Məhəmməd
Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı
II yazı
Məhəmməd Əmin Rəsulzadə Azərbaycan
xalqının ədəbi və milli intibahından
danışarkən ədəbiyyatımızın
keçdiyi yolu, yazılı ədəbiyyat
dövrünün dil və forma, sənətkarlıq
xüsusiyyətlərini geniş təhlil edir. "Azərbaycanlılar
ibtida farsicə yazmışlar. Sonra sırf Azərbaycan
şiveyi-məhəlliyeysi ilə yazan Füzuli məşrəb
şairləri ilə qocaman bir dövr davam eyləmişdir.
Bu dövrdə əvvəl Qovsi, Nəbati, sonra Vaqif, Seyid
Əzim, Ləli, Raci kibi şairlər yetişmişdir. Nəhayət,
üçüncü dövr gəlmiş: Qərb həyat və
əfkarının təsirinə girən Azərbaycan ədəbiyyatı
Osmanlı türk ədəbiyyatından mülhəm,
müasir ədəbi türkcə ilə yazmaya
başlamışdı. Bir tərəfdən rus ədəbiyyatı,
digər tərəfdən də Osmanlı ədəbiyyatı
təsirində bulunan bu dövrün şairləri
Əbdülsəlimzadə Məhəmməd Hadi, Sabir,
Hüseyn Cavid, Əhməd Cavad , Səhhət, Müznib və
sairələridir" (Məhəmməd Əmin Rəsulzadə.
Azərbaycan Cümhuriyyəti, Bakı: Elm, 1990, 116 s. s. 14).
Cəlil Məmmədquluzadənin "Ölülər"
əsərini yüksək qiymətləndirən Rəsulzadə
bu əsərin yazılmasını və səhnəyə
qoyulmasını "teatr və ədəbiyyatımızda
bir böyük hadisə baş verdi" - sevinci ilə
yaşamış, Mirzə Fətəlinin əsərlərindən
sonra həmişə diri qalacaq bir dram kimi əsəri təqdir
etmişdir. O, "Ölülər"i "Molla Nəsrəddin"
jurnalının bir nüsxəsi hesab edərək bildirirdi:
"Ölülər" qaranlıq həyatda, cəhalətlə
çürüyən mühitdə bitab düşən xəstə
vücudumuzu bütün faciələri və acıları
ilə açıb aləmə faş ediyor. "Ölülər"
komediyasının qüvvətli bir surətdə
buraxdığı projektor işığı həyatımzdakı
lehməligin bütün pisliklərini açıyor. O qədər
aydınlaşdırıyor ki, ən zəif gozlər belə
onu görməyə bilməzlər" (Rəsulzadə
M.Ə. Əsərləri. III cild. Bakı, Elm, 2012. 596 səh.
s. 398).
Rəsulzadə "İkinci Axundovumuz"
adlandırdığı C.Məmmədquluzadənin bu pyesini
N.V.Qoqolun "Müfəttiş" əsəri ilə
müqayisə edir. "Fəqət "Ölülər",
əlbəttə, "Revizor"un kopiyası degildir.
"Ölülər" istedadlıqla, sənətkarlıqla,
həyati bilərəkdən və sənətdə bir məqsəd
təqib edərəkdən müəlla müsəlman həyatına
köçürülmüş bir "Revizor"dur" (Rəsulzadə
M.Ə. Əsərləri. III cild. Bakı, Elm, 2012. 596 səh.
s. 398).
"Tənqid va təqriz" silsilə ədəbi
yazıları içərisində "Bahadır və
Sona" məqaləsi ədəbi janrlar, dövrün aktual
problemlərini ifadə edən mövzu problematikası,
obrazların, xarakterlərin işlənmə dərəcəsi
və s. məsələlər haqqında mükəmməl qənaətlər
ortaya qoyan tənqid materialıdır. Nəriman Nərimanovun
"Bahadır və Sona" romanının əvvəlinci
hissələrini də maraqla oxuyan Rəsulzadə deyir:
"Bahadır və Sona" məşhur bir ədibimizin qələmilə
yazılmış kiçik bir romandır. Böyük
qardaşımız Nəriman cənablarının bu
kiçik romanının iki əvvəlinci hissəsini daha məktəbdə
ikən oxumuşdum" (Rəsulzadə M.Ə. Əsərləri.
II cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 280).
M.Ə.Rəsulzadə 1913-cü ildə
"İqbal" qəzetinin 29 dekabr sayında Nərimanovun
"Bahadır və Sona" əsəri haqqında
yazdığı məqalədə Nərimanovun
yazıçı şəxsiyyəti barədə müsbət
fikirlər səsləndirir.
