Tarixin yaddaşına işıq
tutan məktublar
Bu günlərdə "525-ci qəzet"də
akademik Rafael Hüseynovun elmi publisistikanın mükəmməl
nümunəsi olan "Hamıya açıq olan şəxsi
məktublar" adlı dərin məzmunlu, örnək məqaləsini
böyük maraqla oxudum. Görkəmli alim Turxan Gənceyini mən
də şəxsən tanıyırdım. Qocaman alim, dostum
Abbas Zamanovla birgə professorun Britaniya muzeyinin
kitabxanasının Əlyazmaları Fondunda üzə
çıxardığı, indiyə qədər elm aləminə
məlum olmayan, doqquz perqamentdən ibarət olan, altı
miniatürlə bəzədilmiş yeganə
illüstrasiyalı əlyazması haqqında "Xətaişünaslığa
yeni töhfə" adlı məqalə həsr etmişdik
("Ədəbiyyat və incəsənət qəzeti",
04.12.1987).
Eyni zamanda Turxan Gənceyinin ingiliscə çap
etdirdiyi "Şah İsmayılın illüstrasiyalı əlyazmasına
dair qeydlər" məqaləsini dilimizə çevirərək
"Ədəbiyyat və incəsənət qəzeti"nin
həmin sayında oxuculara təqdim etmişdik.
1988-ci ilin iyul-avqust aylarında sovet müəllimlərinin
rəhbəri kimi Oxford Universitetində ixtisasartırma
kurslarında olarkən professor Turxan Gənceyiyə
çatdırdım. O, məni evlərinə dəvət
etdi. Üç saata qədər Azərbaycandan söhbət
etdik. Hiss etdim ki, vətən üçün qəribsəyir
və bu ülvi hiss onu heç vaxt tərk etməyəcək.
Rafael müəllimin möhtəşəm
"Hamıya açıq olan şəxsi məktublar" məqaləsi
İraqda yaşayan soydaşlarımızın görkəmli
tədqiqatçısı, Türkmanelində
folklorşünaslıq və ədəbiyyatşünaslıq
məktəbi yaradan Əta Tərzibaşı ilə məktublaşmalarımı
yada saldı.
Bu il elmi fəaliyyəti İraq, Türkiyə və
Azərbaycanda yüksək qiymətləndirilən Əta Tərzibaşının
anadan olmasının 100 ili tamam olur.
Əta Tərzibaşı ilə
tanışlığım düz 60 il bundan qabağa,
1964-cü il sentyabr ayının 26-na təsadüf edir. Hər
il ənənəvi olaraq Bağdadda İraq türkman nadisində
(mədəniyyət evi) ali məktəblərə daxil olan
türkman gənclərin şəninə bu mədəniyyət
ocağında şənlik düzənlənər, ölkənin
hər yanından ziyalılar, alimlər, yazarlar o şənliyə
dəvət edilərdilər. Kərkükdən Əta Tərzibaşı
da gəlmişdi. Qırx yaşında olmasına baxmayaraq,
artıq "Şərqi və türkülər" (1953),
"Kərkük xoyrat və maniləri" (1955, 1956, 1957 -
üç cilddə), "Kərkük havaları" (1961),
"Kərkük əskilər sözü" (1962), "Kərkük
şairləri" (1-ci cild, 1963) kitabları, elmi məqalələri
çap olunmuşdu. Hamı ona böyük ehtiram göstərirdi.
Bizi dostum Rza Dəmirçi tanış etdi. O, biləndə
ki, Kərkük dialekti ilə məşğul oluram, dedi ki, ləhcəni
folklor olmadan tədqiq etmək mümkün deyil. Məsləhətlər
verdi. Tanışlığımız davam etdi. Sonda
dostluğa çevrildi.
Mən dörd il İraqda işləyərək
(1962-1966) vətənə dönəndən sonra Əta Tərzibaşı
ilə məktublar vasitəsilə əlaqə
saxlayırdıq. Məktublarında dəyərli məsləhətlərlə
məni istiqamətləndirirdi.
İndi tarixə çevrilən həmin məktublarda
Azərbaycan-İraq türkman ədəbi-mədəni, elmi əlaqələrinə
işıq tutulur. Abbas müəllimin və mənim şəxsi
təşəbbüsümüzlə kitab mübadiləsində
görülən misilsiz işlərdən, Rəsul Rza, Abbas
Zamanov, Mirzağa Quluzadə, M.T.Təhmasib və
başqaları ilə əlaqələrdən bəhs
edilirdi.
