O KÜÇƏDƏN KEÇƏCƏYİK  

 

Öz vətənində əsl böyüklüyünlə görünmək, bilinmək, etiraf edilməkçün nə boyda olmalısan, öz vətənin, millətin üçün hansı işləri görməlisən, dünyada nə qədər tanınmalısan ki, nəhayət, burada da sənin böyüklüyün təsdiq edilsin?

O, Azərbaycandan çıxmış, Azərbaycan türkü olan və bütün dünyada tanınan, qəbul edilən, etiraf olunan böyük alim idi. XX yüzildə və artıq asta-asta yaşa dolan XXI əsrdə o taylı-bu taylı Azərbaycandan çıxan və bütün dünyada şöhrətlənmiş xeyli alimimiz olub, var və gələcəkdə də olacaq. Lakin onların hamısının arasında professor Turxan Gənceyinin yeri müstəsnadır və o, ən ucada dayanır.

Kimsə iddia etmək istəyər ki, bəs bizim Lütfi Zadə (1921-2017) kimi nəhəng soydaşımız da olub. Doğrudur, olub və dünyaca məşhur, elmin ən müxtəlif sahələrində parlaq nəticələrə gəlib çatmış, böyük elm tarixinə imzasını atmış, qürur duyduğumuz başqa alim övladlarımız az deyil. Onlar böyük elmə xidmət ediblər, elmin ayrı-ayrı sahələrində yüksəliblər. Lakin Lui Pasterin (1822-1895) sözləri də heç vaxt unudulmasın: "Elmin vətəni yoxdur, amma alimin vətəni var". Turxan Gənceyini əvəzolunmaz edən, dünyada tanınan bütün başqa alimlərimizdən seçdirən vacibdən-vacib bir cəhət var. İlk gənclik illərindən başlayaraq ömrünün sonunacan bütün yaratdıqları ilə o, dilimizə, sözümüzə, ədəbiyyatımıza, mədəniyyətimizə, tariximizə, millətimizə, Azərbaycana xidmət elədi. Dünyanın müxtəlif ölkələrində ayrı-ayrı dillərdə onillər boyu yazdığı, nəşr etdirdiyi, işıq üzü görən kimi də dərhal yüksək dəyərləndirilən və köhnəlməyən əsərlərinin hamısının baş mövzusu Azərbaycan oldu, Turxan Gənceyi ümumən elmə deyil, ilk növbədə elmlə Azərbaycana xidmət etdi.

XX yüzildə Azərbaycanın Təbrizdən çıxmış çox görkəmli dövlət adamı və maarif xadimi vardı - Seyid Həsən Tağızadə (1878-1970). O, köksünə sığmayan fərəh duyğusu ilə hələ 1950-ci illərin sonlarında, 1960-cı illərin əvvəllərində yazırdı ki, Turxan Gənceyi İrandan - Azərbaycandan çıxmış və artıq dünyada tanınmağa başlayan ilk türkoloqdur. Turxan Gənceyi vətənə gərək olmağın bu yolunu seçdi və zəkası, qələmi, işığı ilə Azərbaycanın şöhrətini bütün dünya boyu yaydı.

O, uca azərbaycanlımızdır, bütün azərbaycanlıların iftixar duymalı olduğu böyük vətən övladıdır. Bəs vətən bu böyük övladını necə tanıyır? Onun layiq olduğu ali qiymətini hansı həddə verə bilib?

...Turxan Gənceyinin atası Zeynal Məmmədov şair, jurnalist, publisist, ən fəal mollanəsrəddinçilərdən biri idi. Əbdürrəhim bəy Haqverdiyevlə (1870-1933), Mirzə Cəlillə (1866-1932), Salman Mümtazla (1884-1941), Hüseyn Cavidlə (1882-1941), Əliqulu Qəmküsarla (1889-1919) dostluq edir, onlarla oturub-dururdu. Belə nurlu çevrəsi artıq onun kim olduğunu aydınca göstərməkdədir.

Hüseyn Cavid Zeynal Məmmədovu hələ İstanbuldan tanıyırdı. O, 1909-cu il yanvarın 4-də İstanbuldan Qurbanəli Şərifova (1854-1917) göndərdiyi məktubda Zeynal Məmmədovu belə təqdim edirdi: "Maşallah, eyi cavandır. Tərəqqiyə mail, həqiqətə müştaq bir gəncdir".

Ötənləri yada salan Əziz Şərifsə (1895-1988) "Keçmiş günlər" adlı xatirələr toplusunda o illərə qayıdır və yazırdı ki, "mən Zeynal Məmmədovu hələ gimnaziyada oxuduğum vaxtlardan tanıyırdım. Təxminən Hüseyn Rəsizadə - Hüseyn Cavid yaşlarında olardı. Qurbanəli Şərifovla da yazışardı. O, zəngin bir adam idi, Türkiyə ilə, Rusiya ilə ticarət əlaqələri vardı. 1913-14-cü illərdə, Əliqulu Qəmküsarın "Molla Nəsrəddin"ə redaktorluq etdiyi vaxtlarda bu jurnalla əlaqəsi çox sıx idi. Mütəmadi olaraq "Molla Nəsrəddin"in səhifələrində məqalələri, felyetonları işıq üzü görürdü".

