Milli lüğətçiliyin
yeni uğuru: "Türk mənşəli arxaizmlər
lüğəti"
Lüğətçiliyin tarixi çox qədimə
gedib çıxsa da, ilk lüğətlərin ibtidai halda
mövcudluğu heç kəsdən gizli deyil. Türk
lüğətçiliyinin tarixi
XI əsrə təsadüf edir. Bu, M.Kaşğarinin
"Divanü-lüğat-it türk" əsəri ilə
başlayır və sevindirici haldır ki, inkişaf bu günə
qədər də davam edir. İnteqrallıqla yanaşı,
diferensiallığa da imza atan bu lüğətlər bir tərəfdən
əməli-tətbiqi, digər tərəfdən isə
elmi-nəzəri mahiyyət kəsb edir. Ona görə də
növlərindən asılı olmayaraq lüğətlərin
hamısı elmi zəmin üzərində dayanır. Bu da
faktdır ki, müasir lüğətlərin
hazırlanması səsli dil əsasında reallığa
qovuşursa, dilimizin tarixi keçmişini əks etdirən
lüğətlər səssiz dil əsasında müəyyənlik
qazanır. Odur ki, sonuncu lüğətlərin
hazırlanması daha ağır və daha gərgin zəhmətin
yekunu olaraq sonuclanır və nəhayətdə elm aləminə
təqdim edilir. Elə bu səbəbdən dilimizin tarixi
keçmişinə dönüş və oradan əliboş
deyil, əlidolu qayıtmaq hər tədqiqatçıya nəsib
olmur. Bu yol məşəqqətli bir yaradıcılıq
yoludur. Belə lüğətlər dilimizin tarixi
keçmişini öyrənmək baxımından çox,
həm də lap çox əhəmiyyət kəsb edir. Belə
lüğətlərdən biri də yenicə ərsəyə
gələn və lüğətçilik tarixinə
imzalı qədəm basan "Türk mənşəli
arxaizmlər lüğəti"dir. Azərbaycan
yazılı abidələrinin bizə miras qalan materialları
əsasında formalaşmış lüğət Nəsimi
adına Dilçilik İnstitutunun "Azərbaycan dilinin
tarixi" şöbəsində filologiya üzrə fəlsəfə
doktoru, dosent Xədicə Heydərovanın rəhbərliyi
altında hazırlanıb. Müasir dövr onilliklər əsasında
öyrənildiyi halda, klassik dövr yüzilliklər əsasında
tədqiqata cəlb olunur. Dilimizin tarixi keçmişindən
qayıdan bu lüğət də 600 illik bir zaman kəsiyini
- XIII-XVIII əsrləri əhatə edən ədəbi-bədii
dil nümunələrini özündə cəmləşdirir.
Əlifba nizamı ilə A, B, C, Ç, D, E, Ə hərfləri
ilə başlayan sözlərlə əhatələnən
bu lüğətin hələlik I cildi elm cameəsinin istifadəsinə
verilib. Tərtibçilər A, B, C, Ç
başlanğıclı leksik vahidləri toplayan və şərhlərlə
birlikdə lüğətə daxil edən "Azərbaycan
dilinin tarixi" şöbəsinin müdiri dosent Xədicə
Heydərova və D, E, Ə ilə başlayan sözləri
qeydə alan və müvafiq elmi izahlarla onları lüğətdə
realizə edən şöbənin aparıcı elmi
işçisi dosent Teyyub Quliyevdir.
Hamıya bəllidir ki, lüğətlər
leksikoqrafik mahiyyət daşıdığından onlar əsasən
leksik dil faktları ilə müəyyənlik qazanır. Amma
bu da faktdır ki, qrammatikanın özünəməxsus bir
avtonomiya təşkil etməsinə baxmayaraq, onun fonetika və
leksika ilə əlaqə zənciri qırılmazdır. Bizə
görə, leksikoqrafiyanın da bir tərəfdən
semasiologiya, terminologiya, digər tərəfdən isə
fonetika, qrammatika ilə bağlılığı şəksizdir.
