ONA SONADƏK
SADİQ QALAN TƏK SEVGİLİSİ
O, dünyaya göz açdığı andan şeirə-şairə
yaxın olmuşdu və harada doğulmasını insan
özü seçmədiyindən bu, alın yazısı
kimi bir qismət idi. 1952-ci ildə Təbrizdə təvəllüd
tapmış, tale küləklərinin qova-qova mühacir
etdiyi, 2 ölkə dəyişəndən sonra 1985-ci ildə
daha sanki həmişəlik orada qalmaqçün Almaniyaya gətirdiyi
Məhəmmədəli Hüseyni bir
soydaşımızdır ki, uzun illər
dolanışığı balaca xalça
dükanındakı ticarətindən çıxardı.
Ancaq onun ürəyində ilk gənclik
çağlarından bir ayrı xalça açılıb
ki, dünyanın bütün başqa xalısı-gəbəsi
o xalçanın yanında sönük görünür. Məhəmmədəli
Təbrizdə Kuy-i Sorxabda - "Məqbərət
üş-şüəra" panteonunun məskunlaşdığı,
havasına da son min ildən artıq müddətdə
şeir çökmüş məhəllədə
yaşayırdı, tacir oğlu olsa, elə bu səbəb
onun da gec-tez eyni yolun yolçusuna çevriləcəyini
müəyyənləşdirən kimi olsa da, lap yeniyetməliyindən
sözə bağlanmışdı. Bica deyil ki, İranda
şahlıq taxt-tacı devriləndən azacıq sonra Təbrizdə
bir vaxtlar - 1940-cı illərin ortalarındakı sayaq,
Şairlər və Yazıçılar Cəmiyyəti
yaradılanda ən fəallardan biri Məhəmmədəli
idi ki, iki il orada katib vəzifəsini də tutdu. Ancaq 1983-də
"iqlimi dəyişən" İranı tərk edir,
qabaqca Bakıya köçür, buradan Moskvaya baş
alır, oradan da yola düşür Almaniyaya və
dönüb olur oralı. Qərbi Berlində yerləşmişdi,
gündəlik güzəranı ilə məşğuldu,
ürəyi də vadar edirdi ki, sözə biganə qalma. O da
könlünün səsinə itaətlə qulaq
asırdı. Daim tarixin dünənində gizli qalan söz
incilərimizin, onları xəlq etmişlərin ardınca idi
və səssiz-küysüz, alimlik-filanlıq iddiasında
olmadan gərgin zəhmət uman araşdırmalarını
apardıqca uğurlu nəticələr tədricən
üst-üstə qalaqlanırdı, onun qələmi ilə ədəbiyyat
tariximiz və elmimiz üçün təqdirəlayiq irs
yaranırdı. Orta çağ anadilli ədəbiyyatımızın
Sultan Əhməd Cəlairi (?-1410), Xəlili (1407-1475),
Şahi (XVII əsr), Nəş`ə Təbrizi (?-1775) kimi
adları ədəbi dövriyyədə az bilinən, ya Yusif
bəy Ustaclu (XVI əsr), Vəhid Qəzvini (1607-1699), Məlik
bəy Avçı (XVII əsr), Saleh Təbrizi (XVII əsr) kimi son dövrədək elə təzkirə
və künclər küncünə qısılıb təxminən
tanınmaz kimi qalmış söz ustalarının şəxsiyyətini,
irsini bizim günlərin işığına
çıxarmaq Məhəmmədəli Hüseyninin xidmətidir.
Tədqiqlərini müasir mətnşünaslıq və ədəbiyyatçılığın
yüksək tələblərinə uyğun səviyyədə
aparmağı bacaran Hüseyni bu səriştələrə
xüsusi təhsil əsasında deyil, elə
özü-özünü yetişdirməklə,
oxuyub-öyrənməklə nail olub. Lakin təbii olaraq, bu
gedişatda başbilən sözünə həmişə
ehtiyac duyub. Bakıda, ya uzaqbaşı İranda
yaşasaydı, əlbəttə, bu baxımdan korluq çəkməzdi,
ancaq Almaniyada hər gün məşğul olduğun əlyazmalarda
bir neçə dəfə ortaya çıxan suallarınla
kimə üz tutasan, kiminlə məsləhətləşəsən?!
1980-ci illərin sonlarında Bakıda çıxan "Odlar
yurdu" qəzetində Londonda yaşayıb-işləyən
azərbaycanlı alim Turxan Gənceyi haqqında məqaləni
oxuyanda sevinir ki, axtardığını tapıb. Bunu da
eşidibmiş ki, Turxan bəy məktublaşmağa çox
da meyilli olan adam deyil, amma hər halda qərara alır risk
etsin. Ünvanını öyrənərək ona məktub
yazır və çox keçmədən gözləmədiyi
halda Turxan bəydən cavab alır, üstəlik, görkəmli
alim yazırdı ki, vacib soruşulası sözlərin olanda
zəng də vura bilərsən. Beləcə, 1989-cu ildən
yazışmaları, telefon söhbətləşmələri
başlanır və ta 2005-ci ilin yazına - Turxan Gənceyinin
vəfatınadək bu təmaslar davam edir, hətta arada Məhəmmədəli
ustadla şəxsən görüşməkçün
Londona da səfər edir. Məhəmmədəli deyir ki,
Turxan bəy çox ciddi, qəti sözlü adamdı,
açığı, ilk tanışlıqdan məni belə
yaxına buraxacağını güman etmirdim. Ancaq mənim əks
ehtimallarıma rəğmən nəinki məktublarıma
cavab verirdi, zəng vuranda suallarımı
cavablandırmaqçün səxavətlə vaxt
ayırırdı, hətta hərdən özü mənə
telefon edirdi.
