Sadəliyinizə və təvazökarlığınıza
heyranlıqla
GÖRKƏMLİ ALİM, PROFESSOR HAMLET İSAXANLIYA
MƏKTUB
Hörmətli Hamlet müəllim,
Qədim Gəncənin möhtəşəm Dövlət
Filarmoniyasında dahi Nizaminin, Məhsəti Gəncəvinin,
Xalq şairi Nigar Rəfibəylinin, akademik Həmid
Araslının, professor Mir Cəlal Paşayevin, Xalq
yazıçısı Anarın ana vətənində
yaradıcılığınıza və ad
gününüzə həsr olunmuş qeyri-adi ədəbi-bədii
gecədə iştirak etmək qürur doğururdu.
Gəncə sanki bayram içində idi. Gəncəlilər
yaxınlaşıb Bakıdan gələn qonaqları: Xalq
yazıçısı Anarı, professorlar Asif Rüstəmlini,
Şahin Fazil Fərzəlibəylini, Xalq artistləri Alim
Qasımovu, Azər Zeynalovu, İlqar Muradovu, bəstəkar Sərdar
Fərəcovu, tanınmış rejissor Ramiz Həsənoğlu
və başqalarını sevinclə salamlayır, kef-əhval
tuturdular.
Xan bağında Xalq şairi Nigar Rəfibəylinin
abidəsini ziyarət edəndə də, "Dünya məktəbi"nin
dünya standartlarına cavab verən filialına baş
çəkəndə də belə oldu. Qürur duyuram ki, 12
cilddən ibarət "Seçilmiş əsərlərim"
bu nümunəvi təhsil ocağının kitabxanasında
yer aldı.
Möhtəşəm ədəbi-bədii gecədə
çıxış etmək, qədirşünaslıq əlaməti
olaraq haqqınızda söz demək mənə də qismət
oldu.
Yaradıcı adamlar yaxşı bilir, elə insan var
ki, haqqında danışanda ona layiq sözləri diqqətlə
seçir, ifrata varmaqdan, dinləyicilərin
qınağına tuş gəlməkdən çəkinirsən.
Elə şəxsiyyətlər də var, haqqında ən
mötəbər sözləri deməkdən belə çəkinmirsən.
Bilirsən ki, verilən qiymət onlara ana südü kimi halaldır.
Siz belələrindənsiniz.
Deyirlər ki, kamil insan olmaq üçün şəriət,
təriqət, mərifət, həqiqət adlanan dörd mərhələni
keçmək vacibdir.
Sizin hansı mərhələni fəth etdiyinizi bilmirəm.
Məlum olan odur ki, siz zəngin ensiklopedik bilik sahibisiniz. Elm fədaisisiniz,
fenomensiniz.
Hamlet müəllim, Sizinlə təmasda olanda sadəliyinizə,
təvazökarlığınıza heyran olmamaq olmur. Qənaətim
budur: Sadəlik də səhhət kimi bir ilahi töhfədir.
Sizin bəsitlikdən uzaq, dahiyanə sadəliyinizi, təvazökarlığınızı
yalnız həmkarınız, professor Hafiz Paşayevlə
müqayisə etmək olar. Hər ikinizlə söhbət etmək
yaxşı bir kitab oxumağa bərabərdir. Lakin sizi fərqləndirən
bir cəhət də var. Siz şairsiniz. Sizin görkəmli
riyaziyyatçı alim kimi yetişməyinizə
şairliyiniz təkan verib. Sizdən eşitmişəm:
riyaziyyat özü də poeziya kimi ilhamla bağlıdır.
Albert Eynşteyn təsadüfi yazmamışdır:
"Poeziya ruhu daşımadan əsl riyaziyyatçı olmaq
mümkün deyil".
Hamlet müəllim, Xalq yazıçısı Anardan
eşitmişəm: Vaxt və baxt insanın taleyində və
inkişafında böyük rol oynayır. Sizin təhsil
aldığınız vaxtlarda təhsilə və elmə
böyük istək, mən deyərdim hərislik vardı.
Orta məktəbi qızıl medalla, elm və təhsil məbədi
ADU-nu fərqlənmə diplomu ilə bitiribsiniz. Fitri
istedadınız sayəsində riyaziyyat elmi üzrə Azərbaycan
hüdudlarını yararaq beynəlxalq aləmə
çıxıbsınız. Xarici ölkə elm
ocaqlarında tədqiqat aparıbsınız, dərs
deyibsiniz. O ki qaldı Anar müəllimin dediyi baxt məsələsinə,
bu sahədə də tale üzünüzə gülüb.
Bundan əlavə, xarici ölkələrdə elm
ocaqlarında tədqiqat aparmaq imkanı yaranmışdı.