Əziz Şərifin bu xatirəsinin izi ilə XX əsrin əvvəllərinin mətbuatını vərəqləyəndə, həqiqətən də, yalnız "Molla Nəsrəddin"də deyil, o dövrün digər nəşrlərində də Zeynal Məmmədovun müxtəlif imzalarla yazılarına tez-tez rast gəlirik. Xüsusən də şeirlərinə. O, bədii yazılarını "Səfvət" təxəllüsü ilə imzalayırmış. Səfvət - yəni saflıq, düzlük. Saflığı və düzlüyü Zeynal Məmmədov oğlu Turxana da uşaqlıq illərindən aşılamışdı.

...Yolunun lap başlanğıcından Turxan Gənceyi ana dilini seçdi, anadilli ədəbiyyatımızı araşdırmaq yolunu tutdu. Əlbəttə, farsdilli ədəbiyyatımız da bizimdir, o irsi də mükəmməl şəkildə öyrənməliyik və inanıram ki, Turxan Gənceyi lap başlanğıcdan farsdilli Azərbaycan ədəbiyyatını araşdırmaq səmtinə üz tutsaydı, çox böyük nailiyyətlərə çatardı, indi tanımadığımız, ya az bildiyimiz neçə-neçə farsdilli şairimizi üzə çıxarardı. Gərək məntiqlə də Turxan Gənceyi farsdilli ədəbiyyatı araşdırmaqla məşğul olaydı, çünki təməl təhsili farscaydı, farscanı ana dili kimi bilirdi, ibtidai, orta təhsilini İranda almışdı. İstanbulda universitetə daxil olana qədər onun ana dilində gördüyü məktəb yox idi. Amma burada bir az tələsdim. İranda Azərbaycan dili tədris edilən məktəb yox idisə də, Turxanın öz ailəsinin içərisində mükəmməl ana dili məktəbi olmuşdu - atası Zeynal kişi. Və bu məntiq daha güclü çıxmışdı - ailə tərbiyəsi onun gələcək irəliləyiş səmtini də müəyyənləşdirmişdi. İranda ana dilində məktəb yox idisə də, ailənin içərisindəki Zeynal Məmmədov məktəbində uşaqlıq illərindən başlayaraq Turxan "Molla Nəsrəddin" oxuyurdu, Hüseyn Cavidi, "Kəmalüddövlə məktubları"nı mütaliə edir və bu ruhda tərbiyələnirdi. Ona görə də gələcəkdə tutacağı səmt özü əvvəldən onu seçmişdi. Hələ Turxanın dünyaya gəlməsindən xeyli əvvəl - 1914-cü il iyulun 7-də Mirzə Cəlil Həmidə xanım Məmmədquluzadəyə (1873-1955) yolladığı növbəti məktubunda yazırdı ki, ümidvaram gələn ildən "Molla Nəsrəddin"in işlərini qaydaya salacağam. Dünən Zeynaldan məktub almışam. Yessentukidən yazır ki, mənə 120 nüsxə "Molla Nəsrəddin" göndər. Açığı, təsəvvür edə bilmirəm ki, bu qədər nüsxəni orada necə satacaq.

Bu məktubda diqqət çəkən əsas cəhət Zeynalın hələ o vaxtlar "Molla Nəsrəddin"i və bu dalğanı daha geniş yaymaqdakı məxsusi fəallığı, hətta Mirzə Cəlilin tərəddüdlü olduğu məkanlarda belə dərgiyə oxucular, tərəfdarlar tapmaq məharətidir.

Başqalarını "Molla Nəsrəddin"ə kökləməkdə, anadilli sözümüzə cəlb etməkdə bunca cani-dildən çalışan Zeynal, əlbəttə ki, öz balasının ana ədəbiyyatımıza daha artıq yiyələnməsi yolunda ikiqat artıq səylər qoymaya bilməzdi.

Və elə həmin canatmaların nəticəsidir ki, Turxan Gənceyi uşaqlıq, yeniyetməlik çağlarından anadilli ədəbiyyatımızın aşiqinə çevrilmişdi.

...Tale gəncəli Zeynal Məmmədovu gətirib çıxarmışdı Naxçıvana və burada da ailə həyatı qurmuşdu, Kəngərlilər nəslindən olan Gövhər xanım adlı bir qızla evlənmişdi. Görünür, o vaxt Zeynal Məmmədov müəyyən qədər inqilabi işlərə də qatılıbmış. Və bu, təsadüfi deyildi. Dövrün özü o cür idi, zəmanədə bir inqilab havası vardı. Bunu Əziz Şərifin həmin mühit barəsində müşahidələri də təsdiqləməkdədir. Moskvada təhsil aldığı dövrdə bir neçə günlüyə Naxçıvana gəlibmiş.

Deyir, burada kimə rast gəldimsə, hamısı özünü sosial-demokrat adlandırırdı. Təsəvvür edin - Naxçıvanda vəziyyət belə imişsə, görün Tiflisdə, Bakıda nə təhərmiş!

Zeynal Məmmədovun şuluq adam olmasının, ictimai həyatın hadisələrinə biganə qalmamasının sübutudur ki, vaxtaşırı Məmmədəli şah əleyhinə fars dilində satirik şeirləri müxtəlif dərgilərdə, qəzetlərdə dərc edilirmiş və günlərin birində Naxçıvanı tərk edəsi olur, həm də belə anlaşılır ki, Naxçıvandan zorən ayrılmalı idi. Çünki bir gecənin içərisində başılovlu yığışıb qaçırlar. Görünür, hansısa təqiblər varmış. O qədər tələsirlər ki, evdən özləri ilə heç nə götürə bilmirlər.

