Çaparaq notlar
DAHİ
Rejissor Yoji Qrotovskinin haqqında düşüncələr
Əgər yaşasaydı... Yoji Qrotovski
dünyasını erkən dəyişən dahilərdəndir.
Kimdir Yoji?
O, dünya teatr arenasına öz imzasını
yazmış əvəzsiz sənətkar, təkrarsız
rejissor olmuşdur.
Qrotovski keçən əsrin 33-cü ilində
Polşanın kiçik əyalət şəhərlərindən
birində - Jeşuvedə anadan olub. O, ilk təhsilini liseydə
almış, sonra Krakov şəhərində Ali dövlət
aktyorluq məktəbində oxumuşdur. Gənc Yojinin gələcək
fəaliyyətində Moskvada QİTS-də Yuri Zavadekinin
kursunda 1955-1956-cı illərdə təhsil alması müstəsna
əhəmiyyət kəsb etmişdir. Qrotovski öyrəndikləri
ilə qane olan sənətkarlardan deyildi. O, dərk edirdi ki,
insan, ələlxüsus sənət adamı bütün
ömrü boyu öyrənməlidir. Əgər Moskvada
oxuduğu illərdə gənc rejissor Stanislavski, Vaxtanqov,
Meyirxold rejissorluq məktəbinin spesifik sirlərinə bələd
olursa, bir il sonra (1957) Parisə gedərək orada Jan Vilor
teatrının (TNP - Milli xalq teatrı) orijinal xüsusiyyətləri
ilə tanış olur.
Lakin öyrəndikləri ilə qane olmaq Qrotovskiyə
xas cəhət deyildi. Narahat Yoji sonrakı illərdə
ovaxtkı Çexoslovakiyanın paytaxtı Praqada
"D-34" teatrında E.Burianın yanında təcrübə
keçir. O, alman və fransız teatrının klassik ənənələri
ilə ciddi maraqlanır, Amerika balet ustalarının fəaliyyəti
ilə tanış olur, Çin operasının və yapon səhnəsinin
("No" teatrının), habelə hind yoqlarının
"sirlərinə" baş vurmağa
çalışır, bir sözlə, elə hey öyrənir,
öyrənirdi. Doğrudur, o, daim axtarışlarla məşğuldu.
Amma deyilənlərdən heç də belə nəticə
çıxarmaq olmaz ki, rejissor ömrü boyu eksperimentləri
əxz etməklə təsəlli tapıb. Yox, Yoji öyrənməklə
yanaşı, öyrəndiklərini tətbiq etməyə də
çalışır, habelə öz tərəfdar və
şagirdlərini öyrətməkdən yorulmurdu.
Qrotovskinin yaratdığı "13 sıralı
Teatr" sonralar "Teatr-laboratoriya" kimi məşhurlaşdı.
Doğrudur, Yoji müstəqil rejissor kimi ilk
addımını öz məşhur ingilis müasiri -
rejissor Piter Bruk kimi çox da erkən (20 yaşında)
almamışdı; lakin 1959-cu ildə Polşanın 60 min əhalisi
olan Opol şəhərində rejissorluq fəaliyyətinə
başlayan Qrotovskinin adı tez bir zamanda məşhurlaşdı.
Artıq 60-cı illərdə həmin əyalət şəhəri
bütün dünyada bu istedadlı rejissora görə
tanınırdı. Opol qısa bir vaxtda sənət olimpinə
çevrilmişdi! Onun ilk işi Çexovun "Vanya
dayı" pyesi idi. Lakin cəmi 1-2 dəfə göstərilən
həmin əsərin səhnə taleyi uğursuz oldu.
1960-cı ildə (cəmi bir mövsümdə!)
tamaşaya qoyulan "Orfey" (J.Kotko), "Kain" (C.Bayron),
"Misteriya-buff" (V.Mayakovski), "Sakutanla" (Kalidas)
tamaşaları bir-birinin ardınca Yojiyə misilsiz
şöhrət gətirdi. İndi dünya teatr sənəti
üzünü əyalət şəhəri Opola
tutmuşdu. Teatrın truppası əsasən gənclərdən
ibarət idi. Beş il ərzində dünya teatr mühitinin
diqqətində olan "laboratoriya" 1965-ci ildə Vroslava
köçdü.
