Ermənistan
qızıl yataqlarının istismarı ilə ekoloji təhlükələrə
yol açır
Qonşu Ermənistanın istismara verdiyi
"Amulsar" (əslində Amuldağ) qızıl
yatağı təbii mineral su yatağı olan İstisu
(Cermuk) şəhərindən 13 kilometr məsafədə
yerləşir. Yatağın istismarı İstisu mineral
bulaqlarına məhvedici zərər vurur. Yataq həm də
Arpaçay və Bazarçay arasındakı ərazidə
yerləşir. Hər iki çay Azərbaycan ərazisindən
keçərək Araz çayına tökülür.
Amuldağ yatağının istismarında çoxdan
qadağan edilmiş, ətraf mühit üçün
yüksək təhlükə törədən zəhərli
maddələrin istifadəsi təbiəti məhv edir,
çay sularının turşulaşmasına, suyun zəhərlənməsinə
səbəb olur. Qızıl hasilatının bu
çayın sularını çirkləndirməsi ilə
yanaşı, əraziyə yaxın yerləşən Ermənistanın
ən böyük şirin su gölü olan Göyçə
(Sevan) gölünün ekosisteminə də mənfi təsir
göstərir. Eyni zamanda, bu sənaye Xəzər dənizi
hövzəsi üçün də ciddi təhlükə
törədir. Naxçıvan ərazisindən axan
Arpaçay, eləcə də, Bazarçay Araz
çayına və oradan da Xəzər dənizinə
tökülür. Beləliklə, bu, təkcə Azərbaycanın
deyil, həm də İranın, eləcə də, digər Xəzəryanı
ölkələrin ekologiyasına ciddi ziyan vurur.
Qeyd edək ki, "Environmental Protection First"
Koalisiyasının Ermənistanın Baş naziri Nikol
Paşinyana müraciətində qeyd olunub ki, Göyçə
gölünün təmizlənməsi üçün beynəlxalq
şirkətlərə pul xərcləməkdənsə, Ermənistanın
Baş naziri öncə gölün ətrafında xarici
ölkələrin investorlarına həvalə etdiyi mədən
sənayesi müəssisələrinin qeyri-şəffaf fəaliyyəti
nəticəsində ətraf mühitə dəyən
ziyanın həcminə nəzər yetirməlidir.
Bildirilib ki, bununla da illərdir həllini tapmayan suyun təmizlənməsi
problemi aradan qalxacaq.
Ekoloji normalar gözlənilmədən Amuldağ
yatağındakı amansız istismarın şirin su
ehtiyatlarını zəhərləməsi ilə
bağlı Ermənistan və Azərbaycan QHT-lərinin və
ekofəalların etiraz bəyanatlarına N.Paşinyandan cavab
gəlib. O hökumət iclasında etiraf edib ki, tullantı
suları təmizlənmədən Göyçə
gölünə axıdılır.
N.Paşinyan uzun illərdir müzakirələr
aparılmasına baxmayaraq, məsələnin birdəfəlik
həllinin tapılmadığını, Ermənistanın
buna imkan və resurslarının olmadığını
etiraf edib. O bildirib ki, suyun təmizlənməsi ilə
bağlı beynəlxalq tərəfdaşlar cəlb edilsə
də, Göyçə gölü bir müddət sonra yenə
çirkləndirilir.
"Sahibkarlığa və Bazar
İqtisadiyyatının İnkişafına Yardım Fondu"nun
rəhbəri, "Environmental Protection First"
Koalisiyasının üzvü Sabit Bağırovun dediyinə
görə, "Amuldağ" ("Amulsar")
qızıl-gümüş yatağı 2006-cı ildə kəşf
edilib. Arpa və Bərgüşad çaylarının
vadisində yerləşir. Yatağın istismarı zamanı
natrium sianiddən istifadə ediləcək. Bu da həmin
çayların, kurort şəhəri olan Cermukun mineral
sularının və hətta Göyçə
gölünün zəhərlənməsi risklərini
yaradacaq. Məhz bu səbəblərdən yatağın
istismarına həm Ermənistan ekoloqları, həm də
yerli sakinlər etiraz edirlər. Həmin etirazlar yeni deyil,
2014-cü ildən başlayaraq ictimai fəallar müxtəlif
aksiyalar keçirirlər. Hətta, 2019-cu ildə İrəvanın
mərkəzində keçirilən aksiyalar nəqliyyatın
dayandırılmasına səbəb olmuşdu. Etiraz
aksiyaları yataqda aparılan hazırlıq işlərinin dayandırılmasına,
xüsusi təhqiqat komissiyasının yaradılmasına gətirib
çıxarıb. Lakin son nəticədə müxtəlif
qüvvələrin təzyiqi ilə işlər davam etdirilib
və bu il ilk qızılın hasilatı gözlənilir.
