DAİM
GƏLƏCƏKDƏ OLA BİLMƏYİN SADƏ
SƏBƏBİ
Ömrünün ixtiyar çağlarında
Ağasadıq Gəraybəyli mənə zaman adlayaraq yeganə
nüsxədə günümüzə yetişmiş qocaman
bir əlyazmanı xatırladırdı. Tarix yadigarı qədim
əlyazmaları vərəqləyəndə hər dəfə
insanda o təəssürat yaranır ki, elə bil bu məxəzi
birinci dəfədir görürsən, dünən dəfələrlə
baxıb keçdiyin səhifələrdə bu gün təzə
nələrisə görürsən, sabah yenə həmin sətirlərə
təzədən qayıdanda ayrı bir gizlinci kəşf
edirsən.
Ağasadıq Gəraybəyli ilə də hər dəfə
söhbət edəndə, onunla birgə keçmişlərə
dalanda yaddaşının dərin qatlarından elə xatirələr
üzə çıxırdı ki, məəttəl
qalırdın. Axı oxşar sualı dünən,
srağagün də vermişdim, bu mövzuda bir müddət
əvvəl də danışırdı, bəs bunları
niyə söyləməyibmiş? Yaddaşın öz qəribəlikləri
var. Hansısa qapılarını müəyyən anacan
qapalı saxlayır, ancaq lazım bildiyi anda açır, o
qapılar, o pəncərələr taybatay olunca tamam yeni mənzərələri
görürsən. Sanki heç dünən
baxdığın pəncərə deyilmiş. Yox, əslində
qapı da, pəncərə də həminkidir, o qapıdan, o
pəncərədən görünən hansı hadisələr,
hansı mənzərələr, hansı adamlarsa dünənəcən
sanki duman ardındaymış. İndi duman çəkildi,
gördün. Və gərək fürsəti də
qaçırmayasan. Bəzən elə də olur ki, sonra elə
qatı duman-sis gəlir ki, daha o pəncərədən, o
qapıdan dünənəcən görünənlərin
heç birini seyr etmək olmur. Başıma az gəlməyib.
Böyük xanəndə Cabbar Qaryağdı oğlunun
qızı Şəhla xanım artıq xeyli yaşlı idi,
amma yaddaşı saat kimi dəqiq işləyirdi. Gəlirdi,
saatlarla danışırdı, nə qədər şeiri əzbər
deyirdi, nə qədər olmuşları günüylə,
saatıyla, bircə-bircə bütün
iştirakçılarıyla xatırlayırdı. Nə
yaxşı ki, hamısını yazırdım. Gəlişlərindən
birində gəlini ilə idi. Sanki başqa adam idi. Qapıdan,
pəncərədən bir addım o yan
görünmürdü. Yenə nələrisə
danışırdı. Ancaq qəsdən söhbəti
dolandırıb mənə əvvəllər
danışdığı əhvalatların üstünə
gətirirdim, artıq çox xırdalıqları yada sala
bilmirdi...
Unudulmaz Əkrəm Cəfər deyərdi ki,
yaddaş quş kimidir. Gərək macal verməyəsən,
uçub getsin. Yaddaşın qəfəsi qələmdir.
Hafizədəkiləri yazıya aldınmı, daha sənə
vəfasız çıxmaz, uçub getməz...
Ağasadıq Gəraybəyli yalnız sənətcə
deyil, elə yaşca da ondan böyük olandan bəhs
edirmiş kimi, Hüseyn Ərəblinskidən (1881-1919)
danışırdı, Cəfər Cabbarlıdan (1899-1934) bəhs
eləyirdi. Onunla daimi ustadı hesab etdiyi bu insanlar barədə
altmışını aşanda da, yetmişini keçəndə
də, səksənini arxada qoyub doxsanına yaxınlaşanda
da söhbətləşmişdik. Dönə-dönə
danışmışdı, amma hər dəfə də
yadına indiyəcən söyləmədiyi hansısa bir məqam,
hansısa bir söz düşürdü və həmin yeni,
bir qədər də tamamlanmış xatirələrlə o
böyük şəxsiyyətlərin surəti nəzərlərimizdə
daha aydın canlanırdı. Ərəblinskidən
yazanın, Abbas Mirzə Şərifzadəni
araşdıranın, teatr tariximizi tədqiq edənin arxivlərə
getməzdən öncə məhz Ağasadıq Gəraybəyliyə
üz tutması, o tədqiqatçılar daha öncə
arxivlərdə olmuşdularsa, heç olmazsa müəyyən
dəqiqləşdirmələr aparmaqçün hökmən
sənədlər arxivindən sonra canlı arxivə
müraciət etmələri qaçılmaz idi. Həm də
bu addımlayan, yaşayan arxiv bir sıra hallarda rəsmi arxiv
sənədlərindən, köhnə əlyazmalardan da daha
etibarlı idi. Çünki vaxt keçdikcə onillərlə
qovluqlarda nəfəs almadan qalan kağızların
saralması, köhnə yazıların solması vardısa
da, əksinə, Ağasadıq Gəraybəylinin
yaddaşının zaman keçdikcə elə gizlin
qatları açılırdı ki, onların sayəsində
indiyəcən agah olmadığımız hansısa vaqeələr,
hansısa ayrıntılardan xəbər tuturduq, bəzənsə
onun söylədikləri sənədlərin, yazılı məxəzlərin
açıq qalmış suallarına cavabları
dürüstləşdirməyə yardımçıya
çevrilirdi. Ona görə də artıq yaşlı
çağlarında Ağasadıq Gəraybəyli yenə səhnədə
idisə də, yenə bir-birindən gözəl surətlər
yaradırdısa da, onun ikinci, bəlkə də o
aktyorluğundan az əhəmiyyətli olmayan daha vacib bir
keyfiyyəti fəaliyyətdə idi - onun qaynaq olmaq keyfiyyəti,
onun körpülüyü.
