Müğənni
Abbas Əhməd: Hamı elə
bilir ki, küsüb getmişəm
"MƏN VƏTƏNİMİ ÇOX
SEVİRƏM, VƏTƏNİMDƏN NECƏ KÜSƏ
BİLƏRƏM AXI?"
Gah deyirlər, xaricdədir, gah deyirlər, daha oxumur.
İllərdir, onun haqqında bu sözləri eşidirik.
Ara-sıra efirlərdə görünür, sonra yenə uzun
müddət xəbər-ətər çıxmır. Yəqin
özü də bilir ki, bu misralar onu unudulmağa qoymayacaq:
"Ürəyim yanar,
Qəlbim odlanar.
Sənin yolunu
Gözlədim yaman,
Gözlədim yaman"
Müsahibimiz müğənni Abbas Əhməddir.
- Abbas bəy, niyə getdiniz?
- Hamı elə bilir ki, küsüb getmişəm. Mən
vətənimi çox sevirəm,
vətənimdən necə küsə bilərəm
axı? Deməli, 2001-ci ildə "Qaya" ansamblı
dağıldı. Bundan sonra mənim maddi problemlərim
yarandı. Həmin dövrdə müğənnilərin
sayı xeyli artmışdı. Bu səbəblərdən
dolayı Moskvadan mənə edilən dəvəti dəyərləndirdim.
Rusiyada doğulsam da, 11 yaşım olanda Azərbaycana
köçmüşük. Mən Azərbaycanı çox
sevirəm. Hər müğənninin öz qisməti var. Mənə
də qismət oldu ki, "Qaya" ansamblında
çalışdım. On dörd il biz qastrollarda olmuşuq,
bütün dünyada Azərbaycan mədəniyyətini təbliğ
etmişik. İndi də hansı ölkədə
çıxış etsəm, proqrama "Sənə salam gətirmişəm"
mahnısı ilə başlayıram. Moskvada
yaşadığım 17 ildə də tez-tez Bakıya gəlirdim.
Üstəlik, anam, qardaşım, bacım burada
yaşayırdı.
- Ailədə sizdən başqa musiqi ilə məşğul
olan vardımı?
- Atam zərb alətlərində ifa edirdi. Anam
şamaxılı idi, yaxşı səsi vardı. On beş,
ya on altı yaşım olanda bəstəkar Oqtay Əhmədovla
"palatka" toylarına gedirdim. Məclislərdə
sintizatorda ifa edirdim. Toyda olanda mən gələnədək
atam yatmır, narahat olurdu.
- İxtisasca iqtisadçısınız.
- Hə, ancaq bir gün də bu sahə üzrə
işləməmişəm. Əslində, mən doqquzuncu
sinfə kimi iki-üç alırdım. Doqquzuncu sinifdə
oxuyanda anam məni hazırlığa qoydu. Beləcə dərslərim
xeyli yaxşılaşdı. Ona görə də instituta girmək
çətin olmadı. Xalq Təsərrüfatı İnstitutuna
ona görə getmişdim ki, orada "Xürrəmilər"
ansamblı var idi. Məktəbdə oxuyanda onlar bizim məktəbə
gəlmişdi. Həmin vaxtdan çox istəyirdim ki, o
ansamblın üzvü olum
- Deməli, hələ o vaxtdan istiqamətiniz bəlli
imiş.
- Hə. Mən musiqi məktəbini pianino üzrə
bitirmişəm. Birinci mahnımı da əsgərlikdə
olanda yazmışam. Sonra da başladım yavaş-yavaş
digər mahnıları yazmağa. 1988-ci ildə "Bakı
payızı" müsabiqəsində ikinci yeri tutdum, birinci
Aygün Kazımova oldu. 1989-cu ildə "Qızıl
payız" müsabiqəsində birinci oldum, Zülfiyyə
Xanbabayeva ikinci, üçüncü isə Nərgiz Kərimova
oldu.
- Bəs "Ürəyim yanar" necə
yazıldı?
- Mahnı 1992-ci ildə yazılıb. Deməli, o vaxt
dostum Vüqar Elçin Mirzəbəylinin sözlərini mənə
göstərdi, o vaxt Elçini tanımırdım. Beləcə
bu mahnı yazıldı. Sevgi olmasaydı, belə bir mahnı
da yazılmazdı.
- Abbas bəy, doxsanlarda məşhur olmaq. İstərdim,
bir qədər bu haqda danışaq.
- Mən bunu "Ürəyim yanar"
mahnısından sonra hiss etdim. Həmin mahnıya Azər
Ələkbərov klip çəkmişdi. 1993-cü ildə
o klip məşhurlaşdı. Tez-tez klipi televiziyada göstərirdilər,
radioda da mahnı çox səslənirdi. Bilirsiniz, o vaxt
çox insanlar sənin səhnə baxışını,
repertuarını, geyimini çətin qəbul edirdilər.
- Məncə, bu, bütün dövrlərin
problemidir. Yenilik özü ilə fərqlilik gətirirsə,
çox vaxt çətin qəbul olunur.
- Məsələn, indiki müğənnilərdən
Üzeyir Mehdizadə çox xoşuma gəlir.
Yadımdadır, hələ 2000-ci illərdə Moskvada
yaşayan azərbaycanlılar Üzeyirə qulaq
asırdılar.
