Elmi axtarışlarda keçən ömür: professor Nizami Xudiyev

 

Hər bir alim, yaradıcı insan haqqında söhbət düşdükdə, ilk növbədə onun əsərləri, elmi irsi, yetirmələri göz önündə canlanır. Bu mənada Azərbaycanın filologiya elmində öz dəsti-xətti ilə seçilən alimlərimiz az deyil. Belə alimlərdən biri olan, dilçiliyimizin görkəmli nümayəndəsi, ədəbiyyatşünas və mədəniyyət xadimlərinin yaxşı tanıdıqları mərhum professor Nizami Xudiyev elm tariximizin sayılan şəxsiyyətlərindən idi.

Filologiya elmləri doktoru, professor Nizami Xudiyev müasir Azərbaycan dilçiliyini öz araşdırmaları, monoqrafiya və dərslikləri ilə zənginləşdirən alimlərimizdəndir. Vətəndaşlıq mövqeyi, xüsusi təşkilatçılıq bacarığı ilə həmişə diqqəti cəlb etmiş N.Xudiyevin elmi tədqiqatları daha çox bədii dil, Azərbaycan ədəbi dilinin tarixi, leksikologiyası, söz yaradıcılığı, eləcə də linqvistik tərcüməşünaslıq, üslubiyyat və poetika məsələləri, qədim türk abidələrinin dili, nitq mədəniyyəti, terminologiya, ana dilimizin tədrisi metodikası kimi aktual sahələri əhatə edir. 30-dan çox monoqrafiya, dərslik, dərs vəsaiti, elmi-metodiki, praktik vəsaitlər və lüğətlər N.Xudiyev qələminin məhsuludur. "Azərbaycan ədəbi dili tarixi", "Azərbaycan ədəbi dilinin sovet dövrü", "Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişafı", "Azərbaycan ədəbi dilinin zənginləşmə yolları", "Yazıçı dili və üslubu", "Azərbaycan ədəbi dilinin təşəkkülü", "Tərcümə ədəbiyyatı və ədəbi dilimiz" və başqa monoqrafiya, dərslik, dərs vəsaitləri onun elmi yaradıcılığının heç də tam olmayan siyahısıdır.

Nizami Xudiyev müasir dilçiliyimizdə öz sözü, mövqeyi olan tədqiqatçılardan idi. Bununla yanaşı, o, hər dəfə söhbət düşdükdə qazandığı uğurlara görə mərhum akademiklər - M.Şirəliyevə, Ə.Dəmirçizadəyə, müxbir üzv, professor A.Qurbanova və başqa ağsaqqal alimlərə borclu olduğunu minnətdarlıqla söyləyirdi. N.Xudiyevin araşdırmalarında dilimizin leksikası, dilçiliyimizin leksikologiya və söz yaradıcılığı, nitq mədəniyyəti sahələri xüsusi yer tutur. Professor Nizami Xudiyevin misal gətirdiyimiz mülahizələri fikrimizə əyani sübut ola bilər: "Lüğət tərkibinin inkişafı mahiyyəti etibarı ilə mürəkkəb hadisədir. Burada həm ədəbi dilin struktur-funksional təkamülü, həm də ictimai idrakın tərəqqisi ehtiva  olunur. Odur ki, lüğət tərkibi eyni zamanda həm linqvistik, həm də fəlsəfi-psixoloji məzmunda dərk edilir. Leksik-semantik inkişafın linqvistik planı ilə fəlsəfi-psixoloji planı ictimai təfəkkür ümumiliyində birləşir; lüğət tərkibinin inkişafını universal kontekstdə araşdırmağın metodoloji əsasları işlənib hazırlanmadığı üçün müəyyən diferensial keyfiyyətlərin uyğun təsvirini vermək bir sıra hallarda mümkün deyil".

Professor Nizami Xudiyev öz tədqiqatlarında ilk növbədə müraciət etdiyi mövzunun elmi-nəzəri əhəmiyyətini, aktuallığını, gərəkliliyini dərindən əsaslandırır və bu sahədə gələcəkdə də araşdırmalar aparılması üçün istiqamətləri müəyyənləşdirirdi.

N.Xudiyev öz əsərlərində əvvəllər söylənilmiş fikirlərə diqqətlə yanaşmaqla bərabər, bu sahədə onu narahat edən məsələləri də ön plana çəkər, obyektivlik mövqeyindən mülahizələrini bildirərdi. Razılaşmadığı fikirləri isə alimlik etikası, tənqid mədəniyyəti ilə açıb göstərərdi. Əgər o, ədəbi dil tarixindən bəhs edirdisə, burada dövrləşdirmə haqqında bütün bölgüləri, təsnifatı verər, eyni zamanda özü də alternativ təsnifat təklif edərdi. Əgər söz yaradıcılığı məsələlərindən danışırsa, bu zaman zənginləşmədəki üsul və vasitələri sadalayır, həmçinin bunların hər birinin hansı dövrə, zamana uyğun olduğunu göstərir. Bütövlükdə tədqiqatçı üçün zəruri olan bütün şərt və elmi keyfiyyətlər alimin əsərlərində aydın əks olunub.