Bu, onun səsidir, öz ömür hekayətini
nağıl edir: "1902-ci və 1903-cü illərdəki dəhşətli
zəlzələdə - Şamaxı zəlzələsində
ev-eşiyimiz dağılandan sonra mənim atam Abbas Mirzə
Şərifzadənin atası ilə bərabər ailələrini
götürüb Bakıya köçürlər. O vaxtdan
biz Bakıda qalmışıq. Təhsilimiz, məktəblərdə
oxumağımız-filan hamısı Bakıda əmələ
gəldi. Atam uzun illər Bakıda tikinti idarələrində
çalışmışdı. Hətta çox vaxt deyərdi
ki, Kələntərov pasajını (Qoşa Qala
qapısı səmtində, indiki Gənclər meydanında
üç tərəfə çıxışı olan
dükanlar kompleksi - R.H.) mən tikmişəm. O həm də
daşyonan idi. Biz kirayənişin olduq Mirzə Fətəli
küçəsində. İbtidai məktəbdə
oxuduğum vaxtlar idi, arabir görürdüm uşaqlar
yüyürür ki, "artist gəlir","artist gəlir".
Demə, bu artist Ərəblinski imiş. Bizimlə qonşu
dalanda yaşayırdı. Onların evi Proletar küçəsində,
keçmiş Serkovnı küçədə, mən isə,
bizim evimizsə Mirzə Fətəli küçəsində
idi (indiki Vidadi küçəsi - R.H.). Tez-tez Ərəblinskini
evimizdə görürdüm. O, böyük qardaşım
Ağalar Gəraybəyovla bir məktəbdə oxumuşdu və
məndən beş yaş böyük olan qardaşım
Ərəblinskinin truppasında bir könüllü, həvəskar
aktyor kimi işləyirmiş. Bizim həyət böyük
idi. Hərdən məşqlərini elə burada keçərdilər,
biz də tamaşa edərdik. Mən bütün bunları
görürdüm, teatra həvəsim yaranırdı".
...1970-ci illərdən - tələbəlik illərimin
lap əvvəllərindən, o çağlardan ki, artıq
radio ilə, televiziya ilə bağlanmışdım, ilk
verilişlərimi hazırlayırdım, Ağasadıq Gəraybəyli
ilə də təmaslarımız həmin çağlardan
başlandı. Mən Azərbaycan Dövlət Universitetinin
Şərqşünaslıq fakültəsində oxuyurdum.
1970-ci illər başlanırdı. Fakültə
oçağlarda Kommunist adlanan indiki İstiqlaliyyət
küçəsində yerləşirdi. Bayılda
yaşayırdım. Hər gün dərsdən
çıxandan sonra piyada İçərişəhərdən
keçib "Azneft" meydanına enirdim, oradan da evə
gedirdim. İçərişəhər boyu irəlilədiyim
həmin 15-20 dəqiqə mənim üçün
düşünmək, içəridən dincəlmək
fürsəti idi. Amma həm də müşahidə etmək
imkanı. O çağlar İçərişəhərdə
hələ yaşı səksəni aşan, doxsanı
keçmiş ağbirçəklər, ağsaqqallar - sifətindən
nur yağan insanlar az deyildi. Küçələrdən
keçirdim, qarşıma çıxan o insanlar özləri
də İçərişəhərə, qala
divarlarına, buranın əski tikililərinə bənzəyirdilər.
Bu adamların hər birinin, təbii ki, bu qala divarları
arasında öz ev-eşikləri vardı. Ancaq belə hiss eləyirdim
ki, onların hər biri üçün İçərişəhər
əslində bütövlükdə bir ortaq evdir. Hər
daşıyla, hər tikilisi ilə, hər
qarışıyla son dərəcə doğma olan
bütövev. Sonralar o ixtiyarların neçəsi ilə
tanış olduq, yaxınlaşdıq, dönə-dönə
söhbətlər etdim və gördüm ki, ilk
müşahidələrimdən sonra gəldiyim qənaətim
yanlış deyilmiş. İndinin qocaları, o
çağın uşaqları keçmişləri
düşünəndə elə həmin həqiqəti təsdiqləyirlər
- deyirlər ki, hamımız bir evli kimi idik, dərdimiz də,
sevincimiz də müştərək idi, heç kimin
heç kəsdən sirri yox idi, ev bizim, sirr bizim məsəli
İçərişəhərin hansısa evinə, məhəlləsinə
yox, elə bütünlüklə özünə aid idi.
Ağasadıq Gəraybəylini düşünürəm.
Gözümün önündə İçərişəhər,
İçərişəhərin küçələri ilə
addımlayan o qocamanlar, çöhrəsindən işıq
yağan nuranilər canlanır. Bütövlükdə Azərbaycan
səhnəsi, ömrünün onilləri ilə
bağlı olduğu Milli Dram Teatrı Ağasadıq Gəraybəyli
üçün elə öz evi demək idi. Təbii ki, onun
da yaşadığı ev vardı, ömrünün
axırlarına doğru hələ təzə mənzilə
də köçmüşdü. Ancaq onun əsl evi elə
bu teatr idi. O, bu teatrda və bu teatrla yaşayırdı.
