"İspan çəkməsi"nin yaşatdığı ağrılar  

 

 

Müasir bədii nəsrimizdə hekayə janrından bəhs ediləndə yada düşən yazıçılardan biri də Aydın Tağıyevdir. Nəsrin bu dar məkanında qələm oynatmaq, əhvalatı hekayə örtüyünə bürümək yazıçıdan söz kimyagərliyi tələb edir. Balaca adamların daxili dünyasına baş vurmaq, onların duyğularına, hisslərinə kəmənd atmaq, bu talelərdən hekayətlər toxumaq üçün istedad mütləq şərtdir. Aydın Tağıyev hələ ədəbiyyata gəldiyi 70-ci illərdən öz üslubunu müəyyənləşdirmiş yazıçılardandır. Onun realizmindəki həzin kövrəklik, alt qatlara nüfuz edə bilmək bacarığı, özünəməxsus fərdi deyim tərzi hələ o zamanlarda yazıçını öz nəsildaşlarından fərqləndirirdi.

Aydın Tağıyevin ötən əsrin 80-ci illərində nəşr olunmuş ilk hekayələr kitabı - "Buz heykəllər əriyir"i yeniyetməlik çağlarımda oxumuşdum. O vaxtdan Aydın Tağıyev imzasına hansı mətbu orqanda rast gəlsəm, mütləq maraqla oxuyuram. Həmin o kitaba daxil edilən hekayələrdən biri də "Ağrı" hekayəsidir. Xatırlayıram, o hekayəni o qədər oxumuşdum ki, az qala, hər cümləsini əzbər bilirdim. Hekayənin fabulası bundan ibarətdir: Murad kişi kənddə ilk evin daşını qoyur, oğlu dünyaya gələndə bu kənddə Muradın ailəsindən başqa heç bir yaşayış yox idi. Oğlu süd dişi çıxaranda arvadı hədik asır, amma ətrafda qohum-qonşu tapmır ki, hədikdən pay yollasın. Yazıçı yazır: "Bir gün yurd yerində ikinci evin binəsi atılanda Murad kişi sevinə-sevinə arvadını muştuluqlamışdı ki, ocaq qalasın, qazan qoyub hədik assın. Bu dəfə diş çıxaran kəndimizdir!.. Aradan aylar ötmüş, illər keçmişdi. Kənd də beləcə, "diş-diş" böyümüşdü..."

Kiçik bir hekayədə yazıçı görün necə möcüzələr yaradıb! Sözün ətri, şəhdi-şirəsi adamı bihuş edir. Bu günlərdə həmin hekayəni yenidən, ləzzətlə oxudum və eyni hissləri yaşadım. İçimdən bir az da 80-ci illərin havası keçdi; internetsiz dünyanın adamları üçün kitab kulta çevrilmişdi. Hamı boş vaxtlarında kitab oxuyurdu və sonra bir yerə toplaşıb oxuduqlarını müzakirə edirdilər. Yazıçıya qalaq-qalaq oxucu məktubları gəlirdi. Aydın Tağıyev o illərin, o mühitin yazıçısıdır. O illərin içərisində həm də Aydın Tağıyevin yazıçı taleyi var. O, bu taleyi Azərbaycan paradiqmasında ədəbiyyata transfer etməyi bacaran yazıçıdır. Bunun ən parlaq nümunəsi "İspan çəkməsi" romanıdır.

Hekayə ustası kimi tanıdığım Aydın Tağıyevin yaxşı bir roman yazdığına əminliklə əsəri oxumağa başladım. Əsərdə modern və postmodern estetikaların sintezi, keçmişdən bu günə, bu gündən keçmişə yumşaq keçidlər, interaktiv performanslar, qədim mətnlərə göndərmələr məndə belə bir qənaət yaratdı ki, "İspan çəkməsi"ni aparıcı xarici dillərə tərcümə edib dünyaya çıxarsaq, bu əsər Azərbaycan ədəbiyyatına çox böyük uğur gətirə bilər. Hiss olunur ki, müəllif bu mövzunu illərlə içində gəzdirib, qeydlər edib, uzun zaman bu romanın xəyalı ilə yaşayıb və nəticədə mükəmməl bir əsər meydana çıxıb.

Şairin intiharı üzərində qurulmuş süjet xəttində ziqzaqvari dönüşlər oxucunu naviqator kimi son ünvana - qəbiristanlığa gətirib çıxarır. İnsan azadlığının son ünvanı! Paradoksdur. Oxucunu bir sual düşündürür: axı maddi cəhətdən hər şeylə təmin olunmuş, bütün mükafatları almış şair niyə intihar edir?! İntiharın sosial-psixoloji, mənəvi səbəbləriylə bağlı müəllif ricətləri oxucunu dərindən düşünməyə sövq edir: "...orta əsr inkviziyasında günahkarlara əzab və əziyyət vermək üçün xüsusi alətdən istifadə olunurmuş. Cəza verilən adamın ayağına məxsusi tikilmiş ayaqqabı geyindirərdilər ki, bu ayaqqabı da məhkumun ayağını sıxıb ona şiddətli əzab, ağrılar verərmiş. Belə ayaqqabıya "ispan çəkməsi" deyilərmiş".