Turxan Gənceyi uzun bir elmi yolu arxada qoymuşdu və təbii
ki, bu yolu boyunca onun ömründən çoxlu insanlar
keçib. O, çoxların arasından Məhəmmədəli
Hüseynini ayıraraq ondan belə geniş bəhs etməyim
səbəbsiz deyil. Turxan Gənceyi dünyada məşhur
olan, bir sıra aparıcı Avropa elm və təhsil mərkəzlərində
çalışmış ədəbiyyatşünas-alim,
ünlü türkoloq idi və onunla tam fərqli çəki
dərəcəsində olan, nəinki hansısa elmi dərəcə
qazanmamış, heç ali filoloji təhsil də görməmiş
bir ədəbiyyat həvəslisinə belə diqqət və
qayğı göstərməsi ibrətlidir. O, bu cavanda millətimiz
üçün, ədəbiyyatımız naminə xeyirli bəhrələr
verə biləcək araşdırıcını
görürdü, buna görə də ona qətiyyən
üstdən aşağı baxmır, elə bərabərhüquqlu
həmkarı kimi qavrayaraq söhbətlər edirdi.
Məhəmmədəli xatırlayır ki, o vaxtlar
xarici ölkələrə edilən zənglər bir qədər
baha idi, biz də danışanda adətən söhbət
uzun sürərdi, ona görə icazəsini
almışdım, gec narahat etməməkçün
axşam saat 10-da zəng vurardım.
Amma alicənablıq örnəyi olası Turxan bəy
rəva görmürmüş ki, hər dəfə Məhəmmədəli
zəng etsin, özü saat 10-dan bir qədər erkən zəng
vururmuş. Bunu görüncə Məhəmmədəli də
növbəti dəfə ötəndə Turxan bəydən
gələn zəngin vaxtından bir az qabaq tanış
nömrələri yığır. Vəziyyəti belə
görən Turxan bəy o biri dəfə bir qədər tez zəng
vurur. "Beləcə, bir-birimizi qabaqlamağa
çalışaraq bir də onu gördük ki, əvvəllər
zəng vaxtı kimi 10-u qəbul etmişdiksə də, indi
artıq 9-da danışmağa başlayırıq.
Xırda bir cizgidir, içində Turxan bəyin
böyüklüyü var.
Hüseyni istəmişdi ki,
yazışdıqları, danışdıqları 13-14 illik
müddətdə Turxan ustaddan gördüyü köməklərin,
aldığı qiymətli tövsiyələrin əvəzini
nə şəkildəsə çıxmaqçün nəşrə
hazırlanan məqalələr toplusunu bu böyük müəlliminə
həsr etsin. Ustada bildirir ki, kitabın lap əvvəlində
"Filologiya elmləri doktoru, professor Turxan Gənceyi həzrətlərinə
ithaf olunur" yazmaq istəyirəm. Turxan bəy
qayıdır ki, bir halda arzundur, etirazım yoxdur, ithaf elə,
amma ikisindən birini saxla - ya "doktor" yaz, ya da
"professor". O "həzrət"insə üstündənsə
bir xətt çək...
...1945-ci ilin 21 Azərində - 12 dekabrda Güney Azərbaycanda
Milli Hökumət qurulanda Turxan İstanbuldaydı, tələbə
idi və baş verənləri iftixarlı həyəcanla izləyirdi.
Ancaq rəsmi Türkiyənin bu olaylara münasibəti ifrat
ehtiyatlıymış, hətta oradan gələn hər
hansı qəzetin-dərginin ölkəyə
buraxılmaması göstərişi verilibmiş. Düz 1 il
sürən Güney istiqlalı istibdadın qəddar və
qanlı həmlələriylə boğulur və başlanan
amansız irticaya səsini qaldıranlardan biri də tələbə
Turxan Gənceyi olur. Onun bu barədəki düşüncələrini
əks etdirən və türk mətbuatında dərc edilən
məqaləsi Güney Azərbaycana havadar mövqedən
yanaşan, eyni zamanda NATO üzvü Türkiyəni, ən
yumşaq deyişlə, dost olmayan ölkə hesab edən
Sovet İttifaqı təbliğat maşınının
gözünə sataşır, ləngimədən bundan təbliğat
vasitəsi kimi yararlanmağa çalışır, xaricə
farsca və türkcə yayımlanan verilişlərində
müəllifin adını çəkməsələr də,
bu məqalənin mətnini səsləndirir, rəsmi
Ankaranın Cənubi Azərbaycanda baş verənlərə
etinasız münasibətini kəskin tənqid edərək
"heç olmazsa bu haqsızlıqlara bir bu gəncinki qədər
ədalətli baxışınız olsun"
çağırışını edirlər. İran
xüsusi xidmət orqanları tezcə həmin yazını
hansı tələbənin yazdığını müəyyənləşdirir
və nəticə də bu olur ki, İran dövlətinin
Türkiyədə təhsil almağa yolladığı və
maliyyələşdirdiyi 100 tələbədən biri olan
Turxanın aylıq təqaüdü kəsilir.
Pişəvəri dövrü ilə bağlı dərdləşmələrində
Turxan bəy bu cəsarətinin kötəyini necə yediyindən
bəhs edərkən Hüseyniyə nağıl edibmiş
ki, maddi vəziyyətim lap ağırlaşanda, quruşsuz
qalanda İstanbula gələndə evdən
götürdüyüm qədimi bir xalça vardı, onu
satdım...