Ağasadıq Gəraybəyli üçün qohum-əqrəbalı,
dost-tanışlı dünyadan savayı qoynunda tam bəxtiyar
olduğu başqa aləm də vardı. Elə bir aləm ki,
onun içərisində Ağasadıq Gəraybəyli
bütün ötəri məişət
qayğılarından azad idi və illər nə qədər
sürətlə keçib gedir-getsin, həmin aləmdə
vaxtın bu aktyora təsir etmək imkanı, onu qocaltmaq
gücü yox idi. Həmin o öz dünyasının
içərisində Ağasadıq Gəraybəyli həmişə
gümrah, daim şux, müdam cavan idi və səhnə
eşqi ona əlavə qüvvət verirdi. Teatrın
binasına daxil olunca sanki dönüb olurdu həmin
İçərişəhərin küçələrindən
keçən qocamanlardan biri. O ağsaqqallardan ki, köhnə
şəhərin hər tininə, hər
künc-bucağına, hər qarışına
gözüyumulu da bələd idilər. Və nə qədər
ağrılı olsa belə, tale Ağasadıq Gəraybəylinin
məhz elə sözün birbaşa mənasında
gözüyumulu da Azərbaycan teatrına, Azərbaycan səhnəsinə
bələd olduğunu sübut etdi. Gözlərinin
işığını itirmiş bir içərişəhərli
əlini daşa-divara sürtə-sürtə bu əziz məkanda
istədiyi ünvanı tapa bildiyi kimi, Ağasadıq Gəraybəyli
də artıq gözlərinin görmədiyi günlərdə
də səhnəyə çıxırdı, rolunu
oynayırdı və onu evdən teatra, pərdə
arxasından səhnəyədək qolundan tutub gətirirdilərsə,
səhnəyə daxil olandan sonra artıq onun içərisindəki
göz açılırdı. Bu, bir möcüzə idi və
Azərbaycan səhnəsində nə Ağasadıq Gəraybəyliyədək
belə hadisə olub, nə də, yəqin, bundan sonra baş
verməsi də mümkünsüzdür. Və mən Milli
Dram Teatrımıza həm də ona görə minnətdaram
ki, nəinki çox yaşlaşmış, hətta artıq
gözü də görməyən sadiq aktyoruna dönük
çıxmadı, onu sıralarında saxladı və
rollarını da əsirgəmədi. Dünyanın heç
bir ən məşhur klinikası, heç bir ən bilgin həkimi,
heç bir ən bahalı dava-dərmanının edə bilməyəcəyini
həmin saatlar, dəqiqələr Ağasadıq Gəraybəyliyə
bəxş edirdi. Gəlirdi teatra, qalxırdı səhnəyə
və hər saniyə ömrünə yeni dəqiqələr,
hər dəqiqə həyatına yeni saatlar əlavə
edirdi.
...Bir dəfə söhbət çox yaşamaqdan
düşmüşdü və Ağasadıq müəllim
qayıtdı ki, bilirsən uzun yaşamağın sirri nədir?
Bu sual cavab almaqçün verilən sual deyildi, cavabı irəlicədən
hazır olan sual idi və hiss elədim ki, elə bu dəqiqə
həmin cavabı da özü dilə gətirəcək,
amma hər ehtimala qarşı soruşdum ki, Ağasadıq
müəllim, uzunömürlüyün sirri nədədir?
Dedi, əvvəl ondadır ki, gərək xıltsız
olasan, içərin təmiz olsun. Əlavə etdi ki, mən
ömrüm boyu heç kimə həsəd
aparmamışam, qibtə eləməmişəm,
paxıllıq insanın ürəyindən asılan daş
kimidir, həsəd adamın həyatının günlərini,
ömrün şirəsini sovuran zəliyə bənzəyir,
ömrü belə şeylər qısaldır.
Düz deyirdi və düz dediyinin elə öz həyatında
sıra-sıra sübutları vardı. Bir adama rast gəlmədim
ki, Ağasadıq Gəraybəylidən incik olsun,
haçansa, kiminsə ürəyinə dəyməsi
haqqında bir xatirəni yada salsın.
Onun hafizəsi də xeyirxah yaddaş idi. Təbii ki, hər
bir insan kimi, onun da həyatında bəd və xoş hadisələr
olmuşdu. Ömründən yaxşılı-yamanlı
qatar-qatar insanlar keçmişdi. Ancaq onun yaddaşının
sanki məxsusi özünümüdafiəsi vardı -
xoş olmayanları saxlamırdı, bir kənara
atırdı ki, tezliklə unudulsun. Yaxşı olanları,
sabaha çatdırılmalıları isə hafizənin ən
əlçatan yerində onillərcə qoruyurdu. Ona görə
də Ağasadıq Gəraybəyli Azərbaycan
teatrının, içərisindən keçdiyi Azərbaycan
tarixinin dünənləri barəsində nə zaman bəhs
edirdisə, yalnız yaxşı olan mətləblərdən
danışırdı.
Niyyətin hara, mənzilin ora - artıq xeyli vaxtdır
ki, Ağasadıq Gəraybəyli həyatda yoxdur. Onu 1988-ci
ildə itirmişik. Haqqında yazırlar,
danışırlar, xatırlayırlar. Həmin
yazılanların, söylənənlərin, yada düşənlərin
güzgüsündə Ağasadıq Gəraybəylinin surəti
həmişə ləkəsizdir, həmişə
xeyirxahdır və bircə nəfər də bizlərə
xas olan tərzdə yaxşılarını söyləyəndən
sonra əlavə bir mötərizə açaraq
"amma..." demir.
İnsanlara, bütövlükdə millətə
xeyir verə-verə yaşamış, xeyirxah yaddaş sahibi
olmuşların bir zamanlar həyatda olmadığı
çağlar üçün tədarük etdikləri əsas
qazanc da elə budur. Ömür mahiyyətiylə ölümdən
sonrakı həyata hazırlıq mərhələsidir...
...Teatrın özünəməxsus bir ovsunu var. Mən
nə qədər deyirəm-deyim, hansısa kitabda o haqda nə
qədər yazılırsa-yazılsın, bunun nə
olduğunu canayatan bir tərzdə anlatmaq müşkül
olacaq və həmin ovsunun nə olduğunu sonacan dərk etməkdən
ötrü gərək nə qədərsə teatrla bağlı
olasan.