Yəni lüğət sadəcə quru bir
"Sözlük" adını daşımır. Bu
sözlərdə türkün dili, türkün yaşam
coğrafiyası, türkün tarixi, türkün etnoqrafiyası,
türkün hüquqi dövlətçilik ənənələri,
türkün məişəti, türk mədəniyyətinin
tarixi izləri... yatır. Məsələ burasındadır
ki, yaradıcı kollektiv dilimizin tarixi keçmişi
üçün hər biri əvəzolunmaz dəyər
daşıyan bu faktlara söykənərək onların tərkib
komponentlərini də unutmur, onlara biganə qalmır. Belə
ki, Xədicə öz komandası ilə birlikdə
leksikologiyanın qrammatika ilə əlaqə zəncirini də
lüğətdə mühafizə edir. Nəticədə
dilimizin tarixi keçmişini bu yöndən də oxucu
kütləsinə tanıtdırmaqdan vaz keçmədiyi
aşkarlanır. O, bizi dilin arxaik qatında yer alan leksik vahidlərlə
yanaşı, həm də arxaikləşmiş morfoloji
göstəricilərlə tanış edir. Təbii ki,
onların tərkibində bildiklərimiz də kifayət qədərdir
(söhbət ixtisas sahiblərindən gedir), amma bilmədiklərimiz
də az deyil. Belə olan halda, lüğətdə qeydə
alınan arxaik sistemdə bir tamlaşma ilə
qarşı-qarşıya dayanır və bunu leksikoqrafiya sahəsi
üçün bir uğur kimi qəbul edirik. Sevindirici
haldır ki, təqdim olunan dil faktları məhz ilkin mənbələrdən
seçmə əməliyyatı ilə lüğətə
daxil edilir. Və elə bu da dilimizin tarixinin bu yöndən
daha dəqiq öyrənilməsinin təminatçısına
çevrilir.
"Türk mənşəli arxaizmlər lüğəti"
kollektiv yaradıcılıq məhsuludur. Bu o deməkdir ki,
lüğətin çap edilmiş və yaxud çap ediləcək
hər səhifəsində bir alim əməyi var. Əməkdar
elm xadimi, professor Qəzənfər Kazımov, professor Sevil
Mehdiyeva, dosentlər Vahid Adilov, Vahidə Cəfərzadə,
Teyyub Quliyev, Aynur Paşayeva, Türkan Əsgərova, fəlsəfə
doktorları Reyhan Mədətova, Aynur Mahmud, Elnurə Abbasova,
böyük elmi işçi Rəxşanə Babazadə
"Azərbaycan dilinin tarixi" şöbəsinin müxtəlif
mənbələrdən seçmələr aparan zəhmətsevər,
savadlı və bacarıqlı əməkdaşlarıdır.
İstisnaları nəzərə almasaq, şöbənin əməkdaşları
tərəfindən lüğətdə qeydə alınan bu
leksik faktlar daha çox bədii dilin üzərində
köklənir. Yəni seçilənlər əsasən
klassik ədəbi-bədii dil nümunələrinin payına
düşür. Bu da təsadüfi deyil. Çünki
dilimizin bütün tarixi inkişaf mərhələlərində
ən böyük ağırlıq həmişə bədii
üslubun çiynində olub. Özü də
aparıcılığa imza atan bədii üslubun məhz nəzm
qolu olub. Onu da qeyd edək ki, seçilən və lüğətdə
yerbəyer olan bu sözlər kontekstdən kənar adi leksemlər
kimi görünsə də, əslində onlar vaxtilə mətnin
poetik ağırlığını öz üzərinə
götürən, həm klassik bədii dilin
gücünü, həm də klassik bədii dilin tarixi
gücünü nümayiş etdirən, ən
mühümü xəlqilik axarına yol açan dil
faktarıdır. Bizi razı salan xüsusi cəhət
lüğətdə verilən dil vahidlərinin kontekstlə
təmas qurması və nəticə olaraq faktoloji mahiyyət
daşımasıdır. Yəni komponent olaraq birinci sözlər,
daha sonra onların kontekst daxilinidə təqdimi həyata
keçirilir.
