Nar ağacı
çiçəkləyəndə...
("Unudulmaz tələbələrim" silsiləsindən)
Mən yetirmələrimi unutmağı bacarmıram,
bəlkə də bu, "yoruculuq" əlamətidir,
qulağın telefondan, gözün küçələrdən
çəkilmir. Görünür, belə düşünmədiyimdən
vərdişimi 60-cı illərdən üzübəri gətirirəm.
İlk dərsimə 1964-cü ildə
başlamışdım, siniflərin qapısını
kövrək və nigaran ürəklə açırdım
ki, bu gün də analoqlu münasibətdə təsəlli
tapım. Bu xoşbəxt Zamanın Məkanı Salyan rayonunun
Kə-rimbəyli kənd orta məktəbiydi. Son sinif
şagirdləri Cəfər Cəfərli, Nizami Orucov, Səxavət
Qarayev, Müslət Nəcəfov, Elmira Xəlilova,
Zümrüd Şəfiyeva, Tamella Mehdiyeva və digərləriydi.
Bu eks-şagirdlərimin əksəri humanitar peşələrin
dalınca getdilər və mənim qürurumun da nikbin məhəbbətini
özlərilə apardılar.
Tale elə gətirdi, Bakıya gəldim, təhsilimin
davamını kəsmədim, peşəkar pedaqoq oldum.
Maraqlıdır, onlar tələbə idilər bu şəhərdə
- keçmiş müəllimlərinin həndəvərində.
Yetirmələrim mənə enerji verirdi və bu qeyri-adi
qüvvəni - məhəbbəti qoruyurdum... Hissiyyata
qapılmadan deyərdim, ən yaxın ünsiyyətdə
olduğumlardan biri də Cəfər Cəfərli idi. Pedaqoji
texnikumu Əli Bayramlıda bitirmişdi, şəhərdəki
radio qovşağında müxbir işləyirdi. Orada
çıxan "İşıq" qəzeti
redaksiyasında maraqlı və publisist məqalələrini,
felyetonlarını, zarisovkalarını oxuyurdum. Az sonra o,
H.B.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun ədəbiyyat
fakültəsini qur-tardı, doğma Yolüstü kənd məktəbində
müəllim işlədi. Az vaxtda nüfuzu qalxdı: həm
müəllim, həm də ziyalı imicində.
80-ci illərdə Azadlıq Hərəka-tının
ilk qığılcımları alovlandı,
respublikamızı bürüdü. Və bu gücə sovet
rejiminin təzyiqi başlandı. Cəfər Cəfərli o
bölgədə böyük ictimai-siyasi işlərin təşkilatçısı
və təbliğatçısı oldu. Dəfələrlə
"yuxarılara" dartıldı, vertolyota mindirilib, Xəzərin
üzərindən aşağı baxmağı tövsiyə
etdilər və yuxarımı, yoxsa dənizimi -
hansını seçməsini işarə ilə
anlatdılar. "Məni dəniz çəkərsə, fəxr
edərəm, - dedi qətiyyətlə. - Azadlıq mənə
ölümdən daha güclüdür".
Nəhayət, xalq hərəkatı sovet sistemini
çökdürdü. Cəfər Cəfərliyə, təbii
ki, vəzifə təklif olundu, o isə imtina etdi: "Mən
vəzifə, şöhrət üçün mübarizə
aparmamışam". Və başını aşağı
salıb pedaqoji fəaliyyətini davam etdirdi... Bir dəfə
söhbətimiz oldu, suallarımın birini
cavablandırdı:
- Şəxsi məqsədləri üçün hərəkata
qoşulanlar az deyilmiş, müəllim, - dedi. - Mən bu
cür düşünməmişdim. Həqiqət yerini
tapar.
Onun qəti fikri xoşuma gəldi.
- Necədir məktəb həyatı? - soruşdum. -
Uşaqlar oxuyurmu? Müəllimlərə münasibət necəir?
O, hər şeyi obyektiv qiymətləndirdi, haqq-ədaləti
heç nəyə qurban vermək istəmədi. Bircə onu
dedi ki, pedaqoji mühitdə ədalətsizliyi
bağışlamıram. Təəssüf ki, bu hissdən
qurtara bilməmişik...
90-cı illərdə C.Cəfərli bədii-publisist
yaradıcılığa daha çox üstünlük verdi.