"Mən keçmiş Alekseyevski məktəbini, yəni
Şamaxı yolundakı məktəbi, Həbib bəyin məktəbini
bitirib texniki məktəbə daxil oldum. Cəfər
Cabbarlı ilə tanışlığım həmin məktəbdə
baş verdi. Biz - azərbaycanlı tələbələr o məktəbdə
azlığı təşkil edirdik. Çoxusu başqa millətlərdən
idi. Tez-tez bu məktəbdə müsamirələr, gecələr
keçirilirdi. Həmin müsamirələrdə Cəfər
də, mən də iştirak edirdik. Bir gün Cəfər mənə
bir şeir verib dedi: "Al, sabah gecəmizdir, hazırla, sən
çıxış edərsən". Mənə elə
aktyor deyirdi. Çünki bilirdi ki, mən artıq
Zülfüqar və Üzeyir bəygilin truppasında
çalışıram. Şeiri götürdüm, oxuyub
gördüm ki, bu, Cəfərin sonralar hamıya məlum
olacaq "Ana" şeiridir. Bu şeiri mən ertəsigünkü
ədəbi gecədə məktəb səhnəsində
oxudum. Cəfər də başqa şeirlər oxudu. Cəfər
tez-tez şeirlər yazırdı və hərdən də mənimlə
məşqə gedirdi. Məşqlərimiz də çox
vaxtı Zülfüqar bəygilin Füzuli küçəsindəki
evində keçirdi. Məşqlərdə çox vaxt
görürdüm ki, tamaşa etməyə gələnlərin
arasında bir uşaq da var. Demə, bu kimdir -Zülfüqar bəyin
oğlu, sonraların adlı-sanlı dirijoru Niyazi.
Bu minvalla həm oxuyurduq, həm də Cəfər də
mənimlə bərabər tez-tez teatra gəlirdi,
tamaşalara, məşqlərə baxırdı və
şövqü artırdı. Sonra o özü də əsərlər
yazmağa başladı. Beləliklə, demək olar ki, Cəfərlə
bizim səhnəyə gəlişimiz bir yerdə olub. O, bir
dramaturq kimi, mən də bir aktyor kimi gəlmişik".
...Bir başqa teatr aşiqi - unudulmaz tarzənimiz Bəhram
Mansurov düşür yadıma. Bəhram ustad ilk gənclik
illərindən Opera Teatrı ilə bağlı olmuşdu.
Onu operaya Müslüm bəy Maqomayev gətirmişdi və
sonra Bəhram müəllim yarım əsr müddətincə
öz doğma evi saydığı bu teatrla bağlı oldu.
Yəqin, ahıl insanlarımız Bakıda Opera
binasının yanmağını xatırlayırlar.
1975-1978-ci illərdə teatrın binasında gedən əsaslı
təmir və yenidənqurma işləri yenicə
tamamlanmışdı və yaxın vaxtlarda
açılış gözlənilirdi ki, şiddətli
yanğın qopdu. Bakımızın yaraşıqlarından
olan, açılışını hamının gözlədiyi
Opera Teatrının üzləşdiyi bu xoşagəlməz
hadisə, təbii ki, hər kəsi ağrıtdı. Ancaq o
bina, o teatr, o məskən Bəhram Mansurovçün sadəcə
gözəl bir memarlıq abidəsi, çox sevdiyi
Bakısına bəzək olan imarət deyildi. Opera onun sevgisi
idi. Opera Teatrının binasında yanğın baş verən
gün Bəhram müəllimi həyəcandan infarkt vurdu.
Teatra bir insanın sonsuz məhəbbəti, teatrın bir
insanı ovsunlaması elə bu deməkdir.
İstəyin elə bir həddi çatır ki, o məhəbbəti
daha sözlə ifadə etmək mümkünsüzləşir
və sehrlənirsən - Ağasadıq Gəraybəyli də
teatr ovsununa bütün varlığı ilə
düşmüş belə nadirlərdən idi.
Ağasadıq Gəraybəyli uzun ömür
sürmüşdü və hər uzun ömrün ən
nisgilli tərəfi də odur ki, daha çox yaşadıqca
daha çox da faciələrə, ağrılara şahid kəsilirsən,
yeri dolmayacaq itkilərlə üzləşirsən -
gözünün qarşısında doğmaların, əzizlərin
bir-bir gedir. Söz yox, yaddaşında hər itkidən bir qəlpə
qalır ki, illər ötdükcə hər tərpənişiylə
ürəyi sancır, beyni deşir.
Doxsanına çatanadək Ağasadıq Gəraybəylinin
ömründə də bu cür acılar və itkilər az
olmamışdı. Onlardan hansılarısa ötən illər
qaysaqlamışdısa da, heç vəchlə unuda bilmədiyi
ağrılar da vardı ki, onlardan biri 1918-ci ildə baş
vermişdi. O zaman ki, Opera Teatrı
yandırılmışdı, o zaman ki, ermənilər
"İsmailiyyə"yə od vurmuşdular.
"İsmailiyyə" də yalnız Bakının baş
küçəsinə yaraşıq verən gözəl bir
mülk deyildi. Bura çox mənada Azərbaycan
ziyalılığının mərkəzi idi. Bura həm Azərbaycan
xeyriyyəçiliyinin ünvanı idi, həm Azərbaycan
açıq düşüncəsinin, inqilabi təfəkkürünün,
müstəqillik hərəkatımızın baş qərargahı
idi, həm də eyni zamanda bir teatr mərkəzi idi.
Çünki "Aktyorlar ittifaqı" deyilən birlikdə
"İsmailiyyə"də yerləşirdi.
