"Novruz bayramı ərəfəsində"  

 

Bir rəsmin dedikləri rubrikasının budəfəki qonağı sənətşünas Fidan Böyükbabalıdır. Onunla XX əsrin görkəmli rəssamı Elmira Şahtaxtinskayanın "Novruz bayramı ərəfəsində" əsəri haqqında danışmışıq.

Azərbaycanın istedadlı qadın rəssamlarından biri olan Elmira Həbibulla qızı Şahtaxtinskaya 25 oktyabr 1930-cü ildə Bakıda anadan olub, Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində təhsil alıb, 1956-cı ildə isə V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Fırça ustası 1996-cı ildə dünyasını dəyişib.

- Fidan xanım, əsərin yaranma tarixçəsi necədir?

- Novruz bayramı Azərbaycan xalqının mədəni irsində xüsusi əhəmiyyətə malikdir. 1920-ci illərə qədər Novruz bayramı Xalq tərəfindən böyük el şənliyi kimi təntənəli sürətdə qeyd olunurdu. Sovet dövründə Azərbaycanın bir çox dini və milli bayramları kimi Novruz bayramı da repressiyaya məruz qalmışdı. 1929-cu ildə Novruz dövlət bayramları siyahısından çıxarıldı. "Mübariz allahsızlar" deyilən təşkilatın üzvləri bayram günlərində küçə-küçə, ev-ev gəzir, bayramı qeyd edən, evində səməni cücərdən, tonqal üzərindən adlayan kommunist və komsomolçuları cəzalandırırdılar. 1966-cı ildə isə Novruz bayramının qeyd edilməsinə icazə verildi. Çoxdan qadağan edilmiş bayramın adət-ənənələrini özündə əks etdirən incəsənət əsərləri yaradılmağa başladı. Bu əsərlərdən biri də haqqında söhbət açacağımız rəsm əsəridir. Belə bir zaman kəsiyində milli dəyərlərimizi özündə əks etdirən rəsm əsərlərinin, ümumilikdə incəsət əsərlərinin yaradılması mühüm addım idi.

- Əsərin rəng həlli necədir?

- "Novruz bayramı ərəfəsində" adlı rəsm əsəri kağız üzərində quaş texnikası ilə işlənib, ölçüsü 50x50-dir. Əsərin kolorit həllində kontraslıqdan istifadə edilib. Burada narıncı rəngin istifadəsi bayram tonqalına və hərarətli yaz günlərinin gəlməsinə bir işarədir. Əsərin mərkəzində təsvir edilmiş ana obrazının geyimindəki rənglərdə də kontraslığa yer verilib. Səməninin ətrafında 4 rəngli yumurtanın olması Novruzdan öncəki 4 çərşənbəyə işarə verir.

- Kompozisiya haqqında nə deyə bilərsiniz?

- Əsərin kompozisiya həllində assimetriklik müşahidə edilir. Kompozisiyanın mərkəzində ana obrazı təsvir edilib. Əsər iki personajdan ibarətdir. Fiqurların vəziyyətində təzaddan istifadə olunub. Əlləri hərəkətdə olan fiqurların bədənləri nəzərən statik şəkildə təsvir edilib. Masanın başında oturan gənc qadın profildən görünür. Personajların cizgiləri səthi şəkildə təsvir edilsə də, rəssam onların emosional aləmini tamaşaçıların diqqətinə çatdıra bilib.

- Tablo hazırda harada saxlanılır?

- Rəsm Əsəri Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Rəssamın bu əsərində biz Azərbaycan milli təsviri sənətinin - minatür sənətinin elementlərini duya bilirik. Fırça ustasının digər rəsm əsərlərində də biz minatürlərdəki kanonları və elementləri açıq-aydın şəkildə sezə bilirik. Elmira xanımın rəsm əsərlərinə tamaşaçı baxanda özünü sanki şərq nağılları aləmində hiss edir. Lakin sözügedən rəsm əsərində biz qloballaşmanın təsirlərinin təsvirini də görə bilirik. "Novruz bayramı ərəfəsində"  adlı rəsm əsəri bizə sadə insanların bayram hazırlığını və məişətini göstərən bəsit mənaya malik deyil. Əsərin olduqca dərin və fəlsəfi mövzusu var. Novruz bayramının müəyyən zaman ərzində qadağan edilməsinə baxmayaraq, xalq öz milli adət-ənənəsini unutmamışdı. Əsərdə yaşlı qadının gənc qızla Azərbaycanın milli şirniyyatı olan şəkərburanı hazırladığını görürük.  Yaşlı qadının yerdən əyləşməsi onun öz ənənələrinə sadiq olmasından xəbər verir. Gənc qızın modern stulda masa ətrafında əyləşib bayrama hazırlaşması isə yenilikləri və qloballaşmanın yaxşı tərəflərini qəbul etməklə milli kökə sadiqliyi bildirir.

 

Aytac SAHƏD

525-ci qəzet . 2024.- 20 mart,№52.-S.8.