Tarixin yaddaşı gödək olur. Vaxtilə
"Altı il Dəclə-Fərat sahillərində"
(1985, təkrar nəşr 1987) kitabımda yer alan (s.83-89)
iraqlı soydaşlarımızla bağlı təmənnasız
görülən işlərin miqyası barədə təsəvvür
yaransın deyə vətənpərvərlik nümunəsi
olan həmin tarixi məktubları oxuculara təqdim edirəm.
Düşünürəm ki, gələcəkdə
Rafael müəllimə bənzər tədqiqatçılar
yetişəcək və ədəbi-mədəni, elmi əlaqələrimizdən
bəhs edən bu məktubların da qiymətini verəcəklər.
"Kərkük. 12 mart 1970-ci il.
Sayın Qəzənfər Paşayev!
Zəhmət çəkib yazdığınız 19
fevral 1970-ci il tarixli məktubunuzu aldım. Şəxsim
haqqındakı iltifatlı sözlərinizə və səmimi
duyğularınıza görə təşəkkür edirəm,
əzizim...
"Kərkük dialektinin fonetikası" adlı
dissertasiyanı müdafiə etmənizə çox məmnun
oldum. Sıcaq təbriklərimi qəbul edin. Bu əsər bizə
çox lazımdır. Bir nüsxəni lütf edib göndərmənizi
rica edirəm.
Rəsul Rzanın yazılarını çap edən
"Qardaşlıq" dərgisinin nüsxələrini əldə
etdiyim zaman göndərəcəm. Kəndisinə məxsusi
salamımı bildiriniz.
Mənə göndərdiyiniz "Dədə
Qorqud" kitabı ilə professor Dəmirçizadənin
başqa kitabları çatmışdır. Təşəkkürlər
edirəm. Ayrıca Azərbaycan Elmlər Akademiyasının
elmi əsərlərində çıxan bayatı məsələlərinə
həsr olunmuş məqaləyi də aldım. Bunları tədqiq
etməğə hənuz vaxt bulamamışam.
Önkü gün qardaşımız Abbas Zamanovun
göndərmiş olduğu kitab ulaşmışdır. Mənim
yerimə təşəkkür yetirməgi lütfən
unutmayınız. Artıq işlərinizdə
başarılar diləyirəm.
Qardaşınız Əta Tərzibaşı"
"Əziz Əta bəy!
Yazdığınız məktubu aldım. Minnətdarlığımı
qəbul etmənizi təmənna edirəm. Rəsminizə
görə minnətdaram.
Əziz doktor, salamınızı həm Rəsul
Rzaya, həm də Abbas Zamanova çatdırdım. Çox
razı qaldılar. Rəsul Rza onun məqaləsini çapa
hazırladığınıza görə yenə də təşəkkürünü
bildirdi və həmin nüsxələri ona göndərmənizi
ümid etdi.
Sizə sevinc hissi ilə bildirirəm ki, sizin
"Arzu-Qəmbər" dastanı 1971-ci ilin lap əvvəlində
çap üçün qəbul edildi.
Əsərin girişində sizin həyat və
yaradıcılığınız haqqında 6-7 səhifəlik
bir yazı vermək fikrindəyəm. Yazı hazır olan kimi
sizə də göndərəcəyəm, oxuyub fikrinizi
bildirərsiniz.
Dissertasiyamın bir nüsxəsini imkan olsa, Sinan Səidlə
sizə göndərəcəyəm. İndilik sizə iki
bağlama kitab göndərirəm.
Birinci bağlama: 1. M.Şirəliyev (akademik) - Azərbaycan
dialektologiyasının əsasları; 2. Azərbaycan dilinin Qərb
qrupu dialekt və şivələri; 3. Azərbaycan dilinin Nuxa
dialekti; 4. Azərbaycan dilinini dialekt və şivələrində
feil.
İkinci bağlama: 1. Prof. Dəmirçizadə -
"Kitabi-Dədə Qorqud" dastanlarının dili; 2. Azərbaycan
dilinin tarixi qrammatikası; 3. Azərbaycan ədəbi dili
tarixi; 4. Dil və dilin fonetik vahidləri; 5. Dilin lüğət
tərkibi və qrammatik quruluşu; 6. Prof. Nəsir Məmmədov
- Dilçiliyin əsasları; Prof. A.Qurbanov - Müasir Azərbaycan
ədəbi dili.
"Dilçiliyin əsasları" kitabının
246-cı səhifəsində sizin sayınız göstərilib.