Bir dəfə unudulmaz Ağasadıq Gəraybəylidən
soruşmuşdum ki, bəs o illərdə necə
yaşayırdınız, nə ilə dolanırdınız?
Teatr sizə kifayət qədər çörək verirdimi?
Qayıtdı ki, məgər çörək yadımıza
düşürdü? Nə geyim-kecim, nə təminat, nə
şan-şöhrət haqqında
düşünürdük. Teatrla nəfəs alırdıq,
gündəlik, adi insan kimi yaşadığımız həyat
bir başqa həyat idi, əsl həyatımız oradakı
idi - ömrümüzün mənası teatrda, səhnədə
idi.
...1918-ci ilin mayında Azərbaycan istiqlalını
qazanır, Cümhuriyyət elan edilir. Həmin ilin
sentyabrında Qafqaz İslam Ordusu və qəhrəman Azərbaycan
əsgəri Bakını ermənilərdən, bolşeviklərdən
təmizləyir, hökumət Gəncədən bura
köçür. Və bu şəhər yenidən əvvəlki
kimi Azərbaycanın əsas teatr meydanına çevrilir.
Ağasadıq Gəraybəylinin də, onun
tay-tuşlarının da, ustadlarının da həyatında
sanki yeni bir səhifə açılmışdı.
Cümhuriyyət hökuməti fəaliyyətə
başlayınca sabiq Mayılov teatrını - operanı
"Dövlət teatrosu" elan edir. 1919-cu ildə teatrın
açılışı olur və hər gün yeni
tamaşalar oynanır. İsa bəy Aşurbəyovun "Azərbaycan"
pyesi, Şəmsəddin Saminin "Dəmirçi Gavə"si,
Cəfər Cabbarlının "Bakı müharibəsi"
və neçə-neçə belə yeni əsərlər
səhnəyə gəlir, Ağasadıq Gəraybəyli də
o tamaşaların hamısında irili-xırdalı rollar ifa
edir. Ancaq çox keçmir ki, Cümhuriyyət hökuməti
süquta uğrayır, bolşeviklər gəlir. Siyasət dəyişsə
də, məfkurə başqalaşsa da, teatra ehtiyac bəlkə
əvvəlkindən də artıq idi. İnsanları maarifləndirmək,
onları mədəniyyətə sarı çəkmək də
yeni hökumətin vəzifələri sırasında idi. Ona
görə aktyorlar əsgər kimi bu mübarizənin ön
cərgəsinə keçir. Abbas Mirzə Şərifzadə
də, Mirzağa Əliyev də, Əli Qurbanov da,
Hüseynqulu Sarabski də, Hüseynağa Hacıbababəyov
da, Sidqi Ruhulla da və neçə-neçə
yaşlı-cavanlı aktyor, onların da sırasında gənc
Ağasadıq Gəraybəyli də günü-gündən
daha güclü axına çevrilən mədəni
mübarizənin ön cərgəsində idilər. Onlar
tez-tez ən müxtəlif hərbi hissələrə, müəssisələrə
gedir, kütlələr qarşısında
çıxışlar edir, tamaşalar verirdilər. 1920-ci
illərin əvvəllərində yaranıb fəaliyyətə
başlayan, camaat arasında "Satiragit" deyilən Tənqid-Təbliğ
Teatrının şöhrəti isə daha böyük idi. Həm
repertuar zəngin idi, ehtiyatlarında xeyli hazır tamaşa
vardı, digər tərəfdən də iti qələmli,
istedadlı şair və yazıçıları sadəcə
cəlb yox, səfərbər etmişdilər ki, günün
ən ehtiyac duyulan mövzularında ləngimədən Tənqid-Təbliğ
Teatrı üçün səhnəciklər, pyeslər, ədəbi
parçalar yazsınlar. Bir tərəfdən durmadan yeniləşən
repertuarla qarşılaşan tamaşaçı sevinirdisə,
onlardan artıq şadlanan aktyorlar idi ki, onlara
özünüifadə, qol-qanad açmaqçün getdikcə
daha geniş meydan açılırdı.
Mahiyyətcə həm də artıq təbliğat,
təşviqat dəstəsinə dönmüş
aktyorları mütəmadi olaraq Azərbaycanın müxtəlif
guşələrinə göndərməyə
başlayırlar. Yaxın-ucqar rayonlara, kənd-kəsəyə
ezam olunan həmin aktyor dəstələrinin içərisində,
əlbəttə ki, Ağasadıq Gəraybəyli də
vardı, həm də özünün söyləməsincə,
həvəslə, ürəklə gedirdi, kimsə hansısa
ucqara yollanmağa tərəddüd edəndə də əksinə,
o, adının siyahıya salınmasını özü istəyirdi.
"1920-ci il idi. Hökumət tərəfindən əmr
olundu ki, dövlət teatrı yaransın. Biz aktyorlar həmin
bu truppaya daxil olduq. İlk dəfə yoldaş Nəriman Nərimanovun
təklifi ilə həm tamaşaları verirdik, həm də
təbliğat-təşviqat briqadalarında iştirak edirdik.
Aktyorların boynuna çox çətin vəzifə
düşmüşdü. Səhərdən evdən
çıxırdıq, istirahət, dinclik bilmədən hər
gün Bakı və ətraf kəndlərdə idik,
fabrik-zavodda, müəssisələrdə
çıxışlar edirdik. Yay gəlincə isə bizi
rayonlara göndərməyə başladılar. Azərbaycanda
elə bir rayon yoxdur ki, o dövrdə orada bizim briqadanın
tamaşaları olmasın".