Onu da qeyd edək ki, hələ 1906-cı ildə
"İrşad" qəzetində çap etdirdiyi "Qiraətxana"
başlıqlı məqaləsində Nərimanovun
maarifçi kimi fəaliyyətini yüksək qiymətləndirmiş,
1914-cü ildə "İqbal" qəzetində onun
"Nadir şah" əsərinin tamaşaya qoyulması
haqqında da məqalə dərc etdirmişdir.
Hər iki mütəfəkkirin yolları yalnız
1918-ci ildə ayrılmalı olmuşdur.
Rəsulzadə ədəbiyyatın tendensiyalı
missiyasını qəbul etməsə də, onun tərbiyəvi
əhəmiyyətini qeyd edir, bu qədim sənət
növünün insanlarda ali hisslər, yüksək ideallar və
mənəvi-əxlaqi dəyərlər formalaşdırma
gücünə inandığını bildirirdi. Həqiqi ədəbiyyat
yaratma hünərini həm sənətkarlıq qabiliyyətində,
həm də cəsarətdə görən müəllif bu
iki cəhətin Nəriman Nərimanovda olduğunu bəyan
edir: "Allah Nərimana bunların ikisini də
vermişdir" (Rəsulzadə M.Ə. Əsərləri. II
cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 280).
Rəsulzadə tərcümədən bəhs edərkən
tərcüməçi üçün önəmli cəhətləri
qabartdığı kimi bədii mətnlərin mövzu-ideya
və bədii xüsusiyyətlərindən danışarkən
nəzəri məsələləri önə çəkir.
Məsələn, roman ədəbiyyatının cəmiyyət
həyatında əhəmiyyətli rolundan söhbət
açır, bu janrın hətta ictimai, sosial mahiyyətli
olduğunu da diqqətə çatdırırdı.
"Roman ədəbiyyatın öylə blr şəklidir
ki, cəmaətin ruhunu və mənəvi həyatını
mükis olar, onu idarə edə bilər" (Rəsulzadə
M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr,
2001. 528 səh. s. 281).N.Nərimanovu dövrünün aktual
problemlərini görən "iti gözlü müəllif"
adlandıran Rəsulzadə balaca bir romanda çox problem
(qadın azadlığı, İslam dünyasındakı cəhalət,
xurafat, dil, yazı, təhsil və maarifsizlik məsələləri
və s.) qoyulduğunu qeyd edir. Nərimanovun böyük
sosial, mədəni, ictimai məsələləri həm də
ədəbiyyatın vasitəsilə əks etdirməsini
alqışlayır, bütün bunları müzakirəyə,
ədəbiyyat müzakirəsinə
çıxarmasını təqdir edirdi. "Bahadır və
Sona" müsəlmanlığa və türklüyə aid
məsələləri tizkar etdiyi halda əsasən milliyyət
fövqündə, beynəlmiləl və insani bir fikrə
istinadən yazılmışdır. Burada milliyyət və məzhəb
ixtilafının nəticəsində ən səmimi, ən
biqərəz və ən müqəddəs eşq və məhəbbətlərin
necə pamal olduğu və "cəhətsiz", "səbəbsiz"
ayrılıqların Bahadırın təbirincə:
"uçurum dərələr"in nə
yıxıcı və nə xarabedici bir qüvvət
olduğu şairanə bir surətdə göstəriliyor"
(Rəsulzadə M.Ə. Əsərləri. II cild. Bakı,
Şirvannəşr, 2001. 528 səh. s. 281).
Ürəyi millət dərdi ilə yanan azərbaycanlı
Bahadır xalqına fayda vermək üçün mücadilə
etdiyi kimi, gözəl bir bağçada rastlaşıb
sevdiyi erməni qızı Sonanın yolunda da cəfalar
çəkir. Peterburqa təhsil almaq üçün gedən
Bahadır Məngilisdə qalıb yaşayan Sonadan ayrı
düşür. Bahadırın Sonanı sevməsi ilə
bağlı məktubundan sonra konflikt daha da dərinləşir.
Sonanın ata-anası əvvəlcə el qınağından
qorxduğu, din ayrılığı probleminə görə
razılıq verməsə də, sonra atasının
qızı Sonanı da götürüb Peterburqa -
Bahadırın yanına getməsi yeganə
çıxış yolu olur. Orada Bahadırla bərabər,
dərdlərinə bir əlac tapmaları ehtimalı ilə hərəkət
edirlər.
Bahadır isə yazdığı eşq məktubuna
görə narahat olur. Çünki qarşı tərəf
üçün problem yaratdığını anlayır və
tərəddüdlər, anlaşılmaz hisslər
burulğanında nə edəcəyini bilmir, intihar edir. Sona
isə bu faciənin ağırlığına tab gətirmədiyi
üçün dəli olur.
