"Kitabi-Dədə
Qorqud"da qadına ehtiram
"Kitabi-Dədə Qorqud" ilk növbədə ədəbi-bədii
əsərdir. Bir sıra tarixçilər ona həm də
qiymətli tarixi mənbə kimi dönə-dönə
müraciət edirlər. Onlar haqlı olaraq belə bir qəti
hökm vermişlər ki, "Kitabi-Dədə Qorqud" Azərbaycan
türklərinin yazılı yaddaşıdır. Görkəmli
tarixçi alim Y.Mahmudovun yazdığı kimi, "Bu qəhrəmanlıq
dastanı Azərbaycan xalqının əsl tarixidir,
düşmən əli dəyməmiş və
saxtalaşdırılmamış tarixidir".
Təsadüfi deyil ki, Ulu öndərimiz Heydər
Əliyev bu kitabı "xalqımızın ana abidəsi"
adlandırır və onun haqqında deyirdi: "Bizim zəngin
tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi
dəyərlərimiz "Kitabi-Dədə Qorqud" eposunda
öz əksini tapmışdır... "Kitabi-Dədə
Qorqud" həm də bizim etika kitabımız, əxlaq
kodeksimizdir. Böyüyə hörmət, ata-anaya məhəbbət,
iman və etiqad, namus və qeyrət, ailəyə, torpağa,
vətənə sədaqət - bu insani keyfiyyətlər, mənəvi
məziyyətlər Qorqud övladlarının qanına ana
südü ilə, ata nəfəsi ilə birlikdə daxil olur
və son mənzilə qədər də onlarla birlikdə
gedir. Dədə Qorqud dünyasındakı milli dəyərlər,
stereotiplər, rituallar sistemi əslində hər bir azərbaycanlının
varlığının ayrılmaz hissəsidir".
"Kitabi-Dədə Qorqud" dastanı gender
münasibətlərini özündə bədii şəkildə
əks etdirən söz abidəsidir. Onun boylarında diqqətçəkən
əsas məqamlardan biri də ailədə, cəmiyyətdə
qadına münasibət məsələsidir. Dastanda
qadına dərin hörmət, ana müqəddəsliyi, ər-arvad
münasibətləri, qadının vəzifələri o qədər
gözəl təsvir edilmişdir ki, oxuyarkən
xalqımızın necə yüksək mənəvi dəyərlərə
malik olduğuna heyran qalırıq.
Dastanın müqəddəməsində qadınlarla
bağlı əks olunan fikirlər bütövlükdə
türk etnomədəniyyətinin qadına münasibəti
kimi anlaşılmalıdır.
Əsərdə anaya dərin hörmət və
ehtiram vardır. Ana Tanrıya bərabər bir qüvvə
sayılır, "Ana haqqı, tanrı haqqı" hesab
olunur. Ən hörmətli bir məqamda təsvir olunan
qadınların ən dəyərlisi və müqəddəsi
yenə də Anadır. Eposda Anaya - qadına çox yüksək
diqqət, hörmət və ehtiram vardır. Ana obrazları Vətən
obrazı kimi ümumiləşdirilir. Burda ANA Vətəndir,
Namusdur. Ananın toxunulmazlığı ən yüksək
zirvədə dayanır. Bu toxunulmazlığını təmin
etmək isə hər bir övladın, hər bir oğuzlunun
müqəddəs borcudur.
Təsadüfi deyildir ki, Qazan xan döyüşdən
əvvəl düşməndən əsr
düşmüş anasını istəyir: "Anamı
vergil mana. Savaşmadan, uruşmadan qayıdayım", -
deyir. Uruz isə anasının namusu üçün
qıyma-qıyma doğranmasına razı olaraq belə
söyləyir: "Qoy məni, qadın ana, çəngələ
ursunlar, qoy ətimdən çəksinlər, qara qovurma etsinlər,
qırx bəy qızının önünə gətirsinlər.
Onlar bir yediyində sən iki yegil. Səni kafirlər bilməsinlər,
duymasınlar. Ta kim sası dinli kafirlərin döşəyinə
varmayasan, sığrağın sürməyəsən. Atam
Qazan namusunu sınmayasan".
"Kitabi-Dədə Qorqud" dastanında
insanların hüquq və azadlıqlarına hörmətlə
yanaşıldığını, onların şəxsiyyətlərinə
hörmət və qayğı göstərildiyini görməkdəyik.
