Aktrisanın şirin-acı həyat
hekayəti
Aktrisalar və qadınlar barədə mübahisə
doğuran diskussiya
Son vaxtlarda məni bir diskussiyaya dəvət
etmişdilər və danışacağım
mövzuları da sadalamışdılar. Əvvəlcə
teatr sənətindən, onun divarları arasındakı
dözülməz çətin qarşılıqlı
münasibətlərdən söhbət açdım, sonra
qız, qadın mövzusuna keçdim.
Qadın, xüsusən aktrisa süni gözəlliyə
can atırsa, bu, adətən, yaxşı nəticə vermir.
Üzlərinə nəsə əlavə etmək, bədəninin
qüsurlarına yox etmək və ya "ləyaqət"
adlanan hissələrini böyütmək üçün
estetik cərrahiyyə əməliyyatına məruz qalmaq, adətən,
gözlənildiyinin əksinə, hətta fəsadların
yaranmasına da səbəb olur. Rusiyanın məşhur
kinoaktrisaları Lyubov Polişşuk və Natalya Qundaryova belə
uğursuz kosmetik əməliyyatlat nəticısində həyatdan
nisbətən cavan - 57 yaşında getmişdilər. Avropada
və ABŞ-da bu dəb, səhnə qadınları,
kinoaktrisalar arasında yayılmamışdır, nadir faktlar
isə aktrisanın tənqid atəşinə tutulmasına səbəb
olur. Bizdə isə Rusiyanın, Türkiyənin təsiri ilə
qadınlar, gənc qızlar arasında bu, geniş
yayılmışdır. Avropada isə üzünə əl
gəzdirilmiş qadına rast gəlmirsən. Vaxtilə yapon
qızları özünü büruzə verməyən
döşlərinə silikon əlavə etməklə onun
böyüməsinə nail oldular. Fiquranın milli xüsusiyyətinə
aid olan bu qüsurun ləğvini anlamaq olar. Ancaq bizim
qızların dodaqlarını şişirtməsinə,
botoks vasitəsilə yanaqlarını doldurmasına hansı
ehtiyac vardır? Mən güman etmirəm ki, kişilər
sevdikləri qızların və ya arvadlarının
"ördək dodaqları" ilə öyünürlər.
Qadın daim gözəl olmağa, sevilməyə can
atır, bunun üçün hətta hansısa bir cəhətini
qurban verməyə hazır olur. Heç kəs qadının
gözəllik axtarışlarına kinayə, istehza ilə
baxmamalıdır, qadın hələ uşaq olarkən
kuklasını oynatmaqla, özünü uşağa baxan ana
kimi hiss edir. Körpəlikdən o, sevilməyə, uşaq
anası olmağa hazırlaşır və bu sahədə də
təbiətin diktəsinin əleyhinə getmək
ağılsızlıqdır. Lakin yeniyetmə qızın bu
sahədəki ifrat canfəşanlığı, Barbiyə
çevrilmək istəyi ikrah doğurur. Bəzi ölkələrdə
isə hətta kiçik yaşlı qızlar da
dodaqlarına boya vururlar.
Qızlar gözəllik, cazibədarlıq axtarışında
da həddi aşmağa can atmamalıdırlar, müəyyən
milli qaydaların əsiri olmamaqla yanaşı, hansısa bir dərəcədə
onların tələblərini, milli mentalitetimizin şərtlərini
nəzərə almalıdırlar. Şəxsən mən
özüm aktrisa olsam da, bu prinsiplərdən kənara
çıxmamağa çalışıram, ancaq gizlətmirəm
ki, mən də uzun müddət ərə getmək, ana olmaq
axtarışında olmuşam.
Mənim zənnimcə, qadın, qız təkcə
nisbətən kiçik dünya olan səhnədə deyil, həyatda
da xoşbəxt olmalıdır, bu məkanı o, özünə
mənsub olan ailəsini qurmaqla tapmalıdır. Ərə gedəndən
sonra hər bir qadın ailədəki mənəvi atmosferin
yaradıcısına, müdafiəçisinə
çevrilir. O, özünü ərinə, uşaqlarına
həsr etməsi ilə, davranışında qüsurlara yol
verən həyat yoldaşına da pozitiv təsir göstərməklə,
onun arzu olunan şəkildə, müsbət şəkildə
dəyişilməsinə nail olmalıdır.
