Ehtiramla xatırlanmaq
Müəllim ömrü zərrə-zərrə
ömürlərə paylanır. Hamımızın
ömründə müəllim ömrünün
işığı var. Bu işıq yolumuzu
nurlandırıb, düşüncələrimizi
durulaşdırıb, mətləbimizin
aydınlığının cəfakeşi olub. Ötənlərdə
qalan xatirələrin ən kövrəyini də müəllim
adına yaşayırıq. Hansı yaşda olsaq da, müəllimimizi
görəndə özümüzü bir qədər
"yığışdırardıq", ehtiram kimi, sevgi
kimi...
Müəllim ustaddı, öyrədir. Öyrətdiklərinin
uğurlarına şükranlıq deyir, öz taleyinə
dediyi kimi...
Yaxşı tanıdığım, sevdiyim, ehtiram bəslədiyim
müəllimlərim kimi Həsən müəllimi də
unutmamışam, unutmaram. Uşaqlığımda onun da
söhbətlərini eşidə-eşidə yeniyetmələşmişdim.
Cavanlığımda hərdən
görüşürdük, onda da məndən öyüdlərini
əsirgəmirdi...
Həsən Əsəd oğlu Məmmədov 1922-ci
il iyunun 15-də Zəngəzur qəzasının Şərikan
kəndində anadan olub. Bu kəndin havası, suyu, gözəlliyi
onun da günlərinin, aylarının, illərinin cəfakeşi
olmuşdu. Oxuyub, təhsil alıb. 1934-cü ildə
Bürünlü ibtidai məktəbini, 1937-ci ildə
Şayıflı kənd 7 illik
məktəbini, sonra Pirçıvan kənd (indiki Zəngilan
şəhər 1 saylı) orta məktəbini bitirib. Onun da
arzuları vardı, həkim olmaq istəyirdi,
tay-tuşlarına "İnsanlara xidmət etmək ruhu rəvanlıqdı,
mən ruhu rəvan yaşayacam..." deyirdi. Sonra hansı
duyumun təsiriyləsə fikrindən daşındı; o illərdə
məktəblərdə müəllim kadrlarına
böyük ehtiyac vardı. Müəllimləri ona müəllimliyi
də sevdirə bilibmiş. Bu sevgi onun ömür yolunu müəyyənləşdiribmiş;
sənədlərini Qaryagin (indiki Füzuli rayonu) Pedaqoji
Texnikumunda müəllim hazırlayan qısamüddətli
(ikiaylıq) kursa təqdim edib. Oxuyub, oxuduqca niyyətinə yaxınlaşıb.
Ona elə gəlirdi ki, bu yol niyyətlərə aparan yoldu və
o da bu yolun dönməz yolçularından biridir.
Kursu bitirdikdən sonra onu 1940-cı il noyabrın 23-də
Canbar natamam orta məktəbinə sinif müəllimi təyin
etdilər. Canbar qonşu kənd idi və bu kənddə
işləməkdən də qürurlanırdı. Sinif
otaqlarına sevgilərlə gedirdi, şagirdlərini həvəslə
öyrədirdi. Ona elə gəlirdi ki, illər sonra bu
uşaqlar həkim olacaq, mühəndis olacaq, müəllim
olacaq. Onda özü də qürurla deyəcək: Bu
ziyalıların müəllimi mən olmuşam!..
Bir il tam olmamış İkinci Dünya müharibəsi
başladı. Tənəffüslərdə şagirdlərinə
öyüd-nəsihət verirdi, mü-haribə şəraitinə
uyğun təhsil almağın, ailəyə gücü
çatan qədər kömək etməyin zərurətindən
də danışırdı. 1942-ci il yanvarın 9-da Həsən
müəllim səfərbərliyə alınaraq Bakı
Piyada Qoşunları məktəbinə göndərildi.
Müəllim idi, hərbçi olmuşdu. Bundan sonra sinif
otaqları döyüşlərdə səngərlər
olacaqdı. Bir neçə ay təhsil aldıqdan sonra 20
yaşlı Həsən Məmmədov Krım cəbhəsinə
göndərildi. Döyüşlərə, döyüşlərdən
çıxıb qələbə qazanacaq
döyüşçülərin sırasına. Müharibənin
nə olduğunu burda gördü, döyüşlərin nə
olduğunu burda yaşadı. Müdafiə də olunurdular,
hücuma da keçirdilər. Bir vaxtlar müəllimlərindən
eşitdiklərinin özünü görürdü, qəhrəmanlığın
nə olduğunu döyüşlərdə dərk edirdi,
döyüşlərdə görürdü. Onu da bilirdi ki,
döyüşdə qorxaqlıq diriykən ölüm deməkdi...
Həsən Məmmədov Şimali Qafqazdan Berlinədək
döyüş yolu keçdi...