Rəsulzadə romanın yazıldığı
dövrdə aktual olan bu problem - millətlər, dinlər
arasındakı qarşıdurma məsələləri
haqqında qısa da olsa, şərh verir. Böyük bir
eşqin də məhz faciə ilə bitməsi səbəbini
nifaq, qarşıdurma ənənəsi ilə əlaqələndirir.
Romanda finalı faciə ilə bitsə də, ideya, təlqin
ümidverici və nikbindir. Ona görə də Rəsulzadə
bir eşqin və iki gəncin nakamlığını
"müvəqqəti məğlubiyyət" kimi qiymətləndirir.
Doğrudur, bu gənclər qurban rolunda çıxış
edirlər, lakin cəmiyyətin, bəlkə də bəşəriyyətin
problemi gələcəkdə həll olunacaq kimi ifadəsini
tapır. "Görüyorsunuz ki, nəticə olduqca fəcidir.
Bu, insani fikirlərin, böyük niyyətlərin və
ülvi əməllərin zamanımızda əksərən
düçar olduqları nəticədir. Fəqət bu məğlubiyyət
müvəqqətidir. Bahadır da ölərkən bu inamla
ölüyor. İntihardan əvvəl yazıb qoyduğu
kağızda diyor ki: "- Ah, insanları bir-birindən
ayıran uçurum dərələr! Mən sizi məhv etmək
istərkən siz məni məhv etdiniz... Fəqət, əmin
olunuz siz axırda məhv olunacaqsınız..." (Rəsulzadə
M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr,
2001. 528 səh. s. 281).
Mətbuatda və ümumən milli siyasətdə
M.Ə.Rəsulzadə və N.Nərimanovun XX əsrin əvvəllərində
digər mütəfəkkir ziyalılarla bərabər, ortaq
mövzuları var idi. Milli dil, təhsil, maarifsizliyə
qarşı mübarizə, söz, fikir azadlığı,
qadın hüquqsuzluğu, fanatizm və s. bu kimi problemlər
hər birinin qələmi üçün işlək
mövzular idi.
Rəsulzadənin romanda diqqətini çəkən
həm də həmin mövzuların bədii dillə ifadə
olunması ustalığı olub. Nərimanov başqa millətdən
olan gənclərin bizim dilimizi, mədəniyyətimizi
öyrənmək həvəsini Sonanın timsalında
göstərir. Sona maariflənməyə can atır, nəinki
öz dilini mükəmməl bilir, həm də türk və
fars dillərini də öyrənməklə məşğuldur.
Elm, mədəniyyət, ədəbiyyat, fəlsəfə sahəsində
də özünü təkmilləşdirməyi
qarşısına məqsəd qoyub. Müsəlman
qızları haqqında düşündükdə isə əksini
görürük. "Türk dili nədir ki, ona görə
vaxtımı çürüdüm və nəyə
lazımdır" - düşüncəsi ilə başqa
dilləri öyrənən və o dillərdə
danışmaqla özünü "oxumuş" hesab edən
qızlar karikaturalaşmış obrazları ilə istehza hədəfinə
çevrilirlər.
"Bahadır Tiflisə gəldikdə oradakı
yoldaşından Tiflisdəki müsəlman xanımları
haqqında məlumat istiyor. O da "obrazovannı" bir
müsəlman qızının hissiyyatını nəql
edirkən diyor ki: "Mənim sualıma: elmlərdən
hansı xoşunuza gəlir, qız "firəng dili" -
deyib məndən sordu: "Siz firəngcə bilirsinizmi?"
Cavab verdim ki, bəli. Qız başladı söhbəti firəngcə:
bir az söhbətdən sonra zarafatca firəng dilində sordum
ki, ərə getmək istiyormu və nə mənsəb
sahibinə getmək istiyor. Cavab verdi ki, hamıdan artıq əfsərə..."
(Rəsulzadə M.Ə. Əsərləri. II cild. Bakı,
Şirvannəşr, 2001. 528 səh. s. 283).
Lakin Rəsulzadə bizim qadınlar arasında da
oxumuş qızlarımızdan bir çox müəllimlərimiz,
doktorlarımız, hətta inqilabi hərəkatda fəallıq
göstərən cəsur xanımlarımız olduğunu
vurğulayır. Bizim də "müsəlman Sonası"
olanlarımızın get-gedə artdığı diqqətə
çatdırılır. Bu baxımdan Nərimanovun
yanaşmasına tənqidi mövqe sərgiləyən Rəsulzadə
romanda zaman anlayışına qeyri-dəqiq baxış
problemi olduğunu bildirir. "Bahadır və Sona"nın
möhtərəm müəllifi böylə bir suala məruz
qala bilərdi. Əgər romanın cərəyanı təqribən
30 il bundan əvvəlisinə aid olmayaydı".
