Bullinq -
günümüzün bəlası
Son zamanlar şagirdlər tərəfindən məktəblərdə
və ya məktəbdən kənarda çəkilən
qeyri-etik videoların yayılması cəmiyyətin
bütün üzvlərini əməlli-başlı silkələdi.
Məktəblilərin bu cür davranışı, xoşagəlməz
hərəkətləri, amansızlığı hər
birimizi düşünməyə, bu hadisələrin səbəbini,
hazırkı duruma gətirib çıxaran yolu analiz etməyə,
qarşısını almağa vadar edir.
Buna səbəb nədir, görəsən? Əlbəttə,
bir çox səbəblər var. Bu səbəblərdən
biri də valideyn nəzarətsizliyi və bunun nəticəsində
nəzarətsiz qalan uşaqların sosial şəbəkələrdən
düzgün istifadə etməməsidir. Şagirdə
alınan çoxfunksiyalı telefon bəzən onun tərbiyəsinin
pozulmasına, dərslərdən soyumasına, vaxtını
boş və mənasız, hətta təhlükəli
işlərə sərf etməsinə səbəb olur. Nəzarətsiz
qalan, telefondan düzgün istifadə etməyən şagird
bəzən sosial şəbəkələrdən bullinq
üçün də istifadə edir. Yəni bullinqin
kiberbulinq növü, əsasən, sosial şəbəkələr
vasitəsilə həyata keçirilir. Bəs nədir bullinq?
Bizim üçün yeni olsa da, 1985-ci ildə Böyük
Britaniyada işlədilən bullinq termini bu mövzuda ilk tədqiqat
işləri üzə çıxdıqdan sonra geniş
istifadə olunmağa başladı.
Son zamanlar dünyanın bütün ölkələrinin
təhsil müəssisələrində müşahidə
olunan ən qabarıq problemlərdən biri olan bullinq təhsilalanların
təzyiq və aqressiv davranışların hədəfi
olmasıdır. Bullinqlə bağlı aparılan
araşdırmalar zamanı məlum olub ki, bütün
uşaqlar gec-tez bullinqlə rastlaşırlar: ya qurban, ya
incidilən şəxs və ya şahid kimi. Yəni həm
onlayn, həm də reallıqda. Bütün bu rollar
uşağın şəxsiyyətinə
dağıdıcı təsir göstərir. Əgər kimsə
öz həyatında heç vaxt digər, daha güclü və
ya daha çox səlahiyyət sahibi olan insan tərəfindən
sistematik təqib və ya başqa zorakılıq hiss etməyibsə,
ona belə görünə bilər ki, bullinq xırda məsələdir.
Lakin bu, belə deyil və bullinq son dövrlərdə
bütün dünyanın bəlasına çevrilib. Belə
ki, ABŞ Təhsil Departamentinin
məruzəsinə əsasən, 12 yaşdan 18 yaşadək
hər dörd uşaqdan biri son məktəb ili ərzində
bullinqin qurbanı olub.
Bullinqdə üç iştirakçı var: qurban,
aqressor və şahid. Bullinq nəticəsində hər
üç iştirakçıda mənfi təsirlər
yaranır. Ancaq ən ağır nəticə qurbanda olur.
Çox zaman qurban özünəinamı itirir və bu da
müxtəlif psixoloji problemlərə səbəb ola bilər.
Bəzən hətta özünə qəsd belə edə
bilər. Şahid rolunda olan iştirakçıda isə
kütləyə qarşı gücsüzlük hissi yaranır,
zəifliyinə görə utanır.
Aqressor isə nəticədə daha qəddar hisslərə
sahib olur və incə, nəcib münasibətlərə
qadir olmur.
Bullinq - bir uşağın başqaları tərəfindən
təqib olunması, aqressiv davranışdır ki, nə qədər
özümüzdən uzaqlaşdırmaq, üstümüzə
götürmək istəməsək də, son hadisələr
göstərdi ki, "Uzaq sahillərdə" filmindəki
Mixaylonun sözünün qüvvəti, "artıq
müharibə (bullinq) bizim dağlara da (məktəblərə)
gəlib çıxıb. Məktəblərdə tez-tez
baş verən xoşagəlməz hallar, çəkilən
videolar, intihar hadisələri bunu bir daha sübut edir.
Məlumdur ki, şagirdlər arasında
zorakılıq hadisələri həmişə məktəbin
bir hissəsi olub, ancaq indi onlar daha çox gözə
çarpır.
Psixoterapevt Cennifer Fridin sözlərinə görə,
bullinq yalnız qəzəb və alçaldıcı hərəkət
deyil. Bullinq təkrarlanmaq, qurbanını qorxu və stress vəziyyətində
qoymaq tendensiyasına malikdir.