S.Bağırovun sözlərinə görə,
natrium sianidin yeraltı sulara, Arpa və Bərgüşad
çaylarına sızdırılması Qarabağa - öz
doğma ocaqlarına dönən və dönəcək on
minlərlə vətəndaşımız üçün
çox ciddi təhlükə yarada bilər. Zəhərlənmiş
sulardan nə içməli su kimi, nə də suvarma
üçün istifadə etmək mümkün olacaq. Susuz
isə yaşam yoxdur: "Arazdəyəndə müəssisənin
fəaliyyətinin dayandırılmasına nail olduq, lakin
"Amuldağ"da eyni nəticəni əldə etmək
üçün müəyyən maneələr var. Həmin
yataqda marağı olan bir sıra qüvvələr
"Amuldağ"da işlərin davam etməsi
üçün əllərindən gələni edəcəklər.
Hansı qüvvələrin nəzərdə tutulduğunu
desək, ilk növbədə yatağın işlənməsi
lisenziyasına malik olan şirkəti qeyd edə bilərik. Bu,
"Lydian Armeni"a şirkətidir, hansı ki, "Lydian
Canada Ventures" şirkətinə məxsusdur. Həmin
şirkətin sahibləri arasında isə "Orion Mine
Finance" ABŞ investisiya şirkəti və Kanadanın
"Osisko Gold Royalties" var. Bu şirkətlərin ABŞ və
Kanada hökumətlərinin dəstəyinə arxalanması
gözləniləndir. Bunlardan başqa, Avrasiya İnkişaf
Bankı qeyd edilə bilər. Çünki həmin şirkətlərə
yatağın işlənməsi üçün müvafiq
kreditlər ayırıb. Səhv etmirəmsə, məbləğ
150 milyon dollar həcmindədir. Bu barədə keçən
il müvafiq Anlaşma Memorandumu da imzalanıb. Birbaşa
hasilat işlərini həyata keçirən şirkət də
maraqlı tərəflər qrupuna daxildir. Bu da Avstraliyanın
nəhəng şirkəti olan "Allied Gold"dur. Ermənistan
hökuməti də, təbii ki, həmin yatağın
istismarında maraqlıdır. Çünki nəticədə
ölkə qarşıdakı 20-30 ildə bir neçə
milyard dollar qazanc əldə edəcək. "Amuldağ"
yatağında region əhalisi üçün ciddi təhlükə
törədən istismarın həyata keçirildiyini nəzərə
alsaq, bu sahədə Azərbaycan və Ermənistan
ekoloqlarının əməkdaşlığı çox səmərəli
olar. Zənnimcə, Azərbaycan ekoloqları belə əməkdaşlıqdan
qaçmazlar. Ermənistan ekoloqları da gərək əməkdaşlıqdan
çəkinməsinlər. Əlbəttə, onlar
üçün bu daha çətindir. Burada belə bir sual
yaranır - Ermənistan cəmiyyəti həmin əməkdaşlığı
necə qarşılayacaq? Elə qüvvələr
tapılacaq ki, Ermənistan ekoloqlarını Azərbaycanın
maraqlarına xidmət etməkdə günahlandıracaq. Bu
cür ittihamları Ermənistan mediasından izləmək də
olar. Aradakı münasibətləri
qızışdıranlar yatağın istismarında
maraqlı olan şirkətlər və banklar, siyasətçilərdir.
Lakin hər kəs bilməlidir ki, ekoloji məsələlərin
həlli üçün tək bir ölkənin mübarizəsi
yetərli deyil. Ümumi region üçün, planetimiz
üçün həmrəylik nümayiş etdirilməlidir.
"Environmental Protection First" Koalisiyası olaraq biz Ermənistan
hökumətini və bu yataqda qızıl hasilatına cəlb
edilmiş şirkətləri "Amuldağ" qızıl
yatağındakı işləri dərhal dayandırmağa
çağırır, Ermənistanın və digər xarici
ölkələrin ekologiya və səhiyyə sahəsində
fəaliyyət göstərən vətəndaş cəmiyyəti
təşkilatları, beynəlxalq qurumlarla birgə
"Amuldağ" qızıl yatağında monitorinqə
başlamağa hazır olduğumuzu bəyan edirik. Həmçinin
Ermənistan vətəndaş cəmiyyəti təşkilatlarının
"Amuldağ" qızıl yatağında ətraf
mühitə ziyan vuran dağ-mədən sənayesi işlərinin
dayandırılmasına dair etiraz bəyanatını dəstəkləyirik.
