Beynəlxalq və milli səviyyədə qeyd edilən Elm Günü

 

Artıq bir neçə ildir ki, Azərbaycanda elm günü beynəlxalq və milli səviyyədə qeyd edilir. Məlum olduğu kimi, beynəlxalq səviyyədə elmlə məşğul olanların və ümumiyyətlə elmi ictimaiyyətin peşə bayramı kimi qəbul edilən elm günü dünya ölkələri tərəfindən hər il noyabr ayının 10-u "Sülh və İnkişaf naminə Ümumdünya Elm Günü" kimi qeyd olunur. Elm gününün qeyd olunması barədə fikirlərin hələ ötən əsrin ortalarında səslənməsinə baxmayaraq, bu tədbir ilk dəfə olaraq 1986-cı ildə qeyri-rəsmi səviyyədə BMT tərəfindən elan edilmiş "Beynəlxalq Sülh İli" çərçivəsində uğurla nəticələnən "Elm və sülh həftəsi" adı altında keçirilib. Bu tədbirin rəsmiləşdirilərək davam etdirilməsi məqsədilə 1988-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən müvafiqqətnamə qəbul edib və həmin il bu əlamətdar hadisə 4-11 noyabr tarixlərində keçirilib. Sonralar 1999-cu ildə Budapeştdə keçirilən "Dünya Elm Konfransı"nda 10 noyabr tarixinin Sülh və İnkişaf naminə Dünya Elm Günü kimi təsis edilməsi barədə təşəbbüs irəli sürülüb. 2001-ci ildə YUNESKO-nun Baş konfransının 31-ci sessiyasında Dünya Elm Gününün təsis edilməsi qərarı rəsmən elan edilib. 2002-ci ildən etibarən bu bayram dünyanın əksər ölkələrində qeyd olunur.

Sülh və İnkişaf naminə Dünya Elm Günü hər il bir mövzuya həsr edilir və müvafiq deviz altında keçirilir. Məsələn, Dünya Elm Günü 2020-ci ildə "Elm pandemiya ilə mübarizədə cəmiyyətin xidmətində", 2021-ci ildə "İqlim dəyişikliyinə hazır icmaların yaradılması" 2022-ci ildə "Dayanıqlı inkişaf üçün fundamental elmlər",  ötən il isə "Elmə inamı gücləndirmək" devizləri altında keçirilib.

Adətən beynəlxalq səviyyədə YUNESKO-nun təşkilatçılığı ilə keçirilən elmi iclas, seminar, konfrans və festivallarla müşayiət edilən Dünya Elm Günü bir çox yerlərdə olduğu kimi, ölkəmizdə də hər il əlamətdar tarix kimi qeyd edilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında "Elm günü"nün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncam imzalayıb. Sərəncamla martın 27-si Elm günü kimi təsis edilib və 2019-cu ildən, artıq dördüncü ildir ki, ölkəmizdə 27 mart Elm Günü layiqincə qeyd edilir.

Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Qədim tarixi və böyük ənənələri olan Azərbaycan elmi bu gün ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrilib. Bu istiqamətdə Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elmin inkişafına böyük diqqət və qayğı göstərib. Bu sahədə fəaliyyətlərin davam etdirilməsi, mövcud problemlərin aradan qaldırılması və elmin qarşısında duran strateji vəzifələrin icrası, həmçinin ölkədə elmin davamlı inkişafının təmin edilməsi məqsədilə Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən zəruri islahatlar aparılıb, müvafiq fərman və sərəncamlar imzalanıb, məqsədyönlü və geniş əhatəli silsilə tədbirlər həyata keçirilib və bu işlər fasiləsiz olaraq davam etdirilir.

Bu gün Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Alimlərə, xüsusən gənclərə dünyanın aparıcı ölkələrinin elmi müəssisələrində ixtisasartırma kursları keçmək və araşdırma aparmaq üçün imkanlar yaradılır, onların beynəlxalq elmi layihələrdə iştirakı təmin edilir.

Həm beynəlxalq, həm də milli səviyyədə Elm Günü ölkəmizin ən qədim və ən böyük ali təhsil müəssisəsi olan, Ulu öndər Heydər Əliyevin məzunu olduğu və "Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı" adlandırdığı Bakı Dövlət Universitetinin (BDU) kollektivi tərəfindən də böyük sevinclə qeyd edilir. Öz strategiyasında elm və təhsilin inteqrasiyasını, tədrisin tədqiqatla əlaqələndirilməsini əsas götürən BDU-da hər il Elm Gününə həsr olunmuş silsilə tədbirlər, o cümlədən, elm festivalları, müxtəlif müsabiqələr, elmi seminarlar, beynəlxalq və yerli konfranslar, ustad dərsləri həyata keçirilir. Bütün bunların sayəsində gənclərin elmə cəlbi, BDU alimlərinin, doktorant və tələbələrinin uğurlu elmi fəaliyyəti öz nəticəsini verməkdə davam edir. Uzun illərdir ki, respublika üzrə bir sıra beynəlxalq informasiya agentlikləri tərəfindən indekslənən nüfuzlu dərgilərdə nəşr edilən elmi əsərlərin böyük əksəriyyəti, o cümlədən, "Clarivate Analytics" Beynəlxalq İnformasiya Agentliyinin Web of Science bazasına daxil olan jurnallarda dərc edilən elmi məqalələrin 20 faizindən çoxu BDU alimlərinin payına düşür və bir sıra elmi göstəricilərə görə BDU Azərbaycan universitetləri və elmi təşkilatları arasında liderliyini saxlayır.

Fürsətdən istifadə edərək ölkəmizin bütün elmi ictimaiyyətini 27 mart Elm Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İnanıram ki, dövlətimizin dəstəyi və ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində alimlərimiz bundan sonra da yeni nailiyyətlər və uğurlar qazanaraq Azərbaycan və dünya elminə ildən-ilə artan sanballı töhfələr verəcəklər.

 

Aydın KAZIMZADƏ

Bakı Dövlət Universitetinin professoru, AMEA-nın müxbir üzvü

525-ci qəzet . 2024.- 28 mart,№53.-S.12.