Cəmiyyətin dəyişən dəyərlərini,
müasirləşmə prosesindəki naqis halları diqqətlə
müşahidə edən hər iki müəllif (Rəsulzadə
və Nərimanov) eyni reaksiya ilə mənzərəni tənqid
edir. Biri ədəbi tənqid, digəri isə roman qələmi
ilə. "Tiflis qızları mütləq "əfsərə"
getmək üçün də oxuyurlarmış, axtarsan,
indi də türkcədən acığı gələn
xanımçıqlar tapılar. Gördüyümüz bu qədər.
Türkcə danışa bilməyən bəyciklərin əlbəttə
bir o qədər türklükdən, müsəlmanlıqdan
və bu milli hissiyyatdan məhrum zavallı, gülünc
bacıları və rəfiqələri də vardır ki, sən
onlara salam verəndə onlar sənə rusca "zdrasti"
deyərlər" (Rəsulzadə M.Ə. Əsərləri.
II cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 283).
Hətta Rəsulzadə "Bahadır və Sona" əsərinin
16 il müddətində yazılıb qurtarması faktına
diqqəti çəkərək müqayisəli təhlillər
aparır. Təbii ki, bu uzun illər ərzində həm siyasətdə,
mədəniyyətdə, həm də cəmiyyət həyatında
çox şeylər dəyişmişdi. Elə N.Nərimanovun
öz şəxsiyyətində və
dünyagörüşündə, eləcə də ədəbiyyatla
bağlı baxışlarında köklü dəyişmələr
baş vermişdi. "Bunun üçün də
"Bahadır və Sona" mühərririn
yazıçılıqda keçirdiyi qələm təcrübəsinin
surəti-təkamülünü göstərən bir əsərdir.
Həqiqətən də, böylədlr. Məsələn, əsərin
əvvəlləri rusca təsiri altında məcruh bir
üslubla inşa olunduğu halda, axırları bu təsirdən
qurtarmış, az-çox İstanbul şivəsinin belə
təsirinə tutulmuş bir ifadə ilə
yazılmışdır" (Rəsulzadə M.Ə. Əsərləri.
II cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 283).
Daha sonra müəllif fikrini əsaslandırmaq
üçün sitatları təqdim edir və s. Nərimanovun
romanının əvvəlindəki dil-üslub və sənətkarlıq
xüsusiyyətləri ilə romanın sonrakı hissəsindəki
aidiyyəti xüsusiyyətlərdə keyfiyyət
baxımından da fərqlər (irəliləyişlər)
olduğunu etiraf edir. Qələm təcrübəsi problemləri
istər-istəməz əsərin əvvəli ilə
sonrası arasında fərqliliklər yaradır.
"Romanın insanı ağladacaq qədər müəssir
olan axırını yazan və o fəciəni təsvir edən
qələm Nərimanın o vaxt əlində olsaydı,
"Bahadır və Sona" romanının ibtidası sonu qədər
parlaq çıxacaqdı"
(Rəsulzadə M.Ə. Əsərləri. II cild.
Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 284).
Rəsulzadə romanın estetik cərəyan olaraq
romantizmə, yoxsa realizmə aid olması məsələsini
konkret olaraq qeyd etməsə də, mətnin ideya-estetik
baxımdan təhlilini realizm prinsipləri əsasında
aparır. Romanda problemlər real və aktual xarakterli olsa da, gənclərin
sevgiyə, ictimai-siyasi problemlərə yanaşmasında
romantizm daha çox izlənilir. "N.Nərimanovun
"Bahadır və Sona" əsərində sonralar romantizmin
əsas xüsusyyətinə çevrilən ictimai mövzu və
problematika, millət, vətən anlayışları və
ona sevgi, ülvi, saf məhəbbət, bəşəri hisslərin
təsviri başlıca yer tutur. Həm Bahadır, həm də
Sona həyata, hadisələrə baxışları,
dünyagörüşləri etibarilə romantizm
estetikasının tələblərinə tamamilə
uyğun gəlir. Romantizm estetikasına məxsus olan milli
mövqe, üsyankarlıq, tərəqqi, şəxsi
azadlıq, vətənpərvərlik kimi keyfiyyətlər
"Bahadır və Sona" qəhrəmanlarının da əsas
xüsusiyyətlərindəndir" (Timuçin Əfəndiyev. Azərbaycan romantizmi və onun təşəkkülü
problem. "525-ci qəzet", 2019, 12 aprel. s. 10-11).