Bu və bir çox başqa səbəblərdən
uzun müddət Turxan bəy İrana gəlmir. Amma iri zaman
fasiləsindən sonra bir vaxtlar İrandan təhsil ardınca
ayrılmış Turxan Gənceyi İrana artıq Avropada
tanınan bir alim kimi qayıdır və gəlişində də
məqsəd Qacarların saray kitabxanasında saxlanan bir əlyazmaya
- Şah İsmayılın nəvəsi İbrahim Mirzənin
(1540-1577) "Divan"ına baxmaq olur. İndi "Kax-i
gülistan" adlanan həmin zəngin kitabxananın
müdiri o çağlarda İranın tanınmış ədəbiyyatşünaslarından
olan Bədiüzzaman Füruzənfərmiş (1904-1970). O
özü də alim idi və bilirdi ki,
qarşısındakı hansı biçimli alimdir. Turxan bəy
xatırlayırmış ki, orada olduğum günlərdə
doktor Füruzənfər olmazın nəvaziş göstərdi,
hey sağıma-soluma keçdi, hörmət hörmət
üstündən, amma şərait də yaratmadı ki, o əlyazmanı
görəm, "Divan" orada ola-ola baxmağa,
araşdırmağa vermədi ki, vermədi.
İranda dəyişikliklər baş verəndə,
yeni hökumət gələndə söz də
çıxıbmış ki, guya həmin kitabxana qarət
olunub, hansısa əlyazmalar yoxa çıxıb. Bu, arzulanan
"Divan"ı haçansa vərəqləyə bilmək
ümidlərini lap azaldıbmış.
Hüseyni söyləyir ki, o özü də Məhəmmədəli
Tərbiyətin (1877-1940) "Danişməndan-i Azərbaycan"ında
həmin "Divan" haqqında oxuyandan sonra illərcə
axtarmışdı, bəlkə hansısa başqa nüsxələrini
tapmaq arzusuyla çox kataloqları vərəqləmişdi,
çox əlyazma xəzinələrində iz
aramışdı, amma sevindirici nəticəyə yetişməmişdi.
Deyir, bir gün axşam saat 11-də telefon zəng
çaldı, dəstəyi qaldırdım, Turxan Gənceyi
idi.
Hüseyni əvvəlcə narahat olur ki, görən,
nə hadisə baş verib, professor nədən bu cür
vaxtsız zəng vurur? Çünki yüksək mədəniyyət
sahibi Turxan bəy hər işdə ölçü gözləyən
adammış və adətən axşam 10-dan sonra heç zəng
etməzmiş. Amma indi bu vaxt telefon edirdisə, deməli, nəsə
sıradan olmayan bir hadisə baş verib. Həm də Turxan bəyin
səsindəki həyəcan Hüseyninin təşvişini
daha da artırır ki, qaliba, hökmən fövqəladə
nəsə olub.
Fəqət Turxan bəyin növbəti cümləsindən
sonra Hüseyninin eyni açılır: "Muştuluğumu
ver, "Divan" tapıldı. Bura, İngiltərəyə
Sədrəddin Ağaxanın kolleksiyasını bir sərgidə
nümayiş etdirməyə gətiriblər. Sultan İbrahim
Mirzənin miniatürlərlə süslənmiş
"Divan"ını da qoymuşdular şüşənin
altında, axırıncı səhifəsi də
açıq idi, köçürdüm".
Köhnə əlyazmalarda son səhifə çox əhəmiyyətlidir.
Çünki orada adətən həm nüsxənin
köçürüldüyü tarix, həm katibin, bəzənsə
həm də miniatürləri çəkmiş rəssamların
adları qeyd edilir.
Elmlə nəfəs alan Turxan Gənceyi illərcə
həsrətlisi olduğu insanla anidən rastlaşıb
sevinci köksünə sığmayanlar kimi, Londondakı mənzilində
sakit otura bilməmişdi, elm şövqü daim riayət
etdiyi etiketi gözləmə səliqəsini üstələmişdi,
saatın gecliyini də unudaraq şadlığına bu
sevincin təmasını anlayacaq bir başqasını da
şərik etmək istəmişdi.
Çox keçmədən bunu da
aydınlaşdırırlar ki, sən demə, Marianna
Şreve Simpson Sultan İbrahim Mirzənin "Həft ourəng"ini
mətni müşayiət edən sanballı tədqiqatı
ilə birgə 1997-ci ildə Amerika Birləşmiş
Ştatlarında nəşr etdirib. Bu alimi Vaşinqtonda
yaşayan doktor Həsən Cavadidən xəbər
alırlar, "tanışıq" deyir. Və amerikalı
xanım-araşdırıcı "Divan"ın surətini
də vaxtilə çıxarmış olduğunu bildirərək
lütfkarlıqla təqdim edir. Bu minvalla bir şairimizin də
irsi bütöv halda sükutdan qurtulur, həyata
qayıdır, yeni ömrünü davam etdirmək fürsəti
qazanır.
15-20 il ən azı mən tanıyan iki fədakar azərbaycanlı
araşdırıcının gözlərinin ardınca
olduğu bu "Divan"ın yenidən bütöv halda
bugünün insanı ilə görüşməsinə gətirib
çıxaracaq xoşbəxt sonluqla tamamlanan bu nikbin hekayəti
məndə bədbin də olmasa, bir qədər qəmgin
olan başqa düşüncələri də oyadır. Bu
cür itkin, az bilinən, söz tariximizi və milli ədəbi
xəritəmizi dolğunlaşdıracaq əlyazmaların
ardınca eyni inadla, həsrətlə, sönməz
şövqlə və əlbəttə ki, peşəkarlıqla
düşən araşdırıcılarımızın
tükənən sırasında daha neçə nəfər
qalıb, ümumən bu yola yeni qoşulanlar varmı, bu
işin sabahına hansısa ümidlərlə baxa bilərikmi?
