El dərdini öz dərdimiz bilərik
Ağrısına şərik olub bölərik.
Qəlbimizi boşaltmasaq, ölərik,
Ürəyimiz ağrımasa, yazmarıq.
Havalanıb kefimizdən yazmadıq,
Haqqı yazdıq, haqq yolunu azmadıq.
Dayaq olduq, gedib quyu qazmadıq,
Ürəyimiz ağrımasa, yazmarıq.
Düşünmədik vəzifəni, şöhrəti,
Yaman olur el-obanın töhməti.
Haqqı yazan şair elin qeyrəti,
Ürəyimiz ağrımasa, yazmarıq.
Göz yaşını misralara ələmə,
Boyun əymə heç vaxt dərdə, ələmə.
Qılınc kimi sıyrıl, sarıl qələmə,
Ürəyimiz ağrımasa, yazmarıq.
Dərddi bizi içimizdən ələyən,
Hansı xofdu əl-qolumu bələyən?
O ağrıdı bizi şair eləyən,
Ürəyimiz ağrımasa, yazmarıq.
lll
İmkansıza xüms, zəkat,
Bir xəstəyə verib həyat,
Bir yetimin könlünü şad
Etmisənsə, qəbul olsun!
Körpü saldırıb çayına,
Yol çəkdirib öz payına,
Çətin gündə el hayına
Yetmisənsə, qəbul olsun!
Ol əməli-saleh sayaq,
Biz də səni Hacı sayaq.
Kimsəsizə olub dayaq
Getmisənsə, qəbul olsun!
lll
Ah... o sənli günlərim
Geri qayıda bir də.
Qəfil yağış başlaya,
Olmaya bir çətir də.
Yağışdan gizlənməyə
Yer də tapa bilməyək.
Yağış islatsın bizi,
Qaçıb evə gəlməyək.
Dabanını qaldırıb
Yenə sarıl boynuma.
İslanmış cücə kimi
Alım səni qoynuma.
Yanımızdan ötənlər
Baxıb "dəli", söyləsin.
O tum satan qarı da
Yenə bizi söyməsin.
Baxmayıb baxışlara
Ürək deyəni edək.
Yenə yağışın altda
Tutub əl-ələ gedək...
...Heyif, gənclik illərim
Geri qayıtmaz bir də.
Yaşar sənli günlərim
Şirin xatirələrdə.
Ədalət SALMAN
525-ci qəzet . 2024.- 7 mart,№44.-S.15.