Hamıya aydındır ki, Azərbaycanın müstəqilliyi, respublikada demokratiya prinsiplərinin bərqərar olması, dilimizin həqiqi mənada dövlət dili funksiyası daşıması, nəhayət, milli özünüdərk prosesinin güclənməsi və inkişaf etməsi ədəbi dilimizi xəlqi prinsiplərlə yeni normalaşma prosesinə daxil edib. Bütün bunlar isə dilimizin tədqiqinə daha diqqətlə yanaşmağı tələb edir. Azərbaycan dilinə dövlət səviyyəsində qayğı və himayə göstərilməsi dilçilər qarşısında mühüm və təxirəsalınmaz vəzifələr qoyub. Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinə böyük məhəbbət və qayğı ilə yanaşması minillik tarixi olan dilimizin bugünkü inkişafına təkan verib, onu aktual problemlərinin həllinə yol açıb. "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm" - deyirdi Ulu öndər Heydər Əliyev. Təsadüfi deyil ki, professor Nizami Xudiyev "Heydər Əliyev və Azərbaycan dili" ("Təhsil nəşriyyatı, 1997, redaktoru prof. Ağamusa Axundov") monoqrafiyasına Ulu öndərin söylədiyi bu cümlələri epiqraf seçmişdi. Kitabın elmi və ictimai dəyəri orasındadır ki, müəllif ilk dəfə olaraq həmin kitabda böyük ictimai-siyasi xadim və dövlət başçısı Heydər Əliyevin ana dili barədə sistemli mülahizələrini, nitq mədəniyyəti və natiqlik məharətini zəngin faktlar əsasında təhlil və tədqiq etmişdi.

Nizami Xudiyevin "Heydər Əliyev və Azərbaycan dili" monoqrafiyasından sonra Mübariz Yusifovun "Dahi şəxsiyyətin nitq fenomenliyi" və Nəsimi adına Dilçilik İnstitutunda hazırlanmış "Heydər Əliyevin dili" kitabları da həm dövlət başçımızın ana dili məsələlərinə doğma münasibətini aşkarlamaqda, həm nitq mədəniyyəti işinin ümumxalq, dövlət səviyyəsində qiymətləndirilməsində, həm də Heydər Əliyevin əsərlərinin, çıxış və nitqlərinin dili və üslubunun tədqiqində görkəmli təşəbbüslər kimi qiymətlidir.

N.Xudiyev bir çox elmi əsərləri tətbiqi-əməli xarakter daşıyır. Onun ədəbi dilimizin tarixinə dair seminar-məşğələlərinə, nitq mədəniyyətinə, orfoqrafiya, terminologiya və durğu işarələrinə həsr olunmuş əsərlərini bunlara misal gətirmək olar. Professor N.Xudiyev "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin təkmilləşdirilmiş nəşrlərinin (2004) redaktorlarından biridir. Bütün bunların respublikamızda dil quruculuğu sahəsində və xüsusən də tətbiqi dilçilikdə mühüm əhəmiyyəti vardır.

Nizami Xudiyevin elmi əsərlərinə, monoqrafiya və kitablarına yazılmış resenziya və rəylərdə onun elmi yaradıcılığı layiqli qiymətini alıb. N.Xudiyev vətənimizdən uzaqlarda da yaxşı tanınır. O, dəfələrlə Türkiyə, İran kimi Şərq ölkələrində, beynəlxalq elmi konfranslarda məruzələr etmişdi. "Azərbaycan ədəbi dili tarixi" kitabı Türkiyə və İranda (latın və ərəb qrafikası ilə) nəşr edilmişdi.

N.Xudiyev həmçinin elmi kadrların hazırlanmasına da intensiv rəhbərlik etmiş, respublika doktorluq üzrə birləşmiş müdafiə şurasının üzvü olmuşdu. 10 ilə yaxın Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin sədri kimi də ali bir vəzifəni yerinə yetirmişdi. Bütün bunlarla yanaşı, o, həm də Milli Məclisin üzvü kimi (3 dəfə) dövlət əhəmiyyətli məsələlərin həllində millət vəkili şəxsində yaxından iştirak etmiş, ictimai xadim kimi tanınmışdı.

Yaşasaydı, bu yaxınlarda 75 yaşı tamam olacaqdı. Ancaq onun mənəvi ömrü davam edir. Əziz xatirəsi heç vaxt unudulmayacaq, öz elmi irsi ilə daima yaşayacaq, əsərləri təkrar-təkrar nəşr və tədris olunacaq.

 

İsmayıl MƏMMƏDLİ

AMEA Nəsimi adına Dilçilik İnstitutunun "Tətbiqi dilçilik" şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Azərbaycan Prezidenti Yanında Dövlət Dil Komissiyasının üzvü

525-ci qəzet . 2024.- 20 mart,№52.-S.13.