Qadın: harmoniya,
şəfqət, ümid...
Esse
Tez-tez sənət müstəvisində
qarşılaşdığımız və cavabını
tapa bilmədiyimiz suallardan biri də budur: "Nəyə
görə uğurlu qadın şairlər və nasirlər
xeyli azdır?"
Cavab, bəlkə də, bu ola bilər: Qadınlar
özlərini dolayı yollarla ifadə etməyə çox
ehtiyac duymadıqları üçün. Ədəbiyyat bir
az da öz içində səni yoran sualların hekayəsidir
axı. Həmişə elə bilmişəm ki,
dünyanın yaradılış payında onların da yeri və
məqamı olub. Və onlar sanki əvvəldən hər
şeyə hakim olublar, bütün sualların cavabını
da biliblər.
Mükəmməl bir harmoniya, qüsursuz bir sənət
əsəri yaratdığına görə Tanrıya qibtə
edir bəşəriyyət. Görünür, bu müqəddəs
vəzifəni tək başına davam etdirmək istəmədiyindən
o məchul yaranışın nəticəsini - qadını
buralara, hər şeyin sakit və həvəssiz zamandan
yorulduğu yerlərə göndərib. Qadın xilasdır
bu mənada. Bəşəriyyətin, nəhayət, öz
düşüncələrindən, içində
qıvrılan tərəddüdlərindən, sükutundan və
lüzumsuz narahatlığından xilası. Qadın
yaradıcıdır. Günahı çoxdan
bağışlanmış alilikdir. Dünya özünə
nüfuz qazanana qədər o, hər şeyin
başlanğıcı, bütün məfhumların
anası sayılırdı. Zaman-zaman unudulan, bəzən yox
edilməyə məhkum edilən, hüquqları və
azadlıqları sərhədlənən, texnologiyanın
torunda ilişib qalan "ev məhbusu"na çevrildi.
Bütün zamanların ən şiddətli
ağrılarını da çəkdilər. Dediyimiz və
inandığımız kimi, məhz göylərin bir
parçası olduğu üçün sonda yenə öz
azadlığına qovuşa bilirdi. Unudulmaq istəyinin
arxasındakı bütün feilləri o yaşadı.
Sevgi və şəfqətin, mərhəmət və
məhəbbətin də ilki onlardan - qadınlardan
özünə maya tapdı. Xəfiflik və zərifliyin
saçlarında, əllərində, gözlərində sənətə
çevrilən yaradılışı ilə qadın
olub-olmamasını bilmədiyimiz Tanrı özünün ən
gözəl əsərini yaradıb bəlkə. Biz
qaranlıqdan və işıqdan yaranmışıq.
Qadın bu dualizmin işıq tərəfində bizi gözləyən
və bizi yenidən qaranlığa qədər ötürən
simaların cəmidir. Zamanın harasında
dayandığını bilmirik, çünki biz orada
olmamışıq. İblislə onun gizli dialoqundakı məsumluğun
yaşayan yeganə isbatlarıyıq. Şüurumuzdakı
bütün incə detallar, düşüncəmizə
yansıyan bütün təbəssümlər onun xislətindəki
alma tumlarından payımıza düşənlərdi. O,
bizi əlində və yaranışında olan hər
şeylə müjdələyərkən tarix də ona
öz təqvimindən bir gün ayırmağı fürsət
bildi. Yaradılışının gəldiyi naməlum yerin
sükutunu milyon illər öz əzəmətinə
çevirən qadın tarixdə öz əsas
missiyasının adını müqəddəsləşdirə
bildi. Ana adının qaldıra biləcəyi bütün məna
yüklərini bəlkəsiz aliləşdirdi.
Onu diri-diri basdırmağa cəsarət edən bəşər
bir gün öz nankorluğunun fərqinə vardı. Fövqəladə
bir heyranlığa ehtiyacı olmayan qadının
qayğıları sevgi və təsəllilərdən
başqa heç nə olmayanda, bu heç nələrin fərqinə
varanda öz hüquqlarını istəməyə
başladı. Burada artıq o, Tanrı ilə bizim
aramızdakı yol deyildi. İndi o, özü ilə
yaranışdan can verdiyi kainatla arasında bir yol
açmağa çalışdı. Ayağa qalxan milyonlar sənayeləşən
dünyanın zərifliyini və pozulan harmoniyasının,
qarışan rənglərinin mükəmməlliyini
özünə qaytarmaq üçün idi. Yəni
onların özləri üçün istədikləri hər
şey elə bizim üçün verilənlərin
tamamı idi. Onlar bircə
gün mətbəxdən, fabriklərdən, beşikli
otaqlardan küçələrə çıxdılar və
bütün yolların onların olduğunu bizə yox,
özlərinə yenidən xatırlatmaq üçün bir
az yeriməyə başladılar. Bu tarix onların yenidən
dünyaya, dünyanın içindən dünyaya gəldikləri
gündür. Yəqinlərlə dolu olan mürəkkəbliklərini
və şübhələrdən heç vaxt xilas edə
bilməyəcəkləri yaranışlarını şəhərlərə,
adamlara göstərmək üçün bu günü iki
qırmızı dairəyə aldılar.