(Bunu da vurğulamamış keçməyək ki,
XVI yüzil saxlancı İbrahim Mirzə "Divan"ı ədəbiyyatımızda
strateji mənası olan, poetikada milli özünütəsdiq
yükü daşıyan bir abidədir. Əruzun
tüğyan etdiyi, qəzəlin, qəsidənin meydan
suladığı, hecanın - barmaqhesabı vəznin guya daha
aşağı dərəcəli ədəbiyyata xas
olduğu, el sözünə, aşıq şeirinə
yaraşan bir ölçü kimi daha çox müraciət
edildiyi dövrdə İbrahim Mirzə fəlsəfəsi
etibarı ilə dönüş sayılası addım
atır, başdan-başa hecaya köklənmiş
"Divan" bağlayır, qəzəlsiz
"Divan"ı ilə "rəsmi ədəbiyyat belə
də olurmuş" iddiasını qətiyyətlə
meydana qoyur. Orası da unudulmasın ki, Sultan İbrahim Mirzə
sadəcə şair deyildi, hökmdar idi, səlahiyyət
sahibi idi və onun gördüyü işin bir ülgüyədönmə
tərəfi də vardı - mən bu xətti tutmuşamsa,
siz də səsimə səs verin!
Onun Xorasandakı sarayı da ədəbi-mədəni
ab-havalı, çoxlu sayda şairləri, musiqiçiləri,
nəqqaşları, xəttatları... əhatə edən,
zövq, üslub, istiqamət təklif və diktə edən
yönəldici məkan idi).
Hər iki araşdırıcını sehrləyən,
ahənrüba kimi illər boyu həmin "Divan"ın
ardınca çəkən ən əvvəl məhz o
toplunun bu qabarıq və ötkəm milli keyfiyyəti idi).
O vaxt İrana getmişkən Turxan bəy Təbrizə
də dəymişdi. Soruşmuşdular ki, kimlərləsə
görüşməyi arzulayırsınızsa,
adlarını verin, təşkil edək. Turxan ustad da Hacı
Mirzə Abdulla Müctəhidinin adını deyibmiş. O da
ruhanilər zümrəsindən olsa da, savadlı
adammış, ingilis və fransız dillərini də mükəmməl
bilirmiş, hətta əcnəbi dillərdə xaricdə məqalələri
də nəşr edilirmiş. "Şəhriyarla necə,
görüşmək istərdinizmi?!" soruşurlarsa da,
"Yox, ona vaxtım olmaz, elə Hacını görsəm,
daha yetər", - söyləyir. Burada incə bir məqam
var ki, mütləq ona diqqət yetirməliyik. Turxan bəy
Şəhriyarın (1907-1988) şair böyüklüyündən
də xəbərdardı, onun ana dilində yazdığı
şeirləri də qiymətləndirirdi, bu haqda ikilikdə
söhbətlərimizdə üst-üstə düşən
xeyli mülahizələrimiz də vardı. Əsas müddəamız
da bu idi ki, şübhəsiz, Şəhriyar müasir farsdilli
poeziyanın qüdrətli təmsilçisidir, ancaq yüksək
sənət baxımından yanaşarkən onun türkcə
yazdığı şeirlər bədii məziyyətlərindən
əvvəl daşıdığı milli hissiyyat
baxımından cəlbedicidir. Turxan bəysə xalis
türkçü idi, şeirimizdə də onu çəkən
anadilli qanadın üstünlük və təntənəsini
əyan edən cəhətlər idi. O, Şəhriyarı hər
üzünə görürdü, Şəhriyarda
onunçün sual olan nəsə yoxdu, baş
tutmasını gözlədiyi digər görüş isə
ona məhz Güneydə müəyyən türkçü
təmayüllərin gələcəyi ilə bağlı
aydınlıq hasil etməsindən ötrü gərək
idi.
Ancaq Turxan bəy o vaxt İranda tacir olduğu halda
xalqımızın əlyazmalarda qalan ədəbi irsini
toplamaq səmtində misilsiz əməkləri olan Hacı Məhəmməd
ağa Naxçıvanini (1880-1962) görmək
üçün onun evinə yollanmışdı. Özü
söyləyirdi ki, mən gedəndə Səid Nəfisi (1896-1966)
də orada idi. Səid Nəfisi Hacıya qonaq gəlmişdisə,
yəqin ki, nəsə əlyazma umacağı vardı.
Çox keçmir, elə Səid Nəfisi ürəyindəkini
də dilinə gətirir, deyir ki, səndəki filan əlyazmanı
təvəqqe etmək istəyirəm, bir neçə günə
mütaliə edib qaytararam. Hacı qayıdır ki, mütəəsifanə,
o, əldədir, bir nəfər neçə gün əvvəl
aparıb, hələ qaytarmayıb. Bir qədər də
keçir, Səid Nəfisi xudahafizləşib gedir. Hacı Məhəmməd
ağa Turxana deyir ki, bilirsiniz, Səid Nəfisinin istədiyi
kitab məndə burada, evdədir, amma məcbur idim ona yalan deyəm,
çünki bu adam əlyazmanı, kitabı apardısa, daha
geri gəlməz, bu adam kitabyeyəndir. Ancaq mən narahatam ki,
yalan danışmışam. Gəlin bu yalanın kəffarəsi
olaraq Sadıq bəy Əfşarın o kitabını sizə
verim, aparın. Turxan bəy də qayıdır ki, Hacı,
axı bu, əlyazmadır, yeganə nüsxədir, ikincisi
yoxdur, mən onu ölkədən qırağa necə
çıxara bilərəm, götürərəm, itər-batar,
başına bir iş gələr.
