biləcəyi
oxşar qiymətlə hadisələrə və şəxsiyyətlərə
xeyli yüksəklərdən baxmağa qadir olan Turxan Gənceyi
dəyərləndirməsinin mühüm fərqi var.
Söz yox, Süleyman Rüstəmin Cənub şeirləri
Cənubi Azərbaycanda düşüncənin, ruhun
oyanışına misilsiz təsir göstərib, həm də
yalnız Güney Azərbaycanda deyil, elə sovet rejimində
yaşayan Şimali Azərbaycanda da. Amma bir dəfə
söhbətlərimizdə Turxan bəy bunu da mənə
söyləmişdi ki, Süleyman Rüstəmlə Şəhriyarın
şeirləşməsi yalnız misralarındakı
duyğusallıqla udmur, həm də o cəhətdən
çox önəmlidir ki, ədəbiyyatımızın
bütövlüyünü, sərhədsizliyini göstərir,
vahid xalqın iki şair övladının sərhədlərə
sığışdırıla bilməməsini əyan
edir).
Və o məktubunda Turxan Gənceyinin bir vədi də
var. Süleyman Rüstəmin Şəhriyara, Səhəndə
müsbət ədəbi təsirləri haqqında ayrıca
bir araşdırma ortaya qoyacağına söz verir: "Bu məsələ
haqqında mən fikirlərimi ayrıca bir məqalədə
izah edəcəyəm".
Digər mətləblərə toxunur, xudahafizləşir,
imzasını atır, nöqtəni qoyur. Sanki məktub bitdi.
Ancaq imzasını çəkəndən, tarixi yazandan sonra
da məktuba yadına düşən bir fikir əlavə
edir. Yazır ki, sizə göndərdiyim "Bəhr-e-durər"
risaləsi ilk əruz risaləsidir, bu əsər
Əlişir Nəvainin "Mizanu-l-ozan"ından 50 il əvvəl
yaranıb.
Turxan bəy bu əlyazmanı tapmışdı,
özü tədqiq edirdi, ancaq surətini çıxararaq
Abbas Zamanova göndərməyi də lazım bilmişdi. Xəbəri
vardı ki, Abbas müəllim ədəbiyyatşünaslığın
bu sahəsi ilə məşğul deyil, ancaq bu əsərin ən
azı bir türk abidəsi olaraq milli mənasını
yüksək tutduğundan umurdu ki, Abbas müəllim başqa
azərbaycanlı araşdırıcıları da bu risalə
ətrafında tədqiqata cəlb etsin.
Bu, məktublardan yalnız biridir. Hansını
qaldırırsan, hərəsinin öz gözəlliyi,
çatdırdığı başqa maraqlı
ayrıntılar.
27 noyabr 1985-ci il. Bu məktubu Turxan bəy Bakı səfərindən
Londona qayıdaraq yazıb: "Çox möhtərəm və
əziz Abbas müəllim! Londona döndükdən sonra
yorğunluq və işlərin çoxluğu indiyə qədər
Sizə yazmağıma mane oldu. Bakıda mənə göstərdiyiniz
sonsuz məhəbbətləri heç bir zaman unuda bilmərəm.
Və Sizə nə şəkildə təşəkkür
edəcəyimi, doğrusu, bilmirəm" (Abbas Zamanova qiymət
verir və bu da sadə bir adamın deyil, böyük bilicinin,
böyük alimin başqa bir biliciyə, başqa bir alimə
dəqiq qiymətidir - R.H.). Siz həyatınızı Azərbaycan
dili, ədəbiyyatı və mədəniyyətinə həsr
etmiş böyük bir insansınız".
Bakıda olduğu əsnada o zaman Abbas Zamanov Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində
direktor işləyirmiş. Orada görüşüblər.
Amma o vaxt Teatr muzeyi də həmin binanın
dördüncü qatında yerləşirdi və direktoru da
Turan Cavid (1923-2004) idi. Abbas müəllim Turxan bəylə
görüşə Turan xanımı da dəvət
edibmiş.
"Turan xanımın nəcib və məhzun
siması daima gözlərimin önündədir".
