İnsan həyatı üçün ən yaxın təhlükə: Qida zəhərlənməsi

 

Mənşəyi bilinməyən və insan sağlamlığı üçün böyük təhlükə yaradan qidalar şübhə hissi kimi insanı aram-aram məhv edir. Günümüzün daha böyük təhlükəsi odur ki, cəmiyyət qəbul etdiyi qidaların bir qisminə şübhə ilə yanaşır və bəzən bu şübhələr reallığa çevrilir, hətta insan həyatının sona yetməsi ilə nəticələnir. Elmi araşdırmalar da təsdiqləyir ki, qəbul etdiyimiz qidalar nəinki bioloji varlığımıza, hətta mənəvi-psixoloji vəziyyətimizə də birbaşa təsir edir. Bunu dərk etmək üçün heç də hansısa tədqiqat işini mənimsəməyə ehtiyac yoxdur. Gün ərzində qəbul etdiyimiz hansısa qidanın təsirini qısa müddətdə müxtəlif təsirlərlə hiss edirik. Sağlamlıq vəziyyətimizdən asılı olaraq, bədənimiz həmin qidalara reaksiya verir. Əgər təhlükə böyükdürsə və immun sistemimiz bu kritik vəziyyətə adekvat deyilsə, yaranmış mənzərə təkcə bizim yox, həm də ailəmiz, ümumilikdə, bütöv cəmiyyət üçün fəlakətə çevrilir.

Daim aktuallığını qoruyub saxlayan qidadan zəhərlənmə mövzusu barədə qısa araşdırma apararkən əvvəlcə ümumi mənzərə ilə tanış olmaq üçün Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovla əlaqə saxladıq. O bildirdi ki, ən çox dərman vasitələrindən, dəm qazından zəhərlənmə halları müşahidə olunsa da, müxtəlif tutmalardan zəhərlənmələr də onlardan geri qalmır. A.Maqsudov həmçinin qeyd etdi ki, pomidor və xiyardan zəhərlənmə hallarına da tez-tez rast gəlinir. Digər qidalardan zəhərlənmə faktları, sadalanan nüanslara nisbətən, daha az nəzərə çarpsa belə, onları da gözardı etmək olmaz.

Düzgün qidalanma istiqamətində kütləvi informasiya vasitələrində maarifləndirmə işlərinin vüsət almaması insanların bu barədə məlumat yetərliliyini təmin etmir. Səhv seçimlər və bunların törətdiyi fəsadlarla bağlı, demək olar ki, hər gün müxtəlif xəbərlərlə qarşılaşırıq. Xüsusən, havaların isti keçdiyi mövsümdə nələrə diqqət etmək lazımdır? Bu barədə Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın fikirlərini öyrəndik: "Son illərdə qida zəhərlənmələrinin sayı günü-gündən artır. Havalar isindikcə bu cür hallar vüsət alır. Bir çox hallarda xəstənin konkret hansı qidadan zəhərləndiyi göstərilmir. Zəhərlənmədən qorunmaq üçün mənşəyi məlum, saxlanma şəraiti və temperaturu uyğun olan, mal qonşuluğu prinsipləri pozulmadan saxlanılan qidalar qəbul etmək lazımdır. Son dövrlərdə ət məhsullarından zəhərlənmə halları üstünlük təşkil edir. Toyuq əti daha yüksək risk qrupuna aiddir. Əlüstü hazırlanan qidalarda belə hallara daha çox rast gəlirik.

Zəhərlənmə şəxslərdə özünü müxtəlif cür büruzə verir. İmmun sistemi zəif olan insanlarda mədədə ağrı, ishal, qusma, bəzən yüksək bədən hərarəti, görmənin zəifləməsi kimi hallar müşahidə olunur. Vaxtında müdaxilə olunmasa, zəhərlənmə ölümlə də nəticələnə bilir. İmmun sistemi güclü olan insanlar isə zəhərlənməni daha rahat adlada bilir, yüngül mədə ağrısı və həzmin pozulması ilə zəhərlənmə keçib gedir. Bu, heç də həmin şəxsdə zəhərlənmənin tamam keçməsi mənasına gəlmir. Çünki mütəmadi olaraq keyfiyyətsiz qida qəbul etdikdə orqanizm pozulur. Bu da immun sisteminin çökməsinə və hansısa bir xəstəliyə asanlıqla yoluxma hallarına gətirib çıxarır".

