Aktrisanın
şirin-acı həyat hekayəti
Nəsr
(Əvvəli ötən çərşənbə
sayımızda)
Həzi Aslanov
xalqımızın fəxr etdiyi qəhrəmanlardan biridir, bəlkə
də birincisidir, onun məlum şücaətinin
şişirdilməsinə də ehtiyac yoxdur. Biz mənfur erməni
tarixçiləri deyilik ki, guya qədimdə
yaşamış saxta qəhrəmanlar düzəldib,
onların uydurulmuş xatirəsi əsasında xalqın
tarixini min illər uzadaq, üfürülmüş şar
kimi şişirdək və bu sərsəm əsasda xalqı
şovinizm ruhunda, başqa xalqlara qarşı düşmənçilik
ruhunda tərbiyə edək. Belə eybəcər təcrübəni
nəinki qəbul edirik, hətta lənətləyirik. Lakin biz də səhvlərdən
sığortalanmamışıq, nadir hallarda olsa da, belə əsassız
tərifə uyub, ölçü hissini unuduruq. Stalinqrad
döyüşündəki qələbənin 80 illiyi qeyd
edilərkən, televiziyamızın bir aparıcısı həddi
aşaraq, bəyan etdi ki, əgər Həzi Aslanov
olmasaydı, nə Stalinqrad döyüşündə qələbə
çalınardı, nə də alman faşizmi ləğv
edilərdi. Özü də bu sözləri təkcə
süni pafosla deyil, mismarı ağaca vuran kimi,
uydurmalarını beyinlərə nəqş etdirmək
qaydasında deyirdi. Onun belə qəribə mülahizəsinə
guya heç kəs etiraz edə bilməzdi. Hiperbolanın da həddi
olmalıdır. Böyük səhvi mətni yazan
buraxmışdı, aparıcı onu təkrar etməməliydi.
Belə çıxır ki, Stalinin, Jukovun, Vasilyevskinin
Stalinqrad döyüşünün uğurlu nəticəsində,
alman faşizmi üzərindəki Qələbədə elə
bir xidmətləri olmamışdır, guya Qələbədən
xeyli əvvəl həlak olmuş qəhrəman sovet tank
generalı təkbaşına Hitleri diz
çökdürmüşdü.
Bəs ABŞ-ın Böyük Britaniyaya və Sovet
İttifaqına elədiyi nəhəng və hərtərəfli
kömək, 1944-cü ilin 6 iyunundaki İkinci Cəbhənin
açılması, Müttəfiqlərin Faşist
Almaniyası üzərindəki Qələbəyə nəhəng
töhfəsi niyə tez yaddan çıxır, inkar edilir,
kiminsə bir gülünc uydurması hesabına məntiqdən
xəbər verməyən ağılsız iddiaya
çevrilir. II Dünya müharibəsi kimi ağır
kataklizmdə altı il ərzində qazanılan böyük
Qələbənin bir nəfərin adına yazılması
tarixə, qanlı döyüşlərdə qurban getmiş
milyonlarla insanın, əsgər və zabitlərin xatirəsinə
hörmətsizlikdir. Müharibə tarixdə heç vaxt bir
silahla, lap bu qoy zirehli tank olsun, udulmamışdır. Almaniya
kayzeri II Vilhelm I Dünya müharibəsində malik olduğu
çox saydakı sualtı qayıqlarına bel bağlamaqla,
qələbə çalacağına şübhə etmirdi,
1918-ci ilin noyabrında isə məğlub olub, ölkəsindən
Niderlanda qaçmalı oldu. Sonra isə Hitlerə təriflər
yağdırırdı.
Yəqin ki, Həzi
Aslanov özü sağ olsaydı, tarixin saxtalaşdırılmasına
qəti etiraz edərdi, özünün adının belə
müvafiq olmayan səviyyədə hallanmasından çox
narazı qalardı, çünki o, həm də olduqca təvazökar
insan idi.
Sonra Mehdi Hüseynzadənin
("Mixaylo"nun) heykəlini müşahidə etdik.
