Elektromobillərdən istifadənin artması ekoloji problemlərin həllinə kömək edir

 

Azərbaycanda son illər elektriklə işləyən avtomobillərdən istifadənin genişləndirilməsi istiqamətində önəmli addımlar atılır. 2022-ci ildən elektromobillər və onlar üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı ƏDV-dən azad edilib. Ötən ildən zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik mühərrikli avtomobillərin idxalına gömrük rüsumunun tətbiqi dayandırılıb.

Statistika göstərir ki, bu tədbirlərdən sonra ölkəyə elektromobil idxalı əhəmiyyətli dərəcədə artıb. Belə ki, ötən il Azərbaycana 125 milyon 268 min ABŞ dolları dəyərində 3102 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib ki, bu da 2022-ci illə müqayisədə müvafiq olaraq 7,1 dəfə və 6,4 dəfə, 2021-ci illə müqayisədə isə 36,2 dəfə və 19,4 dəfə çoxdur.

Dünyanın bir çox ölkələrində nəqliyyat vasitələrinin ətraf mühitə mənfi təsirinin azaldılması məqsədilə ekoloji cəhətdən təmiz və yanacaq sərfiyyatı az olan elektrik və hibrid avtomobillərinin maddi cəhətdən daha əlçatan olması üçün genişmiqyaslı strategiyalar həyata keçirilir, təşviqedici addımlar atılır. Dünya təcrübəsində təşviqedici addımlar kimi elektromobil alıcılarına, satıcılarına müxtəlif tipli güzəştlər tətbiq edilir, prioritetlər müəyyən olunur və maddi dəstək göstərilir. Təbii ki, belə təşviq çox vacibdir və yaxşı nəticələr verir.

Dünyada 5,1 milyondan çox elektromobil və hibrid avtomobilindən istifadə olunur və bu avtomobillərin 80 faizi ABŞ, Çin, Yaponiya, Niderland və Norveç kimi ölkələrin payına düşür.

Elektromobil avtomobillərdən ən çox istifadə edən Çində istifadəçilər yol vergisindən, satışı ilə məşğul olanlar isə satış vergisindən azaddırlar və bu avtomobillərin qeydiyyata alınması üçün rüsum da tələb olunmur. Elektriklə çalışan avtobusların əksəriyyəti də bu ölkənin payına düşür və onlar üçün ayrıca elektrik doldurma məntəqələri fəaliyyət göstərir.

Böyük Britaniyada isə elektromobil avtomobillər aksiz və yol vergilərindən azaddırlar, istehlakçılara müxtəlif güzəşt və maddi dəstək təklif edilir, genişmiqyaslı enerji doldurma məntəqələri qurulub. Öz həyətlərində şarj məntəqəsi quraşdıran elektrik və hibrid avtomobil istifadəçiləri isə istifadə etdikləri elektrik enerjisinə görə 20 faiz əvəzinə 5 faiz vergi ödəyir.

Türkiyədə də elektromobil sahiblərinə verilən güzəştlər çoxsaylıdır. Burada elektromobil istifadəçilərinə avtomobillərin mühərrik gücünə görə genişmiqyaslı güzəştli vergi dərəcəsi tətbiq olunur, çoxlu sayda şarj məntəqələri quraşdırılır və bu sahədə nəzərəçarpacaq irəliləyişlər əldə edilib. Elektromobillərin istifadəsinə dəstək vermək məqsədilə onların idxalçılarına və alıcılara dövlət tərəfindən subsidiyalar verilir.

