Dini təhsil və kadr hazırlığı:
problemlər və reallıqlar
Cahandar Əlifzadə: "Dini duruma xarici dairələrin
müdaxiləsinin qarşısının alınması
üçün ən effektiv vasitə yerli kadr
bazasının təkmilləşdirilməsidir"
Bir çox inkişaf etməkdə olan ölkələrin
təhsil sahəsində beynəlxalq əməkdaşlığa
can atıldığı kimi, ayrı-ayrı fərdlər də
öz seçdikləri ixtisas üzrə daha yaxşı
püxtələşmək üçün çox vaxt
ölkə xaricinə üz tuturlar. Statistika göstərir
ki, xaricdə təhsil alan şəxslərin əksəriyyəti
öz ölkələrinə qayıdaraq müxtəlif yerlərdə
fəaliyyət göstərirlər. Bir qisim isə təhsil
aldıqları mühitə uyğunlaşaraq elə həmin
ölkədə çalışmağa başlayırlar.
Xaricdə təhsili daha uğurlu hesab edənlər
arasında dini biliklərini dərinləşdirmək istəyənlər
də az deyil.
Bu mövzunu mütəmadi müzakirə obyektinə
çevirən bir məqam isə hələ də
aktualdır. Xaricdə dini təhsil alıb müsbət
istiqamətdə püxtələşənlərlə
yanaşı, çox zərərli meyllərlə cəmiyyət
üçün böyük təhlükəyə
çevrilən şəxslərin ara-sıra
yaratdığı problemlər təkrar-təkrar
sözügedən mövzu barədə polemika aparıb
hansısa nəticələr əldə etmək
üçün müzakirə aparmağa zəmin yaradır.
Müxtəlif ambisiyalara xidmət edən təsirlər
təkcə dini sahədə yox, bir çox məqamlarda
özünü büruzə verir. Din cəmiyyət
üçün daha həssas anlayış olduğundan, adətən,
insanları manipulasiya edib hansısa təsir altına salmaq
üçün ən "effektiv" üsul kimi məhz bu
istiqaməti seçirlər. Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin
müdiri Cahandar Əlifzadə "525"ə
açıqlamasında qeyd edib ki, bəzi dini dairələr
bu sahədəki müəyyən boşluqlardan istifadə edərək
ölkəmizin dini durumuna təsir göstərməyə
çalışıblar: "Hər sahədə olduğu
kimi, din sahəsində də dünya təcrübəsinin
öyrənilməsi və onun tətbiqi vacib məsələlərdəndir.
Azərbaycan kimi uzun müddət öz milli-mənəvi dəyərlərindən
uzaqlaşdırılmağa, milli kimliyini unutdurulmağa
yönəlik siyəsətlərə məruz qalmış,
dini təhsil ənənələrindən tamamilə məhrum
olunmuş ölkələrdə bu mühüm əhəmiyyət
kəsb edib. Əlbəttə, müstəqilliyimizi yenidən
qazandıqdan sonra ölkəmizdə də yerli dini təhsil
modelinin formalaşdırılması zamanı xarici ölkələrin
təcrübəsinin öyrənilməsinə və
onların müsbət tərəflərinin mənimsənilməsinə
xüsusi önəm verilib. Ötən əsrin 90-cı illərindən
Azərbaycanda fəaliyyətə başlamış dini təhsil
müəssisələri Türkiyə, Misir, İran, Suriya,
Malayziya, İraq və digər ölkələrin dini təhsil
müəssisələri ilə əməkdaşlıq edib və
tələbə mübadiləsi həyata keçiriblər.
Təəssüflər ki, bəzi dini dairələr bu sahədəki
müəyyən boşluqlardan istifadə edərək ölkəmizin
dini durumuna təsir etməyə çalışıblar.
Minlərlə azərbaycanlı gənci dini təhsil adı
ilə öz sıralarına qatıblar. Bununla da radikal və
ekstremist dini cərəyanların ölkəmizdə
yayılmasına, həmçinin, dindən siyasi vasitə
kimi mənfi halların yaranmasına müəyyən dərəcədə
nail olublar. Yüzlərlə vətəndaşımızın
ölkə xaricindəki qeyri-qanuni silahlı
qruplaşmaların sıralarına qatılması və həlak
olması məhz belə yanaşmaların nəticəsidir.
Digər neqativ tendensiya Azərbaycanın dövlət
quruluşuna qarşı fikirlərin yayılması cəhdləridir".
C.Əlifzadənin konkret faktlara əsaslanan fikirlərinin
əyani mənzərəsi ilə tez-tez
rastlaşırıq. Həmin şəxslər təkcə
öz həyatlarını alt-üst etmirlər, həm də
şəbəkə kimi inkişaf edərək digər
psixoloji cəhətdən təsirə düşməyə
meyilli olan insanları "zəhərləməyə"
çalışırlar. Təsadüfi
yanaşdığımız hansısa kiçik addım
miqyaslı nəticələri ilə idarəolunmaz vəziyyətə
gəlib çıxır. Bu məqamda isə nələrsə
etmək ya çox çətin olur, ya da
mümkünsüz.
Bu torpaqda doğulub boya-başa çatan bir
azyaşlı bəzən hansısa qeyri-qanuni silahlı birləşmələrin
sırasına qoşularaq amalını dərk etmədiyi
ideyaların qurbanı olmaq üçün
böyüyürsə və onun ölkə xaricindəki dini
təhsilinin nəticəsi "milli düşmənə"
çevrilməyə xidmət edirsə, problemin kökü və
həll yolları barədə daha sistemli müzakirələrə
ehtiyac olduğu müəyyən olur.
