"Azərbaycan COP29 ilə bir daha
dünyaya nümunəvi inkişaf modeli təqdim edəcək"
Məlum olduğu kimi, Azərbaycanın paytaxtı
Bakı şəhəri BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasına Tərəf
Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək.
2024-cü ildə COP29-a ev sahibliyi etmək növbəsi Şərqi
Avropa regional qrupuna düşürdü. Sözügedən
qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda
keçirilməsini təklif edib. Azərbaycanla yanaşı,
Ermənistan və Bolqarıstan da öz namizədliklərini
irəli sürüb. 2023-cü il dekabrın 7-də Azərbaycan
Respublikası Prezidentinin Administrasiyası və Ermənistan
Baş nazirinin Ofisi arasında aparılmış birbaşa
danışıqların nəticəsi olaraq verilmiş birgə
bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz
namizədliyini geri çəkdi. Bolqarıstan da bundan sonra
öz namizədliyini geri götürdü və nəticədə
dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı
2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi
müəyyənləşdirdi.
Azərbaycanın dünyanın ən böyük və
mühüm dövlətlərarası tədbirlərindən
biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etmək
üçün seçilməsi Azərbaycan Prezidentinin
növbəti beynəlxalq qələbəsidir. Bu,
Qoşulmama Hərəkatına sədrlik və Təhlükəsizlik
Şurasına üzvlük kimi, dövlət
başçısının xarici siyasətdə ən
böyük uğurlarındandır. Eyni zamanda, son zamanlar Azərbaycana
qarşı çirkin kampaniya aparan bəzi dairələrə
tutarlı cavabdır. Dövlət başçısı bir
daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın
müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini
sübuta yetirdi. Prezident bu təşəbbüsü ilə Azərbaycanın
qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq
aləmdə böyük etimad qazandığını
nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən
biri olan iqlim dəyişmələrinə qarşı səyləri
səfərbər etmək və bu mübarizəyə
töhfə verməklə dünyanın diqqət mərkəzində
olacaq.
Millət vəkili Pərvin Kərimzadənin dediyinə
görə, Azərbaycan dünya miqyasında ən
mühüm beynəlxalq tədbirlərdən birinin
keçirilməsi ərəfəsindədir. Bu ilin
payızında ölkəmiz COP29-a ev sahibliyi edəcək.
Hazırda Azərbaycan bu mötəbər tədbirə ciddi şəkildə
hazırlaşır. Aprelin 23-də ADA Universitetində təşkil
olunan "COP29 və Azərbaycan üçün
Yaşıl Baxış" mövzusunda beynəlxalq forum məsələnin
önəmi barədə geniş fikir mübadiləsi aparmaq
baxımından önəmli platforma oldu. Çünki forumda
dünyanın müxtəlif nüfuzlu beyin mərkəzlərinin
nümayəndələri iştirak edirdilər: "COP29-un
ölkəmizdə keçirilməsi beynəlxalq ictimaiyyətin
Azərbaycana olan böyük hörmətinin və dəstəyinin
təzahürüdür. Azərbaycanın COP29-a sədrliyi həm
də ən təxirəsalınmaz məsələlərin həllinə
qlobal aləmdə töhfə vermək fürsətidir.
Forumda diqqət mərkəzində olan əsas məsələlərdən
biri də Cənubi Qafqazda vəziyyət, Azərbaycanla Ermənistan
arasında münasibətlərin
normallaşdırılmasıdır. Azərbaycan Prezidenti
vurğulayıb ki, COP29 üç Cənubi Qafqaz ölkəsi
arasında ən azı məsləhətləşmələri
aparmaq üçün fürsət yaradacaq və gələcək
əməkdaşlıq üçün yol açacaq".
