Bələdiyyə
qanununa dəyişiklik nələri dəyişəcək?
Xəbər verdiyimiz kimi, "Bələdiyyələrin
birgə fəaliyyəti, birləşməsi, ayrılması
və ləğv edilməsi haqqında" qanuna dəyişiklik
edilir. Bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin bu günlərdə keçirilən
iclasında müzakirəyə çıxarılıb. Qanun
layihəsinə görə, ölkə üzrə sonuncu bələdiyyə
seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son
2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən
və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən
az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət,
tarixi və digər yerli xüsusiyyətlər nəzərə
alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə
birləşdiriləcək. Birləşmə və ya
ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən
və (və ya) ev təsərrüfatlarının sayı
1000 vahiddən az olan bələdiyyələrin
yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət,
tarixi və digər yerli xüsusiyyətlər nəzərə
alınmaqla yol verilir.
Millət vəkili Tahir Rzayevin sözlərinə
görə, "Bələdiyyələrin birləşməsi,
fəaliyyəti, ayrılması və ləğv edilməsi"
haqqında qanun layihəsi qüvvədə olduğu illərdə
onun maddələrinə müraciət edilmiş və bu,
öz müsbət nəticələrini verib. İki dəfə
bu istiqamətdə islahatlar həyata keçirilib. 1300-dən
çox bələdiyyə birləşib və ya ləğv
olunub. Bu birləşmə və ləğv olunmaların səbəbi
var və müəyyən reallıqlardan irəli gəlir.
Çünki bələdiyyələr
yaradıldığı ilk illərdə Konstitusiyanın tələblərinə
uyğun olaraq vətəndaşların
razılığı təşəbbüsü ilə hər
bir yaşayış məntəqəsində yerli
özünüidarəetmə orqanları yaradıla bilərdi:
"Ümummilli lider Heydər Əliyevin tərtib etdiyi
Konstitusiyada bu müddəaların irəli sürülməsi
bilavasitə demokratiyaya, insanların hüquqlarına hörmətin
ifadəsi idi və bələdiyyələrin azad
seçkisini əsaslandırırdı. Lakin sonrakı
dövrdə bələdiyyələrin fəaliyyəti
göstərdi ki, kiçik bələdiyyələr,
xüsusilə maliyyə bazası olmayan kadrları, yerində
olmayan hər hansı bir vəzifəni yerinə yetirməyə
qadir olmayan bələdiyyələrin birləşməsi və
ya ləğv olunması zəruridir. Bu, həm insanlar
arasında, həm də müəyyən dairələrdə
bələdiyyələrə etinasızlığı
formalaşdırır, onların fəaliyyətinə
kölgə salırdı. Belə olduğu halda təbii ki, bələdiyyələrin
birləşməsi, yaxud ləğv olunması vacibdir. Bu
addım sonrakı mərhələlərdə müsbət
nəticələrini göstərdi. Düşünürəm
ki, bugünkü gündə də buna ehtiyac var.
Çünki bir çox regionlarda fəaliyyət göstərən
bələdiyyələr kiçikdir və onların
işgüzarlığı hiss olunmur. Bu da əhalinin
narazılığına səbəb olur".
Millət vəkili bildirib ki, bələdiyyələrə
nüfuzlu, bu günün reallıqlarını dərk edən,
dərindən qiymətləndirən, əhali ilə işləməyi
bacaran insanlar rəhbərlik etməlidirlər: "Bu səbəbdən
bələdiyyələrin birləşməsi, nəticədə
iri bələdiyyələrin yaradılması bir zərurətdir.
Çünki bu, xarici ölkələrin təcrübəsində
də mövcuddur. Həmin ölkələrdə də əvvəllər
əhalinin razılığı ilə bütün
yaşayış məntəqələrində bələdiyyələr
yaradılıb. Lakin sonradan onların ləğv olunması və
ya birləşməsi bir zərurətə çevrilib. Hesab
edirəm ki, bizim ölkədə də bu təcrübə nəzərə
alınmalıdır. Çünki qarşıdan bələdiyyə
seçkiləri gəlir. Bələdiyyələrin
sayının azaldılması həm seçkilərin
effektivliyinin artırılmasına, həm də gələcəkdə
yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə
müsbət təsirini göstərə bilər. Bu
baxımdan bütün sahələrdə olduğu kimi, bələdiyyə
orqanlarında da islahatların aparılmasına ehtiyac
var".