İllər sonra Turxan Gənceyi mənimlə köhnə ailə xatirələrini bölüşərkən deyirdi ki, atamgilin bir az gümüşləri-filan varmış, onu da götürməyə macal tapmamışdılar, valideynlərim İrana qaçmışdılar, sonra atamın etibarlı dostlarından biri həmin gümüşləri onların ardınca yollamışdı.

Nə dərəcədə tələsik baş götürüb qaçmalarının təfərrüatlarına varanda bu ehtimal da yaranır ki, hətta ölüm-itim təhlükəsi də varmış. Hətta ən zəruri sənədləri belə götürməyə macalları olmamışdı. Naxçıvanda qalan sənədlərin arasında kəbin kağızları varmış.

1991-ci ilin yayı idi. Londonda Turxan Gənceyinin həyətində əyləşmişdik. Xatirələrin cığırı ilə məni dünənlərə apararkən bunu da yada saldı ki, 1980-ci illərin sonlarında Bakıda imiş, atasının köhnə naxçıvanlı dostlarından biri Turxanın gəlişindən xəbər tutunca onu axtarıb tapır: "Özü ilə bir sənəd gətirmişdi. Təqdim elədi mənə, dedi ki, bu, sənin atanla ananın kəbin kağızıdır və həmin əhvalatı mənə danışdı ki, necə olub bu kəbin kağızı onda qalıb".

Artıq ixtiyarlaşmış Turxan Gənceyi bu əhvalatı kövrələrək danışırdı. Atası ilə anasının kəbin kağızı, əlbəttə ki, nəslinin bir yadigarı kimi onun üçün çox əziz idi. Amma onu daha artıq mütəəssir edən və qəhərləndirənsə insanların sədaqəti, vəfası idi - sərhədlərin qapalı vaxtlarında, sovet əyyamlarında, haçansa görüşmək, rastlaşmaq ehtimalının təxminən yox kimi olduğu dövrdə bu bir əlçim kağızı illərcə göz bəbəyi kimi qoruyub saxlamış sadə bir insanın etibarı...

...Zeynal Məmmədov gənc zövcəsi ilə birgə Təbrizdə yerləşmişdi. Lakin o, tamam başqa bir mühitin adamı idi. Düzdür, burada sağında-solundakılar azərbaycanlılar idi, ana dilində danışırdılar, amma mürgüsü ifrat olan bu mühit onunku deyildi. O, daha qaynar, inqilab ovqatlı bir mühitin içərisindən çıxıb gəlmişdi və buralar onun nəfəsini təngidirdi.

Zeynal düşüncəsi və ruhu etibarı ilə türkçü idi. Onun türkçü mahiyyətini nişan verən ən üzdə olan sübut iki uşağının hər birinə sağda-solda heç kəsdə olmayan adları verməsi idi. Bir balasının adını Gültəkin, digər oğlunun adını Turxan qoymuşdu.

Və Turxan bəy mənə söyləyirdi ki, məktəbdə çoxları bu sözlərin mənasını anlamırdı, onların qulağına bu adlar yad gəlirdi, heç düz yaza da bilmirdilər. Qardaşımın adını məktəbdəki iş dəftərlərində, sinif jurnallarında "Qultekin" yazırdılar. Turxan bəy 1925-ci il doğumluydu və onun uşaqlığı Rza şah Pəhləvinin (1878-1944) dövrünə təsadüf etmişdi. Rza şahın hakimiyyət illəri isə durmadan bir-birindən gözlənilməz təzə fərmanların çıxmasıyla camaatı təəccüb və təşviş içərisində saxlayan dövr imiş. Turxan fransız liseyinə gedirdi. Ancaq günlərin birində İrandakı bütün fransız liseyləri qapadılır və Turxan artıq fars dilində dərs verən məktəbə getməyə məcbur olur. Ancaq fars dilində məktəbə getməyə başlayanda qarşısına ayrı bir sıxıntı çıxır. Rza şahdan gələn növbəti əcaib fərman bir zamanlar Sovet İttifaqında gerçəkləşdirilmiş, o cümlədən, Azərbaycanda çox insanların taleyindən keçmiş arıtlama siyasətinin bənzəriydi. Necə ki bizlərdə - Sovet İttifaqında 1920-30-cu illərdə adlardan, soyadlardan "ağa", "bəy", "xan" kəlmələri yığışdırılmışdı, orada da Rza şahın fərmanı ilə adlardan, soyadlardan "səltənə", "xan" kəlmələri ixtisar edilməyə başlanır. "Qivamüssəltənə"ni döndərib edirlər "Qivam", "Müsəddiqüssəltənə"ni çevirib edirlər "Müsəddiq", "Kərimxan"ı döndərirlər sadəcə "Kərim"ə. Bütün bunlarınsa qığılcımı əslən Azərbaycan türkü olsa da, elmi yaradıcılığında qatı farsçı xətt yürüdən Seyid Əhməd Kəsrəvinin (1890-1946) "Pəyam" jurnalında dərc edilən bir məqaləsindən başlamışdı. Həmin məqaləsində Kəsrəvi yazırdı ki, "mən əz mirza vo səltənə vo xan bizarəm", yəni mən "mirzə"dən, "səltənə"dən, "xan"dan boğaza yığılmışam. Məhz bu tərs ötürmədən də şəxsi adlardakı ixtisarlar başlamışdı.