Norveç isə hər min nəfərə düşən elektromobil sayına görə dünyada ən yüksək göstəriciyə malikdir. Burada istismar müddətinin bitməsinə az qalmış, havanı çirkləndirən nəqliyyat vasitələrinin istifadəsi qadağan edilir. 2025-ci ilədək isə ölkə ərazisində yanacaqla işləyən nəqliyyat vasitələrinin istifadəsinin tamamilə qadağan olunması planlaşdırılır. Dünya təcrübəsində elektromobillərlə bağlı tədbirlər dövlət-özəl qurumların əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyib ki, ölkədə elektrik mühərrikli avtomobillərin idxalında əhəmiyyətli dərəcədə artım müşahidə olunur. O bildirib ki, Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə üzrə zəruri infrastrukturun yaradılması, dövriyyəsinin stimullaşdırılması, maliyyə əlçatanlığının artırılması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə ölkədə ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə İşçi Qrup fəaliyyət göstərir. İşçi Qrupun hazırladığı təkliflər əsasında həyata keçirilən tədbirlər nəticəsində ölkədə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə genişlənib: "Stimullaşdırıcı tədbirlərin sayəsində, xüsusilə elektrik mühərrikli avtomobillərin idxalında əhəmiyyətli dərəcədə artım müşahidə olunur. 2023-cü ildə ölkəyə 2021-ci illə müqayisədə 19 dəfə çox elektromobil idxal edilib. Bu müsbət tendensiyanın növbəti illərdə də davam etməsi üçün ardıcıl olaraq tədbirlər görülür".

R.Səttarzadənin sözlərinə görə, ölkənin nəqliyyat parkında elektrik avtomobillərinin payının artırılması məqsədilə İşçi Qrup aidiyyəti dövlət qurumları ilə yanaşı, özəl sektor nümayəndələri də fəaliyyətlərə cəlb edilib və bu əməkdaşlıq əhalinin maliyyə əlçatanlığının artırılmasında, istehlakçı hüquqlarının müdafiəsi və rəqabət mühitinin inkişafında, fiziki və mənəvi köhnəlmiş nəqliyyat vasitələrinin istifadəsinin məhdudlaşdırılmasında, xüsusilə ictimaiyyət arasında məlumatlılığın artırılmasında səmərəli nəticələr verəcək: "Eyni zamanda, İşçi Qrupun 2024-cü il üzrə hazırlanmış yol xəritəsində nəzərdə tutulub ki, aidiyyəti dövlət qurumları ilə birgə ekoloji təmiz nəqliyyat vasitələrinin üstünlükləri, köhnə nəqliyyat vasitələrinin ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə mütəmadi təbliğat aparılsın. Həmçinin il ərzində köhnə nəqliyyat vasitələrinin məhdudlaşdırılması istiqamətində yeni təkliflərin hazırlanması, köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı zəruri işlərin görülməsi, elektromobillərin batareyalarının utilizasiyasının beynəlxalq təcrübəyə uyğunlaşdırılması sahəsində fəaliyyətlərin qurulması planlaşdırılır".

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov hazırda elektromobillərin qiymətinin vətəndaşlar üçün nisbətən əlçatan olduğunu bildirib: "Buna səbəb həmin avtomobillərlə bağlı gömrük və vergi azadetmələrinin tətbiqidir. Hazırda elektromobillərə maraq böyükdür. Amma onların elektrik doldurma məntəqələrinin sayı olduqca azdır. Bu da alqı-satqı əməliyyatlarına çox təsir edir. Təəssüf ki, elektromobilləri gətirən bəzi şirkətlər onların servisini qurmur. Bu da vətəndaşlar üçün elektromobillərin cəlbediciliyini azaldır və onlar elektromobil almağa tərəddüd edir".

E.Cəfərov hesab edir ki, elektromobil idxal edənlər qarşısında tələblər artırılmalıdır: "Azərbaycanda elektrik doldurma məntəqələrinin yaradılması üçün lazımi avadanlıq və cihazların idxalı gömrük rüsumlarından azad edilib. Lakin qanunvericilikdə bu məntəqələri yaradan sahibkarın elektrik enerjisini dövlətdən alaraq istehlakçıya satmasını təmin edən dəyişikliklər edilməlidir. Bu sahədə iki əsas məsələyə fokuslanmaq lazımdır. Birincisi, elektrik doldurma məntəqələrinin sayı artırılmalıdır. İkincisi, elektromobil gətirən şirkətlər qarşısında tələb qoyulmalıdır ki, bu avtomobilləri idxal etmək istəyirlərsə, ölkədə mütləq onların servisini qursunlar, vətəndaşları həmin avtomobillərin ehtiyat hissələri və ustaları ilə təmin etsinlər".

