"Ən güclü insan
asanlıqla uyğunlaşmağı bacarandır"
ƏMƏKDAR ARTİST DİLARƏ ƏLİYEVA:
"OLDUĞUM MƏKANDA NƏYİSƏ
DƏYİŞMƏYİ BACARMIRAMSA, O MƏKANA
UYĞUNLAŞMAĞA ÇALIŞIRAM"
Bu yaxınlarda daimi oxucularımızdan biri soruşdu
ki, son zamanlar xanım müsahibləriniz daha çox olur, bu,
qadın həmrəyliyidirmi? Düzü, bunun o qədər də
fərqinə varmamışdım, çünki əsasən
daha maraqlı olan müsahiblərlə oxucuları
görüşdürmək kimi bir məqsədimiz olub həmişə.
Amma əslində qadın adı çəkilən yerdə,
orda gözəllik axtarmağa ehtiyac olmur. Nəzərə
alsaq ki, tarixən ən məğrur başlar belə,
yalnız qadın qarşısında əyilib, deməli,
dahilər onları elə-belədən vəsf etməyib.
"Əgər dünyada cəmi bir qadın qalsa belə,
onlar haqqında deməyə həmişə yeni bir söz
tapılacaq". Bu kəlamın C.Buffle adlı müəllifinin
kimliyini təyin edə bilməsəm də, qadına verdiyi tərif
ürəkaçandır.
Müsabimizlə söhbətə keçmədən
öncə bu günün özəlliyinə toxunaq. Təqvimdə
8 Martdır, yəni qadınların bayramı. Əslində
ildə bir dəfə deyil, hər gün qadınların
üzündə ən azından təbəssüm yaradıb
onlara bayram əhvalı yaşatmaq lazımdır.
Çünki unutmayaq ki, qadının ANA kimi
daşıdığı ad var. Məhz qadınların
yetişdirdiyi oğullar 44 günlük bir salnamə
yazdılar tarixə. Və dahi Cavidin də: "Sürüklənən
bəşəriyyət qadınla yüksələcək"
misrası qadın adının böyüklüyündən
soraq verir.
Hə, qayıdaq təqvimin bu gününə. Oxucu
da növbəti müsahibini gözləyir. Bugünkü
gündə təbii ki, həmsöhbətimiz bir xanım
olmalıdır. Təsadüfdürmü, ya başqa bir
şeydir, bilmirəm. Onu bilirəm ki, tam yerinə düşən
bir müsahibimizi sizlərə təqdim edirik. Teatr və kino
aktrisası, teleaparıcı, respublikanın Əməkdar
artisti Dilarə Əliyeva bu özəl günün
qonağıdır.
- Narahat dünyanın narahat sakinləriyik...
- Dünya narahat ikən, mən necə rahat ola bilərəm?
Amma rahatlığımızı təmin etmək
üçün bəzən narahat olmaq da gərəkdir. Deməzdim
ki, xarakter etibarilə çox da rahat adamam. Hər zaman nələrdənsə
narahatam, nigaranam. Mənə elə gəlir ki,
yarımçıq nəsə qalıb, onu tamamlamalıyam. Nəyisə
həll etməmişəm, nəyisə
çatdırmamışam, tələskənliyim də var.
Yəni belə...
- İllər sonra hamının Dilarə Əliyeva
kimi tanıyacağı bir qızın böyüdüyü
mühitdən danışaq...
- Sumqayıtda böyümüşəm. Atam iaşə
sahəsində çalışıb, anam evdar xanım olub.
Maddi vəziyyəti ortabab olan dörduşaqlı ailənin
ikinci övladıyam. Çox ciddi valideyn himayəsində
böyümüşük. Biz uşaqlar nizam-intizamı
yüksək, dərslərində çalışqan
olmuşuq. Oxuduğumuz 21 saylı məktəbdə müəllimlər
hamımızı sevib. Yaxşı həyətimiz, isti
münasibətdə olduğumuz qonşularımız
vardı. İndi hər dəfə ora gedəndə nostalji
hisslərə qapılmaya bilmirəm.