M.Hüseynova qeyd etdi ki, mövsümlə əlaqədar olaraq hazırladığımız qidaların - qarışıq yeməklərin, yumurtadan, ətdən, tərəvəzlərdən hazırlanan salatların həcmini bir dəfə istifadə edəcək qədər məhdudlaşdırmalıyıq: "Açıq havada iki saatdan artıq qalan qidalar bəzən ölümə səbəb ola bilir. Ovlanan quşların ətini yaxşı bişirmək və mənşəyi bəlli olan yerdən almaq lazımdır. Tərəvəzlər tər-təmiz yuyulmalıdır. Mövsümi tərəvəzlərə üstünlük verilməlidir. Çünki mövsümə uyğun olan tərəvəzlərdən zəhərlənmə faktına, nisbətən, az təsadüf olunur. Mövsümi olmayan tərəvəzlərdə gübrənin miqdarı çox olduğundan zəhərlənmə riski böyükdür. Balıqlara da diqqət etmək vacibdir. Açıq havada, uyğun olmayan şəraitdə saxlanılan balıq ətinin tərkibindəki bakteriyalar sürətlə artır və zəhərləyici maddələr əmələ gətirir. Düyü ən çox zəhərlənmə verən və maddələr mübadiləsinin sürətinin azalmasına, həzm sisteminin pozulmasına səbəb olan qidalardan biridir. Mütləq düyünü təzə-təzə bişirib yemək lazımdır. Düyünü bişdikdən bir-iki gün sonraya saxlamaq yolverilməzdir. Hətta köhnə düyünün xərçəng yaratma ehtimalı da var".

Zəhərlənmədən qorunmaq hər bir insanın öz əlindədir. Bəs aidiyyəti qurumlar öhdələrinə düşən vəzifəni nə dərəcədə yerinə yetirir? Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun "525"ə açıqlamasında qeyd etdiyinə görə, Azərbaycanda qida zəhərlənməsi hadisələrinin qeydiyyatı düzgün aparılmır: "Qidadan zəhərlənən insanlar tibb müəssisələrinə müraciət edirlər. Onların statistikası isə Qida Təhlükəsizliyi Agentliyinin saytında yayımlanır. "Qida təhlükəsizliyinin təmin olunmasına dair dövlət proqramı"nın "Qlobal meyllər" adlı ikinci bölməsində qeyd olunur ki, bütün dünyada hər il on nəfərdən biri zəhərlənir. Ölkəmizin əhali sayı ilə bu fakt arasında tənasüb qursaq, belə çıxır ki, Azərbaycanda hər il bir milyon zəhərlənmə hadisəsinin qeydə alınma ehtimalı var. Lakin rəsmi saytlarda bu rəqəm yeddi yüz nəfər göstərilir. Həmçinin qida zəhərlənməsindən vəfat edənlərin sayı da bir neçə dəfə az qeyd olunur. Təqdim olunan statistikanı nəzərdən keçirəndə düşünürsən ki, bizdə zəhərlənmə, ümumiyyətlə, yox səviyyəsindədir. Halbuki Ümumdünya Səhiyyə Təşkilatının uzunömürlülər statistikasına baxsaq, görərik ki, 190 ölkə arasında biz 119-cu yerdəyik. Bir sıra Afrika ölkələri, o cümlədən, tibbə, qidaya əlçatarlığı az olan Şri-Lanka, Flippin, Banqladeş belə bu siyahıda bizi qabaqlayıb. Bu mənzərə statistik göstəricilərin reallaşdırılması, zəhərlənənlərin qeydiyyatının düzgün aparılması zəruriliyini ciddi şəkildə ortaya çıxarır".

E.Hüseynov iddia edir ki, zəhərlənmə hallarının səbəbləri bəzən təhrif olunur, bəzən də hansısa faktlar bilərəkdən gizlədilir: "Qida Təhlükəsizliyi Agentliyi yaradılmazdan əvvəl Səhiyyə Nazirliyi bütün qida istehsalçılarına sertifikat verirdi. Sənaye üsulu ilə hazırlanan qidalardan zəhərlənmə halları qeydə alınanda onlar dərhal reaksiya verirdilər ki, Səhiyyə Nazirliyi, axı sən bizi yoxlamısan və sertifikatı sən vermisən, bizdə bir günah yoxdur! Ona görə də, 27 ildir ki, Azad İstehlakçılar Birliyi bir dəfə də olsun sənaye üsulu ilə hazırlanan qidalar barədə məlumat almayıb və biz bir nəfərin belə kompensasiya almasına nail ola bilməmişik. İndi sertifikat verən orqanla qidanın təhlükəsizliyinə cavabdeh olan orqan bir mərkəzdə cəmləşib. Ona görə də, tez-tez belə iddialar eşidirik ki, guya, zəhərlənmə halları sənaye üsulu ilə hazırlanan mallardan yox, bütün hallarda istehlakçının özü hazırladığı mallardan baş verir. Bu səbəbdən, Azad İstehlakçılar Birliyi evdə hazırlanan qidaların, xüsusən də, şorabaların standartlara uyğun olması üçün keçən il Prezident yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə müraciət etdi. Hazırda bununla bağlı bizə qrant ayrılıb. Ağcabədi, Füzuli və Ağdam rayonlarında ev şəraitində qida hazırlayan, sosial cəhətdən həssas ailələrin monitorinqini aparacağıq və onları təhlükəsiz hazırlanan məhsulların bazara çıxarılmasını təşviq edəcəyik. Bu işə may ayında start veriləcək".

