Dayanıqlı
inkişafa töhfə verən ali təhsil ocağı
"Mingəçevir Dövlət Universiteti modernləşdirmə
yolunda" kitabı barədə təəssüratlar
Bu yaxınlarda "Mingəçevir Dövlət
Universiteti modernləşdirmə yolunda" kitabı "Elm
və təhsil" nəşriyyat-poliqrafiya müəssisəsində
nəşr edilərək universitet əməkdaşlarına
təqdim olunub. Mingəçevir Dövlət Universitetinin
(MDU) rektoru, iqtisad üzrə fəlsəfə doktoru Şahin
Bayramovun müəllifi olduğu, "Azərbaycan müəllimi"
qəzeti ilə MDU-nun birgə layihəsi əsasında
işıq üzü görən kitabda bu təhsil
ocağının 4 illik fəaliyyəti əksini tapıb.
Kitabın redaktoru "Azərbaycan müəllimi" qəzetinin
baş redaktoru Sarvan İbrahimov, rəyçiləri Azərbaycan
Respublikası elm və təhsil nazirinin müavini Firudin
Qurbanov və Azərbaycan Respublikasının Təhsil
İnstitutu yanında Tədris Resursları Mərkəzinin
şöbə müdiri, Əməkdar müəllim Əsgər
Quliyevdir. 2019-2023-cü illəri əhatə edən kitab 32
bölmədən ibarətdir.
Kitabın ön sözündə qeyd edildiyi kimi,
"dayanıqlı inkişafa töhfə verən yüksək
ixtisaslı kadrlar hazırlamaq, nəticəyönümlü
elmi-tədqiqatlar aparmaq və cəmiyyətə faydalı
sosial xidmətlər göstərmək MDU-nun əsas
missiyasıdır". Kitab bir ali təhsil müəssisəsinin
innovativ, davamlı və dayanıqlı inkişafı və
idarə edilməsi üçün real təcrübə
qaynağıdır. İqtisad üzrə fəlsəfə
doktoru Şahin Bayramov universitetə rektor təyin olunan
gündən əməkdaşlara ilk dəyərli tövsiyələri
bunlar olub: nəticəyönümlülüyü,
öz-özünə hesabatlılığı,
çevikliyi və qiymətləndirməyi bacarın.
Kitabdakı bölmələri oxuduqca qeyd olunan meyarların
necə dəqiqliklə, ustalıqla, şəffaflıqla
yazıldığının şahidi olarsınız.
Kitabın bölmələrini aşağıdakı
istiqamətlər üzrə
formalaşdırmaq olar:
Ali təhsilin modernləşdirilməsi: Kitabda
universitetlərin qarşısında duran müasir
çağırışlar və tələblər təhlil
edilir və Mingəçevir Dövlət Universitetinin fəaliyyətini
modernləşdirməklə bu dəyişikliklərə necə
uyğunlaşdığı göstərilir.
Universitet idarəetməsi: Müəllif səmərəli
idarəetmə təcrübələri, strateji
planlaşdırma və qabaqcıl təcrübələrdən
istifadə edilməklə müasir ali təhsilin idarə
edilməsi prinsiplərini müzakirə edir.
İnnovasiya və təhsilin keyfiyyəti: Kitabda təhsildə
innovasiyanın vacibliyi vurğulanır, tədrisin və təlim
prosesinin keyfiyyətinin yüksəldilməsi
üçün müxtəlif strateji islahatlar
vurğulanır.
Şəffaflıq və hesabatlılıq: Universitet
fəaliyyətində şəffaflığın və
hesabatlılığın və bu şəffaflığı
təşviq etmək üçün media və sosial mediadan
istifadənin vacibliyi vurğulanır.
Beynəlxalq və yerli əməkdaşlıq: Yerli və
xarici universitetlərlə əməkdaşlığın, həmçinin
tələbə mübadiləsi proqramları kimi beynəlxalq
layihə və proqramlarda iştirakın daim diqqət mərkəzində
olmasını 4 il müddətində aydın müşahidə
edə bilərsiniz. Proses hazırda da davam etdirilir.
Çevik və şəffaf idarəetmədə tələbələrin
və ictimaiyyətin iştirakı: Universitetin idarə
olunması və inkişafında tələbə və
ictimaiyyətin iştirakının vacibliyi vurğulanır.
Sosial yönümlü fəaliyyətlər: Müəllif
universitetin cəmiyyətdəki rolunu və sosial
yönümlü layihə və təşəbbüslərin
həyata keçirilməsində məsuliyyətini, vəzifələrini
çox aydın, izahlı şəkildə real islahatlarla,
layihələrlə təqdim edir.
Davamlı inkişaf və rəqəmsallaşma:
Universitet fəaliyyəti kontekstində davamlı inkişaf və
rəqəmsallaşma konsepsiyaları daim diqqət mərkəzində
olduğu kitabın ilk səhifəsindən sonuna kimi
vurğulanır.
Gənclərin vətənpərvər ruhda
inkişafı və formalaşması üçün
mühitin yaradılması daim diqqət mərkəzindədir.
Aida MUSTAFAYEVA
MDU İnformasiya texnologiyaları kafedrasının
müdiri, tex.f.d.
525-ci qəzet . 2024.- 28 mart,№53.-S.12.