Bu kitabın 1966-cı il çapında isə sizdən tam
bir səhifə söhbət gedir. Kitabı tapan kimi sizə
göndərəcəyəm.
Rica edirəm sizlərdə yeni nə çıxsa, mənə
də bir nüsxə göndərin. "Qardaşlıq"
jurnalını keçən il hər vaxt alırdım.
İndi nədənsə göndərmirlər.
Güzarınız düşsə, onlardan xahiş edin,
göndərsinlər. Hələlik bu qədər
Kiçik qardaşınız Qəzənfər
Bakı, 03.04.70"
"Çox hörmətli Əta bəy!
Belə qərara gəlmişdim ki, "Arzu-Qəmbər"
çapdan çıxana kimi sizə məktub yazıb qiymətli
vaxtınızı almayım. Xalq şairi Rəsul Rza öz
kitablarını sizə göndərməyimi rica etdi.
Kitabları və məktubumu sizə göndərirəm.
Ancaq mənim sizə
alnıaçıq-üzüağ məktub yazmaq vaxtım
da yaxınlaşır. Belə ki, bir aya "Arzu-Qəmbər"
çapdan çıxar. Üç dəfə düzəlişini
etmişəm. Axırıncı dəfə basılmaq
üçün mətbəəyə göndərmişik.
Ön söz sizə əvvəllər yazdığım
kimi, sizin həyat tarixinizə həsr olunmuşdur. Yazı
"Bir ömürdən səhifələr" adlanır.
Əlbəttə, sizin yaradıcılığınız da
təhlil olunur.
Əta bəy, 1972-ci ildə "Kərkük
mahnıları" kitabı çıxmalıdır.
Öndə sizin "Kərkük havaları" kitabına
yazdığınız 35 səhifəlik yazınızı
yığcamlaşdırıb 10-15 səhifədə vermək
fikrini bəyəndilər. Son söz sizindir. Əgər istəsəniz,
həmin yazını sizə göndərim, nə düzəlişiniz
olsa edin və razılığınızı bildirin.
Bəlkə, bir-iki ilə "Kərkük atalar
sözləri" kitabı da çıxdı. Düzü,
gümanım azdır.
Sizin dialekt üzərində işimi azaltsam da, yenə
də işləyirəm. "Kərkük dialektində səs
artımı və səs düşümü" məqaləmi
sizin mühakimənizə göndərirəm. Bu sahəni siz
yaxşı bilirsiniz. Mən dissertasiyamda göstərmişəm
ki, Kərkük dialektində səs artımı və səs
düşümü hadisəsindən birinci danışan
Əta Tərzibaşı olmuşdur. Bu fikri "Arzu-Qəmbər"ə
verdiyim girişdə də təsdiq edirəm.
Əta bəy, son vaxtlar Mövlud Taha Qayaçı və
başqalarından məktublar alsam da, sizin haqqınızda məlumatım
dəqiq deyil. İşləriniz necədir? İndi nə
üzərində işləyirsiniz?
Mənim işlərim yaxşıdır. Rəsul Rza
münasibətlərimizin daha geniş vüsət almasına
çox çalışır. Onun üç
kitabını sizə göndərirəm. Əgər
şeirlərdən xoşunuza gələn olsa,
"Qardaşlıq" dərgisində vermək
yaxşı olardı.
Məktubumu burada sona verərək sizə uzun
ömür, cansağlığı, işinizdə yeni-yeni
müvəffəqiyyətlər arzulayıram.
Səmimiyyətlə: sizin Qəzənfər
Bakı, 3 mart 1971"
"Kərkük, 20 dekabr 1971-ci il.
Sayın doktor Qəzənfər qardaşım!
Məktubunuzla birlikdə göndərmiş
olduğunuz "Kərkük havaları"nın müqəddiməsindən
xülasə etdiyiniz bəhsi və beş nüsxə
"Arzu-Qəmbər" kitabını aldım. Təşəkkürlər
edirəm. Bu kitabı hənuz tədqiq etmək fürsətini
bulamadım. Təəssüratımı sizə sonradan bildirəcəyəm.
Hər halda bu uğurdakı qiymətli işinizi təqdir və
məhəbbətlə qarşılayıram. Bu kitabın
latın hərfləri ilə yapdığım
çapından iki nüsxəsini poçta ilə adresinizə
göndərdim.
Bir qaç gündən sonra əlinizə dəgər.