E.Hüseynov zəhərlənmədən qorunmaq üçün öz tövsiyələrini bölüşdü: "Ev şəraitində hazırlanan qidalar ölkənin hər yerində, xüsusən, ara mağazalarda satışa çıxarılır. Bu, yolverilməzdir. Qida zəhərlənməsi hadisələrinin səbəblərinin əsas hissəsini ev şəraitində hazırlanan şorabalar təşkil edir. Ev şəraitində qida hazırlamaq, şoraba bağlamaq olmaz. Bu, bütün hallarda təhlükəlidir. Təəssüf ki, belə halların qarşısını almaq olmur. Bu sahədə geniş maarifləndirmə işləri aparmalıyıq.

Sənaye üsulu ilə hazırlanan qidalara konservantlar əlavə olunur. Onların bəziləri icazə verilən konservantlardır. Lakin həmin konservantların miqdarı müəyyən olunmuş dərəcədən çox olarsa, zəhərlənmə hadisəsinə səbəb ola bilər. Çox təəssüf ki, heç yerdə dəqiq məlumat yoxdur ki, hansı qidada konservantın miqdarı konkret nə qədər olmalıdır. Ona görə də, çox ehtiyatlı olmaq lazımdır. Xüsusən, koservləşdirilmiş mallardan, göbələklərdən, hisə verilmiş ət məhsullarından uzaq durun.

Mövsümə uyğun olmayan qidaları qəbul etmək düzgün deyil. Mən üç il öncə cənub bölgəsində çiyələk plantasiyasında oldum. Orada şahidi oldum ki, həmin plantasiyada çiyələyi yetişdirmək üçün otuz iki növ kimyəvi maddədən istifadə olunur. Plantasiyanın yanındakı kiçik otaq aptekə bənzəyirdi. Təəssüf ki, bu, bəzən mövsüm zamanı da baş verir.

Azad İstehlakçılar Birliyindəki xüsusi bir cihazla hər il kənd təsərrüfatı məhsullarının tərkibindəki nitratların miqdarını ölçürük. Qeyd edim ki, ildən-ilə qarpız, yemiş, soğan və s. kənd təsərrüfatı məhsullarının tərkibində nitratların miqdarı sürətlə azalır. Lakin nitratlar qarpızdan, yemişdən birdəfəlik əl çəkmir. Xüsusən, yay mövsümündə nitratın miqdarı nisbətən yüksək olur. Hazır məhsulların məhv olunmasının tərəfdarı deyilik. Ona görə də aidiyyəti qurumlar əkinçilərin yanında olmalıdılar. Əkinçilər əkin prosesi zamanı müəyyən profilaktik tədbirlər görülməlidir ki, acınacaqlı vəziyyət yaranmasın".

Məsələ ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mövqeyini və deyilənlərə münasibətini  öyrənməyə çalışsaq da, sorğumuza cavab almaq mümkün olmadı (ölkədə qida təhlükəsizliyi məsələlərinə məsuliyyət daşıyan mötəbər bir qurumun ictimaiyyətlə əlaqələrinə məsul olan şəxsi - İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov suallarımızı cavablandırmağı nə səbəbdənsə məqsədə müğayir bildi).

Hər halda, düzgün qidalanmaq mövzusunda hər bir şəxsin diqqətli olmağı vacibdir. Lakin satışa çıxarılan məhsulların keyfiyyəti daha böyük məsuliyyətin təminatı altında olmalıdır. İnsanların sağlamlığının sual altına atılmaması hər şeydən əvvəl vicdan məsələsidir.

 

Nadir YALÇIN

525-ci qəzet.- 2024.- 1 may,№75.-S.8.