Sloveniya dağlarında və Şimali İtaliyada
vuruşduğuna görə o, qaya başında təsvir
edilmişdir. Sloven xalqı vətənlərini azad etmək
üçün igid partizan kimi vuruşan Mixaylonu
özünün milli qəhrəmanı hesab edir. Azərbaycanlılar
üçün bu, əsl fəxr mənbəyi
sayılmalıdır, Novxanı kəndindən olan gənc
oğlan kiçik Qərbi Balkan ölkəsində
ağıla gəlməyən igidliklər göstərmiş,
alman işğalçılarının canlı qüvvəsinə
və hərbi texnikasına böyük zərər
vurmuş, onları məhv etmişdi.
Növbəti səfərimiz Rixard Zorqenin abidəsi
yanına getmək oldu. Heykəlin müəllifi moskvalı
heykəltaraş Vladimir Tsiqal idi, vaxtilə Avstriyadakı
Mauthauzen ölüm düşərgəsində vəhşicəsinə öldürülmüş,
çılpaq bədəni soyuq su ilə buz parçasına
çevrilməklə həyatdan getmiş general
Karbışevin dəhşət saçan heykəlini də
o, yaratmışdı. Zorqenin heykəli tam başqa qaydada,
unikal üslubda işlənmişdi. Onun alnını dərin
qırış kəsirdi. Gözləri isə geniş
olmaqla işıq saçırdı. Gözlər Rafaelin
"Sikstin kapellasında" anasının qucağında
olan körpə İisusun bəşəriyyətin dərdlərinə
görə geniş açılmış gözlərini
xatırladırdı.
Zorgenin heykəli qara qranitəndir, sifətində heykəltaraş
II Dünya müharibəsində dünyanın ağır
qurbanlar, dəhşətli itkilər verəcəyini onun
öncədən gördüyünü əks etdirməyi
bacarmışdı. Bir böyük intellekt sahibi kimi o,
müharibənin motivini yaxşı anlayırdı, bilirdi ki,
Hitler bütün dünyanın olmasa da, Avropanın
ağası, diktatoru olmaq istəyir. Heykəl olduqca sadədir,
sadə bir bağda yerləşmişdir. Lakin bədii dəyərinə
və tam qeyri-adi təsvir üslubuna görə şəhərin
ən qiymətli abidələrindən biri hesab edilə bilər.
Zorge aparıcı alman
qəzetlərinin müxbiri kimi Tokioda siyasi və media dairələrində
böyük nüfuz qazanmışdı. Yaponiyanın ABŞ
hərbi-dəniz bazası olan Pyorl- Harbora hücumunun nələrə
səbəb olacağını da yaxşı başa
düşürdü, ABŞ şirini oyatmaq Yaponiyaya
ağır başa gələcəkdi. Görkəmli yapon
admiralı Yamomoto əvvəlcədən demişdi ki,
yarım il ərzində üstünlük bizdə
olacaqdır, 6 aydan sonra hərb səhnəsində
bütün üstünlüklər amerikanlara keçəcəkdir.
Yamomoto ABŞ-ı yaxşı tanıyırdı, orada
sanballı hərbi təhsil almışdı və dediyi kimi
də oldu.
Məhz Zorgenin yüksək
kəşfiyyatçılığı hesabına
Yaponiyanın SSRİ-yə hücum etməyəcəyi ən
böhranlı bir anda məlum olduğundan, 30 Sibir
diviziyası Uzaq Şərqdən Moskva ətrafına gətirilmiş,
onların tutarlı köməyi ilə 1941-ci ilin 5
dekabrından etibarən alman qoşunları Moskvadan 200 kilometr
geri qovulmuşdular. Zorgenin Moskvanın müdafiəsinə, ən
çətin vaxtda etdiyi kömək, müqayisədə, cəbhədə
vuruşan diviziyalardan da böyük idi. Mən səhnədə
onun rolunu yaratmağa çalışardım, axı söz
vermişdim ki, kişi rollarını da ifa edəcəyəm.
Təəssüf ki, bu rol mənə qismət olmayacaqdır,
kiçik bədənim qəddi-qamətli, sərv boylu
adamı oynamağı mənə qadağan edir. Mənim
ifamda o, kiçik bir karikaturaya bənzəyərdi, bu isə
yolverilməzdir.
