Çaparaq notlar
Türkmənçay şəhərində...
Abbas Mirzə ilə Paşkeviçin
bağladığı "uğurlu" müqavilə
Məlumunuz olsun ki, Azərbaycanı ikiyə bölən
məlum və məşhur Türkmənçay müqaviləsi
gecə yarı, yəni saat 24.00-da imzalanıb. Bəli,
Rusiya-İran müharibələrinin başa çatmasını
rəsmi təsdiq edən Türkmənçay müqaviləsini
tərəflər 1828-ci il fevralın 9-dan 10-na keçən
gecə saat 24.00-da imzalayıblar.
Niyə gecə yarı?
Məlum olduğu kimi, sənədi İran tərəfindən
dövlət başçısı Fətəli şahın
oğlu Abbas Mirzə imzalayıb. Abbas Mirzənin münəccimləri
müəyyən edib ki, səmadakı ulduzlardan gələn
sədaya görə, şahzadənin uğur saatı gecə
yarıya təsadüf edir...
Məğlubiyyət müqaviləsini imzalayan
şahzadə üçün münəccimlər hansı
uğuru nəzərdə tuturmuş, indi demək çətindir.
Amma məlum və məşhur Türkmənçay
müqaviləsinin məhz gecə yarı
imzalandığı təsdiq edilmiş faktdır.
Sənədə birinci Rusiyanın Qafqazdakı
qoşunlarının ali baş komandanı, general İvan
Paskeviç, ondan sonra isə Abbas Mirzə qol çəkib.
Bu münasibətlə rus toplarından 101 yaylım atəş
açılıb...
Bu da məlum və məşum gecənin gətirdiyi
200 illik bir "uğurun" nəticəsi.
P.S. Mən bir neçə il öncə Türkmənçay
şəhərində səfərdə olmuşam. Müqavilənin
bağlandığı binanı tapdım. Bu boz, miskin, dərdli
şəhərin üzü gülməyən bir
"böyük vəzifə" sahibindən soruşdum ki,
bəs vaxtilə bu divara vurulmuş müqavilənin
bağlandığı sənədi əks etdirən lövhə
hanı? Adam dedi ki, bir müddət əvvəl həmin
lövhə gecə ikən oğurlanıb.
Zəncan şəhərində və ya
Çılğın bir eşq etirafı
Zəncan şəhərində məni vətənpərvər,
doğma türkcəmizdə yazıb-yaradan şairə
xanım qarşıladı. Zəncan çox qədim şəhərdir.
Bu qədimlik hər addımda hiss olunur. Təəssüf ki,
bu qədim şəhərdə cəmi bir gün qaldım.
Çünki dostların dəvəti ilə Tehrana getməli
idim.
Köhnə Zəncanda ən yaddaqalan iki yer var desəm,
yəqin ki, yanılmaram. Bunlardan biri on beş hektarlıq yeri
zəbt etmiş nəhəng bazar, digəri isə muzey kimi fəaliyyət
göstərən "Rahtşuyan" adlı yerdir ki, bunun
da mənası "paltar yuyulan ərazi" deməkdir. Vaxtilə
qadınlar burada - su ilə təchiz edilmiş yerdə paltar
yuyurmuşlar. Muzeyin içərisində bir neçə səhəng,
cürdək və qadın fiqurları - heykəlləri də
var.
Amma mənim söhbətim bu sadaladıqlarımın
heç biri haqda deyil.
Təbrizdən fərqli olaraq Zəncanda ucuz hotel
tapmaq çətin idi. Burada bir gecə qalmaq haradasa ən
yaxşı halda iyirmi beş-otuz manata başa gəlirdi. Təbrizdə
isə bu qiymətlər beş manatdan başlayır.
Şairə xanım yoluna rəvan oldu. Mən
axtarıb-arayıb nisbətən ucuz hotel tapdım. Bu, nisbətən
yüksəklikdə yerləşən, altı-yeddi mərtəbəli,
müasir, zövqlə tikilmiş bir bina idi. Yeri gəlmişkən,
aradan illər keçəndən sonra indi birdən
xatırladım ki, hotellə üzbəüz köhnə
binanın az qala quzulayıb tökülən divarına bir
barelyef vurulmuşdu. Səhv etmirəmsə (yox, indi onu da
xatırladım ki, səhv etmirəm) bu barelyef Şihabəddin
Yəhya Suhrəvərdiyə məxsus idi və həmin
küçə də böyük filosofun, işraqilik təliminin
banisinin adını daşıyırdı. Bu, o zəka
sahibidir ki, müasirləri onu "Şihab əl-millə və-l-haqq
və-d-din", yəni millətin, haqqın və dinin axan
ulduzu adlandırıblar.