Tahir Rzayev əlavə edib ki, bələdiyyələrin
birləşməsindən sonra 700-ü qalacaq. Hesab edirəm
ki, 700 bələdiyyə də çoxdur: "Çünki
əhalisi bizimlə eyni sayda olan ölkələr var ki, orada
200 və ya ondan bir az artıq bələdiyyə fəaliyyət
göstərir".
Millət vəkili Kamran Bayramov bildirib ki, cari ildə
keçiriləcək bələdiyyə seçkisi də
özlüyündə tarixi əhəmiyyət
daşıyacaq. Çünki sözügedən seçkilər
ilk dəfə ölkənin bütün ərazilərində
keçiriləcək: "Doğma yurd-yuvalarından didərgin
düşmüş soydaşlarımız 25 il ərzində
bələdiyyəyə seçmək və seçilmək
hüququndan da məhrum olublar. Azad olunan ərazilərdə
güclü, təkmil bələdiyyələrin
yaradılması, ölkə üzrə bələdiyyələrin
daha da gücləndirilməsi, maliyyə baxımından
müstəqilləşdirilməsi məqsədilə bələdiyyələrin
birləşdirilməsi prosesi aparılacaq. Bununla bağlı
müvafiq layihə də artıq Milli Məclisə daxil
olub".
Millət vəkilinin dediyinə görə, 25 il ərzində
iki dəfə - 2009 və 2011-ci illərdə bələdiyyələrin
birləşdirilməsi prosesi gedib: "1999-cu ildə ilk dəfə
bələdiyyə seçkisi keçiriləndə 2700-dən
artıq bələdiyyə mövcud idi və həmin birləşmələr
nəticəsində onların sayı 1606-ya qədər
endirilib. Hazırda bələdiyyələrin fəaliyyəti
qənaətbəxş hesab olunmur. Onların 87 faizi kənd bələdiyyələridir
və bir çoxunun maliyyə durumu da yaxşı deyil. Bələdiyyələrin
həm yaxşı xidmət göstərmək, həm də
özünü saxlaya bilməsi üçün maliyyə vəsaitinə
ehtiyacı var. Bu baxımdan onların birləşməsi
maliyyə imkanlarının artırılması və
müstəqilləşməsi üçün bir vasitədir.
Çünki bələdiyyələr birləşdikcə,
böyüdükcə maliyyə imkanları, torpaq
ehtiyatları artacaq, bu da vətəndaşlara daha
yaxşı xidmət verməyə kömək edəcək.
Bütün bunlarla yanaşı böyük bələdiyyələrin
daha böyük vergi tutma bazası olur. Hesab edirəm ki, bələdiyyələrin
birləşməsi qəbul olunmuş praktikadır və
onların sayının azaldılması bələdiyyələri
daha çevik, işlək quruma çevirəcək".
Kamran Bayramov qeyd edib ki, azad edilən ərazilərdə
yaradılacaq bələdiyyələr davam edən geniş
quruculuq, abadlıq işlərinə uyğun şəkildə
aparılmalıdır: "Çünki bu gün orada
xüsusi idarəetmə modeli tətbiq edilir və Prezidentin
xüsusi nümayəndəlikləri fəaliyyət göstərir.
Təbii ki, yeni yaradılacaq bələdiyyələr də
eyni qaydada, yüksək səviyyədə işini qura bilməlidirlər.
Hesab edirəm ki, bələdiyyələrin fəaliyyətinin
yaxın gələcəkdə təkmilləşdirilməsi
məqsədilə islahatların keçirilməsi zəruri
və günün tələbidir".
Millət vəkili vurğulayıb ki, Seçki Məcəlləsinin
210-cu maddəsinə əsasən, əhalinin sayına görə
bələdiyyələr formalaşıb və ən az 500 nəfərdən
ibarət əhalisi olan yaşayış məntəqələrinin
bələdiyyələri var idi: "Yeni layihəyə əsasən,
həmin say 3 min nəfərə qaldırılacaq. Yəni əhalisi
3 min nəfərdən aşağı olan yaşayış
məntəqəsinin bələdiyyələri ya ləğv
ediləcək və ya birləşdiriləcək. Bu
addım da xırda bələdiyyələrin kəskin şəkildə
azaldılmasına və daha böyük, güclü bələdiyyələrin
yaranmasına xidmət edəcək".