Nə təsirli əxlaq etüdü! Geri
qaytarılmayacağına, aparılırsa da, Azərbaycan
naminə fayda ilə istifadəsinə inanmadığı əlyazmanı
xilas etməkçün yalan danışmağa məcbur
olan, amma hər halda düz demədiyi üçün daxilən
vicdan əzabı çəkən, özünü öz məzəmmətindən
qurtarmaqçün bu əlyazmanı hətta geri qayıtmasa
belə, gələcəkdə hökmən Azərbaycan
üçün əhəmiyyətli bir şəkildə
istifadə edəcək əllərə etibar etməyə
hazır olan bir nurani bir tərəfdə, bir
başqasının uça-uça qəbul edəcəyi hədiyyədən,
bütün başqalarından onun qədir-qiymətini daha
yaxşı bilsə də, öz mənfəətindən
öncə milli sərvət olan həmin kitabın taleyindən
narahatlıq keçirərək başına qonan
padşahlıq quşundan imtina edən digər nurani o biri tərəfdə.
Bu əhvalat baş verəndə Hacı Məhəmməd
sinni 80-ə çatmış bir ağsaqqal idi, Turxan ondan
ikiqat cavan, 40-ını haqlamaqda olan, Avropada parlamağa
başlayan elm ulduzu. Beş-on dəqiqə ərzində cərəyan
etmiş bu söhbət onların ikisinin də ömründəki
adi anlardan biri idi. Hər ikisi dünyada görməli
olduqları işləri görərək karvanlarını
çəkib gediblər və elə işlər də
görüblər ki, indən belə nə qədər zaman
ötür-ötsün, həmin əməllərin pozulmaz
nişanələri hali olan hər kəsi o kişilərə
rəhmət oxumağa sövq edəcək. Bu əlyazma əhvalatı
ki bir otağın içində baş verən söhbət
idi, onların həyatının minlərcə başqa nəcib
anı kimi unudulub gedə də bilərdi. Ancaq Tanrı və
Tarix məsləhət görüb ki, insan mənəviyyatının
paklığından deyən bu hekayət itməsin,
yaddaşlardan silinməsin. Müdrik İradə elə
olduğundandır ki, bu gün həmin söhbət həmişəlik
qalmaq və gələnlərə görk olmaqçün
yazılaşdı...
Elm dəqiqlik, vicdanlılıq, dəlilə,
sübuta tabeçiliyi sevir, hansısa məqsəd xatirinə
doğrunu əyməyi, ya öz istəyinə
uyğunlaşdırmağı rədd edir. Yəni elmin sevmədiklərini,
məqbul saymadıqlarını edə bilərsən, amma bu,
daha nə elm olacaq, nə alimlik.
Hüseyninin Turxan bəyli digər xatirəsi də
Ustadın onsuz da bizə yaxşı bəlli olan
dürüst alimliyinin daha bir isbatına çevrilir.
Danışır ki, Turxan bəyə bir sual vermişdim, həmin
sualın məni tam qane edən cavabını da
almışdım, ancaq adətən Turxan bəyin zəng
vurmağı münasib saymadığı vaxtda, axşam saat
11-dən sonra gözlənilməz zəng gəldi, səsini
eşidincə yenə narahat oldum ki, görəsən,
qeyri-adi nə baş verib.
Turxan bəy üzrxahlıq edir ki, məndən bir məsələ
barədə soruşmuşdunuz, amma bəzi əlavə mənbələrə
də baxdım, gördüm ki, səhv demişəm, əslində
düzü belə olmalıdır. Bunu söyləyir, sonra da
belə gec saatda zəng vurmasına görə
üzrxahlıq edir: "Hiss etdim ki, bunu sizə deməsəm,
bu gecə səhərədək gözümə yuxu getməyəcək"...
Bu da ömrü mühacirətdə ötmüş
Məhəmmədəli Hüseyninin daha bir içdən gələn
səmimi etirafıdır: "Mənim Vətəndən didərgin
düşüb qürbət ölkələrdə
yaşamağıma, qohum-əqrəbadan
uzaqlaşmağıma, bu illər ərzində üzləşdiyim
bütün sıxıntıların, əzab-əziyyətlərin
hamısına dəyərdi ki, üç şəxsiyyətlə
yaxından tanış oldum. Biri Abbas Zamanov idi, biri Turxan Gənceyi,
biri də Əhməd Şmide idi".