Və adları, soyadları ağına-bozuna baxmadan budama növbəsi gəlib Turxana da çatır. Turxanın da adındakı "xan" kəlməsini kənara qoyaraq sinif jurnalında adını "Tur" yazırlar. Turxan uşaq idi, neyləyəsi idi ki!

Zeynal əsəb içində durub gəlir məktəbə, deyir ki, bu addakı "xan" siz deyən "xan"dan deyil, buradakı xan kəlməsi adın cövhərindədir, "Turxan"dakı "xan"ı ixtisara salsanız, bu adın mahiyyəti itəcək.

 

Uzun çək-çevirdən, mübahisələrdən sonra uşağın adını xilas edə bilir.

Turxan Gənceyi belə bir qatı mühafizəkar mühitin içərisində böyüyürdü.

 

Uşaqlar yaşa dolduqca Zeynal daxili bir narahatlıqla o haqda düşünürmüş ki, balalarının ali təhsil məsələsini necə həll edəcək. Çünki o dönəmdə İrandan gedib Avropada təhsil almaq imkanı sonrakı illərdəki qədər rahat deyilmiş. Ancaq 1943-cü ildə sanki bir pəncərə açılır. İranla Türkiyə arasında mübadilə proqramı imzalanır və həmin il İrandan 100 tələbə İstanbula göndərilir ki, oradakı müxtəlif universitetlərdə təhsil alsınlar.

Bu, Zeynal üçün göydəndüşmə girəvə idi, çünki adının bu siyahıya düşəcəyi təqdirdə balası ana dilində - türkcə ali təhsil almaq imkanı qazanacaqdı və bütün imkanlarını səfərbər edərək nail olur ki, Türkiyəyə göndərilənlər sırasında Turxan da olsun.

O vaxt İrandan Türkiyəyə ali təhsil almağa gəlmiş o 100 tələbənin hər birinin sonrakı yolunu izləyəndə aydın olur ki, onların hər biri zaman ötüncə yalnız öz ölkələrində deyil, dünyada tanınan şəxsiyyətlərə çevriliblər. Həm də hər biri seçdiyi ixtisas sahəsində üstün olmaqla bərabər, axıradək dilə, ədəbiyyata xüsusi maraq göstəriblər, bəzənsə lap bu sahənin peşəkarları ilə tən gələcək qədər mühüm işlər görüblər.

Turxanla İrandan Türkiyəyə ali təhsil almağa gələnlərdən biri Cavad Heyət (1925-2014) idi ki, təbabəti seçdi, digəri Həmid Nitqi (1920-1999) idi ki, hüquq təhsili almağa başladı. Turxansa ədəbiyyat fakültəsinə üz tutdu. Bir çoxları onu filologiyaya üz tutduğuna görə qınamağa başladılar ki, bundan ötrü ali təhsil almağa nə ehtiyac, onu özün də oxuyub öyrənə bilərsən. Lakin Turxan Gənceyi əsl ədəbiyyatçı, peşəkar filoloq olmaq istəyirdi, arzusunda idi ki, bu elmin dərinlərinə sirayət etsin.

O vaxt - gəncliyində, hələ nisbətən təcrübəsiz vaxtlarında peşəkarlığı həvəskarlıqdan dəqiqliklə ayıraraq düzgün istiqamət seçməyi bacaran Turxan Gənceyi ömrünün sonrakı bütün illərində də heç vaxt heç bir addımında yüksək peşəkarlığı özfəaliyyətçiliyin ayağına vermədi.

Amma Turxan Gənceyiyə İstanbula gəlib təhsilə başladığı çağlarda "burada oxuyursansa, onsuz da ədəbiyyatı biləcəksən" söyləyənlərin də müəyyən qədər haqqı vardı. Elə həmin Cavad Heyət də, elə həmin Həmid Nitqi də öz sahələrində usta və ustad olmaqla bərabər, türkolojidə də ad çıxardılar, ciddi filoloji araşdırmalar da doğurdular. Lakin onların da, o vaxt - 1943-də İstanbula ali təhsil almağa göndərilmiş digər güneylilərin də daxili həvəs və maraqla həm də ara-sıra ədəbiyyata, dilçiliyə meyl etməsinə, hətta yüksək qiymətə malik bir para əsərlər də doğurmasına rəğmən, hər halda onlar filolojiyə yönəlmiş yaxşı həvəskarlar kimi yadda qaldılar. Turxan Gənceyi isə dünya boyunca şərqşünaslıqda, ədəbiyyatşünaslıqda, Azərbaycanşünaslıqda yekdilliklə qəbul edilən əsl yüksək peşəkar kimi əbədi mötəbər imzasını qoymağa müvəffəq oldu

 

Turxanın Türkiyədə bəxti gətirmişdi, Helmut Ritter (1892-1971) kimi qüdrətli bir alimdən dərs almışdı. Helmut Ritter milliyyətcə yəhudi deyildi, ancaq onun qardaşı Almaniyada Hitler əleyhinə mübarizə aparanlardan olmuşdu, bundan yana o da qardaşı ilə bərabər ölkəni tərk etmək məcburiyyətində qalmışdı, Türkiyə də ona qucaq açmışdı. Nə yaxşı ki, belə olub! Çünki Helmut Ritter yalnız Turxan Gənceyini deyil, neçə-neçə kamil və qabil ədəbiyyatçını yetirmək üçün zəhmət çəkdi və həmin "bağbanlığın" bəhrələri də sonrakı Türkiyə ədəbiyyatşünaslığında bütün rövnəqi və möhtəşəmliyi ilə göründü.