Millət vəkili Azər Badamovun dediyinə görə,
bələdiyyələr yerli özünüidarəetmə
orqanlarıdır. Bu baxımdan bələdiyyələrin fəaliyyəti
və yerlərdə sakinlərə xidmət göstərmələri
üçün büdcələri formalaşmalıdır.
Bələdiyyələrin büdcələri əsasən
yerli vergilərlə formalaşır. Əhalinin sayı az
olan kiçik bələdiyyələrin büdcələrinin
formalaşdırılması və hər hansı bir lahiyələrin
icrasında iştirak etməsi çətin olur. Ona görə
də kiçik bələdiyyələr birləşməli
və daha çox insanları özündə cəmləşdirməklə
böyük bələdiyyələr yaranmalıdır.
Ölkəmizin əhalisinin sayına baxanda 1606 bələdiyyənin
mövcudluğu ölkəmiz üçün çoxdur:
"Əgər bələdiyyələrin sayı azalarsa, bələdiyyə
büdcəsi vəsaitlərinə qənaət olunar və hər
bir bələdiyyənin büdcəsinə
yığılacaq vəsaitlərin həcmi də
artmış olar. Bələdiyyələr də vəsaitləri
cəmləşdirməklə yerli əhəmiyyətli məsələlərin
mərhələli şəkildə həlli prosesində
iştirak edə bilərlər. Bu baxımdan kiçik bələdiyyələrin
birləşdirilməsini vacib hesab edirəm".
Millət vəkili Vüqar Bayramov bildirib ki, bələdiyyə
institutunun gücləndirilməsi ilə bağlı siyasət
davam etdirilir: "Bələdiyyələrin sayının
optimallaşdırılması da onların səlahiyyətlərinin
genişləndirilməsi və onların maliyyə
dayanıqlığının möhkəmləndirilməsi
məqsədi daşıyır. Büdcədən ayrılan
təxminən 12 milyon manat vəsaitin 1606 bələdiyyəyə
ayrılması və orta hesabla bələdiyyəyə
düşən vəsaitin azlığı ondan xəbər
verir ki, bu gün bələdiyyələrin maliyyə
imkanları məhduddur. Bir tərəfdən bələdiyyələrin
səlahiyyətlərinin genişləndirilməsinə
ehtiyac var. Digər tərəfdən onların
potensialının gücləndirilməsi ilə bağlı
tədbirlərin genişləndirilməsi çox önəmlidir.
Ona görə sayın optimallaşdırılması həm
də onların səlahiyyətlərinin genişləndirilməsi
və maliyyə imkanlarının artırılması
baxımından çox vacibdir".
İqtisadçı ekspert Natiq Cəfərli hesab edir
ki, bələdiyyələrin sayının azaldılması
və böyüdülməsi doğru qərardır. Amma bu,
yetərli deyil, növbəti, daha ciddi addımların
atılmasına ehtiyac var: "Növbəti addım
böyüdülmüş bələdiyyələrin səlahiyyətləri
məsələsidir. Səlahiyyətləri
artırılmalı, özlərinin büdcəsi olmalı,
bələdiyyə ərazisində yaşayan insanlara xidmət
keyfiyyəti yüksəldilməlidir. Bunun üçünsə
seçkilərin formatı da dəyişdirilməlidir. Yəni
böyük şəhər bələdiyyələri
yaradılmalı və bələdiyyə sədrlərinin
seçkiləri birbaşa həyata keçirilməlidir.
İndi format fərqlidir, bələdiyyə üzvləri
seçilir və üzvlər də özlərinə sədr
seçirlər".
İqtisadçı bildirib ki, ölkədə bələdiyyələrin
heç bir nüfuzu, ciddi səlahiyyəti, xalq arasında
problemləri həll edən məkan obrazı yoxdur: "Bələdiyyələrin
sələhiyyətləri artırılmalıdır. Eynən
Türkiyə modelində olduğu kimi, bələdiyyə
başqanı olmalı və həmin şəxs seçki ilə
seçilməlidir. Bələdiyyələrin səlahiyyətlərinin
artırılması, həm də bələdiyyə sədrlərinin
birbaşa seçilməsi yönündə qanunvericilikdə
dəyişikliklər olarsa, bu zaman bələdiyyə
institutunun gücləndirilməsi və effektivliyinin
artırılmasının şahidi olacağıq".
Sevinc QARAYEVA
525-ci qəzet . 2024.- 8 mart,№45.-S.7.