Qrotovski öz teatrının hansısa doktrina və
ya "sistemə" tabe olduğunu inkar edirdi. Onun
üçün axtarışlar, eksperimentlər vardı. O
deyirdi ki, teatra münasibəti və teatr haqqında
düşüncələri mütəmadi olaraq,
günü-gündən dəyişir, inkişaf edir. Lakin
buna baxmayaraq, teatrşünaslar göstərirlər ki,
böyük rejissorun əslində "dəmir sistemi"
mövcud idi. Qrotovski teatrı "bayramsayağı
konfrontasiya" hesab edirdi; o, hesab edirdi ki, hər bir adam bu
cür "intim konfrontasiyaya" ehtiyac duya bilər.
Qrotovski özünün seçib teatra cəlb etdiyi
bütün aktyorları "qardaş" hesab edir,
onların təkcə səhnə həyatını deyil, habelə
bir növ şəxsi həyatlarını da qayğı və...
tələbkarlıqla əhatə etməyə
çalışırdı. Və bunun nəticəsində
"mədəni mühitdə" gözə çarpmayan,
qapalı həyat keçirən aktyorların həyatı,
şəxsiyyəti də istər-istəməz cəmiyyətdə
və mətbuatda marağa səbəb olur, müxtəlif
söz-söhbətlərin yaranmasına rəvac verirdi; təbii
ki, bu cür "antireklam" özü də reklama səbəb
olurdu.
Qrotovski təkcə aktyorlara yox, elə
tamaşaçılara da tələbkarlıqla
yanaşırdı. O, heç də hər bir
tamaşaçını zala buraxmırdı:
"teatr-laboratoriya"nın öz tamaşaçıları
vardı. Məsələn, təkcə belə bir fakta diqqət
yetirmək lazımdır ki, "Akropolis" tamaşasına
cəmi 50 tamaşaçı baxa bilmişdi. Digər
tamaşalar da 40, 30, 20... tamaşaçı
buraxılmışdı... Əlbəttə, sonrakı illərdə
"Teatr-laboratoriya"ya can atan tamaşaçıların
sayı artır və buna müvafiq olaraq "icazələrin"
miqyası da genişlənirdi. Əvvəlki onillikdə -
60-70-ci illərdə teatrda 8 aktyor, 1 direktor və 1 rejissor - cəmi
10 adam vardısa, 70-ci illərdən sonra burada onlarla adam
vardı.
60-cı illərin sonunda Qrotovski öz
"laboratoriyasını" daha da təkmilləşdirərək
ona "institut" adı verdi. O, belə hesab edirdi ki, bu
"institut"da aktyor öz şəxsiyyətini ifadə
etməli, öz psixikasını tamamilə açıb
göstərməli, fərdi ilə ümuminin sintezini təqdim
etməyi bacarmalıdır.
Şübhəsiz ki, Qrotovskinin ən məşhur
tamaşalarından biri "Akropolis" idi. Bu tamaşada
ortaya - tamaşaçı ilə aktyor arasına böyük
yeşik qoyulmuşdu. Əsərin bütün qəhrəmanları
eyni geyimdə; yırtıq-deşik kostyumlarda idi.
Aktyorların yaratdığı absurd "sivilizasiya",
onların son anda qovuşduğu "səadət" - qaz
kamerası özlərinin bütün fərdiliklərini,
şəxsi keyfiyyətlərini itirmiş əsirlər
haqqında aydın təsəvvür yaradırdı.
Ümumiyyətlə, Qrotovskinin tamaşalarında bərbəzəkli
dekorasiyalara təsadüf olunmurdu; o, öz teatrını
"kasıb teatr" adlandırırdı. Qrotovski
teatrının bütün "bəzəyi" onun
aktyorları idi. Bu teatrda adi bir predmet bir neçə
funksiyanı icra edirdi, məsələn, adi bir çəkic
mismar çalmaq üçün də yaraya bilərdi, kilsə
zəngini çalmağa da.
70-ci illərə qədər gərgin
axtarışlar aparan, metafora və miflərə
üstünlük verən, aktyor şəxsiyyətinin
imkanlarının üzə çıxmasına
çalışan teatr artıq 70-ci illərdə aktyor sənəti
institutuna çevrildi. Bu dövrdə teatr təkcə sənət
ocağı yox, həm də ünsiyyət vasitəsinə
çevrilməyə başladı. İndi bir-birinə
tamamilə yad olan adamlar teatrda doğmalaşırdı; indi
teatr psixoloji bir laboratoriyaya çevrilmişdi.