Bəxtiniz gətirib ki, Nailə xanım kimi nəcib
bir xanımla ulduzunuz barışıb.
Gəncə. "Xan bağı"nda Xalq şairi
Nigar Rəfibəylinin abidəsi önündə Soldan: Hamlet
İsaxanlı, Anar, Qəzənfər Paşayev, Şahin
Fazil, Ramiz Həsənoğlu
1 mart 2024-cü il
Ömür-gün yoldaşınız Nailə
xanımla möhtəşəm bir iş
görübsünüz. Nəhəng "Xəzər
Universiteti"ni, "Dünya məktəbi"ni
yaradıbsınız. Nailə xanım sizə qol-qanad verib,
arxa olub. Türklərin kəlamı var: "Qadın
kişini vəzir də edər, rəzil də".
Nailə xanım layiq olduğunuz mərtəbəyə
yüksəlməkdə sizə dayaq olub. İndi Siz Anar
müəllimin haqlı olaraq dediyi kimi, Firidun bəy
Köçərli, Rəşid bəy Əfəndiyev kimi
şəxsiyyətlərin gördüyü misilsiz
maarifçilik işini uğurla davam etdirmək gücündəsiniz.
Hamlet müəllim, Nailə xanımla birgə
yazıçı və şairlərə, elm adamlarına,
ziyalılara həsr etdiyiniz ədəbi-bədii gecələr
toy-bayrama çevrilirdi. Burada Nailə xanımın mükəmməl
musiqi təhsili, bəstəkarlığı böyük rol
oynayırdı. Təkcə Sizin sözlərinizə Nailə
xanım 8 mahnı bəstələyib. Onun
mahnılarını görkəmli müğənnilərimiz
oxuyub və oxuyurlar. Yaxşı yadımdadır, 2009-cu il
dekabrın 28-də mənə həsr olunmuş ədəbi-bədii
gecə 3 saat davam etdi. Sanki bir an kimi keçdi. Müğənnilər
Nuriyə Hüseynova, Zakir Əliyev, Almaz Orucova,
Aşıqlardan Gülarə və Fəzail Miskinli,
kamança çalan Munis iştirak etdilər. Təəssüf
ki, o gecənin təşkilatçıları Nailə
xanım və Bəhlul Abdulla, eləcə də
qardaşım qızı Qənirə Paşayeva, Nahid
Hacızadə, Əlibala Hacızadə, İlyas Tapdıq,
Hacı Mirəziz, Həsən Mirzəyev, Tale Həmid, Maarif
Teymur, Vaqif Arzumanlı, yeznəm Əsgər Kərimov və
başqaları sıralarımızı vaxtsız tərk
etdilər.
Lakin görülən iş unudulmur. Nə
yaxşı ki, ənənəni davam etdirirsiniz. Nailə
xanımla birgə yaratdığınız "Elm və Sənət
Məclisi" bir aləmdir. Nailə xanım bütün təşkilatçılıq
işini boynuna götürürdü. Siz isə yalnız məclisi
aparırdınız. Nə gizlədim, məclisdə
çıxışlarınızdan, televiziyada "Ustad dərsləri"nizdən
pay götürüb zənginləşməmək
mümkün deyildi.
Onu da deyim ki, Nailə xanım elə əhval-ruhiyyə
yaratmışdı ki, hamı "Elm və Sənət Məclisi"nin
yığıncaqlarına həvəslə gəlirdi.
Nailə xanım, sanki, əlində fanar
uğurlarınıza işıq tuturdu. Bu, mənim yadıma
ilk avtomobil düzəldən amerikalı mühəndisin
sözlərini salır. O, maşın düzəldəndə
yoldaşı həmişə yanında olub. Gecələr
o, fanar tutar, əri işləyərmiş.
Bir gün qonşular görür ki, gecələr
yuxularına haram qatan qonşularının qarajından
özü yeriyən araba çıxdı. Sonralar onun necə
şöhrətləndiyini təsəvvür etmək çətin
deyil. Bir gün ondan müsahibə götürəndə
soruşurlar: "Yenidən dünyaya gəlsəniz, hansı
sənəti seçərdiniz". Cavab
düşündürücü olur: "Fərq etməz, təki
yoldaşım yanımda olsun!"
İnanıram ki, Nailə xanımlı günlərdə
belə bir sual Sizə yönəldilsəydi, Siz də belə
bir cavab verərdiniz. Çünki nəcib ziyalı, örnək
şəxsiyyətsiniz. Nə edəsən ki, həyatın
dözülməz imtahanına dözmək Sizə də qismət
oldu.
