Kamran Əliyevin bədii yaradıcılığı: həyat ətirli hekayələr

 

 

Azərbaycan elminin görkəmli nümayəndələrindən olan filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Kamran Əliyev (05.03.1953-24.12.2020) elmi fəaliyyətlə yanaşı, bədii yaradıcılığa da önəm verib, "İmranoğlu" imzası ilə maraqlı məzmuna və ideyaya malik nəsr nümunələri yaradıb. Dünya ədəbiyyatına dərindən bələd olan yazıçı hekayə və povestlərində milli koloriti qoruyub saxlayıb, canlı xalq dilinə üstünlük verib.

Hekayələrinin mövzularına gəlincə, müəllif onlardan bəzilərinin xəyal məhsulu olduğunu qeyd etsə də, böyük əksəriyyətini uşaqlıqda, gənclikdə gördüyü əhvalatlar, eşitdiyi söhbətlər əsasında qələmə aldığını vurğulayardı.

Onun "Dağlı məhəlləsi" kitabına K.İmranoğlunun eyniadlı avtobioqrafik hekayəsi, "Gəlincik", "Kollecdə valideyn iclası", "Oğru pişik", "Bənövşə oyunu" və sair hekayələri daxildir. Hər bir hekayənin öz dünyası olmasına baxmayaraq, onları birləşdirən ümumi cəhət dil-üslub xüsusiyyətidir: sadə və aydın bir dil. O dil ki, oxucunu yormur, onu hadisələrin birbaşa iştirakçısına çevirir, gündəlik məişətində işlətdiyi sözlər bu əsərlərdə cilalanaraq qarşısına bədii söz kimi çıxır.

"Dağlı məhəlləsi" hekayəsi, qeyd etdyimiz kimi, avtobioqrafik xarakter daşıyır. Bu hekayənin müzakirə-söhbətlərində yazar əsərdəki obrazların prototipləri haqqında da geniş məlumat verər,  hekayənin davamı kimi "204 nömrəli avtobus" və "Novruza bir gün qalırdı" hekayələrini göstərərdi. Belə ki, hekayələrinin mövzularının çox yaxın olması (tələbə həyatının müxtəlif və maraqlı yanları) ilə yanaşı, personojların bir çoxunun eyniliyi də bunu söyləməyə imkan verir. Əsərin qəhrəmanının Şamamaya olan münasibəti Yasamal deyilən ərazinin özünəməxsus strukturu - dolanbac, dar məhəllələri, hamamları, balaca, qaranlıq dükanları fonunda təsvir olunur. Hər üç hekayə nostaljik xarakter daşıması, 60-70-ci illər Bakı mühitinin ab-havasının təsviri baxımından seçilir: "Yasamaldakı hamam düz həmin məhəllənin yanında yerləşirdi. Məhəllədə kirayənişin qalan tələbələr öz tanış-bilişlərinə qaldıqları yeri tapmaq üçün məhz həmin hamamı nişan verərdilər".

"204 nömrəli avtobus" hekayəsindən oxuyuruq: "O zaman Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsi indiki İqtisad Universitetinin yerləşdiyi binanın sol tərəfində - Baksovetin qəbul otağı ilə üzbəüz olan hissəsində yerləşirdi. Universitetlərin yataqxanaları isə buradan xeyli uzaqda - Yasamalda olduğundan tələbələrin əsas çətinliyi yataqxanalardan fakültəyə necə gəlib-getmək idi". O mühitin aydın təsviri, sosial problemləri ilə bol olan tələbə həyatının acılı-şirinli xatirələri oxucuda o dövrlər haqqında geniş təəssürat yaradır, əsərə marağı daha da artırır.

Yazıçının məzmunca fərqlənən hekayələrindən biri də "Gəlincik"dir. Ali məktəbə qəbul olunan Mədinənin istəyini yerinə yetirən ailə, eyni zamanda keçmiş günlərə, ötən illərə də oxucu ilə birlikdə səyahət edir. Hekayə iki hissədən ibarətdir: tələbə adı qazanan Mədinənin uğur hekayəsi və onun uşaqlığının ayrılmaz hissəsi olan gəlinciyin hekayəsi. Gəlincik Mədinənin uşaqlığı və gəncliyi arasında bir körpüdür, vasitəçidir. Böyüyüb ali məktəbə qəbul olunsa da, uşaqlığının bir parçasını da özü ilə daşımaq istəyir. Mədinəyə uğur qazanmağın sirlərini öyrədən müəlliminin bu sözləri elə yazıçının oxucusuna çatdırmaq istədiyi fikirdir: "Söz yalnız deyilən və eşidilən deyil, gördüyün hər bir adamın özü də, hərəkəti də sözdür. Bu sözlərin sayı artdıqca insan yorulur, fikrini heç cür bir yerə cəmləşdirə bilmir..."

