İşığı əskilməyən müəllim siması

 

Həyatımız boyu çox insanla ünsiyyətdə oluruq, münasibətlər qurur, əməkdaşlıq, hətta dostluq edirik. Zaman keçdikcə bu əlaqələrdən həyatımıza pozitiv təsir göstərib xoş xatirələrə çevrilənlər də olur, bir daha qarşılaşmaq istəmədiyimiz, təcrübə qazandıqlarımız da. Heç şübhəsiz ki, bizə dəstək olan insanları daim minnətdarlıq hissi ilə xatırlayırıq. Bu xüsusda müəllimlərimizə münasibətimiz özünəməxsusluq təşkil edir. Bu, onların həyatımızda olan önəmli rolu ilə bağlıdır. Müəllimlərimiz gözlərinin nuru, ürəklərinin hərarəti ilə bizə öyrətdikləri sayəsində həyatın keşməkeşli yollarında yolumuza daim işıq saçan böyük şəxsiyyətlərə çevrilirlər. İlk müəllimlərimiz isə daha öndə yer alırlar.

Ömrünü müqəddəs peşəyə həsr edib, şagirdlərinin əvvəl sevimli müəlliminə, sonradan ömrü boyu böyük hörmət və ehtiramla yad edəcəkləri bir dəyərə çevrilən müəllimlərdən biri də Lerik rayonu şəhid Elxan Qurbanov adına Lərmərud kənd orta məktəbin ibtidai sinif müəllimi Raqib Zeyti oğlu Bayramov olub.

Raqib Bayramov 20 aprel 1939-cu ildə Lerik rayonunun Lərmərud kəndində dünyaya gəlib. İbtidai təhsilini Nücü kəndində aldıqdan sonra orta təhsilini Gürdəsər kəndində davam etdirib. 1957-ci ildə 10 illik təhsilini bitirdikdən sonra Bakı şəhərinə üz tutaraq, Dəmir-beton Konstruksiyaları Zavodunda çalışmağa başlayıb.

Hərbi xidmətdən sonra o, nəhayət, müəllim olmaq arzusunu reallaşdırmaq imkanı qazanır. 1962-1963-cü illərdə rayon mərkəzində istehsalat təlimi verən məktəbin nəzdində I-IV sinif müəllimlərini hazırlayan pedoqoji sinifi bitirib, 15 avqust 1963-cü ildə Nücü kənd orta məktəbinə müəllim təyin olunur. Bununla Raqib müəllim bütün ömrünü şagirdlərin təlim tərbiyəsinə, onların bilikli olmasına həsr edir. 1990-cı ilə qədər Nücü kənd orta məktəbində, 1990-cı ildən 2002-ci ilə qədər isə Lərmərud kənd orta məktəbində ibtidai sinif və hərbi hazırlıq müəllimi kimi məhsuldar fəaliyyət göstərir. Raqib müəllim 39 il ərzində yorulmadan çalışıb və yüzlərlə şagirdin orta təhsil alıb, həyata vəsiqə qazanmasına yardımçı olub.

O, pedaqoji fəaliyyətində olduğu kimi, ictimai işlərdə də öncül şəxslərdən idi. Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyətin, "Bilik" Cəmiyyətinin, Azərbaycan Tarix və Mədəniyyət Abidələrini Könüllü Mühafizə Cəmiyyətinin və digər ictimai qurumların aktiv üzvü kimi çoxşaxəli fəaliyyəti ilə insanlar və cəmiyyət üçün faydalı işlər görməyə çalışırdı.

Raqib müəllim ibtidai siniflərdə, 4 il ərzində müəllimim olub. Sinifdə 16 şagird idik. Mən həm əlaçı, həm də sinif nümayəndəsi kimi Raqib müəllimin sevimli şagirdlərindən idim. Raqib müəllim yüksək bilik sahibi, peşəkar pedaqoq idi. O, istisnasız olaraq sinifin bütün şagirdlərinin yaxşı oxuması üçün böyük zəhmət sərf edirdi. Onun bu qayğısı sayəsində sinfimizdə şagirdlərin böyük əksəriyyəti əlaçı idi. Raqib müəllim valideynlərlə tez-tez ünsiyyət saxlayaraq, övladlarının daha yaxşı oxuması üçün tövsiyə və məsləhətlərini verirdi. Dərsə gəlməyən şagird olurdusa, adətən, elə həmin gün evlərinə baş çəkib, səbəbi ilə maraqlanardı. Bütün imkanları ilə şagirdlərinə dəstək olmağa çalışardı. Şagirdlərinə qarşı çox həssas idi, onlara valideynlik qayğısı göstərirdi. Xatırlayıram, 3-cü sinifdə oxuyanda məktəbdən mənə "Oxu" kitabı çatmamışdı. Raqib müəllim kitabxanada olan köhnə kitabların hərəsindən bir hissəni taparaq, onları yaxşıca tikib, kitab halına salıb, mənə vermişdi. Onun riyaziyyatı mənə sevdirməsi sayəsində artıq 3-cü sinifdən başlayaraq mətnli riyazi məsələlərin həllində xüsusi fərqlənirdim. Raqib müəllimin sayəsində qazandığım bu nailiyyətim sonrakı siniflərdə də yaxşı oxumağıma və orta məktəbi əla qiymətlərlə bitirməyimə yardımçı oldu. 5-ci sinifdə oxuyanda Raqib müəllim artıq bizə dərs keçmirdi, lakin qayğısını yenə də əsirgəmirdi. Bir neçə dəfə atamı kəndimizdə olan mağazada görəndə mənə dəftər və qələm aldırmışdı. Bütün bunlara görə Raqib müəllimi hədsiz çox sevirdim. Təkcə mənə qarşı qayğıkeş deyildi, bütün şagirdlərinə qarşı məhz belə idi. Hər dəfə sinif yoldaşlarımızla görüşəndə onun necə böyük müəllim olmasından fəxarət hissi ilə danışırıq. Raqib müəllim şagirdlərin sevimli müəllimi olmaqla yanaşı, həm də üzvü olduğu kollektivin böyük hörmət bəslədiyi şəxsiyyət idi.

Raqib müəllim xəstəliyinə görə sevimli peşəsindən ayrılandan 2 il sonra - 2004-cü ildə haqq dünyasına qovuşdu. Bütün şagirdləri, onu yaxından tanıyan hər kəs bu hadisəni böyük ürək ağrısı ilə qarşıladı. Həyatda Raqib müəllim kimi müəllimlərin borcunu qaytarmaq mümkünsüz bir işdir. Görə biləcəyimiz ən əhəmiyyətli iş onun gözəl irsini yaşatmaq, yaymaq, gənc müəllimlərin ondan faydalanmasına çalışmaqdır. Bu yazını da unudulmaz müəllimimizin 85 illik yubileyinə həsr edərək, Allahdan ona rəhmət diləyirəm. Ruhu şad olsun!

 

Firdovsi ŞAHBAZOV

İqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası ETN İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi

525-ci qəzet.- 2024.- 1 may,№75.-S.15.