"Sıfırı
yeddinin yanından silin..."
Rəşid Faxralıdan yazmağa o qədər
söz var. Uc-uca düzsən, bir dastan olar. Özündən
də çox sözünün, Sözün dastanı. O
sözün ki, nə qədər çaları olduğunu,
yaradan, daha əfzəl Yaradan bilir. Hansını deyim,
hansını yazım. Sadəsi, qəlizi var, yerdə qərarsız
qalıb "göylə əlləşən"i, oxvar
görməmişi, cilalandıqca parlayanı, duzlusu,
şirini, su kimi axanı, od kimi yandıranı, qayatək sərti,
qu tükündən yumşağı, neçə qatlı,
neçə misallı söz. İlk ağlıma gələnləri
yazdım və ixtiyarsız onları birləşdirən bir
cəhəti düşündüm. Minilliklərin o
üzündən süzülüb gələn bu aydan
arı, sudan duru, ana südü kimi saf sözlərin
hamısını Rəşid özününküləşdirməyi
bacarıb. Başı buraxılmış at kimi içində
dörd yana çapıb varlığını
çığnayan, ürəyinin qanıyla yoğrulub,
bağrını köz-köz edən o sözlər bir qələm
əhlini də tamam əsir-yesir edəndən sonra
dönüb öz sözü olub. Yoxsa, nə düşüb
ki, uf demədən bir ömrün külünü göyə
sovursun. Bu misralar şahidim olsun ki, deyə biləcəklərimin
heç üçdə birin yazmıram:
Özümü söznən üzürəm,
Sözüm dəryadı, üzürəm.
Yüz ildi ömür gəzirəm,
Hanı? - Ölümdən o yana.
Rəşiddən yazmağa nə var ki. Qələmindən
çıxan şeirlər, publisistik məqalələr,
müxtəlif janrlarda, birnəfəsə oxunan əsərlər.
Bunların eləcə adını sıralasan səhifə nədir
"cəridə dolar". Rəşid özünü
yazıb - düşüncələrini,
yaşantılarını, bir sözlə, nəyi varsa, açıb
töküb, içini-dışını elə ələk-vələk
edib ki, deyirsən, daha yazmağa nəsə qalmayıb. Ancaq hər
yeni yazısını oxuyub yanıldığına sevinir,
sanki o sözlərlə sən də qanadlanırsan. Və nə
yaxşı ki, könlü gənclik həvəsində, əli
qələmdədir. Həm də sadəcə, yazmır, kəlmə-kəlmə,
misra-misra əriyib bu torpağa, onun bozqırlarından
tutmuş yaşıl çəmənlərinə,
dağına-daşına, çayına, bulağına,
otuna-ələfinə, yovşanlı, tikanlı, lap elə
şoran çöllərinə... elə qarışıb
ki. Bu da bir taledir, ancaq özü fərqində olduğu,
seçərək yaşadığı tale. Rəşid də
sevə-sevə oxuduğumuz qələm adamları kimi
başqa cür, yazı-pozusuz yaşaya bilərdimi? Təkcə
mənim deyil, tanıdığım neçə oxucusunun da
qənaətidir, bilməzdi. Buna məhkumdur və yəqin
qismətindən gileyli də deyil. Dünyanın dərdini
çiyninə alıb, ümidi kəsilənin təsəlli
yeri olmaq əsl qələm əhlinin taledən qismətidirsə,
yoruldum, usandım deməyə, gileylənməyə dəyərmi?
Bir də bütün çəkilməz əzabların sonu
sözlə yeni vüsaldırsa, hər şeyə
qatlaşarsan.
Balıncım daş, yorğanım daş,
İçimdə dərd, gözümdə yaş,
Belə zülm olmaz qardaş,
Dilim yandı, söz ver mənə!
Ötən əsrin görkəmli şairi
"Sıfırı 70-in yanından silin", demişdi. Nə
xoş Rəşidə ki, 70-i sıfırsız gəlib. Qəlbi,
ruhu, xəyalı 7-də necəydi, elə də qalıb.