Təhsil baxımından Turxan Gənceyinin o vaxt bəxti həm də bunda gətirmişdi ki, Helmut Ritterin assistenti Əhməd Atəş (1911-1966) kimi bilgin bir araşdırıcı idi.

Anadilli ədəbiyyatımıza, türkdilli sözün dünəninə məhəbbət uşaqlıq çağlarından, ailə tərbiyəsindən bütün varlığına hakim kəsilmiş Turxan Gənceyinin Türkiyədə aldığı mükəmməl ali filoloji təhsil və söz yox ki, fitri istedadı ilə qovuşan çalışqanlığı sonradan onu dünyanın ən üstün türkoloqlarından birinə çevirdi.

Turxan Gənceyi sadəcə böyük, güclü, dərin deyil, həm də nadir alim idi. Eləsi daha olmayacaq. Bu, sabaha ümidsiz baxmaq kimi qavranılmasın. Əlbəttə ki, gələcəkdə də bəlkə istedadca lap Turxan Gənceyidən də qat-qat üstün şərqşünaslar, yaxşı alimlər yetişəcək. Ancaq onların heç biri Turxan Gənceyi olmayacaq. Çünki o yol ki o keçmişdi, o məktəblər ki o görmüşdü, o insanlar ki onlarla Turxan Gənceyi oturub-durmuşdu, o mühitlər ki Turxan Gənceyini yetişdirmişdi, bunlar daha yoxdur. Turxan Gənceyi özü də bir əsər idi - dünya şərqşünaslığının "qızıl dövrü"nün yetirdiyi ən misilsiz əsərlərdən biri.

Turxan Gənceyinin miqyasları geniş idi. Və bu deyişlə yalnız onun araşdırmalarının əhatə dairəsi nəzərdə tutulmur - Turxan ustadın axarında olduğu vaxt, bulunduğu coğrafiya, çalışdığı məkanlar da göz önünə gətirilsin. O, bir çox Şərq və Qərb dillərini mükəmməl mənimsəmişdi. O, müasir bir Avropa alimi idi, əsərlərini də ana dili kimi sərbəst işlədə bildiyi bir neçə Şərq və Qərb dilində yazırdı. Amma onu Avropanın müasiri olduğu digər məşhur şərqşünaslarından ayıran vacib bir cəhət də vardı. O, yalnız farscanı, ərəbcəni, türk dillərini mükəmməl bilmirdi, yalnız çeşidli xətt növlərinə səriştə ilə bələd deyildi, təkcə ayrı-ayrı əlyazmaların, qədim nüsxələrin ən gizlin qatlarına nüfuz etmək gücünə sahib deyildi, həm də bütün bunlardan savayı, axı o, təpədən-dırnağacan bütün ruhu ilə, varlığı ilə şərqli idi. Düşüncəsinin tərzi, araşdırıcılığının biçimi ilə avropalı - Qərb alimi, amma canı-qanı, ruhu ilə cılxa şərqli olan Turxan Gənceyiyə Avropanın heç bir ən üstün alimi tay gələ bilməzdi. Eyni qaynaqları, eyni şəxsiyyətləri, eyni ədəbi-mədəni mənbələri bir başqa üstün avropalı alim də araşdırırdı, avropalı və şərqli olan Turxan Gənceyi də. Onların əsərlərini də oxuyun, Turxan Gənceyininkini də - fərq göz qabağındadır və Turxan Gənceyinin üstünlüyü dərhal duyulur. Bu gün də duyulur və bütün gələcəklərdə də hər zaman hiss ediləcək. Diqqət edilsin ki, bu müqayisədə heç də Turxan Gənceyinin araşdırmalarındakı təbii təəssübkeşlik nəzərdə tutulmur, həmin əsərlərin sırf peşəkar baxımından digər avropalı alimlərin araşdırmalarını üstələdiyi düşünülür. Bu yolu, bu tərzi, mətbəxində bişdiyi məktəbləri, mühitləri, gördüyü müəllimlərisə vaxt və bəxt özü onunçün tədarük etmişdi. Hələ 1949-cu ildə görkəmli italyan şərqşünası Alessio Bombaçi (1914-1979) ondakı işığı görmüşdü və istəmişdi ki, Turxan gəlsin İtaliyaya, orada çalışsın. Onu özü ilə aparmışdı, Turxan Gənceyi Napoli Universitetinin Şərqşünaslıq İnstitutunda fəaliyyətə başlamışdı və ilk araşdırmalarını da orada işıq üzünə çıxarmışdı - 1949-dan ta 1953-dək İtaliyada qalmışdı.

Dünyanın, əsrin elə vaxtı idi ki, Avropanın aparıcı ölkələrində şərqşünaslıq elmi, türkologiya yeni inkişaf və yüksəliş çağlarını yaşayırdı. Bu ölkələrin hər birində həmin sahələrdə şöhrəti sərhədlər aşan sanballı alimlər fəaliyyətdə idi. 1953-cü ildə Turxanın yazdıqlarını oxuyan, gendən onun gur işığını sezən alman şərqşünaslığı istəyir ki, bu gənci özü tərəfə çəksin.

Və Turxan Gənceyi gəlir Almaniyaya, bir müddət Frankfurt Universitetində, ardınca isə Hamburq Universitetində çalışır, oralardasa bir-birindən güclü böyük alman şərqşünasları vardı ki, onlarla ünsiyyət Turxanı daha dolu edəcək ayrı bir məktəb idi.