Açığını demək lazımdır ki, son illərdə
Qrotovski teatrı daha çox insanın təkmilləşməsi
prosesini izləməklə məşğul olmağa başlamışdı
və həmin dövrdə yaradıcılıq həyatının
tədqiqi ön plana keçmişdi. Qrotovskini ən çox
narahat edən sivilizasiya ilə həyat arasındakı
uçurum idi və böyük sənətkar bu fenomenlərin
"birləşdirilməsi" üçün əlindən
gələni əsirgəmirdi. Amma onun "uçurumlar"
üzərində qurmaq istədiyi
"körpünün" inşası yarımçıq
qaldı. Qrotovski 1999-cu ildə vəfat etdi. O, öz
epoxasının ən nüfuzlu adamlarından biri idi:
professor, Polşanın dövlət mükafatı
laureatı, üç dəfə fəxri doktor, Fransanın
mədəniyyət və incəsənət üzrə fəxri
xaç kavaleri, habelə Dahi mükafatı laureatı idi.
Sonuncu mükafat Amerikada məxsusi olaraq iyirminci yüzilin Dahi
Qrotovski rejissoru üçün təsis edilmişdi.
31 iyul 2003-cü il
BÖYÜK YAPON REJİSSORU AKİRA KUROSAVA
Dünya sinemasının əfsanəsi
Akira Kurosava 1910-cu il martın 23-də
doğulmuşdu. Onun üç bacısı, üç
qardaşı olub, Akira ailənin
sonbeşiyi idi. Sonralar Kurosava nəsil bütün
dünyada bu "sonbeşiklə" tanındı. O, 1927-ci
ildə orta məktəbi bitirdikdən sonra rəssam olmaq qərarına
gəlir. Hətta, rəngkarlıq məktəbinə də
daxil olur. Çoxları Akiranı gələcəyin
böyük rəssamı kimi görürdü. Amma o, tezliklə
məktəbi tərk etdi. Çünki şəkil çəkməklə
dolanmaq çətindi. İndi onu daha çox teatr, kino cəlb
edirdi. Əvvəlcə tamaşalara rəylər yazan Kurosava
sonralar kinostudiyada işə düzəlir. Əvvəlcə
o, bir sıra filmlərdə rejissor assistenti kimi
çalışmağa başlayır. Rejissor kimi ilk müstəqil
filmi "Dzüdo haqqında əfsanə" 1943-cü ildə
çəkilib. A.Kurosava özü bu barədə deyirdi:
"Əfsanə" mənim ilk müstəqil yaradıcılıq
işim olsa da, mən onu debut hesab etmirəm. O vaxt mən
özümü artıq yetkin adam sayırdım: hətta,
"Diqqət, motor! - deyərkən belə, səsim bir az
ayrı cür səsləndi".
Akira Kurosava... Dünya kinosunun klassiklərindən
biri. Yapon kinematoqrafiyasının zirvəsi. Qəribə və
sadə adam. Həyat və yaradıcılığı
adiliklə qeyri-adiliyin vəhdətindən yoğrulmuş
dahi.
1944-cü ildə böyük sənətkarın
"Ən zəriflər" əsəri ekranlara
çıxdı. Bu əsərlə
bağlı Kurosava deyirdi: "Mən hərbi zavodda
çalışan qadınların kollektiv portretini yaratmaq istəmişəm.
Çalışırdım ki, əsər sənədli filmə
bənzəsin".
Sonrakı illərdə A.Kurosava onlarca film çəkdi.
"Gəncliyimə təəssüflənmirəm",
"Möcüzəli bazar günü", "Gizli
duel", "Evsiz it", "Dava-dalaş",
"Rasyomon", "İdiot", "Yaşamaq",
"Yeddi samuray", "Bir ömrün tarixçəsi",
"Həyatın dibində", "Cənnət və cəhənnəm",
"Qırmızı saqqal", "Dersu Uzaala" və s.
Bunlar Kurosavanın özünün çəkdiyi filmlərdir.
Lakin onun bir sıra ssenariləri əsasında başqa
rejissorların çəkdiyi filmlər də var.