Uşaq kimidir deməyə dilim gəlmir. Uşaq desəm,
soruşmazlar ki, "Gözümdə hönkürür bir dəli
sevda", "Könlüm cənnət
qapısıdı", "Müharibə", "Savalandan
yellər əsə", "Min illərin duası" kimi əsərlər
necə yazılıb? Uşaq qəlbinin
saflığını qorumaq, xəyal qurmaq, düşüncələrində
dünyanı dörd dolanıb, hər dəfəsində də
Vətənə yenidən aşiq olan, onun ulduzları
sayrışan göylərinə, uca dağlarının
qartal qıyı ilə sərhədlənən üfüqlərinə,
bir sözlə, ruha sığal çəkən gözəlliklərinə
vurulmaq nə böyük səadətdir. Bunlar bir ömür
boyu onun yol yoldaşı, alın yazısının sətir-sətir
vərəqləndiyi ünvanlardır. "Səngər
yazı masası" olanda da, "Səngərdən əbədiyyətə"
qovuşanlarla nəfəs-nəfəsə "Lələtəpə"dən
"Bayraqtəpə"yə yüyürəndə də,
"Əsgər nəfəsi"nə qızınıb
soyuğa, sazağa tablayanda da, "Salam, ruhumuzun şəhəri
Şuşam!" deyəndə də.
2016-cı il iyunun 26-da, Aprel döyüşlərindən
2 ay 22 gün sonra Rəşid yazırdı: "Lələtəpənin
sağından keçən yol bizi Cıdır düzündə
dayanıb Topxanaya baxacağım anlara aparacaq. Onda
Şuşanın dumanı çəkilmiş
dağlarına baxıb Şuşada şəhid olanlarımızı
xatırlayacam... Əsgərlərimizin ürəyindən
keçən bu yol bizi Şuşaya yetirəcək!
Şuşaya aparan yolda əsgərlərimizin iziycə
dizin-dizin gedərəm! Gedəcəm! Ruhumuzun yoludu bu yol!
Şuşaya aparan yollar görünür, əsgər
qardaşım!"
Niyyətində düz olanlar inamında
yanılmırlar. Rəşid də yanılmadı. İllərin
məğlubiyətdən doğan dözülməz əzabı,
torpaq, yurd itkisinin çəkilməz ağrısı
"Şuşaya aparan yollar görün"əndə bircə
andaca yox olmuşdu. Köksünə sığmayan bu
qürurlu sevinci dağlara, daşlara səs salan
hayqırtıya çevirməyin vaxtı gəlmişdi. Vətən
göylərinin ən uca, ən müqəddəs mərtəbələrindən
biri şəfəqlər qoynunda bərq vururdu. İlahi, necə
şanslı idi ki, tale ona da illərcə həsrətində
olduğumuz Zəfərə aparan şərəfli 44
günlük yolu keçənlərin cərgəsində
olmağı qismət etmişdi. Kəndlərin, şəhərlərin
ard-arda düşmən tapdağından qurtulduğu o tarixi
günlərin şahidi olan şəhid və qazi
oğulların yazdığı tarixi sözü, imzası
ilə əbədiləşdirənlər arasında "Azərbaycan
Ordusu" qəzetinin əməkdaşı Rəşid
Faxralı da var idi. Vətənin azad Qarabağla, Şərqi
Zəngəzurla başlayan yeni tarixinin ən təsirli,
yaddaqalan səhifələrinin, Zəfər dastanının
yazıldığı bu günlərdə o da öz
sözünü, həm də ucadan deyir. "Torpağım
bəsdi mənə", "Salam, ruhumuzun şəhəri
Şuşam", "Qələbəyə salam olsun!",
"Domokl qılıncı", "Gerçək
nağıllar" və başqa əsərlər qələbə
ovqatlı bu silsilənin uğurla davam etdiyindən xəbər
verir.
Bunlar Rəşidin "dua"larıdır. Daha bir
yazarın Tanrıya dan üzünə oxuduğu dualar.