Ekspert əlavə edib ki, elektromobil satan bəzi şirkətlər avtomobili şarj etdikdən sonra onun təxminən 400 kilometr məsafəni qət edə biləcəyini deyir: "Sonra məlum olur ki, bu avtomobil elektrik mühərriki ilə heç 250 kilometr də yol gedə bilmir. Bu məsələlər həll edilməli, sözügedən sahəyə xüsusi diqqət və nəzarət olmalıdır. Elektromobillərin ölkəyə gətirilməsində nizamsızlıq olarsa, gələcəkdə fəsadlar yaşaya bilərik. Bundan sui-istifadə edən bəzi şəxslər təhlükəsizlik tələblərinə cavab verməyən elektromobilləri də ölkəyə daşıya bilərlər".

Eldəniz Cəfərov hesab edir ki, qanunvericilikdə elektrik doldurma məntəqələri yaradan sahibkarın elektrik enerjisini dövlətdən alaraq istehlakçıya satmasını təmin edən dəyişikliklər edilməlidir. Onun sözlərinə əsasən, ölkə ərazisində şarj məntəqələrinin sayının artırılması ilə yanaşı, elektrik avtomobillərini idxal edən şirkətlər onların servisini qurmalı, vətəndaşları həmin avtomobillərin ehtiyat hissələri və ustalarla təmin etməlidirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov elektrik avtomobillərə keçid prosesinin sürətlə getdiyini söyləyib. Şöbə müdiri qeyd edib ki, qlobal səviyyədə iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması təşəbbüslərinə töhfə olaraq, ölkəmiz istixana effektli qaz tullantılarının azaldılması istiqamətində kifayət qədər ambisiyalı hədəflər götürüb.

Onun sözlərinə əsasən, iqlim dəyişikliyi ilə mübarizə tədbirlərindən biri də nəqliyyat sektorundan atılan istixana qazlarının azaldılması məqsədilə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istifadəsinin artırılmasıdır: "Hazırda dünyada elektrik avtomobillərə keçid prosesi sürətlə gedir. Azərbaycanda da bir neçə ildir ki, mərhələlərlə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması istiqamətində tədbirlər görülür, elektrik və hibrid mühərrikli avtomobillərə, eyni zamanda, onlar üçün enerji doldurucularına vergi və gömrük sahəsində güzəştlər tətbiq olunur. Bu stimullaşdırıcı tədbirlər nəticəsində ölkəyə idxal olunan elektromobillərin sayı ildən-ilə artmaqdadır".

Nazirlik rəsmisi qeyd edib ki, 2021-ci illə müqayisədə ötən il 19 dəfə çox elektromobil idxal olunub. Belə müsbət tendensiya növbəti illərdə də davam edərsə, ölkənin nəqliyyat parkında elektrik mühərrikli avtomobillərin payı ciddi şəkildə artacaq: "Ölkədə elektromobillərin sayının artması ilə paralel olaraq enerji doldurucularının sayında da artım müşahidə olunur. Elektromobilliyin daha da inkişafı məqsədilə Elektromobillik üzrə Milli Planın hazırlanmasına başlanılıb. Eyni zamanda, BMT-nin Ətraf Mühit Proqramı ilə birgə "Azərbaycanda tullantısız və az tullantılı elektrik nəqliyyatına keçid" layihəsi işlənilir".

 

Sevinc QARAYEVA

525-ci qəzet . 2024.- 8 mart,№45.-S.22.