Turxan bəy bunu sadəcə söz olaraq
yazmırdı. Turan xanımla görüş onun qəlbində
çox həyəcanlar, yaddaşında çox xatirələr
oyatmışdı: "Həyəcan onunla bir az olsun
danışmağa mane oldu. Lütfən, mənim hörmətlərimi
Turan bacıma söyləyiniz".
Hansı həyəcan idi ki, dilli-dilavər Turxan Gənceyinin
nitqini əlindən almışdı, Turanla üzbəüz
oturanda ona danışmağa imkan verməmişdi?
Hüseyn Cavid (1882-1941) Turxan Gənceyiyə atası
Zeynal Məmmədovun xatirələrindən tanış idi.
Hüseyn Cavid onun atasının gənclik dostlarından
olmuşdu və evlərində atasının dilindən daim
Hüseyn Cavidli xatirələri eşitmişdi.
Səfərdən təzə qayıdıb. Həm
yorğundur, həm vaxtı azdır. Məktubu tez
yekunlaşdırır. Ancaq beynində artıq növbəti
məktubların bünövrəsi var: "İrəlidə
mən Sizə uzun məktub yazacağam. Bu günlük bu qədər.
Cəfəroğlunun kitabını göndərirəm".
Bu da o çağlarçün mühüm məqamdır.
Sərhədlərin bağlı vaxtlarında, əlimizin
Türkiyəyə çatmadığı sovet illərində
Abbas Zamanov həm də həsrətində olduğumuz
çox kitabların, mənbələrin Bakıya gəlib
çatmasının vasitəçisi idi. Lakin həm də əksinə.
Abbas müəllim buradan da Türkiyəyə və Avropaya
birucdan yerli nəşrləri göndərirdi. Oranı
buralardan, buranı oralardan məlumatlı edirdi. Şəxsən
özünə gələn kitabların da hamısını
kitabxanalara verirdi ki, qoy daha çox oxucunun ixtiyarında olsun.
Beləcə, dünənəcən bəlli olmayan, əlimiz
yetməyən qaynaqlara yolumuz açılırdı, bununla
da tədqiqatlarımız güclənirdi.
1986-cı il başlanır. Yanvarın 2-sidir. Turxan Gənceyi
Londondan Bakıya daha bir məktubunu yollayıb: "Möhtərəm
və əziz Abbas müəllim! "Cəmiyyət" vasitəsilə
göndərdiyiniz məktub və kitabları aldım"
("Vətən"i nəzərdə tutur. Xalq
yazçısı Elçinin rəhbərlik elədiyi
"Vətən" cəmiyyəti 1980-ci illərin
sonlarında və 1990-ların əvvəllərində həqiqətən,
dünya boyu səpələnmiş böyük
yazıçılarımızı, alimlərimizi,
ziyalılarımızı Azərbaycana
yaxınlaşdırmaq istiqamətində əhatəli
işlər gördü - R.H.)
Davam edir: "Bu gün də ikinci məktubunuzu
aldım. Və çox sevindim, Sizin gözəl adətiniz
üzrə mən də fövrən Sizə yazıram".
(Bu məqama diqqət edilsin. Abbas Zamanov bircə Turxan
Gənceyiyə yazmırdı ki! Hər gün bir qalaq məktub,
bir yığın kitab bağlamasını poçta
aparırdı. Abbas müəllim bu işlərlə məşğul
olanda Azərbaycanda xarici ölkələrlə əlaqə
saxlamaq üçün Nəbi Xəzrinin (1924-2007) rəhbərlik
etdiyi "Dostluq" cəmiyyəti vardı, ardınca "Vətən"
cəmiyyəti yarandı. Digər müxtəlif birliklər
də zaman-zaman yarandı, yox olub getdi. Ancaq Abbas Zamanov tək
varlığı ilə həm "Dostluq", həm "Vətən"
cəmiyyəti idi və nədirsə, xaricdəki
soydaşlarımız da hər hansı cəmiyyətdənsə
ona daha çox etibar edirdilər.
Vaxtını dəqiqə-dəqiqə dürüst
bölməsəydi, onlarla yox, yüzlərlə
ünvanı əhatə edən məktublaşma əlaqələrini
son dərəcə səliqəli tənzimləməsəydi,
dünyanın dörd bucağındakı bu qədər
insanla kimsənin qəlbini incitmədən, xətrinə dəymədən
o cür mütəmadi rabitədə qala bilərdimi?