...Hüseyni söyləyir ki, Turxan Gənceyiyə
qaibanə vurğunluğu Almaniyaya elə təzəcə gəldiyi
vaxtlardan, bir alman şərqşünasın ona etdiyi
tövsiyədən başlayıbmış. Erkən vəfat
etmiş Şvarts soyadlı həmin araşdırıcı
Hüseyninin orta əsrlərin türkdilli yazılı məxəzlərinə
xüsusi marağını hiss edincə məsləhət
görür ki, yerlisi Turxan Gənceyinin ingiliscə
yazdığı "Turcica agemica" adlı məqaləni
hökmən oxusun. Elə sərlövhəsi diksindirən, təqribən
"Əcəmşünaslıqda
türkçülük" kimi çevrilə bilən həmin
araşdırma Təvəkküli (Tükli) bin İsmayıl
bin Bəzzazın hicri 759-cu (miladi 1358) ildə
tamamladığı, Şah İsmayılın babası
Şeyx Səfiəddinin (vəfatı - 1334) həyatı, kəlamları
və möcüzələrindən bəhs edən, farsca nəsrlə
yazılmış "Səfvət üs-səfa" əsərinin
Şirazda Təhmasib şahın (1514-1576) möhrdarı
olmuş Şahqulu Xəlifənin (?-1558)
tapşırığı ilə Nəshəti təxəllüslü
Məhəmməd əl-Katibin türk dilinə tərcüməsi
(əsəri hicri 949-cu - miladi 1542 ildə çevirib)
haqqında idi. Şirazda işlənmiş türkcənin
valehedici abidəsi olmaqdan savayı, ilk Səfəvilərin
türk dilində danışmasına əyani sübut kimi
götürüləsi bu əsəri o vaxt farscadan
osmanlıcaya da çeviribmişlər. Mahir türkoloq, ondan
da əvvəl qabil Azərbaycanşünas olan Turxan Gənceyi
tutuşdurur, son dərəcə vacib nəticələr
çıxarırdı: "Nəshəti fars mətnindəki
sözləri təmiz türk ekvivalentləri ilə əvəzləməyə
böyük səy göstərir və farsca misraları sadə
türk şeirlərinə çevirir. Osmanlı tərcüməçisi
isə ərəb və fars sözlərindən gen-bol istifadə
edir, tərcümə olunmuş, eləcə də tərcümə
olunmamış fars şeirlərindən sitatlar gətirir.
Nəshətinin tərcüməsində təqdim
olunan ədəbi dilin kökləri Azərbaycanın və
İraqın Cəlayiri bölgələrinə gedib
çıxır. Bu dilin sonrakı inkişafı da Qaraqoyunlu
və Ağqoyunlu sülalələrinin hakimiyyəti
altında elə həmin iki əyalətdə getmişdir. Bu
dilin orfoqrafik sistemində saysız-hesabsız özünəməxsus
xüsusiyyətləri var ki, açıq-aşkar osmanlı
türkcəsindən fərqlənir. Bu həmin dildir ki, Səfəvilərin
İsfahan dövründə "qızılbaşı"
adlanırdı. Yerli yazarlar onu həm osmanlı (Rumi), həm
də şərqi türk (cağatay) dillərindən fərqləndirmək
üçün belə adlandırmışdılar".
Bu sətirlərdə Turxan Gənceyinin məğrur
və sevimli Azərbaycançı çöhrəsi
bütün aydınlığı və əzizliyi ilə
seyr edilməkdədir.
O, yolunun əvvəlindən sonunadək ardıcıl
türk dili təəssübçüsü olaraq qaldı.
XIV yüzildə ömür sürmüş Xarəzminin
"Məhəbbətnamə"sini italyan dilinə
çevirərək bu əsərlə bağlı
üç tutarlı məqaləsini yazanda da, Samanilər
dönəmində başda Rudəki (858-941) olmaqla fars
şairlərinin dilində türkcədən gələn
sözlərin gen-bol işlədilməsinə, daha sonralar - Qəznəvilər
və Səlcuqilərin hakimiyyəti zamanı fars dilinə
türk sözlərinin axınının başlanmasına
ayrıca məqalə həsr edəndə də,
"Novruznamə"nin fars Ömər Xəyyamın
(1048-1131) deyil, türk Alib Məhəmməd əl-Xiyazi əl-Qaininin
(XII əsr) qələmindən
çıxdığını sübut etməyə
çalışdığı tədqiqatında da və digər
bu qəbil əsərlərində Turxan Gənceyi
ümumtürk maraqları öndədirsə, o,
bütövlükdə türkcənin üstünlüklərinin
mötəbər vəkili kimi dikəlirsə, birbaşa Azərbaycana
aid yazılarında onun başlıca qayəsi və əzəli
məhəbbəti üzə çıxır, türkolojidəki
Azərbaycançı ustad Turxan Gənceyi əzəməti
ilə ucalır!
Bunu duyunca ona qəlbən bağlanmamaq
mümkünsüzdü, Hüseyninin də Turxan bəyin qələmi
və zəkası ilə ilk tanışlığı həmin
məhəbbətin bütün dolğunluğu ilk əks
olunduğu "Türkika Əcəmika" ilə
başlandığından həmişəlik həmin cazibə
dairəsində qalacağı labüd idi...
...Məhəmmədəli söyləyir ki, Turxan Gənceyinin
makinada yazıb çap olunmuş vərəqləri tikərək
qovuşdurduğu qara cildli bir qalın kitabı da vardı ki,
bir növ, "Turxan cüngü", "Turxan təzkirəsi"
sayıla bilərdi. Məhəmmədəli bir ara Murtuza Qula
xanla məşğul olduğundan Turxan bəydən dəftərdəki
həmin səhifələrdən qeydlər götürməyə
icazə istəyir. Turxan bəy də tərəddüd etmədən:
"Əlbəttə ki, icazə verirəm, apar surətini
çıxar", - deyir. Məhəmmədəli lazım
olan səhifələrin surətini çıxarandan sonra dəftəri
gətirib qaytarır, amma indi çox təəssüflənir.
