Unudulmayanlar  

 

 

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, BAHAR QIZI!

 

2019-cu ilin ilk ayında sevdiyim aktrisa Safurə İbrahimova haqqında yazdığım "Ağ zanbaq kimi" sərlövhəli məqaləm "Ədəbiyyat qəzeti"ndə dərc olunandan sonra ürəyimdən keçdi ki, onun bir nüsxəsini Səfurə xanıma çatdırsam, heç də pis olmaz, bəlkə də yerinə düşər. Çünki xanım hamıdan küsüb tək-tənha yaşaması bir yana, üstəlik, xeyli müddət idi ki, yataq xəstəsinə çevrilmişdi. Yeri gəlmişkən, onun qəfildən öz kiçik hücrəsinə çəkilib tərki-dünya yaşamasının, hamı ilə əlaqələri kəsməsinin motivləri heç kimə məlum deyildi. Ona görə də mediada səhih informasiya əvəzinə cürbəcür şayiələr dolaşırdı ("Hələ cavan vaxtlarında ərindən ayrılıb tək qalıb", "Övladı olmamasının acısını yaşayır", "Teatr rəhbərliyindən inciyib" və s). Şəxsən mənə qalsa, düşünürəm ki,  son rolunun - öz şəxsində yaratdığı bu son obrazın sirrini biz heç vaxt aça bilməyəcəyik. O sirr Səfurə xanım qəlbinin hamının üzünə bağlı olan 40-cı otağında qaldı, həmin otağın açarını isə Səfurə xanım özü ilə bir yerdə haqq dünyasına apardı.

Nə isə.

Telefon nömrəsini tapıb ona zəng etdim və gözləmədiyim halda zəngimə elə özü cavab verdi. Salam-kalamdan sonra tanışlıq verib niyyətimi bildirdim.

Səfurə xanım çox yorğun, halsız səslə dedi:

- Oğlum, çox sağ ol. Amma mən xəstəyəm, yataqdayam, səni qarşılaya bilməyəcəm.

Dedim:

- Allah şəfa versin, Səfurə xanım. Təki tez sağalıb ayağa qalxasınız. Bizim üçün vacib olan budur. Sizi narahat eləmək fikrim yoxdur. İstəyirəm bu yazını oxuyub məni tənqid edəsiniz - bilərəkdən sözümə zarafat rəngi qatdım ki, eyni bir az açılsın.

Dedi:

- Bu vəziyyətdə necə çıxıb qəzet alım axı?

- Heç hara düşmək lazım deyil. Qəzeti yaxınlarınızdan, tanışlarınızdan birinə versəm, sizə çatdırar.

Bir neçə saniyədən sonra - görünür, götür-qoy edirdi - yenə də həmin səslə dedi:

- Bizim evin altında, maşın yolunun lap qırağında bir aptek var. Orada məni tanıyırlar. Dərmanlarımı həmişə ordan alırdım, elə indi də ordan aldırıram. Zəhmət olmasa, ora qoyun, qonşu uşaqlardan birini göndərərəm gətirər.

Sonra bir də təşəkkür etdi, yaşadığı ünvanı dedi və söhbətimiz başa çatdı.

Qəzeti götürüb həmin ünvana gəldim, apteki də asanca tapdım. Əminliklə içəri girib ağ xalatlı gənc oğlana yaxınlaşdım, salam verib əlimdəki qəzeti göstərərək dedim:

- Sevimli aktrisamız Səfurə xanım dedi ki, bunu sizə verim, onun adından gəlib götürəcəklər.

Elə bilirdim ki, Səfurə xanımın adını eşidən kimi oğlanın üzünə təbəssüm qonacaq, qəzeti alıb "baş üstə" deyəcək. Amma əksinə oldu. Oğlan üzünə ciddi ifadə verib soruşdu:

- O kimdir ki?

Dedim:

- Aktrisadır da. Özü də bax, arxadakı o binada yaşayır. Sizin daimi müştərinizdir.

Oğlanın reaksiyasından hiss elədim ki, Səfurə xanımı tanımır. "Əşi tanımır, tanımasın. Bəs mərifətinə nə gəlib?" - deyə düşündüm.  Amma sonra eşitdiyim sözlər məni elə təəccübləndirdi ki, az qaldı ayaqlarım yerə yapışsin

- Bilirsiz, müəllim, rəhbərlik tapşırıb ki, heç kimdən heç nə götürüb aptekdə saxlamayaq. Bir sözlə, bağışlayın.

Oğlanın ötkəm səsi Səfurə xanımın hələ də qulaqlarımda dolaşan bayaqkı halsız səsi ilə toqquşub qəribə bir uğultu yaratdı, hiss elədim ki, əsəblərimi, ardınca da vücudumu əsməcə tutur.

- Qardaş, mən sizə ağzı bağlı çanta, yaxud kartof kisəsi vermirəm ki içindən bomba çıxa! Otuz qramlıq qəzetdir də.