Rəsulzadə "Bahadır və Sona"
romanında dil-üslub baxımından nöqsanlı olan
fraqmentləri də diqqətlə izləyir. "Məsələn,
birinci səhifədə böylə bir cümlə oxuyuruz: "Gün
məğribə yavuqlaşdı. Qalın meşə,
yaşıl ot adam boyunda, gözəl quşların nəğmələri,
iti bulaqların qıjıltısı, havanın təmizliyi
insana ləzzət verib gərdişin comərdlik
anlıyorsan, böylə bir gözəl vaxtda haman meşədə
tək yaşıl otun üstünə sərilmiş gözəl
bir qız görsəniz isə mənzərə daha artıq
surətdə gözəl görünür" (Rəsulzadə
M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr,
2001. 528 səh. s. 284).
Burada "yaşıl ot adam boyunda" əvəzinə
"adam boyunda yaşıl ot" ifadəsinin işlənmə
zərurətini xatırladır. Bir xeyli yerdə düz
işlədilməyən və aidiyyətsiz kəlmələri
də təhlilə cəlb edən müəllif daha sonra
"da-də" ədatı ilə "da-də" şəkilçisinin
orfoqrafik baxımdan
qarışdırıldığını yazır.
Oxucunun aydınca gördüyü başqa bir
qüsuru da Rəsulzadə diqqətə çatdırır.
Belə ki, hər iki baş qəhrəmanın roman mətni
kontekstində, monumentallıqla təsvir və təqdimi yox dərəcəsindədir.
Çox doğru olaraq vurğulayır ki, Nərimanov hər
iki qəhrəmanını millətlərini sevən, onun
üçün çalışan insanlar kimi təqdim edir.
Ancaq bunların elə olduğunu inandırıcı şəkildə
göstərmək üçün lazım idi ki, onların
millətpərəst olduqlarına dəlalət edən
işlərilə də bizi tanış etsin. Təsvir, ifadə
mükəmməlliyi, analitik təhlillər yetərincə
olmadığı üçün qəhrəmanlar
haqqında oxucu və tənqidçi qənaəti də qənaətbəxş
olmur. Romanda əsas təqdir olunan ideya isə Bahadırın
müsəlmanların cəhalət və avamlıq içərisində
yaşaması faktını ucadan, hətta ölümü ilə
bəyan etməsi oldu. Nərimanov əsərinin qəhrəmanı
Bahadırın dililə bildirir ki, müsəlman ölkələrində
hakimiyyət və din bir əldə birləşir:
"Xristian tarixi ruhanilərlə hökumətlər
arasında vaqe olan mübarizələrdən ibarət ikən,
İslam aləmi bu mübarizədən fariğ olmuş: hər
zaman tərəqqi və təğyirə möhtac olan
dünya qanunları din qüvvəti alaraq sabit və
qeyri-mütəhərrlk qalmışlar" (Rəsulzadə
M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr,
2001. 528 səh. s. 284).
Sonda Rəsulzadə ədəbiyyatımızda ana
dilində yazılmış bu romanın məziyyətlərini
qeyd etməyi zəruri hesab edir və bildirir ki, bütün bu
nöqsanları ilə bərabər, "Bahadır və
Sona" qarşıya qoyduğu ideyaları oxucularına
çatdıra bilib.
Rəsulzadə "Nadir şah" əsəri və
dramın səhnələşdirilməsi ilə bağlı
problemləri çözərkən də ədəbiyyatşünas
həssaslığı nümayiş etdirir. Məsələn,
yazırdı ki, "Nadir şah" dramını yeni təşəkkül
edən müsəlman dram artistləri şirkəti
Tağıyevin teatrında keçən cümə gecəsi
tamaşaya qoymuşdu. Dəfələrlə səhnələşdirilən
əsər barəsində söz söyləməyi artıq
hesab edən müəllif təəssüflənirdi ki, dram
şirkəti "Nadir şah"ı müəllif tərəfindən
yenilənmiş variantda deyil, köhnə çapını əldə
əsas tutaraq səhnələşdirmişdir.
"Bildiyimiz bir şey varsa, o da budur ki, drama dəstəsinin
bu cəhətlərinə baxan kimsə, bir azca
özbaşına və qeydsizdir. Məsəla: əsərin
ünvanı "Nadir şah" ikən elannamələrdə
"Nadir şah Əfşar" və proqrammada isə
"Nadir şah Əfşar və yaxud İranın kəbiri-inqilabı"
yazılmışdır" (Rəsulzadə
M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr,
2001. 528 səh. s. 284).
Rəsulzadə "Əfşar"
sözünün sadəcə bir tayfa adı olduğunu
vurğulayaraq bildirir ki, bu sözün əsərin adına əlavə
edilməsi nə əsəri, nə də Nadir şah əzəmətini
artırır. Nadir şahı kiçik bir tayfaya aid etməklə
onu şöhrətləndirmək cəhdini də əbəs
hesab edir, müqayisə üçün xatırladır ki, o
zaman gərək böyük Tolstoyun adı çəkilərkən
Yasnaya Polyananı deməyi də unutmamalıyıq. Halbuki
Yasnaya Polyana Tolstoyu deyil, Tolstoy onu şöhrətləndirmişdir.