Qəhrəmanlarla təsvirlərdəki
görüşləri bitirdikdən sonra, planlarıma
müvafiq olaraq, mənim xahişimlə şair Mikayıl
Müşfiqin heykəlini seyr etməyə getdik. Başqa
şairlər çox iri ölçüdə postament üzərində
dayandıqları halda, elə bil ki, ilham səhnəsindən
deyil, cəbhə döyüşündən
qayıdırdılar, güllələnmiş bu şairin
büstü isə kiçik olmaqla, həm də çəhrayı
rəngdə idi.
Müşfiq faciəli ömür
yaşamışdır. Gəncədən gələn Dilbər
adlı gözəl qızla evləndikdən sonra daim
özünü onun mühafizəsinə həsr etmişdi.
Bir əsr sonra Azərbaycanada yeni bir Puşkin peyda olmuşdu.
Rus şairi öz çirkinliyinə görə arvadı,
füsunkar Nataliya Nikolayevnanı Dantesdən, çar I
Nikolaydan qoruduğu halda, qəşəng Müşfiq tam
layiq olduğu arvadı Dilbəri bütün gözlərdən
qoruyurdu, axı şair arvadı hərəmxana divarları
arasında başqalarından gizlənən odaliska- hərəmə
çevrilə bilməzdi.
Müşfiqin ideologiyaya müxalifliyi də o qədər
qatı olmayıb, elə ciddi nəzərə
çarpmırdı. Lirik şeirlərlə yanaşı,
sosializmin məşhur tikintilərini tərənnüm etməkdə
heç də digər silahdaşlarından geri
qalmırdı. Donosçu şairlərin, sistemə gur xidmətləri
olanlara gücləri çatmadığından, sovet meşə
canavarları kimi, onlar zəifləri ovlamaqla, yaradıcı
ziyalılar meşəsində bi növ ikiayaqlı ideoloji
sanitar rolunu oynayırdılar. Sadəlövh Müşfiqi isə
əhatəsində olduğu dairə məhv etmişdi.
Yuxarıdan verilən kvorumu doldurmaq üçün o, ən
uyğun gələn, əlverişli qurbanlardan biri ola bilərdi
və oldu.
Üzümü ərimə tutub dedim:
- Məşhur qəhrəmanları səhnədə
təsvir etmək görünür, mənim xörəyim
deyildir. Müşfiqi isə oynaya bilərəm, özü də
təkcə repressiya qurbanı kimi deyil, ona qəbir
qazanların ifşasını da tam nümayiş etdirməklə.
Nə vaxta qədər donosçular qurbanlarının qəbri
üzərində ritual rəqsi oynayan vəhşi insanlara bənzədikləri
halda, hörmətlə yad olunacaq və KQB-nin, qəsri
andıran arxiv otelindən öz
ilbiz buynuzlarını bir əsr sonra belə
çıxarmayacaqlar. Bəlkə bizim tamaşa təşəbbüsümüz
bir fayda verdi. Cəhd eləmək, ruslar demişkən,
heç də işgəncə deyildir. Pyes hazırdır, nəticə
rejissordan və əsasən mənim rola girməyimdən, bədbəxt
bir insanın taleyini yaşamaq qabiliyyətimdən
asılı olacaqdır. Zamanla bizim aramızda bir-birini
ötüb keçmə qaçışı
başlanmışdır.
Mən həm də az da olsa Müşfiqin indiyədək
nəzərə çarpmayan laqeydliyinə də
toxunacağam. Niyə o, faşizmə, antisemitizmə
qarşı, onlar alovlandığı bir vaxtda səsini
qaldırmamışdı? Qarsiya Lorka həyatını qurban
vermək hesabına bunu etdiyi halda, bizim ziyalılar özlərinə
şəxsən heç bir təhlükə
olmadığı halda ağızlarına su
almışdılar, elə bil ki, bu dünyada
yaşamırdılar. İspaniyada Vətəndaş
müharibəsi gedirdi, Fransisko Franko qoşunu ilə
respublikaçıların kütləvi
qırğınını törətdiyi bir vaxtda, Hitler,
aviasiya bombardmanı ilə məhz respublikaçıları
məhv etmək üçün İspaniyanın Qernika şəhərini
Yer üzündən silmişdi. Ümumiyyətlə
dünyanın çox hissəsini ölüm saçan hərb
simfoniyasının harayı bürümüşdü,
üç qitə əhalisi əzablarla üzləşdiyi dəhşətli
bir vaxtda biz diqqətimizi namus, qeyrət nişanəsi kimi
milli musiqi alətimiz olan tarın o qədər də ciddi
görünməyən və əsasən sünilik təsiri
bağışlayan müdafiəsinə yönəltmişdik.