Turxan Gənceyi Almaniyada üç il qalır. Amma bu üç il boyunca İtaliyadan durmadan məktublar gəlirdi, təkidlə onu geri çağırırdılar. Və Turxan Gənceyi 1956-cı ildə yenə qayıdır artıq onun üçün doğmalaşmış İtaliyaya və 1950-ci illərin sonlarında bir-birinin ardınca orada alimin yeni qiymətli məqalələri, mətnşünaslıq araşdırmaları ortaya çıxır.

XVIII əsrin sonlarından, XIX yüzilin ortalarından etibarən Böyük Britaniya dünya şərqşünaslığında əsas güc mərkəzlərindən birinə çevrilmişdi və ingilis orientalistikası parlayan şərqşünaslıq ulduzu Turxan Gənceyiyə çoxdan göz qoyurdu, istəyirdilər ki, onu özləri sarı çəksinlər və buna da nail olurlar. Təkidli təkliflər cəlbedici olur və Turxan Gənceyi köçür İngiltərəyə.

İngiltərənin Turxanı özünə sarı çəkən əsas cazibəsi burada onun araşdıra biləcəyi bir-birindən qiymətli əski məxəzlərin olması idi. Digər tərəfdən də, o vaxt İngiltərə şərqşünaslığının əfsanə sayılan canlı klassikləri həyatdaydılar, yazıb-yaradırdılar və Turxan onlardan çox şey öyrənə bilərdi.

Müxtəlif Avropa ölkələrində içərisindən keçdiyi belə qaynar mühitlər, təmasda olduğu ustadlar, hərəsindən bir inci öyrəndiyi müasir klassiklər Turxan Gənceyinin özünü də asta-asta klassikə çevirirdi və elmdəki həmin şeyxlik, mürşidlik mərtəbəsinə o, ahıl, qocaman ustadlarından fərqli olaraq, yetərincə cavan yaşında çatdı.

Turxan Gənceyi İtaliyada idi - əsərlərini ana dili kimi sərbəst bildiyi italyanca yazırdı. Almaniyada fəaliyyət göstərirdi - tədqiqatlarını almanca qələmə alırdı. İngiltərədə çalışırdı - orada ortaya çıxardığı əsərlər səlis ingiliscədə idi. Qısa bir müddət İranda çalışdı - araşdırmalarını farsca yazıb nəşr etdirdi. Türkiyədə fəaliyyət göstərdi - burada yazdıqları Türkiyə türkcəsində idi. Ancaq harada olur-olsun - İtaliyada, Almaniyada, İngiltərədə, Türkiyədə, İranda, ya Avropanın digər bir şəhərində çalışsın, onun araşdırmalarının xətti, əsas istiqaməti bir və dəyişməz idi - Azərbaycanşünaslıq, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, tarixinin açılmamış qatlarının üzə çıxarılması.

Müxtəlif dillərdə qələmə aldığı, işıq üzü görüncə də dünyanın dörd bucağındakı ən mühüm elm mərkəzlərində heyran əks-səda doğuran əsərlərinin əsas mövzusu Azərbaycan idisə, bu əsərlərin hamısı Azərbaycanı daha artıq tanıtmaq, Azərbaycanı daha artıq təbliğ etmək, Azərbaycana rəğbətləri daha yüksəyə qaldırmağa hesablanmışdısa, bir alim ömrünü bu siyasət üzərində qurmuş professor Turxan Gənceyiyə minnətdar olmamaq mümkünmü?

 Bizim dünyada tanınan, ölkəmizə və xalqımıza zəkası ilə başucalığı gətirən alimlərimiz az olmamışsa da, elmdə milli maraqlarımızın birbaşa ifadəçisi kimi istisnasız olaraq onlardan heç biri Turxan Gənceyi səviyyəsində və siqlətində olmayıb.

Bir insanın hansı əqidə yiyəsi, hansı amal sahibi olmasının ən dəqiq göstəricisi ondan qalan mirasdır. Türk şairi Ziya Paşanın (1829-1880) söylədiyi haqdır ki, var:

 

İşdir kişinin ayinəsi, lafə baxılmaz,

Şəxsin bilinir rütbe-yi əqli əsərindən.

 

Turxan Gənceyinin də bir alim olaraq hansı yolun yolçusu, hansı amalın sahibi olduğunu onun ortada qalan istənilən işi göstərməkdədir.

Bizim unudulmuş bir şairimiz olub: Mirzə Möhsün Təsir Təbrizi. 1650-ci ildə anadan olmuşdu, 1719-cu ildə dünyadan köçdü. 1949-cu ildə Turxan Gənceyi - hələ yolunu yeni başlayan bu cavan alim onun haqqında məqalə yazaraq şairi ötmüş əsrlərin dumanından aydınlığa çıxarır. Onillər sovuşacaq, həmin balaca məqalə səbəb olacaq ki, Təsir Təbrizini araşdıran sıra-sıra tədqiqatçılar meydana çıxsın, bu şair haqqında yeni kitablar yazılsın, ədəbi irsi bütünlüyü ilə elmə və xalqa qayıtsın. Təkan nöqtəsi Turxan Gənceyinin o bircə məqaləsi idi.

Bəs xeyir ola, Turxan Gənceyi o dövrdəki digər az yada düşən, kifayət qədər öyrənilməmiş şairlər cərgəsindən niyə məhz Təsir Təbrizini seçmişdi, bu naməlum qalmış Azərbaycan şairində onu cəzb edən nə idi?