Və onun məktublaşmalardakı dəqiqlik, intizamlılıq
şakəri digərlərinə də keçirdi. Hətta
Turxan Gənceyi kimi oturuşmuş alimə də. Sübutu
yenə elə bu məktubun içərisindədir.
Ardınca yazır: "Bundan sonra Sizdən məktub alsam da,
almasam da, Sizə məktub yazacağam və bir çox
ricalarım olacaq".
Turxan Gənceyi işinin məcnunu adam idi və onun
Abbas müəllimdən təvəqqeləri başqa hər
hansı yolla əldə edilməsi müşkül
görünən kitabların, əlyazma mikrofilmlərinin, məqalə
surətlərinin göndərilməsi ilə bağlı
olasıydı.
Bir çox kitablar vardı ki, Azərbaycandan, Sovet
İttifaqından kənarlarda nəşr olunmuşdu, bizim
onlara əlimiz çatmırdı, amma xaricdə yaşayan azərbaycanlıların,
peşəkar araşdırıcıların da burada nəşr
olunmuş kitablara, arxivlərə əli yetmirdi. Onlar da
buradakılara möhtacdı və işin
avandlığından özü özünü yaratmış
Abbas Zamanov kimi nəcib körpü vardı ki, onları
dünyanın harasında olsalar, bir anın içərisində
Bakı ilə qovuşdura bilirdi. Abbas Zamanov tənbəllik
etmədən, usanmadan, itirdiyi vaxta heyifsilənmədən qəlb
genişliyi ilə o arxivdən bu arxivə, o muzeydən bu
muzeyə gedirdi, Əlyazmalar İnstitutuna yollanırdı, surətlər
çıxarırdı, səliqə ilə xaricdəki
müxtəlif ünvanlara yollayırdı. Çünki
inanırdı ki, bu işlərin hamısının bəhrəsi
olacaq, bu işlərin nəticəsi Azərbaycanı daha
bütöv, daha güclü, daha kamil edəcək.
"Mən hənuz Bakı havasında
yaşayıram. Mənim səyahətim bir röya kimi oldu.
Doğma Vətəni görmək və onun əziz
övladlarıyla qucaqlaşmaq həyatımın ən
böyük arzusu idi. Heyif ki, bu qədər qısa oldu.
Başlanan 1986 ili münasibətilə Sizi və ailənizi təbrik
edirəm, hamınıza can sağlığı və səadətlər
arzulayıram".
Gözüm məktubun axırındakı sözlərə
sataşır. Bir daha belə məktubların, bu cür şəxsiyyətlərin
yazışmalarının qeyri-adiliyinə içərimdə
yəqinlik hasil olur. Abbas müəllimin ona göndərdiyi məktubdakı
bir şikayətlənməsinə işarə edərək
Turxan bəy razılaşmır: "Qocalıq həmlə
edir" yazırsınız. Bu münasibətlə şair
Rza Tofiqin Əbdülhaq Hamidə göndərdiyi bir fotonun
altına yazdığı şeir xatirimə gəldi.
Səhhəti yerində, keyfi yerində,
Yaşlıca bir gəncəm, ixtiyar deyil.
Çox hörmət gördüyüm Şərq
ellərində
Hər kəs mənim qədər bəxtiyar
deyil".
Həqiqətən, Abbas Zamanov da, Turxan Gənceyi də
və bu qəbil millət cəfakeşi digər dəyərlilər
də həyatda nə qədər sıxıntılar dadsalar
belə, ən azı öz içərilərində məsud
olurlar. Çünki qismətlərinə bir kimsənin
onları vadar etmədiyi, könüllərinin seçdiyi,
ruhlarının istədiyi işlə məşğul olmaq sərbəstliyi
düşür. Əlbəttə ki, o cür taledən
zövq almaq qabiliyyəti olmayanın buna rişxəndlə
yanaşmasına heç vaxt təəccüblənməyə
dəyməz. Bir vaxt onların ikisininki olmuş, indi
hamınınkına çevirdiyim daha bir məktub. Yenə
1986-cı ilin yanvar ayıdır. Turxan Gənceyi yazır:
"Çox əziz və möhtərəm Abbas müəllim!