İlk döyüşü Taman yarımadasında
oldu. Şimali Qafqazda gedən döyüşlərdə iki dəfə
yaralandı. Müalicədən sonra yenidən
döyüşlərə qayıtdı. Partiya
sıralarına qəbul edildi. İlk təltifi olan
"İgidliyə görə" medalı da elə o vaxt
verildi.
Döyüş-döyüş Qələbəyə
gedənlərin sırasında Həsən Məmmədov da
olub. O da hər döyüşü müharibənin son
döyüşü bilib döyüşüb. Qəhrəman
olmaq üçün döyüşməyib, qəhrəmanlıqla
döyüşüb. Sonra minamyot batareyasında birinci
bölüyün komandiri təyin edilib. Düşmənin
daldalandığı, bir qədər arxaya çəkdiyi
komanda məntəqələrini, mövqelərini bu
batareyanın şəxsi heyəti də
dağıdırdı, məhv edirdi. Batareya Kerçin,
Sevastopolun, Feodesiyanın azad edilməsində fəal
iştirak etdi. Batareya 383-cü diviziyanın tərkibindəydi,
diviziyanın 24 min alman əsgərini əsir almasında bu
batareyanın da böyük xidmətləri olmuşdu. Onda fərqlənən
hərbi qulluqçular sırasında Həsən Məmmədova
da təşəkkür elan edilmişdi. Az sonra
komandanlığın təqdimatı ilə Krım
uğrunda gedən döyüşlərdə fərqlənən
bir çox əsgərlər kimi, Həsən Məmmədov
da 3-cü dərəcəli "Şöhrət" ordeni
ilə təltif edildi. Bu təltiflər azərbaycanlı
döyüşçünün döyüş əzminə,
qələbə ruhuna, şücaətinə, qətiyyətinə,
döyüşlərinə verilən təltif idi...
Qazanılan qələbələr ordunun şəxsi
heyətinin döyüş ruhunu daha da yüksəldirdi.
Döyüşlərarası fasilədə, "nəfəsdərmələrdə"
söhbətləşirdilər. Onda Həsən
döyüşçü yoldaşlarına Azərbaycandan
danışırdı, Azərbaycan xalqının qəhrəmanlarından
danışırdı, azərbaycanlıların qəhrəmanlıqlarından
danışırdı. Əslən Bakıdan olan
gürcü əsilli komissar Həsən Məmmədovun
söhbət-lərini döyüşçülərin
hamısına nümunə göstərirdi: Öz
el-obasını sevməyən ümumi Vətəni sevə
bilməz. Kəndinizi Məmmədov kimi sevin...
Həsən Məmmədovun xidmət etdiyi hərbi
hissəni marşal Georgi Jukovun
komandanlıq etdiyi Birinci Belorus cəbhəsinin tərkibinə
keçirdilər. Hərbi hissə də, Həsən Məmmədovun
daxil olduğu batareya da qətiyyətlə
döyüşürdü. Belorusiyanın, Polşanın azad
edilməsi uğrunda gedən döyüşlərdə də
rəşadətlə döyüşdülər. Komandirləri
batareyanın fəaliyyətini bəyəndiyini, düşmənə
xeyli tələfat vediyini deyəndə Həsən Məmmədovun
da adını çəkmişdi.
Müharibənin son döyüşləri Berlin ətrafında
gedəcəkdi. Bu döyüşlərə onların hərbi
hissəsi də cəlb olunmuşdu. Əvvəlki
döyüşlərdə də qətiyyətlə
döyüşmüşdülər, Berlin uğrunda gedən
dö-yüşlərdə müharibədə qazanılacaq
qələbəni tezləşdirmək üçün daha
qətiyyətlə döyüşürdülər. O da
Reyxstaqın divarlarına imza atanlardan biri olub. "Qafqazın
müdafiəsinə görə", "Varşavanın
azad edilməsinə görə", "Almaniya üzərində
qələbəyə görə" medalları ilə təltif
edilib. Komandanlıqdan neçə dəfə təşəkkür
məktubları alıb. Böyük Qələbədən
sonra göstərdiyi igidlik və qəhrəmanlığa
görə "Vətən müharibəsi" ordeni ilə
təltif edilib...
Faşizm üzərində qələbədən
sonra o da döyüşən ordu sıralarından tərxis
edildi. Azərbaycana, Zəngilana qayıtdı. Dörd il
ayrı düşdüyü sinif otaqlarına qayıtdı,
şagirdlərinin baxışlarını aldığı
mükafatların sırasında bildi.
Müharibə səbəbindən təhsil almaq ona nəsib
olmamışdı. Hələ ali təhsil almasa da, mükəmməl
həyat dərsi almışdı, hər adama nəsib olmayan
sınaqlarda bərkə-boşa düşmüşdü.