Ermənistandan olan ekolojiyönümlü QHT-lər də səsimizə
səs versələr, necə ki, bunu Arazdəyəndə
etdilər, bu, Cənubi Qafqazda ekoloji sabitliyi qorumağa xeyli
töhfə verə bilər".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
yanında İctimai Şuranın sədri Amin Məmmədov
bildirib ki, ötən ilin iyun ayında Ermənistan ərazisində
yerləşən, tarixi Azərbaycan ərazisi olan Arazdəyəndə
metallurgiya zavodunun tikintisi ilə bağlı məlumat
yayılıb. Zavodun tikintisi ilə əlaqədar Azərbaycanda
vətəndaş cəmiyyəti qurumları, xüsusilə
də ətraf mühitin qorunması və ekologiya sahəsində
fəaliyyət göstərən bir sıra qeyri-hökumət
təşkilatları bəyanat səsləndiriblər: "Həmin
bəyanatda əsas məqsəd Ermənistanı beynəlxalq
səviyyədə qoşulduğu konvensiyalara, xüsusilə
də transsərhəd kontekstdə ətraf mühitin qiymətləndirilməsi,
ESPO konvensiyasının tələblərinə riayət etməyə
çağırmaq idi. Bunun ardınca da Azərbaycanın vətəndaş
cəmiyyətini təmsil edən qeyri-hökumət təşkilatları
adından Ermənistanın Baş naziri Paşinyana
açıq məktub ünvanlandı. Biz, ədalət naminə,
Ermənistandan olan həmkarlarımıza səsimizə səs
verdikləri üçün təşəkkür edirik".
Onun sözlərinə görə, Ermənistan Azərbaycanla
sərhəd ərazilərdə yerləşən
rayonlarında mədən sənayesi fəaliyyətlərini
davam etdirir, lakin həmin fəaliyyətlərin heç
birinin ətraf mühitə təsirlərinin qiymətləndirilməsi
hesabatı ictimaiyyət üçün
açıqlanmayıb: "Amuldağ (Amulsar) qızıl
yatağında aparılan işlərin də ətraf
mühitə təsirləri açıqlanmamış olaraq
qalır. Vəziyyət o həddə çatıb ki, Ermənistanın
daxilində belə həmin qızıl yatağında ətraf
mühitə ziyan vuran dağ-mədən sənayesi işlərinin
dayandırılmmasına dair etiraz bəyanatı səsləndirilib.
Biomüxtəlifliyə və su ehtiyatlarına ciddi təhlükə
törədən həmin yatağın fəaliyyəti region
üçün də mənfi təsirlərə yol
açır".
A.Məmmədov vurğulayıb ki, Ermənistanın
və digər xarici ölkələrin ekologiya və səhiyyə
sahəsində fəaliyyət göstərən vətəndaş
cəmiyyəti təşkilatları, beynəlxalq qurumlarla
birgə Amuldağ qızıl yatağında monitorinqə
başlamağa hazırdırlar.
"Ekoloji Maarifçilik və Monitorinq"
İctimai Birliyinin sədri Qəmzə Yusubova qeyd edib ki, Ermənistanda
fəaliyyət göstərən Amuldağ qızıl
yatağının istismarı zamanı heç bir ekoloji
norma gözlənilmədən və ətraf mühitə təsirinin
qiymətləndirilməsi sənədləri nəzərə
alınmadan istismar davam edir: "Amuldağ yataqlarında
qızıl istehsalı zamanı dağ-mədən sənayesinin
fəaliyyəti nəticəsində ağır metal tərkibli
tullantılar Bərgüşad çayına
axıdılaraq, Həkəri çayı vasitəsilə
Araz çayını çirkləndirir. Bu da ətraf
mühitə, müxtəlifliyə, su hövzələrinə
ciddi ziyan vurur. Bundan başqa, Amuldağ yatağı təbii
mineral su yatağı olan İstisu (Cermuk) şəhərindən
13 kilometr məsafədə yerləşir, yatağın
istismarı İstisu mineral bulaqlarına məhvedici zərər
vurur. Bu da insanların sağlamlığında ciddi problemlər
yaradır. Naxçıvan ərazisindən axan Arpaçay,
eləcə də, Bazarçay Araz çayına və oradan
da Xəzər dənizinə tökülür. Bu da nəinki
Azərbaycan, eləcə də, Xəzəryanı ölkələr
üçün ciddi problemlər yaradır".
O, həmçinin deyib ki, bunlara görə Ermənistanda
100-dən çox vətəndaş cəmiyyəti təşkilatı
və ekofəal Amuldağdakı istismarın biomüxtəlifliyə,
su ehtiyatlarına ciddi təhlükə törətməsi barədə
fikirləri dəstəkləyib.
Sevinc QARAYEVA
525-ci qəzet . 2024.- 7 mart,№44.-S.14.