Göndərdiyiniz kitabları aldım".
(Kitabların adlarını sadalayır. Onların
arasında biri də Cavid haqqında xatirələr toplusudur.
"Cavidi xatırlarkən" adlanır. Həmin kitaba Abbas
Zamanov ön söz yazmışdı).
"Cavid haqqında sizin müqəddimənizi və
Turan xanımın xatirələrini oxudum. Bunlar məni əlli
il əvvəlki Təbrizə apardı. Saatlarca
düşüncəyə qərq oldum. (Bayaqkı məktubda
toxunduğumuz məsələdir, yenə xatirələr onu
uşaqlıq, yeniyetməlik illərinə aparıb - R.H.).
Atamdan ilk dəfə Cavid adını eşitdiyimi və bizdə,
evdə olan əsərlərini maraqla oxuduğumu
xatırladım. Sizə minnətdarlığım sonsuzdur.
Turan Cavid imzası və mənə yadigar olaraq göndərilən
kitab mənim üçün müqəddəsdir. Ruhumun və
qəlbimin bacısı Turan xanıma təşəkkür
edirəm və əllərindən öpürəm. Həmçinin
Qulam Məmmədli əzizimizə də minnətdaram.
Ünvanlarını bilsəydim, özünə bir məktubla
təşəkkür edərdim. Turan xanımın və
Qulam Məmmədlinin ünvanlarını mənə göndərə
bilərsinizmi?"
Növbəti məktubda Abbas müəllim Turan
xanımın da, Qulam Məmmədlinin (1897-1994) də ev
ünvanlarını Turxan Gənceyiyə göndərir.
Turxan Gənceyi onlara məktub yollayır və başlayır
Turan xanımla, Qulam Məmmədli ilə
yazışmaları.
Tapıb açacaqsan o məktubları, onların da hər
birində hökmən düşündürən,
duyğulandıran, ədəbiyyat, sənət, vicdan tariximiz
üçün əhəmiyyət kəsb edən məqamlarla
rastlaşacaqsan.
"Şeyx Sənan"ı başdan-sona bir daha
oxudum".
Turxan Gənceyi "Şeyx Sənan"ı da,
Cavidin silsilə şeirlərini də, bir çox başqa
pyeslərindən parçaları da əzbər bilirdi.
Şahid - özüm. 1990-cı illərin lap əvvəllərində
Londonda - evində oturmuşduq, həmin parçaları
özünün dilindən eşidirdim, gəlib bunu Turan
xanıma da söyləmişdim, o da təsirlənmişdi.
Daha Cavidi əzbər bilib sinədən oxuyan, hər
misrasından ayrı bir ləzzət alan o nəsil insanlardan
qalan yoxdur, bunu düşünürəm, sadəcə qəribsəmirəm,
elə bil ürəyim sıyrılır, özümü də
qərib hiss edirəm...
30 aprel 1986-cı il. "Hörmətli və əziz
Abbas müəllim! Məktubunuzu və göndərmək
lütfünü göstərdiyiniz kitabları aldım. Sizə
nə qədər təşəkkür etsəm,
azdır".
Turxan Gənceyinin evi kitablarla dolu idi, qafası da bir
başqa kitabxana idi, amma yenə əlinə təzə kitab
alanda uşaq kimi fərəhlənirdi. Abbas Zamanovun göndərdiyi
kitablardan biri "Azərbaycan-özbək ədəbi əlaqələrindən
səhifələr" adlanır. O kitab da Turxan Gənceyini
ayrı cür sevindiribmiş: "Bu kitab da mənim
üçün çox faydalı olacaq. Mənim bundan 35 il əvvəl
yazdığım ilk məqalələrim Əlişir Nəvai
və Hüseyn Bayqara haqqında idi".
Kitablardan bəhs edəndən sonra keçir Azərbaycan
dövri mətbuatından oxuduqlarına, "Ədəbiyyat
və incəsənət" qəzetinin üstünə gəlir
və nə o, nə də sonrakı məktublarında bu qəzeti
qəzet deyə nişan vermir, sanki təkidlə
"jurnal" yazır. Haqsız da deyil. Çünki "Ədəbiyyat
və incəsənət" 1960-1970, bir az da 1980-ci illərdə
elə, həqiqətən, bir jurnal sanbalında
çıxırdı, Azərbaycanın ədəbi-mədəni
həyatının bütün səmtləri
işıqlandırılırdı, yazanlar da sadə adamlar
deyildilər - Azərbaycanda bolluqdu, mühitimiz canlı klassiklərlə
dolu idi.