Və artıq teatrın yeni parlamağa başlayan
ulduzlarından olan, gələcəyin görkəmli aktyoruna
çevriləcəyinə ümidlər bəslənən
Ağasadıq Gəraybəylinin yolu həmin günlərdə
qırıla da bilərdi. Gənc Ağasadıqın
ölümün lap astanasında dayandığı o səfər
bir macəralı hekayədir ki, həmin əhvalatı ilk dəfə
mənə atası Zülfüqar Hacıbəylinin dilindən
Maestro Niyazi söyləmişdi. Sonralar Ağasadıq Gəraybəyli
də o təşvişli səfərin təfərrüatlarını
mənə qorxulu bir nağıl kimi danışdı. Maestro
deyirdi ki, Zülfüqar bəyin rəhbərliyi ilə bir təşviqat
qatarı təşkil edilibmiş. O qatardakı vaqonların
hamısı cürbəcür rəsmlərlə, plakatlarla
bəzədilibmiş. Həmin təbliğat-təşviqat
qatarının rəisi isə az sonra Azərbaycanın hərbi
komissarı, daha sonra isə torpaq xalq komissarı vəzifəsini
tutacaq Heydər Vəzirov (1891-1937) imiş. Məqsəd bu
imiş ki, Bakıdan çıxan qatar ta Gürcüstan sərhədinə
qədər getsin. Qatar ayrı-ayrı stansiyalarda
dayanırmış, aktyorlar dəstə-dəstə
bölünərək yaxınlıqdakı rayonlara, kəndlərə
yola düşürlərmiş. Getdikləri yerlərdə
şəraitdən asılı olaraq ya bütöv pyeslər,
ya tamaşalardan parçalar göstərər, kupletlər
söyləyərmişlər. Hər kəndə göndərilən
dəstədə bir neçə aktyor, bir məruzəçi,
bir də hərbçi olurmuş. Hərbçi də əsasən
kursantlardan ibarətmiş. Məqsəd də ondan ibarətmiş
ki, təbliğat-təşviqat dəstəsinə əlavə
edilən hərbçi bu balaca heyətin mühafizəsini təmin
etsin. Ancaq vəziyyət elə gərginmiş,
ayrı-ayrı yerlərdə bu gələn dəstələrə
yeni hökumətin təmsilçiləri kimi elə qəddarlıqla
baxırlarmış ki, həmlə edilərsə, nəinki
bir-iki hərbçi, hətta böyük bir dəstə ilə
də bunun qarşısında dayanmaq olmazmış.
Ağasadıq Gəraybəyli həmin qatarla yola
çıxanlardan biri idi. Deyir, Ağdamın iki kəndinə
getmək üçün iki dəstəyə
ayrıldıq. Keşiş kəndinə yollanacaq dəstədə
aktyorlar Əbülhəsən Anaplı, Mir Paşa,
Əlislam və bir də bir kursant vardı. Biz isə
başqa bir kəndə getməli idik.
Biz, yəni Ağasadıq Gəraybəyli, Cəlil
Bağdadbəyov, Nəsrullayev deyilən bir nəfər, bir
mühazirəçi, bir nəfər də hərbçi.
Mir Paşagilin Keşiş kəndinə səfərinin
hansı müsibətlə bitdiyindən Ağasadıqgil iki
gün sonra xəbər tutacaqlar. Ancaq onların da
başına elə Mir Paşagilin düçar olduğu qəziyyə
gələ bilərmiş.
İstedadını hər kəsin etiraf etdiyi Mir
Paşa böyük yazıçımız Seyid Hüseynin
qardaşı idi, Əbülhəsən Anaplı da o
çağın ən parlaq aktyorlarından biri. Onları
Keşiş kəndində, yeni gəlmiş Şura hökumətinə
yağı kimi baxanlar deyil, azərbaycanlıların
qanına susamış ermənilər qətlə
yetirmişdilər. Ancaq Ağasadıq Gəraybəyligilin dəstəsinə
ermənilər yox, elə təzə hökumətə
düşmən olan azərbaycanlılar qəsd edəcəkmiş.
Ağasadıq müəllim söyləyirdi ki, irəlicədən
qərara alınmışdı ki, rayonlara, kəndlərə
yola düşən aktyor dəstələrini yerləşdirmək
üçün biz ora çatanadək hansısa evlərlə
danışılacaq. İş elə gətirdi ki,
Ağdamın camaat qarşısında çıxış
edəcəyimiz kəndinə şər qarışanda gedib
çatdıq. Bizə ad vermişdilər, soraq-soraq gedib gecələməli
olduğumuz evi tapdıq. Ancaq qırımından hiss elədik
ki, ev yiyəsi bizim gəlişimizə heç də məmnun
deyil. Qarşımıza bir stəkan çay da qoymadı.
Çox yorğun olduğumuzdan elə tez də yuxuya getdik. Səhər
də oyanan kimi ac-susuz tamaşa verməli, camaat
qabağında çıxış etməli olduğumuz yerə
dikəldik. Xeyli adam yığışmışdı.
Mühazirə oxundu, kupletlər səsləndi, tamaşalardan
müəyyən parçaları göstərdik. Camaat
çox razı qalmışdı. Sabahı günü
ayrı bir kəndə yola düşməli idik. Ancaq bu gecə
yenə həmin evdə qalmalıydıq. Gəldik ora. Yenə
qarşımızda nə süfrə açıldı, nə
bizə bir diqqət göstərildi. Əvvəlki kimi, yenə
ev sahibi bizi qaşqabaqla qarşıladı.
