Çiskinli günün yağmur
duası
“Qəfil yağışlar qəfil ömrümüzə
gələn insanlar kimidir. Qəfil hisslər
çulğalayar adamı. Heç özün də bilməzsən,
bu qəfil yağışlar neçə yol taleyini başdan
yazar”.
Mən Güneli bir axşamın qəribliyində
tanıdım. Və o gündən bu günə qərib
ruhların kədərində sehrləndim. Onun fikirlərini,
düşüncələrini, dünyaya
baxışını sevdim. Və o gündən bu günə
Günel Natiqin incə ruhunu, incə ruhunun qəribliyindəki
sehrli kədərini sevdim...
Günel mənə kədəri sevdirib. Onun kədəri
incədir, həzindir. Gözlərindəki sehrli kədərin
dərinliyindəki parıltı gözqamaşdırır.
Böyük əsərlər yazmır. Kiçik hekayələr
yazır. Əlahəzrət vaxtı kiçik hekayələrinə
sığdırır. Kiçik epizodik parıltılarla
göz qamaşdırmağı bacarır.
Çiskinli günün yağmur duasında
payızı yağdırmağı bacarır. Heç
payız da yağarmı?
“Yağış belə yağmır axı. Bu,
payızdır yağan. Səssiz küçələrə,
üz-gözündən payız yağan qarı
üçün qəribsəmiş küçə itlərinin,
sahibsiz pişiklərin sığındığı karton
qutuların üstünə payız yağırdı...
Yağış belə yağmır axı.
Görmədiyim yerlərin, tanımadığım
adamların xiffəti bürüyür məni belə
vaxtlarda. Qürbət ağrısı gəlib qonur ruhuma, bir
damlaya çevrilib öz torpağıma, vətənimə
yağmaq və elə ona qovuşub qalmaq istəyirəm.
Yağış belə yağmır axı”.
Bir yağış damlasına, su damcısına
çevrilib oz torpağına, vətəninə, yağmaq və
elə ona qovuşmaq istəyir Günel Natiq. Su damlası kimi
saf, təmiz, dupduru... Axı su başlanğıcdır, həyatdır,
su işıqdır.
Çiskinli gündür. Bahar yağır
ömrümüzə...
“Elə bu vaxt yağış yağdı. Onda
yağış təsəlli kimi yağdı ruhumuza”.
Ömrünün baharında payızın boyunu sevir
Günel Natiq.
“Mənim də payızım var. Hər mövsümdə
içimdə, gözümdə, saçlarımda hiss etdiyim
payızım. Öz yolunu gözləyən payızım. Bu
payızın da öz payızı var bəlkə də”.
Bu yağan bahardır. Bu yağan çiçəkdir.
Baharın yağmur duası sənin üçün
yağır. İçindən keçəcək,
ağrılarını sərinlədəcək bu bahar.
Ömrün çiçəklənəcək bu baharda.
Bütün varlığımla və bütün ruhumla
inanıram bu duaya.
Uca Tanrı yar və yardımçın olsun,
Günelim.
Aynur Aydınqızı
525-ci qəzet . 2024.- 12 mart,¹46.-S.14.