"Ədəbiyyat və İncəsənət"
jurnalında Həbib Sahir haqqındakı yazınızı
hüznlə oxudum. Sahir Təbrizdə məktəbdə mənim
coğrafiya müəllimim idi".
Bircə cümlə yazır, amma dərhal o cümlədə
tarix izi görünür. Güneyli şair Həbib Sahiri
(1903-1988) əksəriyyət uzaqdan-uzağa tanıyır,
amma o, sən demə, Turxan Gənceyinin orta məktəbdə
müəllimi olubmuş.
"Son dərəcə mütəvazi bir insan və
şair kimi onu biz tələbələr çox sevərdik".
"Ədəbiyyat və incəsənət"in o
sayında Turxan Gənceyi bir kədərli xəbər də
oxuyubmuş. "Həmin jurnaldan ("Ədəbiyyat və
incəsənət"dən - R.H.) Əzizağa Məmmədovun
vəfatını təəssüflə öyrəndim.
Onunla Bakıda bir saata qədər görüşdüm. Və
ona miniatürlü bir Xətai "Divan"ından bəhs
etmişdim. Çox həyəcanlanmışdı. Bu əlyazma
haqqında kiçik bir məqaləm dörd miniatürlə
yaxında "Turkika" məcmuəsində Parisdə
çap olunacaq".
Əzizağa müəllimin Xətai ilə
bağlı o xəbəri eşidincə vəcdə gəlməsi
səbəbsiz deyildi. Bu, o nəsil alimlərin çoxuna xas
xüsusiyyət idi. Məşğul olduqları
mövzuları qəlbən sevər,
araşdırdıqlarını ömürlərinin bir
parçası sanardılar. Rəhmətlik Əzizağa Məmmədov
(1918-1986) ömrü boyu Xətai ilə məşğul idi.
Şah İsmayıl Xətai haqqında həm monoqrafiya
yazmışdı, həm onun cildlərini
buraxmışdı, çoxdanın elmlər doktoru idi. Ancaq
şövq sönməmişdi, sevdiyi şairlə
bağlı təzə xoş xəbər yenə onu riqqətə
gətirir, həmin əlyazmanı da görməyi diləyirmiş.
"Bakıda "Molla Nəsrəddin" və
Süleyman Rüstəmə həsr edilən təntənəli
mərasimlərdə mən də sizinlə olmaq istərdim".
Bu məktubunda Süleyman Rüstəmi yenə
anır, yenə onun yaradıcılığı ilə
bağlı düşüncələrini
bölüşür və Abbas Zamanovdan xahiş edir ki, bu
salamımı Süleyman Rüstəmə çatdır. Həm
də həmin salamın nə təhər
çatdırılmasını istədiyini də dəqiqləşdirir:
"Lütfən ona söyləyiniz ki, qardaşınız
Turxan Sizə öz misralarınızla xitab etmək istəyir:
Heç qüvvə ayırmaz məni bir an
Öz doğma elimdən, vətənimdən".
Süleyman Rüstəmin bu sözləri elə Turxan
Gənceyiyə də aid idi. Ömrü boyu heç bir
qüvvə onu öz vətənindən, millətinin
böyük ruhundan ayıra bilmədi. Ömrü boyu vətəninin,
millətinin aşiqi oldu, ömrü uzunu vətənini, millətini
zəkası ilə, ilhamı ilə, qələmi ilə vəsf
etdi. Ona görə də bu gün hətta şəxsi məktubları
belə millətin məktubları kimi hər kəsin
oxumasına açıqdır. Oxuduqca da görürsən
ki, yazıldığı vaxtlarda da bu məktublarda sırf
şəxsi olan heç nə yoxmuş. Özünü millətindən
ayrı təsəvvür etməyən başqa nə cür
olmalıydı ki?!
9 mart 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet . 2024.- 13 mart,№47.-S.10-11;12.