Bu mənada, dini təhsil üçün xaricə
getmək riskli olduğundan, alternativ, daha dəqiq desək,
ilkin variantın - Azərbaycanda dini təhsilin təkminləşdirilməsi
labüddür. C.Əlifzadə bildirib ki, problemin
çıxış yollarından biri yerli təhsil
bazasının gücləndirilməsidir: "Ümumiyyətlə,
dini təhsil və din sahəsi üzrə kadr
hazırlığı prosesi kifayət qədər həssas
məsələdir. Təcrübə ölkələrin
dövlət-din münasibətləri, dövlət
quruluşu və siyasətinin kadr hazırlığı
prosesinə ciddi təsir göstərir. Dini durumdakı neqativ
tendensiyaların qarşısının alınması
üçün yerli təhsil bazasının gücləndirilməsi
vacib məsələdir. Son illərdə bu istiqamətdə
kompleks tədbirlər həyata keçirilib. 2018-ci ildən
din xadimlərinə maddi dəstəyin verilməsinə
başlanılıb. Elə həmin il dövlət
başçısının sərəncamı ilə Azərbaycan
İlahiyyat İnstitutu təsis edilib. Dini təhsilin tamamilə
ödənişsiz olması üçün tədbirlər
həyata keçirilib. Hətta xarici ölkə vətəndaşlarının
burada təhsil alması üçün xüsusi təqaüd
proqramı mövcuddur. Hazırda İnstitutda Türkiyə və
Gürcüstanın vətəndaşları təhsil
alır".
Din dövlətdən ayrı olsa da, dini məsələlərlə
bağlı nəzərdə tutulan layihələrin tənzimlənməsi
və problemlərin aradan qaldırılmasına dövlətin
təşəbbüsü və nəzarəti mütləqdir.
Xüsusən, işlə təmin olunmazdan öncə
kadrların bilik və təfəkkürlərinin
yoxlanılması, psixoloji durumlarının müəyyənləşməsi
bu və ya digər arzuolunmaz halların
qarşısını ala bilər. C.Əlifzadə
vurğulayıb ki, "Dini etiqad azadlığı haqqında"
Azərbaycan Respublikasının Qanununa müəyyən əlavə
və dəyişikliklər edilib, İslam dininə aid ibadət
yerlərinə və ziyarətgahlara dini xadiminin təyin
olunması, attestasiyası və tutduğu vəzifədən
azad edilməsi Qayda"sı təsdiq edilib və din xadimi təyinatı
ilə bağlı yeni yanaşmanın tətbiqinə
başlanılıb: "Din xadiminin müsahibə yolu ilə
təyin olunması, bu istiqamətdə şəffaflığın
təmin edilməsi, eləcə də din xadimlərinə
maddi dəstəyin verilməsi yerli dini təhsil
bazasının gücləndirilməsinə və
stimullaşdırılmasına önəmli təsir göstərir.
Təsadüfi deyil ki, ötən il İnstitutun tələbə
qəbulu üçün plan yerləri artırılıb və
onun tərkibində Nazirlər Kabinetinin qərarı ilə
Bakı İlahiyyat Kolleci yaradılıb. Bunlarla
yanaşı, bildirməliyik ki, İnstitut fəaliyyəti
dövründə Türkiyə, Rusiya, Gürcüstan,
Qazaxıstan, Malayziya və digər ölkələrin
müvafiq təhsil müəssisələri ilə əlaqələrini
genişləndirib. Türkiyə və Qazaxıstanın ali
dini təhsil müəssisələri ilə tələbə
mübadiləsi proqramları həyata keçirilib. Gələcəkdə
bu istiqamətdə işlərin daha da genişləndiriməsi
planlaşdırılır. Nəticə etibarı ilə qeyd
etməliyik ki, ölkəmizdə dövlət-din münasibətlərinin
tənzimlənməsi, cəmiyyətdəki tolerant və birgəyaşayış
ənənələrinin qorunması və inkişafı,
xüsusilə də, dini duruma xarici dairələrin
müdaxiləsinin qarşısının alınması
üçün ən effektiv vasitə yerli kadr
bazasının təkmilləşdirilməsi və inkişaf
etdirilməsidir. Hazırda bu istiqamətdə mühüm
addımlar atılır".
Müsəlmanların ən məşhur zikri budur:
"Allahdan başqa ibadətə layiq məbud yoxdur".
İslamın konsepsiyası və məğzi bu cümlədə
özünü ilkin formada ehtiva edir. Bu anlayışın
ardınca gedib saflaşmaq və bəşəriyyətə
İslamın təlqin etdiyi düzgün həyat tərzini
aşılamaq üçün öz Vətənində də,
sağlam beyinlə xaricdə də biliyini dərinləşdirə
bilərsən. Dünyada müxtəlif dillərdə
danışan müsəlmanlar da var və hər biri
Allahın təkliyini zikr edib ibadət edir. Saf niyyətinlə
Allaha bütün dillərdə müraciət etmək olar, təkcə,
sənin milli ruhuna, rifahına qənim kəsilmiş
düşmənin dilindən başqa...
Nadir YALÇIN
525-ci qəzet . 2024.- 12 mart,№46.-S.10.