"Kollecdə valideyn iclası" hekayəsində K.İmranoğlu başqa bir yol seçib, sələfləri Sabit Rəhman və Mir Cəlal Paşayevin hekayələrini xatırladan bir əsər yaradıb. Bu hekayədə yazar aktual olan məsələni yarızarafat, yarıgerçək bir tərzdə oxucuya çatdıra bilib. Hekayəni oxuyarkən aydın olur ki, texniki kollecdə təlim-tərbiyə prosesini yoluna qoymaq üçün mütəmadi iclaslar keçirilir və belə iclaslardan biri də Novruz bayramı ərəfəsinə təyin olunur. Direktorun təşəbbüsü ilə baş tutan iclasa nədənsə direktor özü gəlib çıxmır. Bu da iclasa yığılanlar arasında dedi-qoduya səbəb olur. Lakin əsas məsələ və yazıçının vurğulamaq istədiyi bu deyildir. Əsas məsələ odur ki, iclasa valideyn adı ilə gələn valideynlərin çoxu valideyn deyil, yəni oxumayan, nizam-intizamı pozan tələbələrin valideyn adı ilə gətirdikləri bu şəxslər onların öz valideyni deyil, pulla, xahiş-minnətlə tutulmuş saxta "valideynlər"dir. Yazıçının komik bir dillə anlatdığı hadisələrin düyün nöqtəsi də budur. Direktor müavini bu "valideynləri" uşaqların davranışlarına görə danladıqca bu saxta valideynlər də "saxta" övladları üçün xəcalət təri tökürlər. Sonda isə hadisələr daha da çıxılmaz hala gəlir. Belə ki, tərbiyədən, etikadan dəm vuran Zəfər müəllimin özü də elə danladığı tələbələrindən fərqlənmirmiş. Sən demə, vaxtilə taksiyə ödəyəcəyi pulu gətirib çxartmamış, yəni sürücünü aldatmış, heç ummadığı bir zamanda da yalanı üzə çıxmış olur. Bütün bu olanlar da saxta övladı üçün danlanan, hətta "tərbiyəsiz" belə adlanan Farizin "atası" tərəfdən ortaya çıxır: "Yadından çıxıb, 3-4 il bundan qabaq teatrın yanında mənim taksimdən düşüb pul vermədin və dedin ki, evdən pul götürmək yadından çıxıb.... Sabah, ya da birisi gün səni tapıb pulunu verəcəyəm. Bəs hanı o pul? Üstündən düz 5 il keçib".

Ümumiyyətlə, K.İmranoğlu hekayələrinin bir xüsusiyyəti də odur ki, bu əsərlər novella xarakteri daşıyır. "Kollecdə valideyn iclası" da daxil olmaqla bir çox hekayədə biz bu xüsusiyyəti görə bilirik.

Milli koloritli yazıçı olan K.İmranoğlunun əsərlərində milli bayramlarımıza, tarixi ənənələrimizə sadiqlik göz qabağındadır və bunlar da bəzən hadisələrin təsvirində, bəzən də obrazların dili ilə oxuculara çatdırılır. Belə hekayələrə örnək olaraq "Novruza bir gün qalırdı", "Kollecdə valideyn iclası" və sair hekayələri göstərmək olar. Yazarın Novruz ətirli - milli ruhu bu əsərlərindən M.Şəhriyarın da nəfəsini duymuş oluruq. Hər iki sənətkarda Novruz bayramı, bayram ərəfəsi ürəklərə toxunacaq şirin bir dillə anladılır və Novruz bayramına olan bu sevgini, rəğbəti bayramın Azərbaycan xalqının canına-qanına hopması, xalq ilə bütünləşməsi ilə izah etmək olar: "Amma aldatma günümüzə hələ çox vardı, bayırda yazın nəfəsi duyulurdu, Novruz bayramının qədəmləri hiss olunurdu".

Başqa bir hekayədə də: "Farizin atası üzünü uşaqlara tutub ucadan dedi: "...Durun evimizə-eşiyinizə dağılın. Axşam düşür, avtobusların axırıncısına az qalır. Sabah da bayramdır".