- İncəsənətə gələn yola qərar
vermək yəqin ki, zaman tələb edib...
- Bir neçə gün əvvəl bu haqda
düşündüm. Sənətə, səhnəyə
sevgim, istəyim böyük idi. Tək qalan vaxtlarımda
özlüyümdə tamaşalar qurardım, səhnədəymiş
kimi rollar oynayardım, nələrisə
düzüb-qoşardım. Bütün bunların fonunda səhnəyə
gəlməyə cəsarət etməzdim bəlkə də.
Məktəb illərindən çox aktiv şagird
olmuşam. Tədbirlərin aparıcısı idim daima, amma
bununla yanaşı, alman dilini hədsiz sevirdim. Son günə
qədər düşünürdüm ki, alman dili üzrə
təhsil alacağam, Almaniyada yaşayacağam. Sonuncu sinfin təqribən
fevral ayı olardı, sinif rəhbərimiz rəhmətlik
Güllü müəllimə mənə dedi ki, Dilarə, eşitdim
sənədlərini alman dilinə verəcəksən. Dedim
ki, bəli. Üzümə diqqətlə baxıb: "Yox, nə
danışırsan? Sənin fitri istedadın var, sən səhnədə
olmalısan və incəsənətə getməlisən"
dedi. Üç-dörd belə cümlə ilə
Güllü müəllimə məni inandırdı və
elə həmin gündən fikrimi dəyişərək incəsənətə
hazırlaşmağa başladım. Uğurla universitetə qəbul
oldum. Elə birinci kursda ikən Elçin Musaoğlu mənə
çəkdiyi "Leyli və Məcnun" filmində Leyli
obrazını verdi, bu, ilk filmim oldu. Ardınca Oktay
özünün Mar Bayciyevin "Ər və arvad" əsəri
üzrə hazırladığı diplom tamaşasında mənə
rol təklif elədi. Çox maraqlı tələbəliyim
keçib. Universitetin həyatında aktiv
iştirakçılardan idim və sonda fərqlənmə
diplomu ilə ali təhsilimi başa vurdum.
- Yəni ailədən maneə görməmisiniz...
- Düzü, əvvəl elə bildim ki, qərarımı
yaxşı qarşılamazlar. Amma bunun əksi oldu.
Yaxşı da qarşıladılar, dəstək də
gördüm. Maneə deyə bir problem yaşamadım.
- Dilarə və səhnə...
- Oktayla tanışlığımızın ilk
dövründə o, məni C.Cabbarlı adına İrəvan
Dövlət Azərbaycan Dram Teatrına gətirdi.
Hazırlanan tamaşaların məşqlərində
iştirak etməyə başladım. Teatrın direktoru
qayınatam Xalq artisti Vidadi Əliyev idi, qayınanam da orada
aktrisa idi, Xalq artisti Elmira İsmayılova. İrəvandan
Bakıya köç etmək məcburiyyətində qalan
teatrda addımlarımı atmağa başladım. Həmin
teatrda ilk rolum Hidayət Orucovun "Məhəbbət
yaşayır hələ" tamaşasında Xatirə
obrazı oldu. Rol uğurlu alındı, hamı tərəfindən
bəyənildi. Tamaşaya baxan sənətkarlar haqqımda
bir teatr aktrisası kimi yaxşı fikirlər söylədilər.
Bir sözlə, qəbul edildim. Teatr aktyorun ifadə vasitəsidir,
özünün istedadını bütünlüklə
realizə edən məkandır, tamaşaçılara
yaratdığı xarakterin əzabını,
iztirabını, sevincini daha yaxından göstərən
güzgüdür. Heç bir incəsənət sahəsi
teatrın yerini verə bilməz. Bir yerdə ki, baş verən
hadisənin doğulduğunu görürsən, onu izləyə,
yaxından hiss edə bilirsən, bura əvəzsiz məkandır.