"Əsli və Kərəm", "Gülünc
gecələr", "Şah Abbas və Xurşidbanu",
"Siyavuş", "Qaçaq Kərəm",
"Rüstəm və Zöhrab", "Drama
tapıldı", "Gaveyi-ahəngər"dən
aldığım təəssürat", "Arşın
mal alan", "Bir az da tarixdən -"Ənuşirəvani-adil"
pyesi münasibətilə", "Ölülər" və
s. bu kimi məqalələrində isə teatr
tamaşaları, səhnələşdirilmiş ədəbi-bədii
mətnlərin canlı şəkildə ifadə olunması
məsələləri tənqid baxımından
izahını tapır. Rəsulzadə bu yazılarında daha
çox teatr tənqidçisi kimi çıxış edir.
Maraqlıdır ki, XX əsrin əvvəllərinin
bir çox mütəfəkkir ziyalılarında olduğu
kimi Rəsulzadənin də ictimai-siyasi fəaliyyətində
bir ədəbiyyat adamı, ədəbiyyat sevdalısı,
dünyanın böyük siyasətinin modelini, əks-sədasını
bədii mətnlərdə tapan estetika, sənət
vurğunutək obrazını görürük. Həyatının
ən ağır günlərində belə
düşdüyü vəziyyətin, eləcə də mənsub
olduğu xalqın və ölkənin durumunu ədəbiyyat
vasitəsilə çözə bilir. Məsələn,
"Əsrimizin Siyavuşu" belə bir situasiyanın məhsulu
idi. "Bolşevik istilası kədərli-ələmli bir
fakt idi. Bir aya qədər Bakıda saxlandıqdan sonra, bir
arkadaşla bərabər Bakını tərk etmiş,
Gürcüstana keçmək üçün yola
çıxmışdıq. Hadisələr və təsadüflər
bizi bir çox dağları və dərələri gəzdirdikdən
sonra Şamaxı qəzasında Lahıc adında
tanınmış bir qəsəbədə saxlanmaq məcburiyyətində
buraxmışdı. Lahıcda bir vətəndaşın
evində müsafir idik. Bu evdə kiçicik bir kitabxana
vardı. Bir qismi farsca, bir qismi türkcə, bir qismi də
rusca kitab və dərgilərdən ibarət olan bu
kitabxananın, məncə, ən diqqətə layiq cildi
Firdovsinin "Şahnamə"si idi" (Məhəmməd
Əmin Rəsulzadə. "Əsrimizin Siyavuşu",
Çağdaş Azərbaycan ədəbiyyatı,
Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991.
112 səh. s. 14).
"Şahnamə"ni ev sahibindən razılıq
alıb oxumağa başlayan Rəsulzadə qeyd edirdi ki, Şərqin
ən böyük romantik əsəri o zaman çox həssas
olan ruhunu istila etmiş, nəticədə marağını ən
çox cəlb edən və ruhunun ən həssas nöqtələrinə
qədər nüfuz edən bir hekayənin -
"Siyavuş" dastanının təsirilə Şərqin,
İranın və Turanın, eləcə də Qafqazın
sosial-siyasi vəziyyətini keçmiş və gələcək
tarix nöqtələri arasında aydınlada
bilmişdir.
Mövcud durumda əvvəldən də tanış
olduğu dastanı sanki ilk dəfə oxuyurmuş kimi həyəcan
içərisində dostuna nəql edib. "Arkadaş,
tariximizin Siyavuşunu dinlədin. İndi sənə əsrimizin
Səyavuşunu yazacağam - dedim. O, buna, heyrət etmişdi.
Hər saat və hər anda bir basqın təhlükəsinə
məruz qaldığımız belə bir vəziyyətdə
yazı yazılacağına inanmamışdı. Fəqət mən başladım.
Bir neçə səhifə yazmışdım ki,
qaldığımız evi tədbir üçün dəyişmək
lazım gəldi" (Məhəmməd Əmin Rəsulzadə.
"Əsrimizin Siyavuşu", Çağdaş Azərbaycan
ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi.
Bakı: Gənclik, 1991. 112 səh. s. 14).
"Şahnamə" dastanları içərisində
"şah dastan" adlandırdığı
"Siyavuş"un məna-məzmun və ideya xüsusiyyətlərindən
heyrətlənən Rəsulzadə ədəbiyyatda siyasətin
deyil, daha çox siyasətdə ədəbiyyatın
inanılmaz funksiyası olduğunu sübut etdi. Böyük ədəbiyyatda
Şərq də, Qərb də, İran, Turan,
keçmiş, gələcək, hətta günün siyasi mənzərəsinə
ekvivalent işarələr, kodlar belə olurmuş...