- Üzeyiri daim bayağılıqda ittiham edirlər.
Belə başa düşdüm ki, siz bununla razı deyilsiniz.
- Onun stili fərqlidir. Cavan oğlanlar-qızlar bu
gün belə mahnıları sevir, dinləyir.
- Stil demişkən, həmişə fərqli ifa tərzinizi
qoruyub saxlamısınız. Təkcə ifa yox, geyim, üslub
və səhnə performansınızı da.
- Həmişə konsertlərdən
aldığım qonorarı pencəklərimə vermişəm.
Geyimimə çox fikir verən adamam. Nə vaxt səhnəyə
çıxsam, enerjili oluram. Çünki "Qaya" məktəbi
keçmişəm. "Qaya" ansamblı səhnəyə
çıxanda bütün zal əl çalırdı. O
vaxt da, elə indi də səhnəyə nə vaxt
çıxsam, enerjimi dinləyicilərə ötürməyə
çalışıram. Bu, məşqlə olan şey deyil,
səhnədə yaranan təbii prosesdir. Bu yaxınlarda bir
konsertim oldu. Konsertdən qabaq səhnədə yer göstərib
dedilər ki, mərkəzdə dayanıb oxuyarsan, səsdə
problem yaranmasın. Dedim, yaxşı. Ancaq səhnəyə
çıxanda insanlarla bərabər, mən də
oynayırdım. Oxuduğum bütün xarici mahnıların
tərcüməsini də öyrənirəm ki,
doğmalaşa bilim. Mahnını hiss edib ürəkdən
oxumaq vacibdir.
- Uzun illər "Qaya" qrupunda
çalışmısınız. Çox güman həmin
dövrə dair maraqlı xatirələriniz də
çoxdur.
- Hə, 1988-ci ildən düz 2001-ci ilə qədər,
yəni "Qaya" ansamblı dağılana kimi orada
olmuşam. Deməli, Xarkovda konsertimiz var idi, caz proqramı
hazırlamışdıq. Konsert başladı, birinci "Sizə
salam gətirmişəm", sonra isə "Can Azərbaycan"
mahnılarını oxuduq. Biz səhnəyə
çıxanda elə bilirdik ki, müxtəlif millətlərin
nümayəndələri olacaq. Ancaq gördük ki,
bütün zal azərbaycanlılardır. İkinci
mahnıdan sonra Teymur Mirzəyev dedi ki, caz proqramını ləğv
edirik, ancaq Azərbaycan mahnıları oxuyun. Biz də
başladıq şən mahnılar oxumağa. Konsert çox
maraqlı oldu. Mən "Qaya"da çox böyük məktəb
keçmişəm.
- Hələ də fəxri adınız yoxdur. Sizcə,
niyə?
- Onu Mədəniyyət Nazirliyindən soruşun.
- Bu sual sizi narahat eləmir?
- Artıq on ildən çoxdur ki, bu sual məni
narahat eləmir. Əvvəl başqa cür
düşünürdüm, indi deyirəm ki, yoxdur yoxdur da.
Deyəsən, mənə ona görə ad verməyiblər
ki, illərlə Azərbaycan mədəniyyətinin xaricdə
təbliği ilə məşğul olmuşam. Bundan
başqa ağlıma bir səbəb gəlmir. Mən
"Qaya" ansamblının eks-solisti və yüksək dərəcəli
vokalçısıyam. Xaricdə təqdim edəndə Azərbaycanın
Xalq artisti Abbas Əhməd deyirlər. Elə bilirlər ki, fəxri
adım çoxdan var.
- Bəlkə bunda müəyyən qədər
öz günahınız da var? Məsələn, siz çox
az-az mətbuatda, efirdə görünürsünüz. Hətta
çoxları elə bilir ki, siz hələ də xaricdə
yaşayırsınız.
- İndi də dəvətlər olur, ancaq əvvəlki
kimi efirlərə çıxmıram. Bir şeyi qeyd edim ki,
kanallar məni bayram konsertlərinə dəvət etmirlər.
Kanallarımıza böyük hörmətim var, ancaq bu suala
cavab tapa bilmirəm. Məni məclislərə dəvət
etmək istəyənlərə bəzən deyirlər ki,
Abbas Rusiyadadır. Hətta bir dəfə belə bir məsələ
olmuşdu. Deməli, bir tanış məni öz toyuna dəvət
etmədən öncə başqa müğənnilərlə
də əlaqə saxlayıb. Onlar deyib ki, Abbas Əhməd
oxusa, biz gəlməyəcəyik. O insanların kim
olduğunu yaxşı bilirəm. Bu gün məni tez-tez
toylara, məclislərə dəvət edirlər. Həmçinin,
tələbələrimlə məşğul oluram. On
altı martda Stokholm şəhərində konsertim olacaq.
Hazırda ora hazırlaşıram. Mən on dildə
mahnılar oxuyuram. Xarici dildəki mahnıların oxunuşunu
ayrı-ayrılıqda öyrənirəm. Məsələn,
bir dostum var, Livanda yaşayır, mənə ərəbcə
oxumağı öyrədir.
- Dostlarınız çoxdur?
- Yox. Dostlarımın çoxusu rəhmətə
gedib...
Aytac SAHƏD
525-ci qəzet . 2024.- 8 mart,№45.-S.11.