Millət vəkili bildirib ki, müstəqil Azərbaycan
özünün hər cəhətdən müsbət
reallıqları ilə dünyaya nümunəvi inkişaf
modeli təqdim edir və COP29 ilə bunu bir daha həyata
keçirəcək: "Bunun nəticəsidir ki, ölkəmizə
və onun liderinə beynəlxalq səviyyədə
böyük etimad və hörmət göstərilir. Prezident
İlham Əliyev ADA Universitetində keçirilən
"COP29 və Azərbaycan üçün Yaşıl
Baxış" mövzusunda beynəlxalq forumda ölkəmizin
uğurlarının səbəblərindən
danışıb. Bu xüsusda, fikirlərini ifadə edən
dövlətimizin başçısı deyib ki, ölkəmiz
heç vaxt Azərbaycan üçün potensial təhlükə
yarada biləcək heç bir işə qoşulmayıb, hər
zaman İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin
qardaş Türkiyə ilə münasibətlərində ədalətli
olub. Azərbaycanın uğurunun səbəbi də məhz
bundadır. Uğurlu inkişafın təmin olunması
üçün bir sıra fundamental amillər zəruri şərtlər
qismində çıxış edir. Regional sabitlik və təhlükəsizlik
də bu sırada yer alır. Prezident İlham Əliyev dəfələrlə
özünün konstruktiv yanaşmasını diqqətə
çatdıraraq bildirib ki, təcrid olunmuş hansısa
ölkənin uğurlu inkişafı mümkün deyil, bundan
ötrü mütləq regional səviyyədə
qonşularla yaxşı münasibətlər qurmaq
lazımdır. Hazırda Azərbaycan Ermənistan istisna
olmaqla, bütün qonşularla yüksək səviyyəli
münasibətlərə malikdir. Eyni zamanda, respublikamızda
tam daxili sabitlik mövcuddur. Azərbaycan məhz belə bir
şəraitdə tərəfdaş dövlətlərin
iştirakı ilə regional və qlobal əhəmiyyət
daşıyan bir sıra transmilli layihələrin uğurla
reallaşdırılmasına nail olub. Hazırda bu layihələr
sayəsində regional inkişaf dəstəklənir və
bütün tərəfdaş dövlətlər bundan
faydalanırlar. Qeyd olunan layihələrdə Azərbaycanın
tərəfdaşları sırasında bir qayda olaraq
qardaş Türkiyə öndə gəlir. Bu gün ölkəmizin
inkişafına təkan verən və çoxlu sayda tərəfdaş
dövlətin bəhrələndiyi enerji və nəqliyyat
layihələrinin təşəbbüskarı qismində məhz
Azərbaycan çıxış edir. Hazırda Azərbaycan
şaxələndirilmiş nəql marşrutları ilə Gürcüstanın,
qardaş Türkiyənin və Avropanın enerji təhlükəsizliyinə
mühüm töhfələr verir".
Millət vəkili Hikmət Babaoğlu qeyd edib ki, COP29
qlobal iqlim dəyişikliyi ilə bağlı keçirilən
dünyanın ən mühüm tədbirlərindən
biridir. Bu gün qlobal iqlim dəyişikliyi dünyanın
bütün ölkələrini bu və ya digər dərəcədə
təhdid edir və ərzaq məhsulları
qıtlığı, ekoloji problemlərlə bağlı
çox böyük fəsadlar yaradı. Onun dediyinə
görə, iqlim dəyişikliyinə qarşı
bütün dünyanın səfərbər olması və
lazımi işlərin görülməsi olduqca aktual məsələdir:
"2015-ci ilin dekabr ayında BMT iqlim dəyişmələri
üzrə çərçivə konvensiyasına üzv
olan ölkələrin konfransı keçirildi və
dünya ölkələrinin bu problemə qarşı birgə
mübarizə aparmaları ilə bağlı razılıq əldə
olundu. Nəhayət, dünyanın 171 ölkəsi bu sənədə
imza ataraq, prosesdə birgə səy göstərməyə
hazır olduğunu bildirdi. Artıq 29-cu belə tədbir
keçiriləcək. Bu il isə mühüm əhəmiyyətli
konfrans ölkəmizdə baş tutacaq və 30-dan çox
ölkənin tədbirə qatılması gözlənilir. Nəzərə
almaq lazımdır ki, tədbirə qatılanlar içərisində
dövlət başçıları, eynəlxalq təşkilat
rəhbərləri, nazirlər və digər dövlət rəsmiləri
yer alacaq. Bu səbəbdən də konfransda çox ciddi qərarlar
alınacağı, mühüm məsələlərin
müzakirə olunacağı aydındır. Belə bir tədbirin
keçirilməsi isə iki mühüm xarakteri ilə
seçilir. Birincisi, ev sahibi olan ölkəyə etimad məsələsi,
ikinci isə ev sahibi olan ölkənin belə böyük bir
tədbir keçirməklə bağlı təşkilatçılıq
məsələlərinin icra edə bilməsi ilə
bağlıdır. Azərbaycan etibarlı tərəfdaş
olmaqla bərabər, həm də bu gün dünyanın ən
təhlükəsiz ölkələrindən hesab olunur.
Dövlət başçısı da tədbirin əhəmiyyətindən
danışaraq, ADA universitetində keçirilən beynəlxalq
konfransda Azərbaycanın COP29-u yüksək səviyyədə
keçirəcəyi ilə bağlı fikirlərini səsləndirdi".