Respublika mətbuatında reseziyaları, oçerkləri,
pedaqoji esseləri, şeirləri ilə müntəzəm
çıxış etməyə başladı. Tərbiyəvi
mövzulara da döndü. Şagirdlərdə vətənpərvərlik,
milli mənlik şüurunun aşılanması,
intellektuallıq və sair tematikada maraqlı mə-qalələr
yazdı. Ölməz müğənnimiz Səxavət Məmmədov,
professorlardan Bağır Bağırov, Sədnik Paşayev,
Sabir Əliyev haqqında düşüncələrini
oxucularla bölüşdürdü.
Mən 2000-ci ildə Azərbaycan Müəllimlər
İnstitutunun Salyan filialına direktor təyin olundum.
İnstitutu komplektləşdimək işini ön plana
çəkdim. Xüsusilə, yerli pedaqoqları, alimləri dəvət
etdim. Yədulla Dadaşovu, Rəşid Eyvazovu, Nizami Orucovu,
Qu-lam Sadıqovu, Rafiq Məmmədovu, Babək Həsənovu,
o cümlədən, Cəfər Cəfərlini. Sonuncuya - tələbəmə
məsul vəzifə də həvalə etdim. Tədris
işləri üzrə inspektor - dörd il icra etdi. Eyni
zamanda tələbə auditoriyasında mühazirələr
oxudu, seminar məşğələləri apardı. Tələbələrin
rəğbəti Cəfər müəllimdən
yayınmadı. Mən etibar etdiyim kadrların
uğurlarından qürurlanırdım... Görünür,
hər şeyin taleyini ədalət ölçüsü həll
etməkdə acizdir. Bu barədə danışmağa dəyərmi?..
Mən Cəfər Cəfərlinin yubileyi barədə
yazıram və istəmirəm ki, bəzi mənsəbpərəst
və pedaqoji işdən uzaq məmurların insan taleyinə
sərt və amansız münasibətinə işarə
vurum. Amma yeri gələndə sözümüzü xalqa,
yuxarıda duranlara çatdırmalıyıq ki, bu məmləkətin
taleyində izi-tozu olmayan bəzi məmurlar müdrik,
yaşlı insanların taleyilə oynamasınlar. 2005-ci ildən
mən direktor vəzifəmi itirdim. Cəfər Cəfərli
də işini. Maraqlı və qəribəsi ondadır,
azadlıq fədailərindən birisi - Cəfər Cəfərli
işsiz qalmaqdadır... Sağlıq olsun, hər halda kimsə
başını qaldırar və hər şeyi ədalətli
nəzərlə görər..
Haçansa, yox, konkret 1996-cı ildə Cəfər
müəllimin ömrünün yarım əsrini qeyd etdik. Məni
kəndə, işlədiyi məktəbə çağırmışdı.
Pedaqoji kollektiv xeyirxah iş görmüşdü - ona xoş
sözlər ünvanladılar, gül-çiçək
verdilər, mən də tələbəm barədə ürək
sözümü söylədim və arzuladım ki, Allah
ömür versin mənə, bir on il də yaşayım, Cəfər
müəllimin... Bu məqamda kövrəldim və fikrimi
tamamlamağı bacarmadım. Allah da səsimi eşitdi.
Tanrı ədalətə bələnmiş səsi - arzunu qəbul
edir. Unutmayaq ki, Allah haqsızlığa - çamurluğa
bulaşmış səsə də etinasızlıq göstərmir...
Bu yazını çiskin Bakı
yağışının səsində, ağacların
sarıya-yaşıla çalan yarpa-qlarına dumduru
yağış suyu çilənəndə bitirdim.
Və həyətə düşdüm. Üzümə
nar ağacının yarpaqları toxundu. Qoxuladım.
İlahi, təmiz, saf bir nəm duydum. Bir daha yəqinləşdirdim
ki, sənət adamları nar ağacını niyə bu qədər
sevirlərmiş... Və keçmiş tələbəm, qələmdaşım
Cəfər Cəfərlinin 75 yaşını, onun həyətindəki
nar ağacını xartırladım.
Allahverdi EMİNOV
Pedaqogika üzrə fəlsəfə elmləri
doktoru, dosent
525-ci qəzet.- 2024.- 1 may,№75.-S.15.