Əfrasiyab sülaləsindən olan Turan gözəli
İran şahı ilə qovuşur və nəticədə
dünyaya göz açan "Azəri heykələ"
Siyavuş adı verirlər. Siyavuş bir tərəfi
İran, bir tərəfi Turan olan məmləkət simvolu kimi
siyasi mahiyyət daşımalı olur. Keykavus və
Əfrasiyab müharibələrində bəzən bir, bəzən
digər, bəzən hər iki tərəfdən olan, bəzən
də heç bir tərəfdən olmayan Siyavuş siyasət
dünyasının faciə qəhrəmanına
çevrilir. Sevgi, sülh, gözəllik və müdriklik rəmzi
olan Siyavuşu Rəsulzadə Azərbaycan obrazında təsəvvür
edir. Firdovsinin dediyi "Əfrasiyab Turanın gözəl bir
parçasını damadı Siyavuşa verdi" - fikrindən
çıxış edən Rəsulzadə hesab edirdi ki, Azərbaycan
həqiqətən də əsrimizdəki Turan
torpağının gözəl bir parçasıdır.
"Əski Albaniya, Şirvan, Arrak və Bərdə ölkəsindən
meydana gələn bu yeni Azərbaycan, əsrimizin ən
böyük qüvvətini təşkil edən zəngin mədənlərindən
başqa, təbii gözəllikdən də pay almış
bir yamyaşıl yerdir" (Məhəmməd Əmin Rəsulzadə.
"Əsrimizin Siyavuşu", Çağdaş Azərbaycan
ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi.
Bakı: Gənclik, 1991. 112 səh. s.14).
O, özünün yazdığı "Əsrimizin
Siyavuşu" əsərində üzünü Türk
dünyasına, xüsusən də Türkiyəyə tutub
deyir ki, sənin nicatın qədim Turanın göbəyində
Azərbaycan adında bir gənc, igid, dəliqanlı var,
ondadır. Azərbaycanı "Yeni Turanın
açarı" adlandırır, bildirirdi ki, Türkiyə
Vyana qapılarına qədər sürdürdüyü cəngavərlikdən
bezərək, artıq taleyin döndüyünü
görmüş, yorğun bir halda İstambul divarlarına
dayanmışdı. Əfrasiyaba bilikli sosioloqlar təqbir edərək
özünə demişdilər ki, sənin istiqbalın
artıq Qərbdə deyil, Şərqdədir. Kökündən
uzaqlaşdığın üçün zamanın bağ
qayçısı həddindən fəzlə uzanan
budaqlarını kəsir ki, sən ixtiyarlaşmayıb öz
kökün üzərində yaşarasan. Sənin
istiqbalın nə Rum eli, nə Hicaz, nə də İraqda -
Türküstündadır, fəqət sənin yolunun üzərində
əski Turanın göbəyində Azərbaycan adında bir
gənc, igid, dəliqanlı var. Yeni Turanın açarı
ondadır. Onunla öncə anlaşılmazlıq yaratsan,
öncə onun könlünü qırıb özünə
bir zərər versən, bütün imkanların hədər,
əməllərin xarab, taxtın da bərbad olar.
Türklüyün, ərəbliyin,
farslığın ortaq bir mədəniyyət dünyası
meydana gətirməsini "İslamlıq bu millətlər
arasında müştərək bir mədəniyyət
vücuda gətirmişdir. Necə ki, bir xristian mədəniyyəti
var - buna Avropa mədəniyyəti də deyirlər. Necə
ki, İslam mədəniyyətinə Şərq mədəniyyəti
deyilir" - kimi ifadə edirdi (Məhəmməd Əmin Rəsulzadə.
"Əsrimizin Siyavuşu", Çağdaş Azərbaycan
ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi.
Bakı: Gənclik, 1991. 112 səh. s. 14).
Rəsulzadə əsərinin "Əfsanədən
həqiqətə" adlanan hissəsində bəyan edir ki,
XX əsr demokratik fikirlər dövrüdür. Şəxsi fərq
qoyulan və cəngavər olan, sayılan aristokratiyanın
yerini indi mütəfəkkir və texniki bilik sahibi, sadə
xalq demokratiyası tutdu. Köhnə əsrdə xalqın fövqündə
təsəvvür olunan despot firon qəhrəmanların
taxtında indi xalqın ümumi idrakının
daşıyıcısı fikir sahibi insanlar oturmağa
başladı.
"Azərbaycan Turanda" adlı hissədə isə
Azərbaycan məfkurəsinin Türk millətpərvərliyinin
məfkurəsi ilə izdivac edilməsini Firdovsinin
dastanındakı obrazlı bənzətmə ilə şərh
edir: "Yeni Azərbaycan özünü "ismətli
Südabə"nin (İranın - İ.M.) ehtiraslı
qucağından "iffətli Firəngiz"in (Türkiyənin
- İ.M.) vüsal hərəminə ataraq dadlı-dadlı
yaşadı" (Məhəmməd Əmin Rəsulzadə.