"Kərkük havaları" kitabının giriş
qismini müəyyən parçalarla Bakıda çap etdirmək
istədiyiniz "Kərkük mahnıları"
kitabınıza keçirməyinizə bu haşiyənin əlavə
olunması şərtilə razıyam. "Bu məqalə
Əta Tərzibaşının "Kərkük
havaları" adlı kitabının giriş qisminin bir
nüsxəsindən ibarətdir". Bu haşiyəni məqalənin
birinci səhifəsinin aşağı tərəfində nəşr
etdirməyinizi zəruri görməkdəyəm.
Əzizim, o məqaləni bir az da genişləndirsəniz
çox yaxşı olardı.
Artıq yeni çalışmalarınızda
üstün başarılar diləyirəm. Bu münasibətlə
Yeni ilinizi təbrik edir, gözlərinizdən öpürəm.
Qardaşınız Əta Tərzibaşı"
"Hörmətli Əta bəy!
Zəhmət çəkib göndərdiyiniz məktubu
aldım. Latın hərfləri ilə çap etdirdiyiniz
"Arzu-Qəmbər" isə hələlik
çatmayıb. Doğrudur, bu barədə professor Abbas
Zamanovdan eşitmişdim.
Əziz Əta bəy, məni, hər şeydən əvvəl,
"Arzu-Qəmbər" kitabına yazdığım
müqəddimənin sizə necə təsir
bağışlaması və ümumiyyətlə, kitab
haqqında fikriniz maraqlandırır.
Bəyim, mənim çapa hazırladığım
"Kərkük mahnıları" kitabında sizin "Kərkük
havaları" kitabınızdan götürdüyüm
"Musiqi həyatımıza toplu bir baxış"
adlı gözəl elmi məqalənizin getməsi burada
böyük marağa səbəb olacaqdır. O ki qaldı məqalənin
qısaldılmasına, mən də istəməzdim ki, orada
qısaltmalar edilsin. Ancaq "Kərkük
mahnıları" kitabı özlüyündə kiçik
olduğuna görə giriş məqaləsini çox da
geniş vermək olmaz.
Əta bəy, mən sizin məqalənizin haradan
götürüldüyünü vermək üçün
notdan istifadə etməyi münasib bilmədim. Başqa yolla
gedərək "Bir neçə söz"
başlığı altında belə bir yazı verdim:
"Oxuculara təqdim etdiyimiz bu kitab İraq
Respublikasının şimalında yaşayan və son məlumata
görə, sayı yarım milyonu keçən (bax:
"Qardaşlıq", №6, 1970) Kərkük xalqının
mahnılarının az bir qismini əhatə edir. Kitab Əta
Tərzibaşının 1961-ci ildə nəşrinə
müvəffəq olduğu "Kərkük havaları",
Əhməd Fikrinin "Sevilən mahnılar" (Kərkük,
1961), Əhməd Otraqçı oğlunun "Səs sənətkarlarımız"
(Kərkük, 1964), müğənni Əbdülvahid Küzəçioğlunun
"Xoyrat və bəstələr" (Kərkük, 1966),
"Ərbildən bir səs" (Kərkük, 1966)
kitabları əsasında tərtib edilmişdir. Əlbəttə,
gözəl tədqiqat əsəri olan "Kərkük
havaları"nı başqa kitablarla müqayisə etmək
olmaz. Bu kitab bir çox məziyyətlərinə görə
fərqlənir. Biz də "Kərkük
mahnıları"nı tərtib edərkən həmin
kitabdan daha çox faydalanmışıq. Əta bəy
"Kərkük havaları" kitabına 35 səhifəlik
giriş vermişdir. Həmin məqalənin oxucuların
marağına səbəb olacağını güman edərək,
bəzi qısaltmalarla kitabda verməyi lazım bildik".
Əziz Əta bəy, bəlkə də, bu il
İraqda görüşmək bizə bir daha qismət oldu. Məsələ
burasındadır ki, mənə yenidən İraqda işləməyi
təklif etdilər. Böyük məmnuniyyətlə
razılıq verdim. Axı dostlarla, tanışlarla
görüşmək, doğma yerləri yenidən görmək
kimin ürəyindən olmazdı.
Hələlik bu qədər.
Məktubumu sona verərkən sizə bu yeni ildə
yeni-yeni müvəffəqiyyətlər, şəxsi həyatınızda
xoşbəxtlik diləyirəm.
Hörmətlə: qardaşınız Qəzənfər
Paşayev
Bakı, 20 yanvar 1972-ci il"
"Kərkük, 17 aprel 1972-ci il.
Hörmətli doktor Qəzənfər bəy!