Heyifsilənir ki, niyə bütün dəftərin surətini
çıxarmayıb. Çıxarmayıbmış, ona
görə ki, məhz ona gərək olan səhifələrin
icazəsini alıbmış və tərbiyəli bir insan
kimi də vədinə əməl edib. Amma indi
peşmanlıq keçirməsinin səbəbi odur ki, Turxan bəyin
vəfatından az sonra varislik məsələsi ortaya
düşür, ondan 3 yaş kiçik qardaşı
Gültekinin arvadı Londondakı evin sənədləşdirilməsi
məsələsini həll edir və öz deməsincə,
guya Turxan bəyin kitablarını da dərs demiş
olduğu London Universitetinin kitabxanasına
bağışlayır. Ancaq həmin qara dəftər ki orada
Turxan Gənceyi müxtəlif əsrlərin ayrı-ayrı
türk şairləri və abidələri ilə
bağlı mülahizələrini, qeydlərini əks
etdirmişdi, klassik təzkirələrdən daha çox
miqyaslı düşünən bir bişkin türkoloqun
yazdığı ədəbi ensiklopediya kimiymiş, cildlənsə
də, hər halda kitab yox, əlyazma sayılırdı. Onun
taleyi necə olub, görəsən? Hər halda yolum Londona
növbəti dəfə düşərkən Turxan bəyin
bu əsərinin ardınca olmağa
çalışacağam
Bəs arxivi necə olub? Məktublaşmaları,
fotoları, qeydləri, sənədləri... Bu cür
seçkinlərimizin mirası nə var-nə var uzaq-yaxın
qohumluq əlaqələri var deyə "vərəsəyəm!"
deyib ortaya atılan, kağız-kuğuzdan daha çox maddi dəyəri
olanlarla maraqlananların deyil, millətin sərvətidir ki,
daim ardınca olmalı, hər zərrəsinin qədrini bilməliyik.
...Yaşlı vaxtında ömür-gün
yoldaşını itirmək çox ağırdır.
Çünki uzun illəri birgə keçirib
ixtiyarlaşandan, vaxt və həyat bircə-bircə
qohumları, doğmaları, sirdaşları, yaxınları
alıb aparandan sonra, oğul-uşaq da hərəsi ev-eşik
olub səndən aralı, bəzən hətta başqa şəhərlərdə,
ölkələrdə yaşadığı çağlarda
bir dostun qalır ki, əslində onların
hamısını əvəz edir və daim yanında olur.
Kişi üçün zövcəsi, qadınçün əri.
Və qəfilcə onlardan biri digərini itirəndə bu,
sadəcə ölüm olmur, əsl faciəyə
çevrilir, bəlkə də qalan gedəndən daha
artıq ölür. Dünənəcən kəlmə kəsmədən
saatlarla danışa bildiyin, səni hər tərəfinlə,
hər dərdi-sərinlə dünyadan heç kəsin
tanımayacağı həddə incəliklə, dəqiqliklə
duyub-bilən bir kimsəni itirməkdən ağır nə
olar ki!
Bu acı ömrün bitər-bitməzində Turxan bəyə
də ürcah oldu və onu sarsıtdı, bir çox mənada
onu da bəlkə vaxtından bir az əvvəl elə həmin
itki apardı.
Turxan Gənceyinin həyat yoldaşı Tülay
xanım həm zahirən, həm daxilən göyçək
bir insandı və həm o, həm bu baxımdan ərinə
çox yaraşırdı. Kübar ədalı, həssas,
qılıqlı, işıq saçan bu xanım həm də
geniş dünyagörüşlü, bilikli idi, səviyyəli
sənətşünasdı. İndi təəssüflənirəm
ki, niyə o vaxtlar Turxan bəydən Tülay xanımla
yollarının necə qovuşması barədə
soruşmamışam. Artıq söz xəbər
alınası adam da qalmayıb. Tülay xanım Reyhanlı
kökcə müqəddəs bir şəhərdən -
Mövlanın əbədi rahatlıq tapdığı
Konyadan idi, sənətşünasdı və orada da onu
yaxşı tanıyırdılar, onunla fəxr edirdilər, hətta
deyir, vəfatından sonra oradakı bir məktəbə onun
adını da veriblər.
Tülay xanımın Turxan bəyə bir Tanrı
payı olması tək mənim müşahidəm deyildi. O
evdə qonaq olmuş, ünsiyyət saatlarında Tülay
xanımdakı şəfqətə heyran qalmış rəhmətlik
Lütfiyar İmanov (1928-2008) da bu barədə mənə
ağızdolusu danışmışdı.
...Məhəmmədəli Hüseyni 2005-ci ilin kədərli
günlərinə qayıdır, Turxan bəylə son telefon
söhbətini yada salır. Onun böyük alimlə
telefonlaşmaları elə sadəcə əhvalpürsanlıq
deyildi ki, iki-üç dəqiqəyə tamamlansın. Turxan
bəy fəal elmi fəaliyyətdən, yeni
araşdırmalar aparmaqdan aralanmışdısa da, canda olan
şakərdən qurtulmaq mümkünsüz idi. O, elmlə, ədəbiyyatla
nəfəs alırdı və Hüseyninin də orta
çağ ədəbiyyatımızla, ilk mənbələrlə
səriştə ilə maraqlandığını, dərinlərə
getməyə aludəliyini hiss etdikcə həm də onun bir
para yazılarını oxuyaraq gəldiyi bu qənaətin
doğruluğuna yəqin kəsiləndən sonra bu telefon
danışıqları onunçün elə tədqiqatların
axarında olmaq, doktorantları ilə işləmək,
peşəkar elmi müzakirələrə qatılmaq demək
idi. O biri yandan da Tülay xanımın gedişindən sonra
ömründə, illah da axşamlarında, gecələrində
yaranmış müdhiş sükunətli boşluğu bu
söhbətlər yarım saat, bir saat boyunca doldururdu.