Aktyoru yetişdirən, püxtələşdirən, sənətkar
edən məkan.
- Aktyor...
- Dondan-dona girən, başqa-başqa insanların taleyini
yaşayan, yaşadan, sevdirən, nifrət etdirən,
oynadığı şəxsin adından bəhs etdirən,
özünü tam unudan, hamının yerinə qoyan,
oynadığı obrazların adı ilə
çağırılan, yüzlərlə insanın
alqışları altında yola salınan, evinə gedib tək
yatan varlığa aktyor deyilir. Aktyor ömürləri
çox müxtəlif olur. İçində səhnədə
500 nəfərin ayaq üstə alqışlarını
görəni də var, son mənzilə yola salınanda on nəfəri
görməyəni də. Səhnədə varlı
oliqarxı oynayıb evinə gedəndə heç
soğan-çörəyi tapmayanı da var, ailəsini atan, Vətənini
satan, övladını atıb yadı tutanı da var,
nümunəvi ailə başçısı da, Vətəninə
xeyirli, faydalı olanı da. Bu insanlar üçün səhnə
müqəddəsdir, and yeridir, toxunulmazdır.
Güzgünün qarşısında saatlarla məşq edən,
yol gedəndə öz-özünə danışan,
oynadığı obrazın taleyilə öz taleyini
müqayisə edən, "görəsən, mən olsam belə
edərəmmi" deyə düşünən, hərdən
obrazına haqq qazandıran, hərdən də nifrət etdirən
adamdır aktyor. Rejissora israrla: "Axı, bu adam belə etməzdi"
deyərək, obrazın gedişatını,
davranışlarını, dəyişəndə
rahatlaşan, roldan-rola böyüyən, balacalaşan, qocalan,
uşaqlaşan adamdır aktyor. Bilirsiniz necə aktyorlar
görmüşəm?
- Bilmirəm...
- Normal həyatda dinməyən,
danışdırmasan danışmayan, bir insanın pərdə
açılanda nə boyda nəhəng olduğunu, nə boyda
söz, sənət sahibi olduğunu görmüşəm. Səhnədə
bir ordunu idarə edən, həyatda tək övladı ilə
bacarmayan aktyor görmüşəm. Səhnədə
hamıya sataşan, həyatda kimsəyə gözünün
ucu ilə baxmayan aktyor da görmüşəm. Həyatda bir
dəfə də olsun gözündən yaş axmayan, səhnədə
obrazı üçün göz yaşları axıdan aktyor
da görmüşəm. Səhnədə obrazının dərdindən
xəstəlik tapan, obrazına görə dinini,
etiqadını, ölkəsini, Vətənini dəyişən
aktyor da görmüşəm. Alqışlardan göydə
uçan, səhnədə tamaşa bitməmiş evə xəstə
yanına qaçan aktyor da görmüşəm.
İzdihamdan əlləri, ayaqları əsən, səhnədə
valideyninin ölüm xəbərini eşitsə də,
axıra qədər oynayıb heç nə hiss etdirmədən,
amma gedib sabaha qədər ağlayan aktyor da görmüşəm.
Bu səhnə kimləri görmədi ki... Roldan-rola
böyüsə də, başı aşağı
düşən, tumurcuq açmamış hamının
gözünü deşən, ailə qurandan sonra səhnədə
qadağaya düşən aktyor da görmüşəm.
- Düşündürücü monoloq söylədiniz...
- Fikrimi bitirmədim...
- Davam edin...
- Heç üzünü görmədiyimiz tarixi
şəxsiyyətləri aktyorların simasında sevmədikmi
biz? Dərddən-qəmdən uzaqlaşmaq üçün
kinolara baxıb ürəkdən gülmədikmi? Nümunəvi
obraza baxıb pis vərdişlərimizi tərgitmədikmi?
Kinolara baxıb illərlə küsülü
qaldığımız doğmalarımıza barışmaq
üçün zəng etmədikmi? Nəyin düz, nəyin
səhv olduğunu kinolara, tamaşalara baxıb dərk etmədikmi?