Ağasadıq müəllim belə söyləyirdi:
"Mən ayıq-sayıq yatanam. Yad yerdə gecələyəndə
səhərəcən gözümə yuxu getməz. O
gün də elə səhəri dirigözlü
açdım. Bizim yerimizi otaqda, içəridə
salmışdılar, ev yiyəsi isə eyvanda
yatmışdı. Gecənin bir aləmində yüngülcə
gələn səsdən hiss elədim ki, eyvanda yatan ev sahibi
ayağa durdu. Şübhələndim, mən də
qalxdım. Pəncərənin bir qırağından
baxdım ki, görək neyləyəcək. Baxdım ki, az
sonra əlində beşaçılan tüfəng
qayıdıb gəldi. Beşaçılan tüfəngi
qoydu yatağının yanına, təzədən
düşdü həyətə. Ay işığında
gördüm ki, həyətdə daha bir neçə nəfər
var. Ev sahibi həmin adamlarla nəsə danışdı, əliylə
bizim yatdığımız otağı göstərdi və
sonra başladı onları yola salmağa. Onların doqqazdan
bir az aralandığını görüncə tez səfər
yoldaşlarımı - Cəlil Bağdadbəyovu, Nəsrullayevi,
həmin o kursantı silkələyib oyatdım ki, tez olun, deyəsən,
bizə qəsd eləmək istəyirlər. Qalxdıq və
arxamıza baxmadan qaranlığın içərisinə
doğru sürətlə yüyürməyə
başladıq. Üç dəqiqə, beş dəqiqə,
nə qədər qaçdıq, bilmədik. Hər halda onu
gördük ki, daha evdən xeyli aralanmışıq. Biz
qaçmağa başlayanda ev sahibi də, onun yola
saldığı adamlar da addım səslərimizi eşidib
ayaq saxladılar. Ancaq görünür ki, böyük səs-küy
qopacağından ehtiyatlanaraq daha silaha əl atmadılar".
O məşum gecədə Ağasadığın da,
səfər yoldaşlarının da həyatı
Ağdamın bir ayrı kəndində Əbülhəsən
Anaplının, Mir Paşanın ömrünün son nöqtəsi
qoyulduğu kimi bitə bilərdi. O faciə baş versəydi,
mədəniyyət, teatr tariximizin qəmli bir səhifəsi
kimi bu vaqeə də yaddaşlarda həmişəlik
qalacaqdı. Necə ki, nə Anaplı, nə Mir Paşa
unudulub. Ancaq ev sahibinin o beşaçılanının və
digər quldurların yuxu içərisindəki cavan aktyorlara
tuşlanmış tüfənglərinin tətikləri həmin
uzaq gecədə həmin balaca otaqda basılsaydı, sonra onillər
boyu yaşayan, yaratdığı bir-birindən gözəl
surətlərlə könül dünyamızı zənginləşdirən
Ağasadıq Gəraybəyli və onun irsi olmayacaqdı,
millətimiz də teatr tariximizin zirvələrindən
sayılan bu sənətkarın yaratdığı yüzlərlə
rollardan ibarət möhtəşəm surətlər
qalereyasından məhrum qalacaqdı...
...O çağlar idi ki, Azərbaycan səhnəsi
ulduzlarla dolu idi. 1950, 1960, 1970-ci illər Azərbaycan
teatrının xoşbəxt fəslidir. Hansısa
tamaşalarda hansısa rolun ifaçısının adı
yazılırdı və altda da əvəzedicilərin adları,
soyadları. O əvəzedicilərin özlərinin də hər
biri əvəzedilməzlər, qüdrətli aktyorlar idilər.
1970-ci ildə Azərbaycan teatrının həyatında
hamılıqla bayram kimi dəyərləndirilən hadisə
baş verdi. Hüseyn Cavidin "Xəyyam"ı səhnəyə
gəldi və bu əsərə böyük sənətkar
Mehdi Məmmədov quruluş vermişdi - həm rejissor idi, həm
də özü tamaşada baş rolu - Ömər Xəyyamın
surətini yaradırdı. Amma əvəzedicisi də
vardı - Həsənağa Turabov. Hərçənd o
çağlarda artıq Həsənağa Turabov özü də
səhnəmizdəki ən parlaq ulduzlar cərgəsində
idi. Həmin tamaşanın proqramını indi gözdən
keçirəndə heyrət və heyranlıqla
görürsən ki, bir çox başqa surətlərin də
hər birinin həm əsas ifaçıları, həm əvəzediciləri
bir-birindən təkrarsız, misilsiz aktyorlardır, hərəsi
həqiqi mənada bir sənət ulduzu!
Hüseyn Cavid "Xəyyam"ı 1935-ci ildə
yazmışdı və o zaman keçirilən müsabiqədə
əsər ikinci mükafata layiq görülmüşdü.
"Xəyyam"a görə qazandığı bu təltif
onun sovet dönəmində aldığı yeganə
mükafat idi və lap az sonra - 1937-ci ilin 4 iyununda şair həbs
ediləcək, onun adı "xalq düşmənləri"nin
qara siyahısına salınacaq, bütün digər əsərləri
kimi, "Xəyyam"ın da bütün yolları
bağlanacaq, bu sükut nə az, nə çox - düz 19 il
çəkəcək. Sovet siyasi repressiya zərərdidələrinin
bəraətindən sonra Cavidin bir çox başqa əsərləri
nəşr edilsə də, "Xəyyam"dan xəbər
yox idi, bu əsərin nə əlyazması
qalmışdı, nə də hansısa nüsxələri.
"Xəyyam"ın adı 1937-ci ildə Cavid həbs
edilərkən NKVD quzğunlarının evindən
apardığı itkin əsərlərinin sırasında
çəkilirdi. Ancaq "Xəyyam"ın hansısa
nüsxələrinin qala biləcəyinə də ümid
çox idi. Çünki əsər müsabiqədə
mükafata layiq görülmüşdüsə, demək, ora
nüsxələri təqdim olunmuşdu. Teatrda məşqi
gedirmiş. Demək, əsərin nüsxələri teatra da
verilibmiş. Hüseyn Cavid yadigarı Turan xanıma 1960-cı
illərdə xəbər çatır ki, İrəvanda
köhnə azərbaycanlı aktyor Əli Şahsabahlıda
(1896-1973) "Xəyyam"ın vaxtı ilə
üzünü köçürdüyü əlyazması
var. Gedir Ermənistana, Şahsabahlını tapır və tələb
olunan məbləği ödəyərək əlyazmanı
alıb gətirir, az sonra nəşr də etdirir. "Xəyyam"a
Mehdi Məmmədovun üz tutması isə bu əsərə
büsbütün yeni bir ömür qazandırdı.