Oğlan tutduğunu buraxmadı:

- Yox ey, qaydanı poza bilmərəm. Gərək bağışlayasınız. - bunları onun dili dedi, səsinin ahəngi isə deyirdi ki, müəllim, qurtardıq, çıxın gedin,  qoyun işimizi görək.

Fikirləşdim ki, çölə nə qədər tez  çıxsam, bir o qədər yaxşıdır, çünki bir az da keçsə, bu əhvalla içəridə şuluqluq sala bilərdim.

Çölə çıxıb bir siqaret yandırdım. Çəkə-çəkə fikirləşdim ki, o boyda yolu gəlib əli ətəyindən uzun geri qayıtmaq kişilikdən deyil, qəzeti mütləq Səfurə xanıma çatdırmalıyam.

Telefonu çıxarıb nömrəni yenidən yığdım. Səfurə xanımın səsini eşidən kimi dedim:

- Bağışlayın, Səfurə xanım, mən gəldim

, amma aptek bağlıdır, - necə deyəydim ki, aptekçi oğlan qəzetı götürməkdən imtina elədi.

Bu dəfə Səfurə xanım əvvəlkindən  cəld reaksiya verdi:

- Oğul, elə indicə qardaşımın qızı gəldi. Yerini de, gəlib götürsün.

Təxminən 10 dəqiqədən sonra Səfurə xanımın qardaşı qızı mənə yaxınlaşdı.

Qəzeti ona verəndə hər ikimizin üzü gülürdü, amma məni qəribə bir xof bürümüşdü. Nədənsə, mənə elə gəlirdi ki, Səfurə xanım da, mən də uzun bir yola çıxan qatara gecikib yerdə qalan sərnişinlərik və həmin qatarda əyləşənlər vaqonların pəncərələrindən bizə baxıb gülürlər.

Səfurə xanımı sonuncu dəfə vəfatından təxminən 9 ay əvvəl hansısa TV kanalında gördüm. Novruz bayramı ərəfəsində onu - Azərbaycanın ilk bahar qızını nə yollasa studiyaya gətirmiş, əyninə milli paltar geyindirib, başına ağ ipək örtük bağlayıb Bahar qızının simvolu kimi verilişin "yuxarı başında" əyləşdirmişdilər. Səfurə xanımın yaddaşı, çox güman ki, yerində deyildi - demək olar ki, danışmır, heç nəyə reaksiya vermirdi.

Tam səmimi deyirəm - həmin səhnəni görəndə məni xəcalət təri basdı. Verilişi hazırlayanların bu jesti Səfurə xanıma hörmətin, sayğının təzahüründən çox, onun imicindən yararlanıb verilişin reytinqini qaldırmağa yersiz və uğursuz cəhdə daha çox bənzəyirdi.  Çünki Səfurə xanımın bir vaxtlar Azərbaycan xanımlarına xas  gözəlliyi, koloriti əks etdirən çöhrəsində Bahar qızının şuxluğu yox, ölüm kölgələri dolaşırdı.

2020-ci il dekabrın 21-də - doğum gününə 6 gün qalmış Səfurə xanım vəfat etdi.

Amma o, bizim nəslin yaddaşında  təkcə ismətli, qeyrətli Azərbaycan xanımlarının kolotitli obrazlarını yaradan gözəl aktrisa kimi yox, həm də Bahar qızı - 1967-ci ildə ilk dəfə dövlət səviyyəsində qeyd olunan Novruz bayramının qənirsiz, bənzərsiz gözəli kimi qaldı.

Lentlərin yaddaşı insan yaddaşından etibarlı imiş. Mən yazımda   laləzarda ağ zanbağa bənzətdiyim  bahar qızının təsvirini axır ki, tapdım və onu sizə də təqdim edirəm.

O anları əbədiləşdirən lentdə isə gənc Səfurə xanım gülümsəyir, rəqs edir, ağ paltarda laləzarın ortasında bitmiş ağ zanbaq kimi bərq vurur və indi bu cümlələri yaza-yaza mənim içimdə dəli bir istək baş qaldırır. İstəyirəm Novruz bayramı ərəfəsində bir dəstə təzə-tər ağ zanbaq götürüb Səfurə xanımgilə gedim, qapını üzümə o özü açsın, bu gül dəstəsini ona verim, əlini öpüm və deyim: "Novruz qapını kəsdirib, Bahar qızı! Yeni gəlişin mübarək!"

QULU MÜƏLLİMİN İMPROVİZASİYALARI

 

Rəhmətlik Qulu Xəlilov bizə mətbuat tarixindən dərs deyirdi.

Çox emosional, ifadəli diksiya ilə hündürdən danışan, həmişə düşündüklərini deyən, yeri gələndə doqmalara, ehkamlara etirazını bildirməkdən çəkinməyən koloritli adam idi. Çalışırdı ki, diqqətimizi publisistikanın, ümumiyyətlə, bədii-publisistik yaradıcılığın həyatla ilişgilərinin müxtəlif aspektlərinə yönəltsin.