Qadın həm də ümiddir. Sonun
başlanğıca çatdığı nöqtədir. O,
davam edən hər şeyin səbəbkarıdır. Biz
bütün ağrılarımızı, ümidlərimizi,
içimizdə gizlətdiyimiz həqiqətlərimizi, sevgiləri
ona borcluyuq. Qadının özünüsübuta ehtiyacı
yoxdur. Ona istər bioloji, istər sosioloji ehtiyacımız var
və qalacaq. Çünki bu ehtiyacın təməlində
bizi öz yaranışımıza bağlayan bütün
amillər var. Tarixin və başqa məchulların bizim
üçün yazdığı və işlədiyi həyatı
qadın bizə təqdim edir. Biz onun izləyiciləriyik, yəni
həm də özümüzün. Haradan gəldiyimiz onun
gözlərində və səsində var. Buna görə,
bu tarix həm də bizim lap əvvələ
qayıdış tariximizdir. Qoca Şərqin, elitar Qərbin,
nağıllar aləmindən hələ də bu dünyaya
ayaq basmağa cəsarət etməyəm digərlərinin gəldikləri
və bəlkə də gedəcəyi yerə yenidən
qayıdış üçün sayılan ilk gün idi, ilk
gün olaraq da qalır 8 Mart.
"Yeməyini yeməsən, evdən çıxmaq
yoxdu!", ya da "Darıxmışam..." cümlələrindəki
səmimiyyətin içindədir onun məzmunu.
Gülüşünün ən qəhərli halında,
kirpiklərinin arxasındadır. Bəzən özünü
unudan, bəzən də ən çox özünə
qayğı istəyən iqlimlərindədir. Bəşər
bütün məsumiyyəti ilə onu və onun
yaratdığı, lap elə onun olan övladlarını
üzərində gəzdirmək üçün var.
Tanrı onun misalında daha gözəldir. Bu qədər tərifə
layiq olmasını çəkdiyi ağrılar təsdiq edər
yəqin.
Bir az da qadınlar üçün və
qadınların dünyası üçün
arzularımı danışım.
Qərarların və ədalətin, ən ali həqiqətin
həmişə qadının yanında olmasını,
dünyanın bütün rənglərində, bütün
himnlərində onların azadlıq və xoşbəxtliyini
tərənnüm edən çalarların və səslərin
yaşamasını, mahiyyətlərinin sadəcə məişət
tablosunda görünməməsini, bütün ictimai-sosial,
siyasi proseslərin mərkəzində dayanmasını,
öz analıq missiyasını həm də yeni ruh, yeni
intellekt şəklində icra etməsini, bütün sahələrin
ən fəal, ən güclü fərdlərindən
olmasını, hüquq və vəzifələrinin təyininində
özlərinin iştirakını arzulayıram. Digər
bütün məfhumlar onların azad yaşadığı,
gülə-gülə yaşadığı,
qayğısız və sevgiylə yaşadığı cəmiyyətlərdə
olacaq. Əgər bir toplumun qadın fərdləri rahat və
ideal yaşaya bilirsə, yüksək təhsil ala bilirsə,
yüksək mədəniyyətə sahib olursa, sənətin
və elmin üfiqi altında ümidlə gəzə bilirsə,
o toplum artıq inkişaf edib. Qadının yüksək
mövqedə durduğu bəşəriyyət özü də
alidir.
Dünya mavi rəngdədir və adamların
hamısının qanadı olacaq. Hər kəsin içində
qoruyub saxladığı arzuları bir gün öz səmasını
və öz şəhərini tapır. Yerin cazibə qüvvəsinə
tabe olan səadət kimi onu da qoruyub bir ömür dənizə
atacağıq. Kaş yaşamaq dua etməkdən və sevməkdən
ibarət olaydı. Hər kəs salamlaşandan sonra öz
dualarının necə eşidildiyindən, öz sevgilərini
necə onları xoşbəxt etməsindən
danışardı. Məncə, bu dünyanın elə bir
halı olub. Və o, qadınların sevgi və
gülüşlərində göylərdən mirasdır.
Rəvan CAVİD
525-ci qəzet . 2024.- 8 mart,№45.-S.21.