Mirzə Möhsün Təsirin ulu babaları Təbrizdən idi. Amma o, İsfahanda - Abbasabadda anadan olmuşdu. Onların nəsli də Şah Abbasın Təbrizdən İsfahana köçürdüklərindən idi. Amma İsfahanda - Abbasabadda dünyaya göz açsa da, Mirzə Möhsün Təsir doğma Təbrizə məhəbbəti daim ürəyində daşıdı və Təbriz kəlməsini öz nisbəsinə çevirdi, hər yerdə adını Təsir İsfahani yox, daim Təsir Təbrizi kimi nişan verdi.

Təsir Təbrizi heç də yalnız mahir söz ustası deyildi, o həm də tanınmış dövlət adamı - maliyyəçi idi. Hətta bir ara İranda Yəzdin maliyyə naziri vəzifəsini də tutmuşdu. Qaynaqların sorağınca, son dərəcə dürüst, pak əxlaqlı bir insanmış. "Təzkire-yi Nəsrabadi" Mirzə Möhsün Təsir Təbrizini belə tərifləyir: "O, göylərdən yer üzünün əhalisinin başına səpilmiş mirvari tozu kimi idi".

Bəs Təsir Təbrizi necə şair olmuşdu? Onun dövründə yazıb-yaratmış onlarca, yüzlərcə, çoxu da artıq XX yüzildə yerli-dibli unudulmuş, ədəbiyyat dərsliklərində və ensiklopediyalarda xatırlanmayan şairlər arasından Turxan Gənceyinin nəzərləri Təsir Təbriziyə ona görə yönəlmişdi ki, bu söz ustasının şeirlərinin arasında ana dilində yazdıqları da vardı. Təsirin on altı min beytlik irsində ana dilində yazdıqları balaca bir hissə idi. Amma həmin kiçicik hissə dil baxımından o qədər cazibəli idi ki, Turxan Gənceyini özünə doğru çəkmişdi, alim həmin körpüdən keçərək oçağkı Azərbaycan dilinin, Azərbaycan mədəni mühitinin bir çox incəliklərini aşkara çıxarmağa cəhd etmişdi.

 

Bəni eşqdən sovutma,

Göz yaşilə qurutma.

Qulunam, bəni unutma,

Sənə bivəfa deyərlər.

 

Təsir Təbrizinin bu səsi XX əsrə gəlib çatıbsa, əsas səbəbkar Turxan Gənceyidir.

Turxan Gənceyinin o məqaləsindən xeyli sonra Təsir Təbrizinin ana dilindəki "Divan"ı da, farsca şeirləri də ayrıca nəşr olundu. Təsir Təbrizi dönüb oldu həm də XX yüzilin, həm də artıq XXI əsrin adamı.

 Turxan Gənceyi dünyaya da, elmə də bu missiya ilə gəlmişdi - Azərbaycanın itib-batmaq qorxusu altında olan dəyərlərini hifz etmək, onları üzə çıxarmaq və sabahlara ötürmək...

Azərbaycanın müstəqilliyi, istiqlal duyğusu o bəsirətli alimin, o sadiq vətənpərvərin, o alovlu millətsevərin hər zaman qəlbinə yaxın tutduğu dəyərlər idi. Bu hisslər ona irsən, damarlarından axan saf qanla nəsib olmuşdu. Atası Zeynal Məmmədov da XX yüzilin başlanğıcında eyni duyğularla yaşayan vətənpərvərlər qatarında idi.

1998-ci ilin iyul ayı idi. Londonda Turxan bəylə yenidən görüşmüşdük. Unudulmaz Heydər Əliyev Böyük Britaniyada dövlət səfərinə gəlmişdi, mən də həmin nümayəndə heyətinin tərkibində idim. Londona gələcəyimi Turxan bəyə öncədən xəbər vermişdim. İyulun 28-də əvvəlcə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgiyə birgə tamaşa etdik, xeyli söhbətləşdik, hamısını lentə yazdım və az sonra artıq digər məclisdə birlikdəydik. Ulu öndərin xarici səfərlərində artıq ənənəyə çevrilmiş bir görüş təşkil eləmişdi - Böyük Britaniyadakı Azərbaycan diasporasının təmsilçiləri toplaşmışdılar. Və o gün söz alıb çıxış edənlərdən biri də Turxan Gənceyi oldu. Ürəkdən gələn sözlər dedi - özü də həyəcanlandı, unudulmaz Heydər Əliyev də riqqətə gəldi, məclisdəkilərin də hamısı təsirləndi. Turxan Gənceyi söylədi ki, mən indi Azərbaycanın müstəqilliyindən, istiqlalımızın taleyindən arxayınam. Çünki Azərbaycanın istiqlal bayrağı Heydər Əliyev kimi bir müqtədir şəxsiyyətin əlindədir: "Xaricdə yaşayan azərbaycanlılar üçün azərbaycanlılıq bir vicdan məsələsidir, bir qan məsələsidir və eyni zamanda bir dil məsələsidir. Bundan səksən il əvvəl ilk Azərbaycan müstəqil dövləti qurulduğu zaman Məhəmməd Əmin Rəsulzadə "Bir kərə yüksələn bayraq bir daha enməz" demişdi. Təəssüflər ki, bu, böylə olmadı. İndi bu gün üçrəngli bayrağımız, yəni türk, İslam və müasirliyin rəmzi olan mavi, qırmızı, yaşıl və onun üstündəki səkkizguşəli Azərbaycan sözünü təmsil edən ulduz, bu bayraq sizin əlinizdədir. Sizin iqtidarlı, sizin təcrübəli əlinizdədir. Bunu əbədiyyətə qədər götürmək həpimizin arzusu, həpimizin ümidi. Möhtərəm və əziz cənab Prezident! Sizin hər gəlişiniz bizim üçün həm iftixar məsələsidir, həm sevinc məsələsidir, həm ümid məsələsidir!"