Oxşar effekti bullinq həm də baş verən aqressiv hadisələrin
şahidləri olanlara qarşı da göstərir. Əgər
uşaqlar dalaşıblarsa və ya hətta kiməsə
qarşı nalayiq sözlər işlədiblərsə, bir
dəfə "öz komandası"ndan kimisə
çıxardırlarsa, bu, bullinq kimi təsnif edilmir. Amma əgər
uşaq kollektivində cəzasız zorakılıq mədəniyyəti
formalaşırsa, bu, onlarda başqaların
alçaldılmasının mümkünlüyü hissini
yarada bilər. Bullinqin qurbanları təhsildən yayına
bilər, uşaqlıq dövründə yaşanmış
psixoloji yaralar isə onun yaşlı həyatına da ziyan
vura bilər. Belə ki, belə insanlar daha çox xəstələnir
və psixoloji problemlərə malik olurlar. Hər hansı bir
şagirdə olunan bullinqin qarşısı vaxtında
alınmasa, nəticələr daha da dağıdıcı
olar. Belə ki, biz hamımız bullinqin qurbanları
haqqında - sonu intiharla bitən qurbanlar haqqında
eşitmişik,
Bullinq nədən baş verir?
Psixoloq Svetlana Krivtsovanın sözlərinə görə,
başqalarına qarşı aqressiv, alçaldıcı
davranışları həmişə bir şəxs öz
nüfuzunu təsdiq etmək, əylənmək və ya hər
hansı marağı naminə edir. Digər uşaqlar isə
bullerin hərəkətlərini müşahidə edərək,
ya onlara məhəl qoymur, ya qəzəblənir, ya da
müdaxilə etməyə çalışırlar. Ancaq
görəndə ki, bu cür davranışın qurbanı
müqavimət göstərmir, müəllim isə
onların təşəbbüsünü dəstəkləmir,
onda uşaqlar acizlik hiss edir və onların əhvali-ruhiyyəsi
qurbana qarşı şəfqətdən qıcıqlanmaya və
laqeydliyə qədər dəyişə bilər.
Ən çox bullinq halları o məktəblərdə
olur ki, orada şagirdlər laqeyddir və məyusdurlar,
onların tələbatları heç kim tərəfindən
tanınmır və təmin edilmir. Dərs buraxma və ya
vandalizm halları ilə müqayisədə insan şərəfinin
təhqirinin daha ağır pozuntu hesab edildiyi yerlərdə
bullinqə nadir hallarda rast gəlinir.
İnternet əsrində
yaşadığımızdan axır zamanlarda internet-təqib
(kiberbullinq) - internet, elektron poçt, SMS və s. vasitəsilə
təqib də geniş yayılıb. Odur ki, uşaqlara
çoxfunksiyalı telefonlar almaq onların diqqətini
yayındırır, lazımsız səhifələrə,
videolara baxmaq tərbiyələrinə əks təsir
göstərir. Odur ki, uşaqları ətraf aləmdə nəzarətsiz
qoymaq düzgün deyil. Valideyn nəzarətsizliyi və
uşağın istəklərinə qarşı laqeydliyi və
ya həddən artıq sərbəstliyin verilməsi, valideynlə
uşaq arasında səmimi ünsiyyətin olmaması sonda
bullinq üçün münbit şəraitə gətirib
çıxaran səbəblərdən biridir.
Bir tərəfdən, biz nədən ehtiyat ediriksə,
onu görmək istəmirik. Digər tərəfdən,
uşaqlar özləri tez-tez bizdən həqiqəti gizlədirlər
və özlərini elə göstərirlər ki, hər
şey yaxşıdır. Bəzən valideynlər hiss edirlər
ki, uşaqda hər şey heç də qaydasında deyil,
ancaq nəyisə tapa və ondan yapışa bilmirlər.
Ona görə də valideynlər sayıq
olmalıdır.
Əgər uşaq:
öz ünvanına tez-tez təhqiredici mesajlar
alır, onu dəfələrlə incidir və lağa qoyurlarsa;
başqa uşaqlara tabe olmağa meyillidirsə;
özünü fiziki zorakılıqdan qoruya bilmirsə;
evə üzündə göy ləkələr,
sıyrıntılar, cırılmış geyimdə gəlir
və buna anlaşılan izahat verə bilmir;
heç vaxt qrup oyunlarında iştirakı qəbul
etmir; tez-tez oyuna və ya komandaya dəvət olunan sonuncu
şagird olur;
daimi dostlara malik deyil, sinif yoldaşları tərəfindən
daim "sevilməyənlər" siyahısına
düşür;
fasilələrdə öz həmyaşıdları
ilə oynamaq əvəzinə, böyüklərin yanında
dayanmağa çalışır;
sinifdə lövhə qarşısında cavab verərkən
çətinlik çəkir;
məktəbə getməkdən qorxur və ya
güclü həvəssizlik göstərir, sinifdənxaric məşğələlərə
qatılmaq istəmir;
məşğələlərə
marağını itiribsə, demək, uşaq bullinqə məruz
qalıb.
Bundan başqa, bullinqə məruz qalan uşaqlarda
stress tez-tez özünü fizioloji aspektdən göstərir:
onlar iştahanı itirir, gecə qarabasmalarından əzab
çəkir, yuxuda ağlayır, baş ağrıları
onlara əziyyət verir. Bəzən onlar fiziki cəhətdən
özlərinə zərər yetirə bilərlər.