Beləliklə, leksem əlifba sırası ilə
öz yerinə oturdulur, təbii ki, qarşısında məna
tutumu verilir və ən nəhayət, sübutedici fakt olaraq
beyt təqdim edilir. Nəticədə sözün mətn
daxilində daşıdığı semantikasının
reallığına şübhə yeri qalmır. Lüğətdə
bir başqa priyom yönləndirmə üsuludur. Təbii ki,
burada əsas qayə oxucuları ehtiyac duyulan bəzi leksemlər
haqqında daha ətraflı məlumatlarla bilgiləndirməkdən
ibarətdir. Klassik ədəbiyyata yaxından bələdlik,
elmi dəqiqlik, nəzəri hazırlıq və ondan
yerli-yerində, özü də qaydasında istifadə birinci
səhifədən sonuncu səhifəyə qədər bu
lüğəti müşayiət edir. Fikrimizcə, bir tərəfdən
sadalananların sintezi, digər tərəfdən elm cameəsində
məhsuldar elmi fəaliyyəti ilə tanınan Xədicə
Heydərovanın bir leksikoqraf kimi yetkinliyi və bu sahədə
artıq şəxsi imzaya malikliyi lüğətin mükəmməlliyinin
var olmasını şərtləndirib.
Kitab rəflərimizi hər yöndən bəzəyəcək
bu lüğət hələlik Ə başlıqlı
lüğəvi dil nümunələri ilə sonuclanıb.
Lüğətin I cildi 467 səhifəlik həcm
çoxluğu ilə oxucuların istifadəsinə verilib. Bu
ona işarə edir ki, tədqiqatçılar dilimizin tarixi
keçmişindən əli boş qayıtmayıb. Məhz əldə
cəmləşən bu zəngin faktik dil materialı sayəsində
Xədicə Heydərova başda olmaqla onun rəhbərliyi
altında fəaliyyət göstərən alim ordusundan elmi
mühitin gözləntisi boşa çıxmayıb. Onu da
vurğulayaq ki, lüğətdə yer alan türk mənşəli
lüğəvi dil nümunələrinin o tarixi dövrlər
üçün əslində arxaizm kimi qəbulu absurtdur.
Çünki klassik dövr üçün həmin dil
faktlarının arxaizm kimi sübutu qeyri-mümkündür.
İnanırıq ki, bu lüğəvi dil nümunələri
məhz müasir Azərbaycan ədəbi dili ilə
müqayisədə arxaizm kimi sənədləşdirilib. Təbii
ki, məhz bu reallıq bizim üçün qəbul ediləndir.
Onu da deyək ki, əldə edilən uğur təkcə bu
şöbənin adı ilə deyil, həm də
Dilçilik İnstitunun direktoru, filologiya elmləri doktoru,
professor Nadir Məmmədlinin adı ilə, onun işçilərinə
arxa-dayaq durması, onlara qol-qanad verməsi, zəhmətini
yüksək qiymətləndirməsi, ərsəyə gələn
əsərlərin nəşrinə yardım etməsi ilə
bağlıdır. Elə buna görə də əməkdaşların
özünə güvənci artıb. Bizə görə, bu
güvənc elmi məslək yolunda onları heç vaxt tərk
etməyəcək və eyni mükəmməlliklə
lüğətin II və III cildləri bizlərə ərmağan
ediləcək. İnanırıq ki, filologiya üzrə fəlsəfə
doktoru, dosent Xədicə Heydərovanın rəhbərliyi
altında ərsəyə gələn "Türk mənşəli
arxaizmlər lüğəti"nin çap edilmiş və
çap ediləcək növbəti cildləri milli
leksikoqrafiya ənənələrini inkişaf etdirmək və
təkmilləşdirmək yolunda elmə öz töhfəsini
əsirgəməyəcək.
Belə məşəqqətli bir işin öhdəsindən
bacarıqla gəldiyi və dilimizin tarixi keçmişindən
gətirdikləri paya bilgi baxımından bizi də şərik
etdikləri üçün "Türk mənşəli
arxaizmlər lüğəti"nin I cildinin tərtibçilərinə
-"Azərbaycan dilinin tarixi" şöbəsinin
müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə
Heydərovaya və şöbənin aparıcı elmi
işçisi dosent Teyyub Quliyevə təşəkkür
edir və onların növbəti uğurlarının
şahidi olmaq istəyimizi bildiririk.
Qızılgül ABDULLAYEVA
BDU-nun Türkologiya kafedrasının dosenti
525-ci qəzet . 2024.- 12 mart,№46.-S.13.