Məhəmmədəli Almaniyadan növbəti zəngini
edibmiş, xeyli danışırlar və axşamkı
söhbət bununla tamamlanır ki, Turxan bəy "Hə, bir
hamama gedim, yuyunum, yorğunluğum çıxsın"
deyir.
Ertəsi gün nəsə Məhəmmədəlinin
dalağı sancır, elə bil ki, nəsə xoş olmayan
bir hadisənin vahiməsini hiss edərək Turxan bəyə
daha həmişəki kimi axşam deyil, səhər zəng
çalır. Cavab gəlmir. Onda axşam adətən
danışdıqları vaxtda, saat 9-da yığır Turxan
bəyin nömrəsini. Yenə sükut. Saat 10-da bir də cəhd
edir. Yenə cavab yox, bərk nigaran qalır. Götürüb
Kölndə yaşayan dostu Sirus Mədədiyə zəng
vurur ki, bəlkə sənin Londonda tanışların ola,
çox narahatam, Turxan bəyə nə qədər telefon
açıram, cavab gəlmir, özü də dünən
axşam mənə demişdi ki, vanna otağına, çimməyə
gedir, birdən nəsə baş verər. O da qayıdır
ki, Aydın adlı bir yaxınım var orada. Onun telefonunu verir
Məhəmmədəliyə, bu da Sirusun adından tez
Aydınla danışır, ünvanı da söyləyərək
rica edir ki, Turxan bəygilə baş çəksin, yubanmadan
polisə də xəbər çatdırsın: "Evdə
tək idi, dünən axşam hamama girməyə
hazırlaşırdı, indi telefona cavab vermir, nəsə
özümə yer tapa bilmirəm". Aydın bəy əvvəlcə
özü tək gedir, ancaq qapını döyüb cavab
almayınca polisə müraciət etməli olur, onlar gəlir,
qapını sındırıb içəri keçirlər,
Turxan bəyi vanna otağında, yarımcan halda yerə
yıxılmış tapırlar. Sən demə, ötən
gecədən insult keçirərək müvazinətini
itirmiş, bütün gecəni soyuqda döşəməyə
sərili qalıbmış.
Tələm-tələsik adyala bürüyüb xəstəxanaya
çatdırırlar.
Bir aya yaxın xəstəxanada qalır. İnsult zədələdiyi
beyində dərin fəsadlarını qoyubmuş. Turxan bəy
farscanı da, almancanı da, italyancanı da, ingiliscəni də,
Türkiyə türkcəsindən tutmuş cağataycaya qədər
bir silsilə türk dillərini də mükəmməl
bilirdi, onların hər birində sərbəst
danışırdı, yazırdı və müxtəlif
Şərq və Qərb dillərindəki məqalələrinin
hər birini heç bir mütərcimin müdaxiləsi olmadan
nəşr olunduğu dildə bilavasitə özü qələmə
almışdı. İndi qəribə hadisə baş
vermişdi. Uşaqlıq, yeniyetməlik illərindən
başlayaraq mənimsədiyi, hər birini sadəcə
yaxşı deyil, ana dili səviyyəsində bildiyi dillərin
hamısı hafizəsindən pozulmuşdu. Hamısı getmişdi,
bircə dil qalmışdı - öz doğma dili,
anasının südü ilə birgə içdiyi dil, Azərbaycan
türkcəsi!
Məhəmmədəli deyir ki, Ustadın ölüm
xəbərini 2004-cü ilin aprelində ona Londonda yaşayan,
keçən 2023-cü ildə 102 yaşında vəfat
etmiş, Turxan bəylə də mütəmadi əlaqə
saxlayan Məhəmmədəli Kərimzadə Təbrizi
çatdırır, elə ömrünün son nigaran
parçasında Turxan bəyi axırıncı görən,
kəlmə kəsənlərdən biri də Kərimzadə
olmuşdu.
Həmin xiffətli axır günlərinin içərisindəki
Turxan bəy haqqında ürəyim
sıyrıla-sıyrıla, kədərlə
düşünürəm. Bu biliklərlə daşan,
poliqlot insan orada - Dumanlı Albionda elə sis-duman ardında
olan kimi, dillər qürbətindəymiş. Ətrafında
onun dilini anlayacaq kimsə yox, yan-yörəsindəkilərin
danışdığı dillər, söylədiyi sözlər
onunçün anlaşılmaz.
Onsuz da Turxan bəy həyatda da çoxdanışan
deyildi, bitən ömrünün xəstəliklə
üz-üzə qaldığı həmin günlərində
isə həmişəkindən daha çox susurmuş.
Və birdən ömrü boyu dilimizin xidmətində
olmuş Turxan Gənceyi lal dünyasından ayrılır,
dirçəlir, çöhrəsi işıqlanır,
günlərlə susan, həkimlərin nitqini itirdiyini zənn
etdiyi adam həvəslə danışmağa başlayır.
Ziyarətinə azərbaycanlısı gəlmişdi,
onunla görüşə Azərbaycan dili təşrif gətirmişdi,
Turxan bəyin ömrü boyu vəfalı olduğu, indi, hafizəsindən
bir zamanlar gözəlcə bildiyi bütün dillərin
silinib getdiyi son günlərində ona sədaqətli qalan tək
sevgilisi - Ana Dili çarpayının başındaydı. Bu,
sevimli Ananın istəkli Balaya verə biləcəyi son
mükafat idi...
15 mart 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet . 2024.- 20 mart,№52.-S.10-11.