Dastanda göstərilir ki, dilindən və dinindən
(məsələn, xristian Selcan xatun) asılı olmayaraq
qadınlar kişilərlə bərabər hüquqlara
malikdirlər. Hamı kimi qadınların da hüquq və
azadlıqları müdafiə olunur. Birinci boydan aydın olur
ki, qadınların təhqir edilməsi bağışlanmaz qəbahətdir
və onu törədənlərə "qatı qəzəb"
olunur. Təsadüfi deyil ki, Dirsə xanın nökərləri
Buğacın qəsdinə durarkən onu yalandan
ağbirçəkli qarının saçını
dartmaqda, sərxoş vəziyyətdə namussuzluqda
"günahlandırırlar". Yaxşı bilirlər ki,
məmləkətdə qadına qarşı cinayətlər
çox ağır cəza ilə son bulur. Yaxşı bilirlər
ki, məmləkətin başçısı Bayandır xan
duysa, buna dözməyəcək, günahkarı ən
ağır şəkildə cəzalandıracaqdır. Bu, həqiqətən,
ölkədə qadınların hüquq və
azadlıqlarının, onların şəxsiyyətlərinin
rəsmi şəkildə qorunduğunu göstərir.
Əsərdə qadınların zərifliyi şirin
bir dillə təsvir olunur. Onlar öz gözəllikləri ilə
bütün gözəllikləri üstələyirlər.
"Qaragözlü, burma saçlı, əlləri biləyindən
xınalı, səlvi boylu, qara saçlı, çatma
qaşlı, qoşa badam sığmayan dar
ağızlı" bu gözəllər öz mənəvi
zənginlikləri ilə də diqqəti cəlb edirlər.
Onlar öyünməyi sevmir, vətənpərvərdirlər,
öz ərlərinə yoldaşlıq və hampalıq edir,
onlara ölənə kimi sadiq qalırlar. Sədaqətli və
cəsur, fədakar və mərddirlər. Onlar da at minir,
qılınc çalır, sağa-sola qoşa yay çəkir,
ov ovlayır, quş quşlayır, qurşaq tutur, düşmənlə
savaşırlar. Oz vətənləri, sevgililəri, ərləri,
ailələri uğrunda canlarından keçməyə hər
an hazırdırlar.
Məsələn, Burla xatun qara
qılıncını qurşayıb qırx incəbelli
qızla ərinin və oğlunun köməyinə gedir;
Selcan xatun Qanturalı ilə birlikdə düşmənin
qoşununu qırıb çatır; Banuçiçək
Beyrəklə at çapır, ox atır, güləşir,
on altı illik həsrətə qatlaşır. Dəli
Domrulun xatunu onun əvəzinə ölümə razı
olur, Səgrəyin xatunu ondan sonra ərə getməyəcəyinə
and içir və s.
Oğuz elində qadınların fikir, arzu və rəylərinə
hörmətlə yanaşılır. Qadın qəhrəmanlar
yeri gəldikcə Oğuz igidlərinin nöqsanlarını
cəsarətlə üzlərinə deyir, onlara
ağıllı məsləhətlər verirlər. Məsələn,
Qazan xandan küsüb Gürcüstana köçmək istəyən
Bəkilə xatunu "Padşahlar Tanrının gölgəsidir.
Padşaha asi olanın işi rast gəlməz", - deyə
ağıllı məsləhət verir. Dirsə xanın
halalı incimiş və əsəbləşmiş ərini
təmkinli sözləri ilə sakitləşdirir. Burla xatun
öz sözləri ilə Qazan xana inam verir, onu
döyüşə ruhlandırır. "Kitabi-Dədə
Qorqud" boylarında qadının bu cür aktivliyi, tənqid,
məsləhət və tövsiyələrinin nəzərə
alınması onun ikinci planda
(kişilərdən sonra) olmadığını göstərir.
Dastanda qadınların zorla ərə verilməsi
hallarına rast gəlmirik. Onlar ancaq "göz
açıban gördüyü və könül verib
sevdiyi" igidlərə ərə gedirlər. Diqqəti
xüsusi cəlb edən məqamlardan biri budur ki, Dədə
Qorqud dastanlarında qızlar onlara qalib gələ bilməyən,
özlərindən daha güclü olmayan igidlə
könül bağlayıb, ailə qurmazlar.
Erosda qadınlarla kişilər arasında səmimi
bir münasibət mövcuddur. Bu səmimiyyət onların
bir-birinə müraciətlərində daha aydın ifadə
olunur. Qadınlar öz ərlərinə və
nişanlılarına "başım baxtı, evim
taxtı", "şah, xan, şahbaz igidim", "xan
babamın göygüsü"; kişilər isə onlara
"səlvi boylum, qara saçlum", "çatma
qaşlum", "xan qızı", "qara gözlü
yavuqlum", "halalım", "qadınım, dirəyim,
döləyim", - deyə müraciət edirlər.