Əsl seviləsi, qədri bilinəsi, nazı çəkiləsi,
hörmət ediləsi peşədir aktyor peşəsi.
Özümüzdən çıxanda nə qədər səhvlər
edirik biz? Özlərindən çıxıb başqalarının
həyatını səssiz oynayanlardı onlar. Öz dərdimizdən
baş çıxara bilmirik, başqasının dərdini,
yükünü çəkir onlar. Biz onlara baxırıq,
düşünürük ki, onlar ekrandan baxır bizə.
Bizi görə-görə oynayır onlar. Onlara diqqətlə
baxın, obrazlarını diqqətlə izləyin. Bir də
baxarsız ki, sizi oynayır onlar... Bayaq monoloq dediniz. Bəli,
sualınıza aktyor haqqında monoloqumla cavab verdim.
- Amma tamaşaçı Dilarəni daha çox efirdə
gördü...
- 90-cı illərin sonunda Oktaygili "SOY"
prodakşını yaratdılar və efirdə "Həftə
çal-çağırı" adlı veriliş
görünməyə başladı. Həmin verilişdə
mənə "Pıçapıç"
rubrikasını aparmaq həvalə olundu. Rubrika efirə
çıxan andan tamaşaçı onu sevdi, gözləməyə
başladı və insanların qəlbinə yol
tapmağımda bir tramplin oldu. Həmin vaxtdan o balaca
"Pıçapıç" illərlə
pıçapıç edə-edə, çevrəsini, məkanını
böyüdə-böyüdə oldu
"Çal-çağır" şou. Bir də
gördük ki, 25 yaşımız var. Bu illər ərzində
verilişlərimiz bir-birindən fərqli, inkişaf edən
xətt üzrə novator olaraq, zamanın nəbzini tutaraq bu
gün də yolunu davam edir.
- Bir az da televiziyadan danışaq...
- Televiziya mənim üçün ən böyük
təbliğat vasitəsidir. Öz istedadını,
bacarığını daha kəsə yolla insanlara göstərən
kütləvi təbliğat açarıdır. Bir aktyorun
teatrda on ilə gəldiyi yolu bir günə qət edən məsafədir
televiziya. Çox arzu edərdim ki, televiziya söz deməyi
bacaran insanların əlində olsun. Sonu görünməyən
bu televiziyaya sözü olanlar söz deməyə gəlsin. Fəaliyyətim
boyu bir an da olsun televiziyanın mənim üçün
yaratdığı bu böyük, sərhədsiz imkanlardan
sui-istifadə etmədim, hər şeyi yerli-yerində etməyə
çalışdım və buna nail oldum.
- Efirlərimizin bu günü...
- Azərbaycan efirlərinin bugünkü imkanı Azərbaycanın
bugünkü imkanlarını göstərir. Bizdən
çox-çox qabaq dahi Sabir öz cavabını verib:
"Niyə bəs böylə bərəldirsən, a qare
gözünü. Yoxsa bu ayinədə əyri görürsən
özünü". Biz necəyiksə, televiziyada da eləyik.
Razı olduğumuz anlar da olub, narazı da. Demək ki,
televiziya razılıq və narazılıq dolu bir aləmdir.
- Efirlərdəki sosial layihələr və
tamaşaçı marağı...
- Sizə elə gəlmirmi ki,
tamaşaçını məhz bu layihələr
maraqlandırır? Tamaşaçının bəyənmədiyi
verilişi anındaca digərinə çevirmək kimi bir
imkanı var. Bir araşdsırma aparın və sosial şəbəkələrdəki
göstəriciləri müqayisə edin. Görün bizim
klassik musiqilərin, ifaçıların, intellektual
verilişlərin baxış sayı nə qədərdir,
sosial layihələrin reytinqi nə qədər? Bax, burda
insanların marağı açıq-aşkar
görünür. Heç uzağa getməyək, normalda
hamı başını aşağı salıb
iş-gücünün arxasınca gedir. Amma yolda iki nəfər
demirəm dalaşa, bir qədər sözləri çəp
gəlib hündürdən danışırsa, istər-istəməz
hamının diqqətini çəkir. Bilirsiniz, bunlar təkcə bizdə deyil,
bütün dünyada var. Kimə maraqlı deyilsə,
baxmasın, hər kəs özünə cavabdeh deyilmi? Mənim
fikrimcə isə "nə yaxşıdır, nə pis"
deyib deyinməkdənsə, bunu işdə sübut etmək
daha yaxşı olar.