K.İmranoğlunun hekayələri canlı xalq dilindədir, xalqın güzəranı, məişəti, yuxarıda bəhs etdiyimiz adət-ənənələri də bu mövzular sırasındadır. "Bənövşə oyunu" hekayəsində olduğu kimi, hekayələrin qəhrəmanları da elə xalqın içindən çıxıb. Bu hekayədə oxucu keçmişə - uşaqlıq illərinə və  məktəb dövrlərinə səyahət edir, o zamanlarda oynadığımız oyunları yadımıza salır. Hekayədə bir-birindən fərqli iki mövzu işlənsə də, əsas diqqət təlim-tərbiyə mövzusuna yönəldilib, bu işdə məsuliyyət daşıyan müəllimlərdən bəhs olunub. Yazıçı bir maraqlı məqama da toxunub: Azərbaycanın rayon və kəndlərində insanlara qoyulan ayamalar zaman keçdikcə onların öz adlarını unutdurur. Elə bu hekayədə olduğu kimi: "Nəcəfqulunun gədəsi və Kor Əsmərin nəvəsi". Kəndin əxlaq prinsiplərinə zidd gedən yeni ailə qurmuş bu gənclər nəinki evlərdə, məktəbdə də müəllimlər arasında müzakirə mövzusu olur və onların bu davranışı müəllimlərini bərk narahat edir: "Tutalım Nəcəfalıya dedin ki, uşağına tərbiyə ver, sonra küçəyə ötür. Bəs o nə cavab verəcək?.. Deyəcək ki, məktəbdə verdiyiniz tərbiyədi də qabağınıza çıxır".

Yazarın bədii yaradıcılığında "Oğru pişik" hekayəsinin özünəməxsus yeri vardır. Kamran müəllim söhbətlərində bu hekayəni bir başqa yerə qoyar və ondan xüsusi zövqlə danışardı. Yaşadığımız həyatın bir parçası olan bu canlılar kənd (həyət) evlərində xüsusilə çox olur, bəzən ev yiyəsinin dostu, bəzən də heç istənilməyən qonaq təəssüratı bağışlayırlar. Hekayənin "qəhrəmanı" ərköyün, özündənrazı pişikdir. "Onun oğru olduğunu hamı - bütün ailələr bilirdilər. Amma qəribə burasıydı ki, heç kəs onu həyətlərindən qovub çıxartmırdı. Əslində nə vaxt, haradan oğurluq elədiyini də heç kəs görməmişdi, ya da görmüşdülərsə də, bu barədə bir kəlmə belə danışan yox idi".

Bu pişik kənddə xüsusi hörmətə malikdir, çünki o, kənd camaatının xoşuna gələn qəhrəmanlıqlar edib: cücəli toyuğa çalağanla vuruşmada kömək etmək, zəlzələ zamanı camaatı duyuq salmaq və sair. Bu "əməllərinə" görə ona "gözün üstə qaşın var" deyən olmazdı. Oğru pişiyin digər bir özəlliyi də qürurlu olmasıdır. Tənbəlliyindən bir sərçə belə ovlamayan bu "hazıra nazir" pişik Qəssab Əlinin doğradığı ət tikələrindən birini götürərkən qəssabın onu görməsi (və ya ona elə gəlmişdi) ona bərk yer eləyir, bunu qüruruna sığışdırmayan pişik məhəlləni tərk edərək çıxıb gedir. Bu qürurlu heyvan bir çox insanlara nümunə ola bilər: zəifin, gücsüzün, köməyə ehtiyacı olanın yanında olmaq və bəzən gedə bilməyi də bacarmaq.

Həm müsbət, həm də mənfi xüsusiyyətləri ilə özünü sevdirən pişik oxucunun da sevimli heyvan qəhrəmanına çevrilir. Real həyat hekayələrindən qaynaqlanaraq yazılmış hekayədə kənd həyatının sadəliyi, canlılığı öz əksini tapmışdır. Yazarın bu qəbildən olan hekayələrini uşaq ədəbiyyatı nümunələri də hesab etmək olar.

K.İmranoğlu istedadı elmi fəaliyyəti ilə yanaşı, bədii yaradıclığında da özünü göstərib. Alim-yazar nəsrimizi özündə milli duyğuları ehtiva edən hekayə və povestləri ilə zənginləşdirib, hər zaman özünəməxsus dəst-xətti və üslubu ilə seçilib.

 

Əfsanə NAĞI,

Bakı Avrasiya Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru

525-ci qəzet . 2024.- 8 mart,№45.-S.18.