Dünyagörüşü, mətinliyi, insana,
insanlığa sevgisi dönməzləşmişdi. 19
yaşlı Həsən 23 yaşlı veteran kimi
qayıtmışdı Zəngilana. 1946-cı ildən 1967-ci
ilə kimi Canbar kənd 8 illik məktəbində direktor
işləyən Həsən müəllim 1954-cü ildə
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan
Dövlət Pedaqoji Universiteti) coğrafiya fakültəsinin
qiyabi şöbəsini bitirdi.
Müəllimlik peşəsini seçmişdi,
sevmişdi, Şimali Qafqazdan Berlinəcən döyüşlər,
döyüşlərin sərtliyi, yaralanması, yenidən
döyüşlərə qayıdıb döyüşməsi
onun seçiminin, sevgisinin üstündə yel əsdirə
bilməmişdi. 1967-ci il iyulun 1-dən 1974-cü il aprelin 8-dək
Bürünlü kənd 8 illik məktəbində direktor işlədi. Müəllimlər
də sevdi Həsən müəllimi, şagirdlər də.
Bu sevgi ötəri sevgi deyildi, bu sevgi könül sevgisi idi.
Bu sevginin zəmanəti ilə 1979-cu il oktyabrın 18-dək
Şayıflı kənd orta məktəbinin direktoru oldu.
Ömür-gün yoldaşı Mirvari xanımın vəfatından
sonra ərizəsinə əsasən Şayıflı məktəbinin
direktoru vəzifəsindən azad edildi, pedaqoji fəaliyyətini
Bürünlü kənd 8 illik məktəbində davam
etdirdi. 1992-ci il sentyabrın 2-də Şərikan orta məktəbinə
müəllim təyin edildi.
Zəngilanın işğalı onun da ruhunu titrədib.
O da Zəngilansızlıq ağrıları yaşayıb. O
da məcburi qaçqın, köçkün olub. Pedaqoji fəaliyyətini
Xətai rayonunda məskunlaşan Zəngilan 13 saylı
qaçqın məktəbində direktor müavini və
müəllim kimi davam etdirib. Könül
sıxıntısı çəkə-çəkə, həsrətin
soyuqluğunu şagirdlərinə sevgisi ilə sozalda-sozalda...
Həsən Məmmədov hansı məktəbdə
işləyibsə, xətri əziz tutulub, xətirləri əziz
tutub. "Müəllimləri də, şagirdləri də
sevməyən adam məktəbdə rəhbər ola bilməz,
buna haqqı çatmır. Sevgi və tələbkarlıq
qoşa yaranıb. Onları qoşa yaşatmayan direktor ilk olaraq
özünə yadlaşır, sonra digərlərinə..."
- Həsən müəllim könüldaşlarına belə
deyərdi.
Direktoru olduğu məktəblər həmişə
qabaqcıl pedaqoji kollektiv kimi fərqlənib. Həmkarları
həmişə Həsən müəllimi ustad pedaqoq kimi
ehtiramla əhatələyiblər, bu ehtiram ötəri ehtiram
olmayıb. Ondan öyrəniblər, onun təcrübəsini
ümumiləşdiriblər, iş prosesində bundan istifadə
ediblər.
Həsən müəllim zaman-zaman gənc müəllimlərin,
direktorların məsləhət yeri olub. Onun yetirmələri
arasında yüzlərcə müəllim, həkim, mühəndis
və digər sahələrin tanınmış mütəxəs-sisləri
var, hamısı öz fəal həyat mövqeyi ilə
seçilir. El arasında deyildiyi kimi, onların da
ünvanına "Ustadına bərəkallah!" deyilir...
Pedaqoji sahədə qazandığı yüksək nəticələri
qiymətləndirilərək rəşadətli əməyə
görə Lenin yubiley medalı, əmək veteranı
medalı ilə təltif edilib. Dəfələrlə
sosializm yarışının qalibi olan Həsən müəllim
Maarif Nazirliyinin təşəkkürünü, fəxri fərmanını
alıb, metodist müəllim adına layiq görülüb.
Zəngilanın işğaldan azad edildiyini görə
bilmədi; özü dünyadan Zəngilana görə narahat
köçdü, indi ruhu rahatdır...
2002-ci il iyulun 8-də dünyasını dəyişən
Həsən müəllim yaddaşlarda ləyaqətli insan, qəhrəman
döyüşçü, ustad pedaqoq və azərbaycançılığın
yorulmaz təbliğatçısı kimi qalıb.
Həsən müəllimin keçdiyi şərəfli
həyat yolu gələcək nəsillər üçün
həmişə əsl nümunə olacaq...
Böyük tarixi şəxsiyyət Heydər
Əliyev deyirdi: "Mən dünyada müəllimdən
yüksək ad tanımıram". Bu yüksək adı
ucalarda bu şərəfli peşəyə qəlbən
bağlananlar saxlayır. Həsən Əsəd oğlu Məmmədov
da onların sırasında olub. Bir vaxtlar özü ehtiramla əhatələnərdi,
indi adı ehti-ramla xatırlanır...
Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet.- 2024.- 2 may,№76.-S.15.