Hamlet müəllim, vəfalı kişilər sevimli
həyat yoldaşlarını vaxtsız itirəndə onların
adını əbədiləşdirmək üçün
kimi Tac Mahal ucaldır, kimi məscid tikdirir, kimi Fəxri
xiyabanda halalca yeri olduğu halda, adi qəbiristanlıqda həyat
yoldaşının yanında dəfn olunmağı vəsiyyət
edir (Məsələn, həmkarınız akademik Bəhram
Əsgərov), kimi adına bulaq düzəltdirir, kimi su
kanalı çəkdirir, yollar saldırır, dəli-dolu
axan çayların üstündən körpülər
saldırır.
Siz burada da fərqlənibsiniz. Nailə xanımı
vaxtsız itirəndən sonra evə başqa qadın gətirib
onun ruhunu incitmədiniz, övladlarınızın qəlbinə
xal salmadınız. Təkcə bununla kifayətlənmədiniz.
Nailə xanımın adını əbədiləşdirmək
üçün "Dünya məktəbi"ndə
adına muzey düzəltdirdiniz. Nailə xanımın
adını daşıyan "Dünya məktəbi"ndə
Xalq şairi Nigar Rəfibəylinin 110 illiyinə həsr
olunmuş qeyri-adi ədəbi-bədii tədbirdən sonra həyat
yoldaşım və professor Telman Vəlixanlı ilə muzeyə
getdik. Təəssüratımız çox böyük oldu.
Xatirə dəftərində fikirlərimizi
bölüşdük. Bütöv bir divarı xalqın həyatında
müstəsna xidmətlər göstərmiş,
dünyasını dəyişmiş azərbaycanlı
qadınların portretləri bəzəyirdi.
Nailə xanımın arzusunu yerinə yetirərək
"Tarixdə iz salan, Azərbaycan mədəniyyətinə
töhfə verən qadınlar" silsiləsindən onlara həsr
olunmuş portret kitablar hazırlayıb çap etdirirsiniz.
Gələcəyin gözü ilə baxanda aydınca
görmək olur ki, Azərbaycan mədəniyyətinə zəngin
bir səhifəni ortaya qoyubsunuz.
O da diqqətəşayandır ki, Nailə
xanımın əmanət qoyub getdiyi "Xəzər
Universiteti" və "Dünya məktəbi"ni
inkişaf etdirirsiniz. "Xəzər Universiteti" deyəndə
nədənsə göz önünə Ulu öndərin
dostu, iraqlı soydaşlarımızın dünya
şöhrətli alimi və pedaqoqu İhsan Doğramacının
"Bilkənd Universiteti" gəlir. Bu iki özəl
universiteti fərqləndirən bir cəhəti xüsusi
vurğulamaq istəyirəm. Bu universitetlərdə təhsilə
xaricdən mütəxəssislər dəvət etməyə,
təhsili yeniləməyə vəsait əsirgəmirlər.
Odur ki, ad-san, uğur qazanıblar.
Hamlet müəllim, Oğuznamələrin birində
ibrətamiz bir hadisə ilə rastlaşmışam. "Uzun
həsrətdən sonra padşahın oğlu olur. Toy qurulur.
Qorqud Ata uşağın adını Duman qoyur. Bir ay gecə
və gündüz yaxşılar da, pislər də şənlənirlər.
Qocalar öz yaşlarını, yoxsullar yoxsulluqlarını,
varlılar ölümü unudurlar".
Siz o qədər diqqətlisiniz ki, heç nəyi
unutmursunuz. Siz professor Camal Mustafayev kimi neçə-neçə
saf, pak elm adamlarına, imkansızlara qayğı göstəribsiniz.
Bu işi bu gün də davam etdirirsiniz
İnanıram ki, imkansız adamları illərlə
həsrətində olduğu Həcc ziyarətinə də
göndərəcəksiniz.
Hamlet müəllim, Sizdən eşitmişəm,
Moskvada çox görkəmli riyaziyyatçı alimin 80
yaşını təntənə ilə qeyd edirlərmiş.
Gənc alimlərdən biri ona 100 yaş arzulayır. Alim
yarıgerçək, yarızarafat riyaziyyatçı dili ilə
deyir: "Sizə kim səlahiyyət verib, mənim yuxarı
yaş həddimi təyin edəsiniz?"
Siz riyaziyyatçısınız, ona görə Sizə
yuxarı yaş həddi qoymaq fikrindən uzağam. Odur ki, səmimi
qəlbdən arzu edirəm ki, qalan ömür payını da
gümrah, sağlam yaşayasınız.
01.03.2024-cü il
Gəncə şəhəri
Qəzənfər PAŞAYEV
Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin
üzvü, Əməkdar elm xadimi, professor
525-ci qəzet . 2024.- 7 mart,№44.-S.10.