Bütün 44 gün ərzində bir addım belə geri
çəkilmədən, yadların izlərimizi silməyə
çalışdığı əzəli
torpaqlarımıza yenidən öz qanları ilə
möhür vuran şəhidlərimizin ruhuna, qazilərimizin
şərəfinə oxunan dualar. Nə yaxşı ki, yurd,
torpaq nisgilli insanların, 28 ildən artıq haqq-ədalət
arayanların duaları uca dərgaha çatdı. Rəşidin
də ürək ağrısı olan Xocalının,
Ağdabanın, Meşəlinin və soyqırımı
törədilmiş neçə yaşayış məskənimizin
qisası qiyamətə qalmadı.
Onun "Ömür düsturu" çox sadədir,
sözə, yazıya bağlılıq, sələflərdən
əxz etdiyi qələmin müqəddəs missiyasına
sadiqlik. Ötən illər bu seçimi zərrə qədər
də dəyişməyib. 33 il əvvəl "Xalq
Ordusu" qəzetində necə görmüşdümsə,
elə də qalıb. Saçı-saqqalı ağarmasa,
üzündə gərgin ömrün cizgiləri,
gündüzlərə qatılan gecələrin
yorğunluğu əks olunmasa, deyərdim, hər şey
dünən olub. Dünən idi qələmi süngüyə
çevirənlərin yoluna üz tutub, bir qəzet
redaksiyasını çətiri altına
toplaşdığımız. Bu yol cəbhəboyu səngərlərdən,
güllə, mərmi atəşi məsafəsindən
keçəcəkdi, müxtəlif təhlükələrə
tuş gələcəkdi və gəldi də. Ancaq kimsənin
dönmək, yayınmaq fikri yox idi. Qəzetin əksər
saylarını hər dəfə, həqiqətən, səbirsizliklə
gözləyən əsgərlərə apardıq. Bir
neçə nömrəni isə onlarla birgə,
çiyin-çiyinə dayandığımız
döyüş bölgəsində çıxardıq. Rəid
Faxralının, Bədirxan Başkeçidlinin, Söhbət
Səfərlinin, Mehman Süleymanovun və daha neçə əməkdaşın
yazıları N saylı hərbi hissələrin şəxsi
heyətinin gözü önündə ərsəyə gəldi.
"Xalq Ordusu"nun xalqın ordusunun gündəlik həyatından
bəhs edən sayları bu gün hərbi jurnalistika
tariximizin qürurverici səhifləridir. Onların həm
yazılmasında, həm də tərtibatında Rəşidin
xüsusi əməyi olub. Çünki o, qəzetin məsul
katibi idi.
Onun həyatının "məsuliyyət"
sözü ilə ifadə olunduğu məqamlardan biri də
tutduğu vəzifənin adı ilə bağlı idi. Həm
də bu sözün tam deyil, yalnız "məsul" hissəsi.
Bunu təsadüfən qeyd etmirəm. Qəzetdə birgə
işlədiyimiz təqribən 8 ay ərzində mən onun
stolunun üstünü ən müxtəlif yazılar,
şeirlərindən ibarət vərəqlər, fotolar, sənədlər,
bir sözlə, hər cür kağız-kuğuzla dolu
gördüm. Bu xaosun içində kimsənin məqaləsinin
itməyəcəyinə əmin idim. Ancaq özünün
hansısa yazısının (əsasən künc-bucağa səpələnmiş
şeirlərinin) it-bata düşəcəyi Rəşidi qəti
narahat etmirdi. Yəni açığını desəm, bu məsələyə
ciddi yanaşmır, "bir yazı, şeir beynimə
yazılmayıbsa, elə itsə yaxşıdır" məntiqi
ilə hərəkət edirdi. Öz
yaradıcılığına qarşı bu münasibətinə
görə zarafatla ona "dünyanın ən dalğın,
ən laqeyd şairi" deyirdim. Ancaq bundan heç vaxt incimir,
"bəlkə sən məni əsərlərimə sahib
çıxmağa öyrədəsən", deyirdi. Bilmirəm,
bacardımmı. Ancaq onu dəqiq bilirəm ki, Rəşid
üçün tanımağından asılı olmayaraq,
yazarın kimliyi deyil, yazısı, sözü əsas idi.