Millət vəkili Musa Quliyevin sözlərinə əsasən,
COP29 indiyə qədər Azərbaycanın təşkil
etdiyi və ölkədə keçirilən ən
böyük, ən izdihamlı tədbir olacaq. Bu tədbirdə
60 mindən çox adamın iştirak edəcəyi
proqnozlaşdırılır: "Bu tədbirin keçirilməsi
ölkəmiz üçün olduqca böyük hadisədir.
Birinci növbədə COP29 BMT-nin İqlim Dəyişikliyi
üzrə xüsusi layihəsi, xüsusi komissiyasının
təşkil etdiyi dünyada ekologiyanın qorunması, istiləşmənin
qarşısının alınması, karbonun havada
azalması və yaşıl enerjiyə yaşıl
işıq yandırması, təbiətin mühafizəsi ilə
bağlı, insan sağlamlığının qorunmasına
xidmət edən tədbirdir. İndiyə qədər 28 tədbir
keçirilib. Sonuncu tədbir Dubayda keçirilmişdi. Azərbaycanda
keçirilən tədbir də 29-cudur. Rəqəm bu tədbirlərin
sayını göstərir. Bu tədbirin ölkəmiz
üçün olduqca böyük əhəmiyyəti var.
Birinci növbədə Azərbaycanı dünya miqyasında
tanıtmaq üçün Azərbaycanın
gücünün, nüfuzunun, ölkədə görülən
işlərin, aparılan layihələrin və perspektivlərin
dünya, bəşəriyyətə çatdırmaq
üçün olduqca vacib hadisədir. Digər tərəfdən
təbiətin mühafizəsi sahəsində Azərbaycan da
bir neft ölkəsi olaraq öz töhfəsini verdiyini
dünyaya göstərməlidir. Çünki neft ölkələrinin
çoxunu ittiham edirlər ki, torpağı korlayırlar, neft
sıxıntıları, yaxud tullantıları ilə,
radioaktivlik yüksəlir və sair. Eyni zamanda neft və qazdan
enerjinin alınması prosesində havaya çoxlu karbon
qazı buraxılır. Bu da təbiətin ziyanına işləyir.
Belə olan halda Azərbaycanın belə bir tədbiri
keçirməsi bir daha göstərəcək ki, Azərbaycan
neft və qaz ölkəsi olmasına baxmayaraq, həm ətraf
mühitin mühafizəsi, həm təbiətin qorunması,
həm havanın, torpağın çirklənməsindən
mühafizəsi Azərbaycan tərəfindən yüksək
səviyyədə həyata keçirilir. Digər tərəfdən
ölkəmizin beynəlxalq aləmdə daha güclü tərəfdaş
kimi tanınmasına olduqca böyük dəstək verəcəkdir.
COP29-da demək olar ki, dünyanın bütün ölkələrinin
nümayəndələri iştirak edəcəklər.
Ölkə rəhbərləri səviyyəsində təmsilçiliklər
olacaqdır. Bu, həm də bölgədə indiki zamanda
mürəkkəb hərbi-siyasi zamanda Azərbaycanın nə
qədər əhəmiyyətli olduğunu dünyaya göstərəcək.
İqtisadi cəhətdən də gələcək
üçün böyük perspektivlər vəd edən tədbirdir.
COP29-da iştirak edən ölkələr, o ölkələrin
biznes adamları, ölkənin müvafiq dövlət və
hökumət qurumları öz aralarında, Azərbaycanla
müqavilələr bağlaya bilərlər. Azərbaycanın
biznes və turistik əhəmiyyətini artıran tədbirdir.
Tədbirə gələcək 60 mindən çox
qonağın hər biri Azərbaycandan xoş təəssüratla
gedəcəksə, Azərbaycanın mədəniyyətini,
mətbəxini, tarixini tanıyaraq öz ölkələrində
də təbliğ etmək imkanları yaranacaq. Azərbaycanın
ən böyük qarşıdakı perspektivlərindən
biri Qarabağı və Şərqi Zəngəzuru sürətlə
bərpa etmək, orada ekoloji təmiz həyatı qurmaq,
xüsusilə, "ağıllı kənd",
"ağıllı şəhər" layihələri həyata
keçirməkdir. Yaşıl artım ölkəsinə
çevirməklə bölgə və ölkəmiz
üçün COP29-dan alınan nəticələrin də
böyük əhəmiyyəti olacaqdır. Azərbaycanın
sürətli inkişafı, bu inkişaf fonunda həm də
təbiəti, ekologiyanı qorumaq niyyətlərinin nə qədər
real olduğu dünya ictimaiyyətinə
çatdırılacaqdır".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2024.- 1 may,№75.-S.13.