"Əsrimizin Siyavuşu", Çağdaş Azərbaycan
ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi.
Bakı: Gənclik, 1991. 112 səh. s. 14).
Lakin "rusluq" Azərbaycanın xoşbəxt
olmasına imkan vermirdi, hər zaman "yanğın
çıxarmaq"la məşğul idi.
"Əsrimizin Siyavuşu" əsəri sadə
bir struktur üzərində qurulub, müəllif əvvəlcə
tarixin Siyavuşuna göz gəzdirir, "Şahnamə"nin
İran-Turan müharibələrinə, əsrlər uzunu
axıdılan qanlara diqqət çəkir. Müəllifin
fikrincə, Firdovsi Siyavuşu qanı iki millətdən, iki
kökdən olan (iranlı və turanlı) qəhrəmanlar
sırasında verməklə bu iki aləmi məsud görmək,
onları birləşdirmək istəyir".
Şərqin qədim dastanında (Firdovsinin
"Şahnamə"sində) Azərbaycan obrazını fəhmilə
canlandırıb siyasi arenaya (Rəsulzadə -
"Əsrimizin Siyavuşu") gətirə bilən Rəsulzadə
göstərirdi ki, Türkiyə, himayəsinə
aldığı Azərbaycanı tam vaxtında qurtarmağa
girişdi. Bakını Azərbaycan qatillərindən təmizləyərək
özünə verdi. "Əsrimizin Siyavuşu zəmanəmizin
Turan baş komandanı tərəfindən özünə təlmin
olunan bu gözəl və zəngin parçada tikinti və məskən
salma başladı. Əsrimizin "Siyavuş gərd"inin
təməlləri quruldu. Azərbaycan Cümhuriyyəti təşəkkül
etdi" (Bədirxan Əhmədli. Azərbaycan mühacirət
ədəbiyyatı: təşəkkülü, problemləri,
şəxsiyyətləri, Bakı: Elm və təhsil, 2017,
376 s. s. 236)
Rəsulzadə əsərinin "Cümhuriyyətin
bəxtsizliyi" adlanan hissəsində isə min cür hiylə,
fitnə və pis niyyətlərlə Azərbaycanda
qatmaqarışıqlıq yaradan, onu rahat buraxmayan
kabusları "qara başlar" adlandırırdı.
Göstərirdi ki, biri əlində Denikinin qara
örtüyü, digəri isə Leninin qanlı pərdəsi
ilə Azərbaycanın ağ gününü qara, mavi səmasını
qanlı etmək istəyirdi. Nəhayət, bu iki qüvvə
Azərbaycana qarşı düşmənliklərində əl
birliyi edərək dünya millətləri arasında tam bərabərliyə
malik bir hüquqla yaşamaq istəyən bu gözəl məmləkətin
aydın həyatını məhv etdilər, "Əsrimizin
Siyavuşundan xüsusi bir sıxıntı ilə daralan və
ondan intiqam almaq istəyən Gərsivəzlər də az
deyildi. Bu Gərsivəzlər özlərinə türk
kommunist qrupunun bəzəyini vermişdilər" (Məhəmməd
Əmin Rəsulzadə. "Əsrimizin Siyavuşu",
Çağdaş Azərbaycan ədəbiyyatı,
Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991.
112 səh. s.34).
1920-ci ilin qızmar yay günündə, iyul ayında
Lahıcda təhlükələr və sarsıntı
içərisində olsa da, üzünü gələcək
Azərbaycana tutub deyirdi: Ey əsrimizin Siyavuşunun
böyümüş oğlu! Sənin öhdəndə
böyük bir vəzifə var. Səndən əvvəlki nəsil
yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı.
Onu min müşkülatla ucaldaraq dedi ki: - Bir kərə
yüksələn bayraq bir daha enməz! Bunu deyərkən o,
bugünkü öksüzanə mənzərəni hesaba
almamış deyildi. Bu onun tərəfindən təsəvvür
olunmuşdu. O, sənin o zaman bu bayrağı gənc
çiyinlərinə alıb məsumanə bir tərzdə
küçə-küçə dolaşaraq: "İrəli,
irəli Azərbaycan əsgəri" - deyə əsgər
kimi addım atmağını görmüşdü və bu
sözü cəsarətlə söyləmişdi" (Məhəmməd
Əmin Rəsulzadə. "Əsrimizin Siyavuşu",
Çağdaş Azərbaycan ədəbiyyatı,
Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991.
112 səh. s. 34).
İradə MUSAYEVA
525-ci qəzet . 2024.- 7 mart,№44.-S.12-13.