"Doktor Tulpun anatomiya dərsi"  

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas İlahə Əmirovadır. Onunla məşhur Niderland rəssamı Rembrandtın "Doktor Tulpun anatomiya dərsi" əsəri haqqında danışmışıq.

Məşhur niderlandlı rəssam Rembrandt Harmens van Reyn 15 iyul 1606-cı ildə dəyirmançı ailəsində anadan olub. Bir müddət Leyden Universitetində oxuyandan sonra Leydendə Yakob van Svanenburxdan və Amsterdamda Piter Lastmandan rəssamlıq dərsləri alıb. 1630-1640-cı illərin əvvəlləri Rembrandt yaradıcılığının uğurlu dövrü hesab olunur.

Rembrandt böyük bir virtouz idi. O, "İşıq-kölgə" texnikası ilə işləyən ilk və ən mükəmməl rəssam kimi adını tarixə yazdırıb. Rembrandt portretçilikdə yeni bir mərhələ başlatmışdı. O, insanın ruhi vəziyyətini üz ifadələri və cizgiləri vasitəsilə göstərə bilirdi. Rembrandtdan dünya incəsənətinə 60-a yaxın avtoportret, 300 ofort və 1000-dən çox rəsm əsəri miras qalıb. Çətin və keşməkeşli həyat sürən rəssam 4 oktyabr 1669-cu ildə Amsterdamda dünyasını dəyişib.

- "Doktor Tulpun anatomiya dərsi" barokko dövrünün ən dəyərli rəsmlərindən sayılır. Əsərin məhz Rembrandt yaradıcılığındakı yerindən danışsaq, ilk növbədə nəyi qeyd edərdiniz?

- Rembrandt bu əsəri 25 yaşında çəkib. Bu, rəssamın gənc yaşda olan uğurunun bir incisidir. Əsər Rembrandta böyük şöhrət qazandırır. Tablo 1632-ci ildə Cərrahlar Gildiyasının sifarişi əsasında hazırlanıb. Cərrahlar Gildiyası ildə bir dəfə xalqa açıq dərs nümayiş etdirirdi. Əsərdə həmin anlardan biri təsvir edilib, lakin müəyyən fərqlər olmaqla. Tabloda kadavranı kəsən doktor Tulp olaraq göstərilsə də, əslində, bu, onun assistenti tərəfindən icra olunmalı idi. Rəsmdə təsvir olunan şəxslərdən ikisinin şəxsiyyəti dəqiq məlumdur: doktor Nikolas Tulp və meyit Aris Kindt. Aris Kindt törətdiyi cinayətə görə məhkəmənin qərarı ilə edam olunmuş və onun meyiti tibbi sınaqlar üçün Amsterdam Cərrahlar Gildiyasına verilmişdi. XVII əsr Niderlandı protestant idi. Artıq kilsə əsas orqan deyildi. Buna görə də elmi fəaliyyətlər artmışdı. Leonardo və Mikelancelonun eskizlərində insan anatomiyası tam dəqiq şəkildə əksini tapmır, çünki o dövrdə kilsə anatomiyanı öyrənməyə icazə vermirdi. Rembrandtda isə bunu tam dəqiq formada görə bilirik.

- Əsərin kompozisiyası haqqında nə deyə bilərsiniz?

- Əsərdə ölünün cəsədi üzərində cərrahi əməliyyat aparılır. Burada sol əli kəsilmiş meyit təsvir olunub. Doktor Tulpun sol əlinə baxdıqda kadavranın əlini təqlid etdiyini görürük. Bu əsərdə renessansdakı kimi insan bədəni idealist formada yox, reallığa uyğun şəkildə təsvir olunub. Meyitin ayağının altında tibb kitabı var. Əməliyyat kitab əsasında aparılır. Meyitin çarpaz şəkildə təsviri əsərə dərinlik qatır. Tablonun sol yuxarı hissəsində Rembrandtın əsərin tarixini qeyd etdiyini görürük. Rembrandt qrup portretinə dram, hekayə, emosiya qatıb.

- "Gecə gözətçiləri" əsərində olduğu kimi.

- Bəli. Eyni "Gecə gözətçiləri"ndə olduğu kimi, sənətçi işıq-kölgə effekti sayəsində diqqətimizi müəyyən nöqtəyə yönəltməyə imkan verir. Rəsmin sol alt tərəfi tamamilə qaraldılıb. Sadəcə obrazların əlləri, paltarlarının bir hissəsi və masa görünür. Bütün diqqət tələbələrə yönləndirilib. Obrazlar piramidavari təsvir olunduğu üçün üzlər bir-birinin arxasında qalmayıb. Rəssam ayrı-ayrılıqda hər bir obrazın portretini yaradıb. Doktor Tulp mərkəzi mövqedədir və ətrafında cərrahlar yer alır. Rəssamın yerləşdirmə və perspektiv bacarığı əsərin dinamikliyini artırır. Obrazların geyimi onların statusu, dövr və ölkənin coğrafi relyefi haqqında fikir bildirməyə imkan verir. Doktor Tulp tələbələrdən fərqli şəkildə - başında şlyapa və sadə yaxalıqla təsvir olunub. Geyimlərinin rəngi digər obrazlara nisbətən daha canlı verilib. Tabloda doktor Tulp demək olar ki, sağ tərəfdə tək dayanıb. Tələbələrin baxışları müxtəlif tərəflərə yönəlmiş şəkildə göstərilib. Bəzisi tamaşaçıya, bir neçəsi doktor Tulpa, digərləri də meyitə baxır. Cərrahlar diqqətlə anatomiya dərsini izləyirlər və onların müxtəlif emosiyaları görünür. Bəziləri maraqla baxır, bəziləri isə düşüncəlidir. Bu da Rembrandtın fərqli ifadələri təsvir etmək bacarığını göstərir. Tələbələrin krujevalı yaxalıqları fərqli şəkildə çəkilib. Onlar olduqca dəqiq, səliqəli və professional şəkildə təsvir ediliblər.

- Əsərin rəng həlli barədə nə deyə bilərsiniz

- Bu rəsm yağlı boya ilə kətan üzərində çəkilmiş qrup portretidir. Rembrandt öz əsərlərində dramatik işıqlandırma və kölgə effektlərini istifadə etməyi sevib. Burada doktor Tulp və cərrahlar daha parlaq işıqlandırılır, fondakı qaranlıq isə onların diqqəti çəkən əsas subyektlər olduğunu vurğulayır. Bu kontrast "chiaroscuro" texnikasının klassik bir nümunəsidir.

- Tablo harada saxlanılır?

- Əsərin ölçüsü 169,5 sm x 216,5 sm-dir. Əsər Niderlandın Haaqa şəhərində yerləşən Mauritshuis muzeyində saxlanılır.

- Sizcə, bu rəsm nə deyir?

- Bu əsər, bir sosial hadisənin sənədləşdirilməsinə yönəlib. İctimai anatomiya dərsləri o zamanlar yeni bir konsept idi və Rembrandt bu hadisəni çəkərək ona bədii əhəmiyyət qazandırdı. Rəsm eyni zamanda bənzərsiz işıqlandırma və kompozisiya texnikaları ilə rəssamın hekayə izah etmək bacarığını nümayiş etdirir.

 

 Aytac SAHƏD

525-ci qəzet.- 2024.- 1 may,№75.-S.12.