Doktorluq dissertasiyasında Azərbaycan sovet nəsrini, xüsusilə də Süleyman Rəhimovun romanlarını geniş tədqiq etmişdi, ona görə də dərs vaxtı ayrı-ayrı əsərlərin yaxşı yadında saxladığı epizodlarından misallar gətirməyi, fikirlərini konkret nümunələrlə əsaslandırmağı xoşlayırdı.

Bir dəfə sovet hakimiyyətinin ilk illərində yazılan romanlardakı süni ritorikadan, plakatçılıqdan söz düşdü və Qulu müəllim özünə xas emosional pafosla, sinonim sözlərdən gen-bol istifadə edə-edə, gur səslə şəxsi həyatını inqilabi ideyala qurban verən müsbət qəhrəmanları, necə deyərlər, yıxıb sürüməyə başladı. Amma bu dəfə nədənsə adətinə xilaf çıxaraq konkret misal gətirməyi unudub nəzəri-elmi mülahizələrə üstünlük verdi. Qulu müəllimin dilindən həmişə maraqlı əhvalatlar eşitməyə adət etdiyimizdən bu quru mülahizələr bizi darıxdırdı və uşaqlardan biri əlini qaldırıb dedi:

- Qulu müəllim, bəs konkret nümunə?..

Qulu müəllim qımışdı:

- İndi həmin dövrdə yaradılan müsbət qəhrəmanlara xas universal bir nümunə gətirəcəm, nəticəni özünüz çıxararsınız. Deməli, toy başa çatır, gəlini ötürürlər gərdəyə. Amma bəy gəlib çıxmır. Ora bəy, bura bəy, axırda bəyi hansısa dərədən tapıb gətirirlər ki, gir qızın yanına da. Bəy deyir, yox, hələ girə bilmərəm, bir az gözləyək. Soruşurlar ki, niyə? Bəy qayıdır ki,  inqilabın qələbə çalmağına az qalıb, lap "vot-votdadır". Qoy inqilab qalib gəlsin, sovet hakimiyyyəti qurulsun, sonra. Buyurun, bu da sizə misal.

Bundan sonra auditoriyada nə baş verdiyini özünüz təsəvvür edin.

 

lll

Qulu müəllim həm də xoşxasiyyət, tələbələrlə zarafat etməyi xoşlayan,  mehriban müəllim idi. Amma hirslənəndə üzünü görmə - dönüb olurdu sərt, prinsipial, güzəştsiz tiran.

Əvvəllər - Azərbaycan sovet ədəbiyyatından dərs dediyi vaxtlarda imtahan ərəfəsində hansısa tələbənin saxtakarlığına əsəbiləşir və bircə anın içindəcə imicini dəyişib deyir:

- Süleyman Rəhimovun "Şamo" romanının 4 cildinin dördünü də oxumayan imtahana gəlməyə bilər. "İki"si indidən hazırdır.

S.Rəhimov o vaxtlar romanın 4-cü cildi üzərində işi hələ bitirməyibmiş  (romandan bəzi parçalar "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunubmuş). Ona görə də tələbələrdən ən cəsarətlisi əlini qaldırıb müdaxilə edir:

- Qulu müəllim, 4-cü cild hələ nəşr olunmayıb axı.

Qulu müəllimin səsi auditoriyanın divarlarına dəyib gur-gur guruldayır:

- Ə, nəşr olunub, ya olunmayıb - bunun mənə nə dəxli?! Nəşr olunmayıb, zəhmət çəkər, gedib əlyazmasından oxuyarsınız!

İndi bu sətirləri yazanda düşünürəm ki, həmin anda auditoriyadakı 25 tələbənin yəqin ki, hamısının təsəvvüründə belə bir mənzərə canlanıb: onların hamısı S.Rəhimovun yaşadığı evin girişində - qapının ağzında boyunlarını büküb növbəyə düzülüblər və içəridə "Şamo"nun əlyazmasını oxuyan yoldaşlarının çölə çıxmağını gözləyirlər. Hər kəsi  də bir sual narahat edir: "Görəsən, imtahan gününədək bu zırpı romanın əlyazmasını oxumaq ona nəsib olacaqmı ?"

Belə yerdə özünü necə saxlayasan? Təbii ki, qəfildən sinifdən bir gülüş uğultusu keçib və Qulu müəllim də tələbələrə qoşulub oldu əvvəlki mehriban Qulu müəllim.

Hərdən sizin üçün yaman darıxıram, Qulu müəllim.

Ruhunuz şad olsun.

P.S. Yeri gəlmişkən, deyim ki, sonralar Yazıçılar Birliyinə üzv olmaq üçün mənə qeyd-şərtsiz zəmanət verən stajlı üzvlərdən biri Qulu müəllim oldu.

 

Əlisəfdər HÜSEYNOV

525-ci qəzet . 2024.- 8 mart,¹45.-S.19.