"At", "Gənclik nəğməsi",
"Aviasiyanın zəfəri", "Portret",
"Suqala Sansiro", "Qisasçılar haqqında
saqa" və s. bu cür
ssenarilərdəndir.
A.Kurosava müsahibələrinin birində deyirdi:
"Mən istəyirəm ki, çəkdiyim filmlərə
baxan tamaşaçıda düşünmək tələbatı
yaransın. Mən ona birbaşa dərs keçməkdənsə,
fikirləri sətiraltı çatdırmağa
üstünlük vermişəm. Mən öz fikirlərimi
üzə birbaşa deməyi xoşlamıram".
Kurosava insanı ürəkdən sevirdi. Onun
bütün yaradıcılığı insanların səadət axtarışlarına
və bu yolda qarşıya çıxan çətinliklərə
həsr olunub. Böyük rejissor bir çox dünya klassiklərinin
əsərlərini ekranlaşdırmışdır. Lakin
bütün bunlara baxmayaraq, onun filmlərinin əsas "zəmini"
- cövhəri Yaponiya idi.
Akira Kurosava ömrünün son illərində verdiyi
müsahibələrdən
birində demişdi: "Kino mənə çoxlu sevinc
və eləcə də əzab gətirib. Mən təzədən
doğulsaydım, yenə kinonu seçərdim".
21 sentyabr 2002-ci il
Çoxərlilər və çoxarvadlılar...
Hərəsi bir cür dəyərləndirilir...
Avropa və rus mətbuatında tez-tez müsəlmanların
çoxarvadlığına aid təhqirli yazılar gedir.
Rəhmətlik M.F.Axundovun məşhur qəhrəmanı
Hətəmxan ağa demiş, avropalı qadınlar əksərən
çoxərli, şərqli kişilərsə
çoxarvadlıdır.
Oxuculardan bəri başdan üzr istəyib el
ə bu "ikiərlilər" haqda bəzi
faktları yada salmaq istəyirəm. Məsələn,
dahi yazıçı İvan Turgenev məşhur fransız
aktrisası Polina Viardonun dəli-divanəsi idi. Qadının
rəsmi əri sənətşünas Lui Viardo idi. Onlar
özlərini üçlükdə xoşbəxt hesab edirdilər.
Yazar Avdotya Panayeva öz mənzilində eyni vaxtda iki
kişi ilə yaşayırdı. Yazıçı İvan
Panayev bu xanımın kəbinli əri idi. Məşhur
şair Nikolay Nekrasovla isə Avdotya vətəndaş
nikahında idi.
Lilya Brikin qanuni əri Osip Brik idi. Bu xanımın
"sevgilisi" isə məşhur "proletar şair"
Vladimir Mayakovski idi. Yeri gəlmişkən, Mayakovski həm də
Elza Triole ilə vətəndaş nikahında idi.
Məşhur rus şairi Aleksandr Blokun arvadı Lyubov
Mendeleyeva-Blok, məşhur kimyaçı Dmitri İvanoviç
Mendeleyevin qızı idi. Bu xanım eyni vaxtda görkəmli
rus yazıçısı və alimi Andrey Belıyın
arvadı idi. Bu ailənin hər üç
"üzvü" bir müddət eyni mənzildə
yaşayıb.
Rus şairəsi Zinaida Gippius məşhur rus şairi
D.S Merejovskiyə ərə getmişdi. Amma eyni zamanda tənqidçi
Akim Volınski və ədəbiyyatçı Dmitri Filisofovla
yaşayırdı. Sergey Yeseninin qadınlarından biri -
Zinaida Rayx həm də eyni vaxtda məşhur rejissor Meyerxoldun
arvadı idi.
Bunları yazmamaq da olardı.
Amma böyük yazıçı Maksim Qorki demiş,
"faktlar yaman şeydir"...
Yeri gəlmişkən elə Qorkinin özü də
"aş azın duzu" olmayıb. Onun "könül dəftərində" Olqa Kaminskaya, Mariya Zaxarova, Olqa
Yulyevna, Yekaterina Voljina, Mariya Andreyeva, Mariya Budberq... və bir
çox digər xanımların adı
yazılmışdı...
Firuz MUSTAFA
525-ci qəzet . 2024.- 7 mart,¹44.-S.11.