Qədim yunan allahları infantil olmaqla yanaşı,
qadına qarşı münasibət həddlərini
fırıldaqlar hesabına keçir, gözəl qızla
intim yaxınlıq etmək üçün hər cür
hiyləgərliyə əl atmaqdan belə çəkinmirdilər.
Zevsin (Yupiterin) sevgi macəraları buna təkzibolunmaz
misaldır. Gözəllik ilahəsi Afrodita (Venera) heç də
əxlaq fədaisi nümunəsi sayıla bilməzdi, gənc
və yaraşıqlı Adonislə intim yaxınlıq etmək
istəsə də, cəhdi uğursuz olmuşdu. O, əri
ola-ola məşuqundan uşaq doğmuşdu. Mən qadına
da yalnız ərini qızğın məhəbbətlə
sevən olmasını arzu edərdim. Bu həqiqi ilahə
tipli qadın öz məhəbbəti ilə, ailəsinə
sədaqəti ilə seçilməli, özünün kənardakı
şöhrətinə arxalanıb, ailə borcunu bir an da olsun
unutmamalıdır. Bizim azərbaycanlı qadınlar əsasən
yüksək əxlaqı və ərinə sədaqəti ilə
seçilirlər. Ərləri ilə uzun ayrılıq da
onların vəfasına xələl gətirə bilmir. XI əsrdən
başlayaraq Sahibin qəbrini "kafirlərdən" azad etməyə
yollanan səlibçilər isə arvadlarının sədaqətinə
inanmadıqlarından, onların qasığına, cinsi
orqanının üstünə qıfıl
bağlayırdılar, açarı özləri ilə
götürürdülər, yalnız hərbi səfərdən
qayıdanda onları bu təhqiramiz "mühafizə vasitəsindən"
azad edirdilər.
Əxlaq məsələsi bəşəriyyət
yaranandan sadə bir məsələ olmayıb, uzun və
çox mürəkkəb bir yol keçmişdir.
Yaşı beş min ildən çox olan monoqamiya (təknikahlılıq)
ibtidai insanın keçdiyi qarışıq kişi-qadın
münasibətlərinin inkişafı, öz növlərini
dəyişmək nəticəsində meydana gəlmişdir.
İbtidai insanı heç cür əxlaq mücəssiməsi
saymaq olmaz, çünki insan tayfaları heyvanlardan heç də
fərqlənmirdi. F.Engels özünün "Ailənin,
xüsusi mülkiyyətin və dövlətin mənşəyi"
əsərində göstərir ki, sürünü
andıran tayfada kişilər və qadınlar tam sərbəst
qaydada cinsi əlaqəyə girirdilər. Partnyorlar
ardıcıl olaraq dəyişilirdi, ona görə də
uşağın atasının kim olduğu bilinmirdi. Uşaq
yalnız onu doğan anaya görə tanınırdı,
axı heyvanlarda da belədir. Nəslin anaya görə
tanınması müasir yəhudilərdə indi də
mövcuddur. Yalnız yəhudi ananın uşağı yəhudi
millətinə məxsus hesab olunur. Sonralar cinsi əlaqələrin
inkişafı kimi qrup şəklində intim yaxınlıq
qaydası meydana gəldi. Nəhayət, ailələrin
yaranması üçün monoqamiya forması demək olar
ki, bütün cəmiyyətlərdə hakim kəsildi. Qədim
Roma şairi Ovidi isə insanın mənəvi cəhətdən
yaranmasında, təşəkkül tapmasında məhəbbətin
böyük rol oynadığını qeyd edir. Doğrudan da,
möhkəm ailələrin meydana gəlməsində də
məhəbbət heç də az rol oynamır.
Əxlaq və ya onun pozuntusu kimi meydana çıxan əxlaqsızlıq
müxtəlif xalqlarda müxtəlif qaydada mövcud
olmuşdur. Qədim Misirdə faraonlar sülaləsində
intsest (qan qarışdırıcı əlaqə) geniş
yayılmışdı, faraon öz doğma bacısı ilə
evlənirdi, guya bununla qanın təmizliyi mühafizə
olunurdu, əslində isə doğulan uşaqlarda müxtəlif xəstəliklər meydana gəlirdi.
Qədim Spartada qadınlar cinsi davranış məsələsində
tam sərbəst idilər. Onlara bu barədə sual verildikdə,
çəkinmədən, ona görə belə igid
oğlanlar doğduqları cavabını verirdilər.