Hotelə daxil oldum. Foyedə görümlü yerdən
asılmış zərli çərçivədəki bir
kişi portret diqqəti çəkirdi. Az sonra məlum
olacaqdı ki, həmin şəkildən boylanan
yaraşıqlı, qəhvəyi bığlı, zövqlə
avropasayağı kostyum geymiş və qalstuk
bağlamış həmin kişi vaxtilə bu hoteli tikdirib,
bir neçə il öncə rəhmətə gedib və
indi buranın sahibi onun ailə üzvləridir.
Məni haradasa otuz yaşlarında cavan bir oğlan
qarşıladı. Azərbaycan dilində
ala-yarımçıq cümlələrlə danışa
bilirdi. Bir az gözləməyimi tövsiyə etdi, bildirdi ki,
indi bu işlərə baxan adam gələcək. Mənim
haradan gəldiyimi biləndən sonra nəsə
qaş-qabağını tökdü, hətta, təəssüf
ifadə edəcək bir tərzdə başını yellətdi.
Söhbət əsnasında onun incikliyinin səbəbi ilə
maraqlandım. O, əvvəlcə bir söz deməsə də,
sonra aramızda belə bir dialoq oldu:
- Ağa, Bakı mənim baba vətənimdir...
- Bakı, yoxsa Azərbaycan?
- Burada da Azərbaycan var, ona görə biz oraya
Bakı deyirik. Hə, onu deyirəm, bir dəfə bir dostumla
Bakıya getmək qərarına gəldik. Televizorda
baxırıq, çox gözəl şəhərdir. Amma
sizin gömrükdə bizi o qədər "yoxlamaya"
tutdular ki, axırda bezib elə sərhəddən geri
qayıtdıq... İndi hər il Yerevana gedirik. Orada bizə dəyib-dolaşan
yoxdur.
Təbii ki, mən bunun bir təsadüf olduğunu
bildirdim. Qonaqpərvərliyimizi vurğuladım.
Bu əsnada gözlədiyimiz adam, yəni
oğlanın anası gəldi. Bu işvə-nazlı,
yar-yaraşıqlı, şıq geyimli, başına
açıq-yüngül çarşab atmış bir
xanımdı. Onun iri-qara gözlərindən həyat
eşqi çağlayırdı. Şirəli üzüm giləsini
xatırladan qalın dodaqlarına yüngül boya çəkilmişdi.
Təxminən əlli yaşı ola biləcək bu xanım
sən demə, elə şəkli divardan asılmış mərhumun
dul arvadı, mənimlə söhbət edən gəncin
anası imiş.
Oğlan bizimlə xudahafizləşib getdi. Qadın
kiməsə göstəriş verdi ki, mənimçün
boş və münasib qiymətə bir oda tapsınlar.
Bu naz-qəmzəli xanım əslən elə
Bakıdan imiş. Onun ulu babası inqilabdan əvvəl
İrana təşrif gətirmiş və daimi məskunlaşmışdır.
Qadın çay sifariş verdi. O, arada üzünü, bəyaz
boyun-boğazını əlindəki
zətif yelpiklə havalandıraraq mənə oradan-buradan
suallar verirdi.
- Sən də Bakıda yaşayırsan? Hə?
Bakı gözəl şəhərdir.
- Bəli, gözəldir. Yəqin ki, televizorda
görmüsüz?
O, şaqqanaq çəkib güldü:
- Nə televizor, canım? Biz üç-dörd il əvvəl
Bakıda olmuşuq.
- Həyat yoldaşınızla?
O, bir qədər tutulub dedi:
- Yox, ərim çoxdan ölüb... - Səsini bir az
da yavaşıdıb əlavə etdi: - Mən oraya öz
sevgilimlə getmişdim. Siz də sevgilimi deyirsiz?