Bundan bir ay öncə aldığım məktubunuzun
cavabını işlərimin çoxluğu səbəbindən
təxir etdimsə, qüsura baxmayınız. Siz hər zaman
könlümüzdəsiniz. Çapa
hazırladığınız yeni əsərinizdən
dolayı başarılar diləyirəm.
Qaynaq olaraq "Kərkük havaları"
kitabımızdan başqa, "Səs sənətkarlarımız",
Əbdülvahid Küzəçioğlunun "Xoyrat və bəstələri",
"Ərbildən bir səs" adlı kitablardan da istifadə
edərkən diqqətli olmağınız vacibdir.
Çünki bu kitablarda bizim nəğmələr arasına
girən yabançı nəğmələr də vardır
ki, bunlar bəstəkarlarımızın nəğmələri
arasına qarışmışdır. Mən kitabıma sadəcə
olaraq xalq nəğmələrini almışam.
İkinci məktubunuzda yazdığınıza
görə, "Arzu-Qəmbər" kitabından 20-30
nüsxə daha göndərəcək idiniz. İndiyə qədər
bizə ulaşmamışdır. İlk dəfə göndərdiyiniz
bir qaç nüsxəyi arxadaşlara verdim. Lütfən
mümkün olursa, bu kitabdan heç olmazsa on nüsxə təhidli
poçta ilə bizə göndərəsiniz. Bu nüsxələri
iki bağlama halında göndərsəniz daha yaxşı
olur.
"Arzu-Qəmbər" kitabının latın hərfləri
ilə nəşri əgər sizə lazım isə
yazınız. Məmnuniyyətlə göndərərəm.
Buraca başqa bir arzunuz da varsa, bildiriniz. Yerinə yetirməyə
çalışaram.
Artıq gözlərinizdən öpür, şən
və sağlam qalmağınızı diləyirəm.
Əta Tərzibaşı qardaşınız"
"Əziz doktor Əta bəy!
Zəhmət çəkib yazmış olduğunuz
17.04.72-ci il tarixli məktubu aldım. Məktubunuz İraq
haqqında olan xatirələri təzələdi. Sizinlə
"Qardaşlıq" nadisində olan görüşüm
yada düşdü. Gözəl məsləhətləriniz,
elm haqqında əla fikirləriniz bir daha fikrimdən
keçdi. Təşəkkür edirəm, bəyim!
"Arzu-Qəmbər" kitabının sizə
çatmamasına təəssüflənir və iki
bağlama göndərirəm. Cəmi 25 kitab. Yaxın
günlərdə sizə çatar.
Əta bəy, mənim nəşrə
hazırladığım "Kərkük
mahnıları" kitabına dair gözəl məsləhətlərinizə
görə də sizə dərin təşəkkürümü
bildirirəm. Əvvəllər sizə yazdığım kimi
həmin kitabda sizin "Kərkük havaları"
kitabına yazdığınız məqalə gedəcəkdir.
Sizi əmin edirəm ki, həmin məqalə kitabın qiymətini
- dəyərini daha da artıracaqdır.
Əziz doktor, sizin "Arzu-Qəmbər"
kitabınızın İstanbul nüsxəsi burada
hamının marağına səbəb oldu. Rica edirəm həmin
kitabdan daha bir neçə nüsxə göndərəsiniz.
Rəsul Rza, akademik Şirəliyev, prof. Dəmirçizadə,
prof. Təhmasib, prof. Abbas Zamanov və başqaları
üçün.
Yeri gəlmişkən, prof. Təhmasib sizin
"Əsgilər sözü" kitabınız haqqında
"Ədəbiyyat və incəsənət" qəzetində
məqalə çap etdirib (18.03.1972). Əgər sizə
çatmayıbsa, göndərim.
İndilikdə isə "Qardaşlıq"
jurnalında çıxan bəzi yazılar və s.
haqqında bizim qəzetlərdə gedən yazıları və
öz fotomu sizə göndərirəm.
Bu yaxınlarda bizim folklor haqqında sizə və
Mövlud Tahaya daha bir neçə kitab göndərəcəyik.
Burada məktubuma son verərkən sizə yeni-yeni
başarılar diləyir, möhkəm
cansağlığı arzulayıram.
Səmimiyyətlə: kiçik qardaşınız Qəzənfər
Bakı şəhəri, 5 may 1972-ci il"
P.S. Elə həmin ildə yenidən İraqa
uzunmüddətli ezamiyyətə getdiyimdən (1972-1975) məktublara
ara verdik.
Qəzənfər
PAŞAYEV
525-ci qəzet . 2024.- 20 mart,№52.-S.12;13.