Yunanıstanın digər şəhər-dövlətlərində
isə homoseksualizm geniş yayılmşdı. Bu sahədəki
iyrənc nümunəni xüsusi ilə ordu göstərirdi,
gənc əsgərlər onlara hamilik edən yaşlı
yoldaşlarına cinsi xidmət göstərirdilər. B.e.ə.
III-II əsrdə yaşamış məşhur Roma siyasətçisi,
senator Böyük Katon Romada əxlaqın pozulmasında, mədəniyyətlə
birlikdə onlara əxlaqsızlıq gətirən
yunanları günahlandırırdı. Engels həm də
fahişəliyin ilk dəfə Ermənistanın Anait dini məbədində
yarandığını göstərir. Rahibələrin bu
yolla qazandıqları pulla məbədin xərcləri ödənilirdi.
Hindistan məbədlərində isə cinsi əlaqələri
təbliğ etmək üçün döşəmə
qadın cinsi orqanını, tavandan aşağı gəlib
döşəmədə dayanan sütun isə kişi cinsi
orqanını təsvir edir. Məbədlərin fasadında
pornoqrafik heykəllər üstünlük təşkil edir.
Varanasidə (Benaresdə) məbədlərin eksteryerini,
fasadını bəzəyən pornoqrafik pozadakı
kiçik heykəllər saysız-hesabsızdır və amerikanlar onlardan 12 seriyalı film
çəkmişlər və bu, yeni kino növü kimi
pornofilmlərin lentə alınmasına və
yayılmasına geniş yol açmışdır.
Rusiyanın şimalında yaşayan
çukçalarda isə ilk nikah gecəsi, bəyin
razılığı ilə əsl qrup şəklindəki
seks nümayişinə çevrilir. Çukçanın
evinə kişi qonağı gəlib, orada gecələyəndə,
ev sahibinin arvadı qonağın yatağına girir və
onunla intim yaxınlıq edir. Ailənin ağsaqqalı da bu
qaydaya nəinki etiraz edir, hətta onu bəyənir. Bu qayda
onunla izah olunur ki, bu əhali kiçik icmalarda
yaşadığından, qohum qanlardan doğulan uşaq irsi xəstəliklərə
sirayətlənir və icma üzvlərinin sayı artmaq əvəzinə,
azalmağa başlayır. Ona görə də qonağın
xidməti hesabına qanın təzələnməsi baş
verir. Qaraçılarda isə qızlar yalnız öz
taborundakı oğlana ərə getməlidir.
Şərq xalqları, xüsusən ərəblər
çox arvadlılığa görə tənqid olunurlar.
İslam dini dörd arvad almağa icazə verirdi, bu şərtlə
ki, kişi arvadlarını maddi cəhətdən saxlamaq
iqtidarında olsun, onların və uşaqlarının tələbatını
ödəməyə qadir olsun. Orta əsrlərdə
Yaponiyada da çox arvadlılıq dəbdə idi. Ər hər
arvadının yanında bir ay qalırdı. Yaponiyada
"yobay" deyilən bir nikah qaydası da mövcud idi,
valideynləri qızlarının yanına intim
yaxınlıq etmək üçün cavan oğlanın və
ya yaşlı kişinin gecə yarısı gəlməsinə
şərait yaradırdılar. Bu görüş ya qanuni
nikahla yekunlaşır, yaxud da qız həmin
yaxınlıqdan hamilə qaldıqda, valideynlərinin evində
doğur və uşaq qızın atası tərəfindən
övladlığa götürülürdü. Amazonka
selvasında yaşayan hindu tayfası yamomanilərdə daha qəribə
nikah metodu vardır. Kiçik qız uşağı
yaşlı oğlanın himayəsinə verilir, o, qıza həddi-buluğa
çatana qədər diqqət yetirir, sonra onunla evlənir və
bu tam qanuni nikah sayılır.
Nepalda və Butanda isə əksinə, ailədəki
qardaşlar bir qıza evlənməklə, ümumi arvada malik
olurlar. 60-70 il bundan əvvəl hətta beş qardaş bir
qıza evlənirdi, indi isə ümumi arvada malik olan
qardaşların sayı ikiyə enmişdir. Doğulan
uşağın atası məlum olmadığından,
böyük qardaşın adına yazılır. Bu qayda həmin
dağlıq ölkələrdə torpağın
azlığı ilə izah olunur, ataya məxsus torpaq sahəsi
çox kiçik olduğundan, ayrı yaşayan qardaşlar
arasında onu bölmək çətin idi və konfliktə
səbəb ola bilərdi.