Tamaşanın bəstəkarı Cahangir Cahangirov idi. Nə qədər
füsunkar, cəlbedici musiqi yazmışdı! Tamaşaya elə
musiqisi qədər cazibədar tərtibat vermiş rəssamsa
elə Mehdi Məmmədovun oğlu Elçin idi. Aktyorlarsa
hamısı bir-birindən sevimli, bir-birindən seçkin.
Mehdi Məmmədov həmin tamaşaya Azərbaycan
aktyorlarının ən müxtəlif nəsillərinin ən
üstünlərini cəlb eləmişdi. Mehdi Məmmədovun
məxsusi rəğbət bəslədiyi Ağasadıq Gəraybəylinin
də, təbii ki, həmin tamaşada rolu vardı. Xaqanı -
Alp Arslanı oynayırdı. Köhnə proqramları
qaldırıram. Ağasadıq müəllimin o rolda əvəzediciləri
kimlər olsa yaxşıdır? Biri SSRİ Xalq artisti
İsmayıl Dağıstanlı, digəri o çağlar
Azərbaycan teatrının ən aparıcı
aktyorlarından olan Kamil Qubuşov. Hansısa tamaşalarda həmin
rolda səhnəyə Ağasadıq Gəraybəyli
çıxırdı, hansısa tamaşada İsmayıl
Dağıstanlı, hansındasa Kamil Qubuşov. Qismət oldu
ki, o dövrdə Xəyyamı həm Mehdi Məmmədovun, həm
Həsən Turabovun ifasında gördüm. Nəsib oldu ki,
Xaqanı həm Ağasadıq Gəraybəylinin, həm Kamil
Qubuşovun, həm İsmayıl Dağıstanlının təqdimində
seyr etdim. Hər birinin özünə xas ifa gözəlliyi
vardı. Elə müstəsna aktyorlardı ki, indi "o
bundan daha yaxşı idi" deməyə dil dönmür.
Ancaq Mehdi Məmmədov bir Xəyyam olaraq, əlbəttə
ki, əlçatmaz idi. Əlbəttə ki, Ağasadıq Gəraybəyli
də Alp Arslan kimi bənzərsiz idi. Baxmayaraq ki, əvəzedicilərinin
hər biri nəhəng idi. Həmin tamaşada Alp Arslan əslində
epizodik bir surətdir, əsərdə çox yer də tutmur.
Ağasadıq Gəraybəylinin dilə gətirəcəyi
bəlli mətn vardı. Kamil Qubuşov nə deyirdisə,
İsmayıl Dağıstanlı nə ifa edirdisə, Gəraybəyli
də söyləyirdi. Nə bir söz o yana, nə bir söz
bu yana. Cavidin yazdığı idi, hansısa başqa
tamaşalarda bəlkə də yol verilə biləcək
improvizələrə burada yer yox idi. İllah da ki, rejissor
Mehdi Məmmədov idisə. Ancaq Ağasadıq Gəraybəyli
onların demədiyini də deyirdi axı. Yox, özü
hansısa söz, hansısa misralar artırmırdı.
Ümumən, Ağasadıq Gəraybəyli həmişə
müəllifin yazdığına sadiq qalan bir aktyor olub. Ancaq
sözsüz oynamaq da var axı. Və Ağasadıq Gəraybəyli
sözsüz oynamağın mahir ustası idi. Oturuşuyla,
duruşuyla, hərəkətləri ilə, sifətinin cizgiləri
ilə, baxışlarıyla. O, tamam ayrı bir mənzərəni
yaratmağa müvəffəq olurdu. Hiss eləyirdin ki, orta əsrlərin
axarındasan, qarşında dayanan da tanıdığın,
libasını dəyişmiş Ağasadıq Gəraybəyli,
tanış aktyor deyil, elə Alp Arslanın - xaqanın
özüdür.
Və "Xəyyam"ın növbəti
tamaşalarından birindən sonra unudulmaz Xudu Məmmədovun
söylədiyi sözlər yadıma düşür.
Tamaşa bitmişdi, camaat dağılışırdı. Bəxtiyar
Vahabzadə, Nurəddin Rzayev də orada idi. Xudu Məmmədov
qayıtdı ki, "biz nə xoşbəxt adamlarıq".
Əlavə də etdi ki, "Bu əsər, bu
quruluş elə gözəldir ki, otuz il keçəcək,
qırx il ötəcək, əlli il sovuşacaq, "Xəyyam"
yenə mütləq səhnəyə qayıdacaq. Ancaq biz ona
görə xoşbəxtik ki, bu tamaşanı bu
aktyorların ifasında görürük. Bu aktyorların
ifasında səhnədə onikinciəsrdir".
Ağasadıq Gəraybəylinin gücü bunda idi.
Yüzlərlə rol ifa edib. Hansı surəti yaradıbsa, həm
o surəti yeni günə gərək olan kimi göstərməyi
bacarıb, həm də elə doğruçu oynayıb ki, o
surət keçmişdən qopub gəlmiş gerçək
qəhrəman kimi qavranılıb. Zamandan zamana keçməyə
qadirlərin, keçmişlə öz gününü
qovuşdurmağı bacaranlarınsa yeri daim gələcək
olur!
24 mart 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet . 2024.- 28 mart,№53.-S.8-9.