- Yəni...
- Deyirlər ki, filankəs
necə oxuyur ki, bir ordu dinləmə rekordu qırır,
bu, bizim musiqi deyil. Bu iradı bildirən oxuyanlar elə bir
musiqi ortaya qoysunlar ki, o rekordu ötüb keçsin, yəni
qızıl bir ortanı tapmaq lazımdır. Deyinməklə,
bəyənməməklə iş hasilə yetmir...
- Deməli, reytinq dalınca qaçmaq...
- Mən bu gün reytinq dalınca heç
qaçmıram. Verilişimi hazırlayıram, kifayət qədər
maraqlı, işinin peşəkarlarını, sənətkarları
dəvət edirəm, onlarla zarafatlaşır,
deyib-gülürəm. Sözü elə adama deyirəm ki, o
da mənə söz deyə bilsin.
- Bir verilişin sanbalı aparıcıdan
asılıdır...
- Aparıcı ən ümdə özünü
aparmağı bacaran biridir.
- Aktrisa kimi kino fəaliyyətiniz də genişdir.
Sanki səhnədən çox orada rahatsız...
- Uzun müddətdir səhnədən ayrı
düşdüyümə görə indi televiziyada rahatam. Səhnəyə
qayıdaramsa, o zaman hansı vəziyyətdə olduğumu
hiss edərəm. Lakin mən düşünürəm ki, ən
güclü insan asanlıqla uyğunlaşmağı
bacarandır. Narahatçılığı sevmədiyim
üçün çalışıram ki, olduğum məkanda
nəyisə dəyişməyi bacarmıramsa, ora
uyğunlaşım. Yəni rahatlığımı tapana qədər
narahatlığı dəf edə bilən biriyəm.
- Sənətin ağır və asan tərəfləri...
- Asan heç nə yoxdur. İşi ciddiyə alanda,
iş qəlizləşir. Heç vaxt nəyisə etmək
mənim üçün asandır deməmişəm. Rolu əlimə
alanda ətrafdakılar düşünə bilər ki, Dilarə
Əliyeva illərin peşəkar aktrisasıdır və bu
rolu oynamaq onun üçün iki vur ikidir. Xeyr, ən birinci mən
işimi ciddiyə almasam, onun qulpundan yapışmaram.
Oynayacağım obrazda yeni bir xarakter tapmasam, ona yeni rəng
qatmasam, tamaşaçıya yeni bir ismarıc göndərməsəm,
onun fabulasını, paradiqmasını görməsəm, brmənalı
şəkildə o rolu yarada bilmərəm.
- Müşgünaz obrazı kimi...
- Müşgünaz obrazı mənə o zaman həvalə
olundu ki, "Çal-çağır" verilişi pik
nöqtəsində idi. Tamaşaçının dilindən
nə veriliş düşürdü, nə də Dilarə.