Dinlərin əxlaqı qorumaq üçün məhəbbətə
qoyduğu qadağlar elə bir nəticə verməmişdir.
Katoliklərdə keşişlər və rahiblər
üçün olan tselibat (nikahsızlıq) kilsələrdə
keşişlər tərəfindən biabırçı
pedofiliyanın meydana gəlməsinə və
yayılmasına yol açmışdır.
Əxlaqsızlığa, zinakarlığa qarşı Şərq
ölkələrində tətbiq edilən ağır cəzalar
da problemin həllinə elə bir köməklik göstərməmişdir.
Bəzi Qərb və Şərq ölkələrində
xoşagəlməyən hadisələrin
qarşısını almaq üçün uşaq vaxtı
nişanlanmalardan istifadə olunurdu. XVII əsrdə
İspaniyanın üç yaşlı infantası Avstriya
kralı, yaşlı Leoplda nişanlanmışdı,
qızın 15 yaşı olanda onların toyu oldu. Səudiyyə
Ərəbistanında isə doğulan qız
uşağı əmisi oğlunun nişanlısı hesab
olunur, qızı başqası istəsə, birinci növbədə
həmin əmi oğlundan icazə almalıdır. Ona görə
də ər-arvadlar adətə uyğun olaraq, bir-birinə
"bint ami" - əmi qızı və "ben ami" - əmi oğlu deyə
müraciət edirlər.
Aktrisaların əxlaqının təmizliyi təkcə
onlardan asılı olmur, bəzən çıxılmaz
şərait onları dolayı yollar axtarmağa məcbur
edir. Xoşbəxtlikdən bizim incəsənət müəssisələrimizdə
belə hallara rast gəlinmir, bu da birinci növbədə
kinostudiyaların və teatrların rəhbərlərinin
özlərini vicdanlı aparması, əxlaqın
pozulmasına yol verməmələri ilə əlaqədardır.
Bizdə rəhbər işçilərin aktrisalardan,
xüsusən gənc qızlardan intim yaxınlıq ummaq cəhdi
barədə bir fakt da qeydə alınmamışdır.
Başqa ölkələrdə isə əxlaq
pozğunluğunun yaranmasına və genişlənməsinə
məhz rəhbər işçilər şərait
yaradır və bu ləyaqətsizliklərin baş verməsində
aparıcı rolu onlar özləri oynayırlar. ABŞ-da bu
yaxınlarda ifşa edilərək həbs edilmiş Harvi
Vaynşteyn varlı və nüfuzlu prodüser
olmağından istifadə edib, kinofilmlərdə rol almaq istəyən
gözəl aktrisaları kastinq vaxtı intim
yaxınlığa məcbur edirdi. Onlarla gənc aktrisa onun
seksual acgözlüyünün qurbanı olmuşdu,
onların arasında məşhur kino aktrisa Culiya Ormond da var
idi. Vaynşten özünün qüdrətinə
inandığından, guya xüsusi hüquqi immunitetə malik
olduğuna arxalanaraq, Hollivudu özünün bir cultan hərəmxanasına,
kef çəkdiyi və yalnız özünə xidmət edən
qadın fahişəxanasına çevirmişdi. Onun ifşa
edilməsindən sonra "harassment" sözü - bu ifadə
"əldə etməyə çalışmaq" mənasını
verməklə, seksual xidmətə məcbur etmək cəhdi
kimi başa düşülür, Amerikada geniş
yayıldı və ölkədə güclü etiraz
dalğası yaratdı. Rus aktrisası Tatyana Vasilyevanın
yazdığına görə isə, Moskva Satira
teatrının uzun müddət direktoru olmuş
V.N.Pluçek gənc aktrisaları işə götürmək
üçün onları çarpayı konkursundan
keçirirmiş. Kim razılaşmasa, həmin teatrın
üzünü görmürdü. Vasilyeva özü on ildən
artıq bir müddətdə ona seksual qul xidməti göstərmişdi.
İncəsənət xadiminin, rəhbər işçinin
teatrı əxlaqsızlıq pritonuna çevirməsi,
qadın ləyaqətinə aramsız və eybəcər təcavüz
imkanı yaratması nifrət doğurmaya bilməz.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2024.- 1 may,№75.-S.14.