Sənətkar
ömrü
Lənkəran şəhərinin Mikrorayon ərazisində
hamının yaxşı tanıdığı bir ünvan
var: Qəni Vəliyev adına şəhər Mədəniyyət
Mərkəzi. Bəs Qəni Vəliyev kimdir?
Azərbaycan teatr sənətinin inkişafında
özünəməxsus xidmətləri olan görkəmli səhnə
xadimi, respublikanın Əməkdar artisti Qəni Səməd
oğlu Vəliyev 1914-cü ildə Lənkəran şəhərində
anadan olub. O, ilk təhsilini iki dərəcəli məktəbdə
alıb, teatr sənətinə hələ uşaq
yaşlarından həvəs göstərib.
1934-cü ildə Lənkəranda Dövlət Dram
Teatrı fəaliyyətə başlayanda Q.Vəliyev də
teatra aktyor kimi dəvət olunur. Burada o, müxtəlif illərdə
uğurla tamaşaya hazırlanmış Səməd
Vurğunun "Vaqif", Cəfər Cabbarlının
"Aydın", "Sevil", "Od gəlini",
Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", Zeynal
Xəlilin "Qatır Məmməd", Süleyman Sani
Axundovun "Eşq və intiqam", Sabit Rəhmanın
"Xoşbəxtlər" və onlarla digər əsərlərdə
Qacar, Aydın, Balaş, Elxan, Nofəl, Məmməd,
Çingiz, Sadıq kimi rolları zəngin səhnə
boyaları ilə, hər obrazın təbiətinə,
psixologiyasına xas cizgilərlə yaradıb, müəllifin
və rejissorun fikrini, məqsədini tamaşaçıya
dolğun surətdə çatdırmağa səy göstərib.
1941-ci ilin aprelində Lənkəran teatrında
oynanılan "Vaqif" tamaşasına baxanların
arasında görkəmli sənətkarımız, SSRİ
Xalq artisti Sidqi Ruhulla da var idi. Qəni Vəliyev "Vaqif"
dramından "Mən Qacar nəsliyəm, şahlar
şahıyam!" misraları ilə başlayan monoloqu
özünəməxsus tərzdə söylədikcə
salonda əyləşmiş Sidqi Ruhulla "Məndən sonra
Qacarı səhnədə yaşadan ikinci aktyorun
mövcudluğunu bir daha yəqin etdim", - deyib. Görkəmli
sənətkarın Q.Vəliyevin oyununa verdiyi bu yüksək
qiymət, şübhəsiz ki, gənc aktyorun böyük
yaradıcılıq nailiyyəti idi.
1941-ci ildə müharibəyə gedən Qəni Vəliyev
1943-cü ildə faşist gülləsindən ağır
yaralandığı üçün davadan geri
qayıtmalı olur. Q.Vəliyev Hüseyn Ərəblinski
adına Lənkəran Dövlət Dram Teatrında
yaradıcılıq fəaliyyətini yenidən davam etdirir.
1943-cü ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
fərmanı ilə teatrın aktyorlarından Qəni Vəliyevə
və Kamil Nəcəfova Əməkdar artist fəxri adı
verilir. Elə həmin il Q.Vəliyev teatrda direktor vəzifəsinə
təyin olunur.
Müharibə illərində digər sənət
ocaqları kimi, Lənkəran teatrının da
qarşısında çətin və şərəfli vəzifələr
dayanmışdı. Teatrın repertuarı
tamaşaçılarda vətənpərvərlik
duyğularını qüvvətləndirən, onlarda ana
torpağa məhəbbət, qələbəyə inam hissi
aşılayan əsərlər hesabına zənginləşdi.
Qəni Vəliyevin rəhbərliyi ilə teatrda
yaradıcı briqadalar təşkil edilmişdi. Bu briqadalar Lənkəranın
sovxoz və kolxozlarında, fabrik və zavodlarında, eləcə
də qonşu Masallı, Astarxanbazar (indiki Cəlilabad), Astara,
Lerik və Yardımlı rayonlarında əməkçilər
qarşısında çıxış edir, onları qələbəyə
ruhlandırırdı.
Bu dövrdə Qəni Vəliyev teatrda təşkilatçılıq
işi ilə yanaşı, bir-birindən maraqlı obrazlar
üzərində də işləyir və eyni zamanda bir
sıra əsərlərin quruluşçu rejissoru kimi tanınır.
Bacarıqlı sənətkar Rəsul Rzanın "Vəfa",
Mirzə İbrahimovun "Məhəbbət", Mehdi
Hüseynin "İntizar", Zeynal Xəlilin "Qatır Məmməd"
və s. əsərləri uğurla tamaşaya qoyur.
Qəni Vəliyev yaradıcılığının
çiçəkləndiyi bir vaxtda - 1948-ci ildə 35
yaşında vəfat edib, Lənkəranın Sütəmurdov
kəndindəki qəbiristanlıqda dəfn olunub.
2006-cı ildə 96 yaşında dünyasını
dəyişmiş Lənkəran Dövlət Dram
Teatrının qocaman aktyoru, Azərbaycanın Əməkdar
artisti Kamil Nəcəfov sənət dostu haqqında mənə
bunları danışmışdı: "Qəni elə bil
ki, səhnə üçün doğulmuşdu. Teatrda
hamının hörmət və məhəbbətini
qazanmışdı. Onunla onlarla tamaşada tərəf
müqabili olmuşam. Bir neçə əsərə birgə
quruluş vermişik. Mənim dostum ciddi, tələbkar,
prinsipial və eyni zamanda son dərəcə təvazökar
bir insan idi".
Sənətkarın ölümündən sonra
çox təəssüf ki, uzun müddət onu yada salan
olmayıb, baxımsızlıq ucbatından məzarı pis vəziyyətə
düşüb. Sonralar Lənkəran Dövlət Dram
Teatrının aktyoru, 2006-cı ildə dünyasını dəyişmiş
Əməkdar artist Əli Salahlının şəxsi təşəbbüsü
sayəsində Qəninin qəbri səliqəyə
salınıb, yerli hakimiyyət orqanları tərəfindən
Lənkəran şəhər Mədəniyyət Mərkəzinə
Qəni Vəliyevin adının verilməsi barədə qərar
çıxarılıb.
P.S. Bu il Əməkdar artist Qəni Vəliyevin 110
illik yubileyi tamam olur. Ümid edirik ki, müvafiq qurumlar aktyorun
xatirəsini layiqincə qeyd edəcək, onun məzarını
abadlaşdıracaq.
Ağaddin BABAYEV
Lənkəran
525-ci qəzet . 2024.- 13 mart,№47.-S.8.