Belə bir ərəfədə bu obrazın mənə təklif
olunması birmənalı qarşılanmadı,
çoxları buna etiraz da etdi. Bu qadının bütün
ağrı-acısını, iztirabını,
yaşadıqlarını hiss etmək üçün
Müşgünaz xarakterini araşdırmağa
başladım. Demək olar ki, bütövlükdə Cavid
yaradıcılığını, Müşgünaz
xanımın onun haqqındakı xatirələrini dönə-dönə
oxudum. Deyərdim ki, bu xatirələrdə Müşgünaz
xanım öz xarakterini, portretini dəqiqliklə əks etdirə
bilib. Və bütün bunları o qədər dərindən
hiss edirdim ki, yuxuda belə, həmin iztirabları yaşayıb
biixtiyar ağlayırdım. Bunu səhərlər göz
yaşlarımdan tamam islanmış yastığımı
görəndə anlayırdım. Təsəvvür edin, o
filmin çəkilişlərinə istidən soyuğa
düşən kimi gedirdim. Bir həftə
"Çal-çağır"a hazırlıq,
tamaçaşı ilə demək-gülmək və oradan
üzündə hələ gülüşün izləri
ola-ola çəkiliş meydançasına gəlib belə
bir ciddi, ağır xarakter
yaratmaq. Ona görə də mənə belə bir fürsəti
verənlərə bir ömür minnətdaram. Artıq filmin
üstündən 17 il keçib, lakin hər dəfə
Müşgünaz xanım haqqında söhbət düşəndə,
Cavidin adı ilə bağlı tədbirlərə dəvət
alanda istər-istəməz geri qayıdıram, bir müddət
oralarda qalıram. İstəmirəm pafoslu alınsın, amma
o rolu mən oynamadım, Müşgünaz xarakterini
yaşadım.
- Ömrümüzün 44 günü...
- Belə bir deyim var ki, əgər insanlar dünyaya anaların
gözü ilə baxsaydı, müharibələr olmazdı.
Səkkiz hərfdən ibarət bu söz çox qorxuludur.
Müharibə itki deməkdir. İtki isə çox
ağır məfhumdur. Biz müharibə olmasın deyə həyatımızın
30 ilini itirdik və dəyişən də heç nə
olmadı. Lakin həmin 44 gün çox şeyi dəyişdi.
- Yoxluğunu bilə-bilə yaşamağın
yükü...
- Həyatda güclü insanlar yıxılmır ki?
Onların gücü bilirsiz nə vaxt bilinir? Yıxılandan
sonra qalxmağı bacaranda. Aldanaraq gəldiyimiz bu dünyada
özümüzü dərk edəndən sonra analar bizə
deyirlər ki, olum varsa, ölüm də var. Lakin biz bunu
heç zaman yaxına buraxmırıq. Ölüm haqqında
düşünəndə buna bir tamaşaçı kimi
baxırıq, zənn edirik ki, bu, bizə aid deyil. Yalnız həyat bizə tərs şilləni vuranda
anlayırıq olanları. Əlində olmayan, baş verən
acı bir hadisənin iztirabı əlində olanlara
şükür edənə qədərdir. Bundan
sığortalanmadığımıza görə nə qədər
çətin də olsa, şərəflə
yaşamağı bacarmağımız sualınızın
cavabıdır.
- Bir göz qırpımı...
- Dediyiniz bir göz qırpımında elə bir
şey baş verir ki, ömür boyu düşünsən də,
cavabını tapa bilmərsən...
- Geri boylananda heyifsiləndikləriniz...
- Həyatda heyifsiləndikləri olmasa, insan davam edə
bilməz. Ən böyük səhv, səhv bildiklərindən
və onlardan dərs çıxarmamaqdır. Gəlin bu səhvlərin
hamısını yazaq dərs çıxarmağın
ayağına...
- Amma söhbət həmişə var...
- Nə qədər ki, insan var, bir o qədər də
söhbət var. Bəzən isə sözsüz də
söhbət var...
- Bu gün 8 Martdır...
- Qadınlar
Tanrının yer üzünə hədiyyəsidir.
Qadınlara arzu edirəm ki, kimliyindən asılı olmayaraq,
kimsədən heç nə gözləmədən, özlərinin
çox böyük hədiyyə olduğunu anlasınlar.
Öz qədrini bilən xanımın dəyərini hər kəs
bilir. İstəyirəm ki, qadınların bütün
gözləntisi elə özlərindən olsun.
Tamilla M-zadə
525-ci qəzet . 2024.- 8 mart,¹45.-S.16;17.