Ürəyindən olan yazını özü
yazıbmış kimi qəbul edən, buna uşaq kimi sevinən
neçə nəfər tanıyırsınız. Bir əlin
barmaq sayı oldusa, hələ ümid var. Yeri gəlmişkən,
təcrübəmdən bilirəm, Rəşid həm də
sözün qədrini bilən maraqlı həmsöhbətdir.
Rəşidin bir Zəngilan göynərtisi, dərdi
də vardı. Birinci Qarabağ müharibəsində Ermənistan
işğalının sonuncu həlqəsi, son itkimiz, son
qalamız Zəngilan. 1993-cü ilin o məşhum 29 oktyabr
günündə Zəngilanı tərk edib Arazdan İrana,
daha doğrusu, sərhəddən həmişə həsrətlə
boylandığımız cənub torpaqlarımıza
keçən insanların arasında o da, hərbi müxbir Rəşid
Faxralı və məhrum videooperator Seyidağa
Mövsümlü də olmuşdu. Onlar da Zəngilan itkisini zəngilanlar
qədər ürək ağrısı ilə
yaşamış, bu dərdin ovunacağı 20 oktyabr 2020-ci
ilə qədər az qala bir igid ömrü qədər, 27 il
9 gün gözləmişdilər. Ürəyində illər,
aylar, həftələr, günlərlə şişən bu
dərdini o, neçə təsirli yazıya çevirmiş,
bir gün Azərbaycan əsgərinin üzü Zəngəzura
inamla xilas yürüşünə başlayacağına
inanaraq gözləmişdi. O illərin dərdindən bir
yarpaq:
Eh, yalan olmuşam, yalan,
Ocağıma düşüb talan.
Bir dərvişəm olub-qalan,
Heçim-köçüm də
üşüyür.
Qəlbindəki Şuşa, Laçın, Kəlbəcər,
yaraları ilə bərabər Zəngilan yarası da qövr
etmişdi. İndi bu yaralar qaysaq bağlayıbsa da, Zəngilanda
son nəfəslərinə qədər
döyüşmüş Baloğlan, Elşad, Adil kimi
oğulları düşündükcə qəlbi
parçalanır, başını çiyninə qoyub, bir
azacıq gözünün acısını alan gənc əsgərin
surəti gözlərinin önündən çəkilmirdi.
O məşhum, dəhşətli işğal
gününün elegiyasını yazmışdı.
Əslində, Zəngilan itkisinə haray çəkib
ağı demişdi Rəşid. O yazını bu gün, Zəngilanın
Ağalısı geri dönən köç
karvanlarının ilk ünvanı olandan, insanların yurd həsrətinə
son qoyulmasına şahidlik etməyimizdən sonra da həyəcansız
oxumaq olmur. Əminəm, qan yaddaşımıza rekviyem kimi həkk
edilməli olan o yazını siz də, sadəcə, oxuyub
keçə bilməyəcəksiniz. Təkcə ötən
yüz ildə 4 dəfə təkrarlanan qanlı tarixə -
başımıza açılan fəlakətlərə son
qoymaq üçün o yazıları yaddaşlara
köçürməliyik.
İşğaldan bir il sonra isə "Zəngilanım!"
adlı şeirində yazacaqdı:
Yoxuşların yad yoluna çəpər idi,
İgidlərin dizlərinə təpər idi,
Dağın, daşın taleyinə sipər idi.
Od həyanım, köz həyanım, göz həyanım.
Jurnalist, şair... sıralamanı davam etdirmək
olar. Ancaq məncə, dostumuz Rəşid Faxralının
kimlik bələdçisi yazdıqlarıdır.
Əridəmməz ömürü qəm,
Dərdimə dönən müridəm,
Yol gedirəm ölümümdən
içimdəki ölüməcən.
Əslində, əsl şair, yazar ömrü də
elə içindəki ölümü tapanda başlayır.
Yolun açıq, sıfırsız 7-in mübarək olsun, Rəşid
Faxralı.
Lətif ŞÜKÜROĞLU
Tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet . 2024.- 28 mart,№53.-S.14.