Belə bir deyim var: dost başa baxar, düşmən ayağa. Buna görə, şair həmişə bahalı ayaqqabı geyinir. Çingiz Aytmatovun "Əsrə bərabər gün" əsərində Jolomanın başına keçirilən dəri sıxıldıqca onun yaddaşı itməyə başlayır və o, manqurta çevrilir. İspan çəkməsi bizə həmin manqurt əfsanəsini xatırladır. Hadisələrin sonrakı gedişatı oxucuya dəfələrlə həmin o ispan çəkməsini xatırladır.

Yazıçının qırmızı imperiyaya (sovet quruluşuna) nifrətini ifadə edən Qırmızı obrazı bir az Corc Oruellin "Heyvanıstan"ındakı situasiyanı xatırladır.

"Havalanmış buğa qırmızı rəngdə nə görürdüsə, coşub üstünə cumurdu. O vaxtlar kəndləri də elə başdan-başa qırmızıya boyanmışdı: məktəblər, iclas zalları, kitabxanalar, klublar... Hər dama-divara da qırmızı parça vurulmuşdu. Buğa tövlədə böyür-böyür böyürür, yeri-göyü lərzəyə salırdı".

Son nəticə nə olur? Kəndin əli balta tutanları buğaya cumub onu qanına qəltan edirlər. Yazıçının mesajı: qırmızı imperiyaya qarşı çıxanların cəzası ölümdür. Yazıçı imperiya siyasətinin iç üzünü buğa vasitəsilə qara mizahla təqdim edir. Buğa əsarətlə barışmazlığın, mübarizənin, etirazın simvoluna çevrilir.

"İspan çəkməsi" pastiş, kollaj kimi zəngin elementləri içində barındıran bir özəlliyə malikdir. Restoranın həyətində qəfəsə salınmış qartal azadlığa çıxmaq üçün çırpınır, uzun müddət beləcə davam edir, nəhayət, mübarizədən yorulmuş qartalı qəfəsdən çölə buraxırlar. O, həvəssiz halda qəfəsdən çıxır, əvvəlki gücü-taqəti qalmayıb, restorana gələn müştərilərin mərhəmətinə sığınır, onların atdığı yemlə qarnını doyurur. Şairi intihara aparan yollar bu mənzərələrdən keçir. Onun maddi ilə mənəvi, cismani ilə ruhani təbəddülatları bu hadisələr fonunda dəyişir.

Aydın Tağıyevin qəhrəmanı ifrat qlobal, kosmik mətləblərlə uğraşır, fərd olaraq dünya ilə təkbətək ünsiyyət və dialoq məqamında təsvir edilir. Onun üçün siyasi yox, mənəvi-əxlaqi iyerarxiya var. Mənəviyyatın çöküşü şairin intiharını şərtləndirir. Atası ölüm yatağında "Leyli və Məcnun" operasında atasının Məcnuna dediyi sözləri təkrarlayırmış: "Durun gedək evimizə". Görəsən, dünya evini tərk etməkdə olan ata hansı evi nəzərdə tuturdu?! Amma şair valideynlərinin başdaşılarını qucaqlayıb eyni sözləri təkrarlayanda bilirdi ki, onları geri qaytarmaq mümkünsüzdür. Şair demiş, "bir çox gedənin hər biri məmnun ki, yerindən, bir çox sənələr keçdi, dönən yox səfərindən..."

Şair bütün dövrlərdə azadlıq təşnəsi olan, əsarətlə barışmayan, ruhunu şərə təslim etməyən insanların ümumiləşmiş obrazıdır. İbrətamiz Şərq rəvayətlərilə, Avropa filosoflarının fikirlərilə naxış vurulmuş roman iki platformada (Şərq və Qərb platformasında) üz-üzə dayanmış Azadlıq ideyasının İnsanın taleyindəki roluna diqqəti yönəldir. Hadisələr lokaldan qlobala doğru inkişaf edir. İnsan bütün ideyaların fövqündədir, Azadlıq ehtirası onu bütün ideyaların fövqünə qaldırır. Azərbaycan nəsrində belə bir romanın yaranması sevindirici hadisədir. Mən əsərin sonluğu barədə heç nə yazmaq istəmirəm. Çox istərdim ki, roman ədəbi tənqid tərəfindən təhlilə cəlb olunsun, müzakirə edilsin, əsərin Azərbaycan romançılığında yeri müəyyən edilsin. 

 

Kənan HACI

525-ci qəzet . 2024.- 12 mart,№46.-S.14.