- Yəni məşuqunuzla?
Xanımın rəngi açıldı:
- Ay sağ ol.
Foyedə təkcə ikimiz idik. Eşikdə avqust
istisi tüğyan etsə də, içəridə xoş
bir sərinlik hökm sürürdü. Arada tutqun
çadralı bir qadın bizə çay gətirirdi. Belə
anlarda Bakıya səfəri barədə danışan hotel
sahibəsi söhbəti ya başqa istiqamətə yönəldir,
ya da susurdu.
- Hə, mən Bakıya öz məşuğumla
getmişdim. O, məndən çox cavandır. Əsl pəhləvandır.
Boy-buxunlu, enli çiyinli, uzun qollu...
Söz vermişdi ki, daim bir yerdə olacağıq.
Bütün Avropanı gəzmişdik onunla... Bütün xərcləri
də mən çəkirdim. Burnundan gəlsin... Onun bircə
vəzifəsi vardı - məni sevmək. Ondan ayrı bir
şey ummurdum... Qızım Almaniyada universitetdə oxuyur, indi
tətilə gəlib, indi gəlib məni evə aparacaq.
Ürəyimdən keçir ki, o da bir türklə ailə
qursun... Hə, onu deyirəm, ağa, o alçaqla getmişdim
Bakıya. Bilirsən harada qalırdıq? Ortasında
böyük hovuz olan bağa yaxın yerdə. Şəhərin
ən yaxşı? ən bahalı bir ərazisində.
Yaxınlıqda bir kilsə də vardı...
- Yəqin ki, Fəvvarələr bağının
yaxınlığı olub...
- Doğrudur. Dəniz də yaxınlıqda idi. Bir az
aralıda bir Nizaminin və bir şairə xanımın heykəli,
kitab dükanı...
- Doğrudur. O şairə də Natəvan
xanımdır...
- Orada cəmi bir xanımın adı yadımda
qalıb... İndi də tez-tez onun mahnılarına qulaq
asıram. Özü də oxuyur ey: "Yandım, elə
yandım"... Zeynəb...
- Zeynəb Xanlarova.
- Ay sağ ol. Bax o, sanki mənim dilimdən deyir:
"Yandım, elə yandım"... Bəli, mənim sinəmə
dağ çəkdi o pədər süxtə...
- İt oğlu...
Gülüşdük.
- Ağa, deyəsən bir az farsi bilirsən.
- Yox... Deməzdim.
- Hə, bax o it oğlu ilə belə günlər
yaşadıq. Sonrası nə olsa yaxşıdır? Deyim
sonrasını?
- Özünüz bilən
məsləhətdir.
- O gedib özündən
çox-çox cavan, həm də zəngin bir qızla evləndi.
Mənə dağ çəkdi. İndi mən də fürsət
gəzirəm onun bağrına dağ çəkməyə...
Bayaqdan deyib-gülən
bu şad, nikbin xanımın səsi birdən-birə titrədi.
İri-qara gözlərində sanki qəzəbli pələnglər
oynadı. O, doluxsunmuş halda soruşdu:
- Ağa, sən nə işin sahibisən?
- Yazı-pozu adamıyam...
- Kitab yazansan?
- Bəli, təxminən elə bir iş...
Xanım gözlərinin yaşını silərək
dedi:
- Artıq sənin otağın hazırdır. Get dincəl.
Sabah sənə bu mübtəla olduğum bu acı eşqin mənim
başıma açdığı oyunlardan yenə
danışaram, istəyin olsa onları bir kitaba yazarsan...
Mən sübh tezdən Tehrana yola düşdüm...
Pəhləvilər türkdür
Bildiyimiz kimi, İranda Qacarilar sülaləsinın
sonunci varisi Sultan Əhməd Şah Qacar (1897-1930) devriləndən
sonra əvvəlcə Avropaya, sonra Amerikaya pənah apardı.
O, çox gənc ikən Nyu-Yorkda vəfat etdi. Tezliklə
hakimiyyətə pəhləvilər sülaləsiin banisi Rza
şah Pəhləvi (1878-1941) gətirildi.