...Turxan Gənceyi Azərbaycanda doğuldu. İranda, Türkiyədə, Almaniyada, İtaliyada, İngiltərədə yaşadı, dünyanın dörd bucağını gəzib dolaşdı və yaratdıqları da bütün dünya boyu qanadlanmaqdadır. Və həyat yolunun lap başlanğıcından, ilk gənclik illərindən onun adının yanında həmişə əziz bir söz yer aldı - "Gəncə" kəlməsi. Turxan Gənceyi deyə bütün yazılarını, kitablarını, əsərlərini imzaladı. Gəncə sevgisi onun içərisində həmişə yaşadı. Baxmayaraq ki, atasının, babalarının doğulduğu o əziz məkanı Turxan bəy heç görməmişdi. Amma həmişə arzulayırdı ki, Gəncəyə səfər etsin, İmamzadəni ziyarət eləsin, Göy gölün seyrinə dalsın, Nizami Gəncəvinin məqbərəsinə baş çəksin, orada böyük şairin ruhu qarşısında baş əysin. Sovet onilləri boyunca, nə qədər ki arada tikanlı məftillər, dəmir pərdə vardı, bu niyyətin gerçəkləşməsi bir xəyal kimi yetişilməz sanılırdı. Lakin 1980-ci illərin sonlarında Turxan bəyin bu ülvi diləyi də sanki həyata qovuşmağa lap yaxın kimi göründü. 1988-ci ilin sonlarında professor Turxan Gənceyi Londondan Bakıya Mirzə Fətəli (1812-1878) bayramına qatılmaqçün gəlmişdi və ümidliydi ki, çoxdan ürəyində gəzdirdiyi Gəncəyə səfər arzusu da baş tutar. Çünki bir neçə ay öncədən yazışmışdılar, razılaşmışdılar, qət eləmişdilər ki, bu səfər çərçivəsində onu mütləq Gəncəyə aparsınlar. Ancaq bəxti gətirmədi - 1988-ci ilin sonlarında Azərbaycanda siyasi vəziyyət qarışdı, Bakıda, Gəncədə xüsusi vəziyyət, komendant saatı elan edildi, Gəncədə küçələrə sovet tankları yeridildi və bu səbəbdən də Turxan Gənceyinin Gəncə səfəri baş tutmadı.

...Tarixin müxtəlif dönəmlərində o əziz şəhərdən - Gəncədən adını qoparmaq istəyiblər. Onu döndərib gah Abbasabad ediblər, tarixin müəyyən dövrlərində onu çeviriblər Yelizavetpola, zaman keçib, onu döndərib Kirovabad ediblər. Amma insanların ürəyində "Gəncə" kəlməsi həmişə yaşayıb. Rəsmi siyasətlərin Gəncəyə hansı adı qoymasından asılı olmayaraq, Gəncəsini sevən insanlar onu elə "Gəncə" deyə çağırıblar. Amma Gəncənin üstündə Gəncə adının qalmasında qeyrətli vətən övladlarının da danılmaz xidməti olub. O böyük azərbaycanlılar ki əsrlərcə vətənin hüdudlarına sığmadılar, yaratdıqları bütün dünyaya yayıldı, onların adlarının yanında "Gəncə" kəlməsi hər an diri idi, onların adının bölünməz parçasına çevrilmiş "Gəncə" sözünü dəyişməyə heç bir siyasətin gücü çatan deyildi. Nizami Nizami idi, amma adının yanında Gəncə vardı. Məhsəti Məhsəti idi, amma adının yanında Gəncə vardı. Gəncənin adını məkrli sərəncamlarla min dəfə dəyiş, Nizaminin adının yanındakı Gəncəni ki dəyişə bilməzdin, Məhsətinin adının böyründəki Gəncəni ki əmrlə başqalaşdırmaq daha insan iradəsindən asılı deyildi. Və Turxan bəy də ömrü boyu adının yanında sevərək əziz Gəncə kəlməsini yaşatdı. Dünya boyu işıq üzü görən neçə-neçə məqalələrini, kitablarını oxuyanların hamısı bilirdilər ki, bu böyük alim azərbaycanlıdır və gəncəlidir.

Turxan Gənceyi dünya elmində, şərqşünaslıqda, türkologiyada, Azərbaycanşünaslıqda böyük yol açdı, onun dünya elmində açdığı Turxan Gənceyi yolundan nəsil-nəsil insanlar keçiblər, bundan sonra da keçib gedəcəklər. Və könül istər ki, böyük alim, böyük soydaşımız, böyük azərbaycanlı Turxan Gənceyinin ömrü boyu atəşin məhəbbətlə sevdiyi və xidmət etdiyi Azərbaycanında, əziz Gəncəsində də hər gün insanların keçdiyi və onun adını daşıyan bir yol olsun - Turxan Gənceyi küçəsi!

6 mart 2024

 

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet . 2024.- 8 mart,№45.-S.14-15.