Aqressiv təqibin qurbanı güclü və ya
bacarıqlı olub-olmamasından asılı olmayaraq, istənilən
uşaq ola bilər. Ancaq əksər hallarda bu cür
davranışların qurbanı olanlar digərləri
arasından daha çox seçilənlərdir (qəribə
geyim tərzi olan, özünü qəribə aparan və
b.). Həmçinin potensial qurbanlar
özündən tez çıxan, emosiyalara asan təslim
olanlardır.
Bullerlər isə qadağalarsız böyüyən
və valideyn nüfuzuna məhəl qoymayanlardır. Belə
uşaqların əksəriyyətində böyüklərin
diqqət və etimadı çatışmır. Onların əksəriyyətində
xarakterin parlaq ifadə edilmiş narsistik xüsusiyyətləri
özünü göstərir.
Onlara bütün hallarda başqa insanlar hesabına
özünü təsdiq etmək, şəxsi
üstünlüyünü sübut etmək lazım olur.
Bəzən bu cür hallar uşağı intihar barədə fikirlərə qədər
apara bilər. Əgər uşaq öz yaxınlarına bu barədə
məlumat vermirsə, onda müvafiq qurumlara bildirilməlidir.
Bəs bullinqin qarşısını almaq
üçün nə etməli?
Uşaqların vəziyyəti müstəqil həll
etməsinə çalışmaq lazım deyil, axı bullerlə
ümumi dil tapmaq həmişə mümkün olmur. Bundan
ötrü valideynlərə, müəllimlərə və
ya uşağın etibar etdiyi böyüklərə
müraciət etmək lazımdır.
Əgər sizin uşağınızı ələ
salırlarsa, siz valideyn kimi, uşağın şikayətlərini
diqqətlə dinləməli və buna ciddi yanaşmalı,
qulaqardına vurmamalısınız. Valideynlərin dəstəyi
sayəsində uşaqlar məktəbdə üzləşdikləri
problemləri daha asan yaşaya bilərlər. Həmçinin
məktəb müəllimlərinə müraciət etmək
və onların diqqətini bu problemə yönəltmək
valideynin əsas vəzifələrindən biridir və
mütləq lazımdır. Ən kritik vəziyyətdə
polisləri cəlb etmək və hətta təhsil yerinin dəyişilməsi
haqqında düşünməyə də dəyər.
Müəllimlərə isə öz fiziki
üstünlüklərini göstərmək yox, onlarla
danışmaq lazımdır. Bundan başqa, bullerlərin hiylələrini
təkcə müşahidə etmək olmaz, axı ona tamaşaçılar da
lazımdır ki, maksimum dərəcədə əyani
davranış göstərə bilsin. Dərsdə bullerlərin
hiylələrini gördükdə, diqqəti bullerlərdə cəmləşdirməklə
onu tədris prosesinə cəlb etməyə
çalışmağa nail olunmalıdır. Ancaq yadda
saxlamaq lazımdır ki, hətta ən xırda aqressivlik təzahürünə
qarşı göz yummaq olmaz, çünki yalnız ümumi
səyləri birləşdirməklə və vaxtında ona
diqqət yönəltməklə vəziyyəti
araşdırmaq olar. Uşaqlar bizim gələcəyimizdir, ən
qiymətli varlığımızdır. Odur ki, ən birinci
məsələmiz öz gələcəyimizin təhlükəsizliyini
təmin etmək, uşaqlarımızla səmərəli
vaxt keçirmək, onlarla səmimi ünsiyyət qurmaq,
onlarla birlikdə əyləncəyə vaxt ayırmaq, bir
problemləri varsa, vaxtında aşkarlayıb
qarşısınıı almağa çalışmaq bizim
borcumuzdur. Laqeydlik, ünsiyyət qıtlığı,
sevgisizlik gələcəyimizi sürətlə təhlükə
altına almaqdadır. Uşaqları təkcə telefon
ümidinə qoymaq olmaz. Telefon onları ətraf aləmdən,
doğma insanlardan, təbiətdən, heyvanlardan, oyunlardan təcrid
etməklə kifayətlənmir, telefon həm də onları
dərslərdən soyudur. Telefondan istifadə edən
şagirdlərin əksəriyyəti dərsdən
yayınır və müəllimi yaxşı dinləyə
bimirlər. Bu da təhsilin keyfiyyətinə təsir edir.
Ümumiyyətlə, bu məsələ ilə bağlı
valideynlər arasında da, müəllimlər arasında da
maarifləndirmə işləri aparılmalıdır. Əgər
bir cəmiyyət olaraq vaxtında müəyyən tədbirlər
görməsək, gələcəyimizə balta
çalmış olarıq.
Gülyaz ƏLİYEVA
Ağdam 38 nömrəli tam orta məktəbin sinifdənxaric
və məktəbdənkənar işlər üzrə təşkilatçısı
525-ci qəzet . 2024.- 7 mart,№44.-S.8.