Tar bizim milli ruhumuzun ən vacib səsi olsa da, bədbəxtliklərin
qarşısını almaqda elə bir güc sahibi deyildir. Bu, məgər bir qədər
cılız, bəşəri faciələrə məhəl
qoymamaq kimi, "bizim komanın qıraqda olduğu" prinsipi
tək görünmürdümü? Sonralar isə alman
qoşunları ilə cəbhələrdə yüz minlərlə
cavanlarımızı qurban verməli olduq. Ağacdan
hazırlanmış tarla müqayisədə onların itkisi
məhz daha dəhşətli təsir
bağışlamırmı? Deyəsən, mən o vaxt,
ziyarətimizin sonunda tam ittiham ruhunda köklənmişdim.
Biz aktrisalar həm də könül
bağbanlayırıq, becərdiyimiz, qulluq etdiyimiz bağlar
tamaşaçıların könülləridir. Biz
çalışmalıyıq ki, o bağlarda yaxşı
meyvə ağacları böyüsün, ərazisi daim
gül-çiçək ətri versin. Çünki
könül ona uyğun gəlməyənlərlə,
qaranlıqla dolu olduqda, onda günah yetişməyə
başlayır. Ona görə də könülləri həmin
qaranlıqdan xilas etməliyik. Özümüz də,
tamaşalarımız da yalnız bu məqsədə xidmət
edir. Yaradıcılığımın ayrı-ayrı
nüanslarına gəldikdə, tamaşaçılar mənim
uşaq obrazlarımı xüsusilə bəyənirdilər.
Mən uşaq baxçasında şuluqluq salan
qızcığazı da, dəcəl məktəbli
qızı da təsvir etməyi bacarırdım, bu işdə
mənə həm də kiçik bədən quruluşum
köməklik edirdi. Digər iri bədənli, cüssəli
aktyorların uşaq obrazlarındakı tərəf-müqabillərim
nə qədər cazibədar olsalar da, mənim oyunumla
müqayisədə onlarınkı bir qədər süni
alınırdı. Axı onlara məndən fərqli olaraq,
yeniyetmə uşaq fiqurası yad idi, ifadələrindəki və
danışıqlarındakı ustalıq nişanələrinin
çoxluğu da, iri qarnı və ya uca boyu dəyişdirmək,
kiçiltmək iqtidarında deyildi. Mən aktyor
dostlarımın istedadına hörmətlə
yanaşırdım, lakin onların özləri nə qədər
çalışsalar da, həll yolları axtarıb tapsalar
da, uşaq görkəminə uyğun gəlmirdilər. Ona
görə də məni uşaq personajlarının səhnə
taleyinin ən usta yaradıcı sayırdılar və belə
qiymət məni olduqca ovundururdu.
Mənim bu sahədəki az-çox nailiyyətim diqqətdən
yayınmamışdı. Bir jurnalist bu rollardakı uğuruma
görə məni "kolibri" adlandırmışdı,
ərimin verdiyi "Byenvenyu", indi də quş adı qəbul
etmişdi. O yazırdı ki, kolibri ən xırda quş olsa
da, uzun dimdiyinə görə istənilən çiçəyin
ləçəklərinin dərinliyində yerləşən
nektarı tapıb çıxara bilir. O, qidalanması
üçün hər imkandan istifadə edir, butulkanın
ağzından tökülən şirəni və ya
balı, bunu onlar üçün edən turistlərdən
çəkinmədən dimdiyi ilə sorur. Bu aktrisa da belədir,
ona tapşırılmış rolun şirin şirəsini
çıxarıb, tamaşaçıya nümayiş etdirməyənə
qədər yorulmaq bilmir, özünü taqətdən salana
qədər çalışır və istədiyi nəticəyə
də nail olur. Uşaq obrazında əvvəlki gənc və
gözəl aktrisadan əsər-əlamət qalmır,
bütün varlığı uşaq obrazına tabe olur, onda əriyir
və aktrisanın təcəssüm etmə qabiliyyəti
özünü daha parlaq büruzə verir.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet . 2024.- 20 mart,¹52.-S.14.