Onun hakimiyyəti dövründə (1925-1941) İranda zülm
və istibdad meydan sulamışdır. Rza Şahın daxildə
mövqeyi müəyyən qədər möhkəmlənsə
də, ona qarşı xarici təzyiqlər
güclənirdi. Şah əslində fars şovinizminin əsas
dayaqlarından biri idi.2-ci Cahan savaşının
başlanması Rza Şahın xanədanını xeyli dərəcədə
zəiflətməyə başladı. İngiltərə və
Rusiyanın təzyiqilə hakimiyyətdən devrilən
Şahı əvvəlcə Mauritius adasına apardılar.
Amma yad yerin tropik hava şəraitində o, tezliklə xəstələndi.
Az sonra şahı "quru hava" olan yerə - Cənubi
Afrakaya "etap etdilər". Rza Şah 26 iyul 1944-cü ildə
Yohannesburqda öldü. Onun nəşi Misirdə
mumyalanmış və uzun illər Qahirədəki
Əl-Rifanın məscidində gizli
saxlanılmışdır. Aradan illər keçəndən
sonra Rza Şahın yerinə gətirilən oğlu Məhəmməd
Rza Pəhləvinin (1919-1980) səyi ilə "gizlədilmiş"
mumiya İrana gətirilərək Ray şəhərində
dəfn olunmuşdur. 1979-cu il İran inqilabından sonra onun
mavzoleyi Ayətullah Xomeyninin razılığı ilə
dağıdılıb məhv edildi.
Dediyimiz kimi, Rza şah qatı şovinist, özü də
İranda yaşayan türklərin qənimi idi.
Bəs əslində Rza kimidi? O, Mazandaranda Türk ailəsində
doğulmuşdur. Azərbaycan (türk) dilini də çox təmiz
bilirdi. Onun atası Abbas Əli xan da təbii ki, türk
dilinində danışır, öz ətrafı ilə bu
dildə ünsiyyət qururdu. Abbas Əli hərbçi idi,
yeddi oğul atası idi. İlk oğlunun adı
Çıraq Əli, sonuncu oğlunun adı Rza idi - indi
haqqında söhbət gedən gələcək şah.
Şahın anası və arvadı da təmiz türk idi.
Güman edilir ki, anası Gəncəbasarda (bəzi müddəalara
görə İrəvanda) məşhur türk
tayfalarından birində doğulmuşdur. Həmin xanım, yəni
Nuşafirin Ayrımlı (Ayrumlu) rus istilasından sonra
imkanlı ailə üzvləri ilə birgə indiki Şimali
Azərbaycandan indiki Cənubi Azərbaycana
köçmüşdü.
Şahın arvadı da həmin nəsildən idi. Belə
ki, Nimtac Ayrımlı Tacilmülk xanım da (1896-1982) əslən
türk idi, Bakıda İçərişəhərdə
anadan olmuşdu. Onun atası hərbçi, rus çar
ordusunun mayoru Teymur bəy Ayrımlı idi.
Deməli, Rza Şahın oğlu və varisi Məhəmməd
Rza Şah, necə deyərlər, "tərtəmiz"
türk olub. Yaxşı bilirsiniz ki, sonuncu Şahın
arvadı Fərəh (1938) Pəhləvi də milliyyətcə
türkdür. Xanım hal-hazırda sağdır,
Vaşinqtonda yaşayır.
Gördüyümüz kimi, İranda uzun illər
hakimiyyətin yüksək eşalonunda türklər təmsil
olunub. Amma necə deyərlər, "çe fayda?" Elə indiki rəhbər də əslən
Xaminədəndir. Xaminə isə bildiyiniz kimi, türklərin
yaşadığı məkandır, böyük ədibimiz
Mirzə Fətəlinin ata yurdudur.
Belə nəticə hasil olunur ki, insan cismən deyil,
ruhən bu və ya digər ideyaların, idealların, dilin,
dinin, milliyyətin daşıyıcısı hesab olunur və
olunmalıdır.
Hələ orasını demirik ki, yəhudilərin
yağı düşməni Adolf özü milliyyətcə
yəhudi olub. Bunu təsdiq edən kifayət qədər
sübutlar mövcuddur. Amma və lakin... Bu, başqa söhbətin
mövzusudur.
Firuz MUSTAFA
525-ci qəzet . 2024.- 28 mart,¹53.-S.13.