Oğuz igidləri qadınlara münasibətdə ədəb-ərkan
və etik normalara ciddi şəkildə əməl edirlər.
Xalq qəhrəmanı Beyrək qadınların
otağına iznsiz yaxınlaşmağı belə ədəbsizlik
sayır. Dastanda 57 qala alan Alp Ərən müstəsna olmaqla
bütün Oğuz qəhrəmanları təkarvadlıdırlar.
Bu isə ölkədə çoxarvadlılığın
olmadığını, qadına hörmət və
qayğı ilə yanaşıldığını göstərən
daha bir işarədir.
Dastanda qadınların öz ərlərinə və
övladlarına məhəbbətləri olduqca təsirli
verilir. Onlar üçün daim narahatlıq keçirən
analar, nişanlı qızlar və bacıların qara
bağrı sarsılır, qara qıyma gözləri
qan-yaşla dolur. Bütün bunlar olduqca təbii və
inandırıcı təsir bağışlayır.
Qadınlar övladlarının, qardaşlarının,
nişanlı və ərlərinin Vətən və xalq
qrşısındakı xidmətləri ilə sevinir, onlara
güvənirlər.
Əsərdə qadınların hüquq və
azadlıqlarının pozulmasına, onların şəxsiyyətlərinin
alçaldılmasına ciddi bir etiraz hiss olunur. Cəmiyyət
bu cür halları qəbul etmir. Məsələn, Basat Təpəgözü
həm də qardaşı arvadını dul qoymaqda,
"qarıcıq ağ birçəkli anasını
bozlatmaqda" ittiham edir; bacılarının
ağladığını görəndə Beyrəyin
içi göynəyir, ölüm ayağında belə
qız-gəlini və görklüsü üçün
narahatçılıq keçirir. Uruz əsirlikdə olarkən
anasının və qaragözlü qız
qardaşının ağlayıb-sızlamaması
üçün atası Qazan xanın təkbaşına
döyüşə girməyib geri qayıtmasını
xahiş edir. Oğuz elinin qız-gəlinini əsir-yesir edən
düşmənlərdən həmişə amansız qisas
alınır.
Dastanda qadınların ailə və cəmiyyət
qarşısındakı vəzifələrinə də
toxunulur. Göstərilir ki, qadınlar milli-əxlaqi dəyərlərə
sahib çıxmalı, mənəvi cəhətdən saf və
təmiz qalmalı, öz evinin dayağı və ərinin ən
yaxın sirdaşı olmalıdırlar. Əsərin müqəddəməsində
belə qadınlar Ayişə, Fatma soyundan sayılırlar.
Belələri haqqında "...onun bəbəkləri
bitsin!" - deyə alqış edilir.
Boyların məzmunundan məlum olur ki, qadının əsas
vəzifəsi öz övladlarını düzgün tərbiyə
etmək, Vətən və xalq üçün gərəkli
şəxslər kimi yetişdirməkdir. "Qız anadan
görməyincə öyüd almaz", "Ata adını
yürütməyən xoyrad oğul ana rəhminə
doğunca, doğmasa, yey" sözləri gənc nəslin tərbiyəsində
anaların üzərinə böyük məsuliyyət
düşdüyünü göstərir.
Əsərdə qaravaş kimi öz mənliyini
alçaldan, ərini hörmətdən salan və ona xəyanət
edən, ailə qayğısı çəkməyən,
övladlarının tərbiyəsinə laqeyd yanaşan
qadınlar kəskin tənqid olunurlar. Belələri
"solduran soy, dolduran toy, bayağı qadın"
adlandırılır. Onların haqqında deyilir: "Onun bəbəkləri
bitməsin! Ocağına bunun kimi övrət gəlməsin!"
"Xalqımızın tərcümeyi-halı"
adlandırılan, tariximizin dərin qatlarını
özündə əks etdirən "Kitabi-Dədə
Qorqud" dastanındakı qadına münasibət və ailə
münasibətləri özünün bir çox xüsusiyyətləri
ilə bu günümüzdə də aktualdır.
Nə xoşdur ki, bu gün də milli-mənəvi dəyərlərimizdən
gələn qadına hörmət və ehtiram davam etməkdədir.
Bizim qadınlarımız isə buna tamamilə layiqdirlər.
Necə deyərlər, qadın gülərsə, bəşəriyyət
gülər.
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet . 2024.- 12 mart,№46.-S.11.