Haqqa dayaq olsaq...

 

Zaman su kimidir, axıb gedəcək,

Yolunda dayanmaz nə var, nə dövlət.

Ömür də şimşəktək çaxıb gedəcək,

Bir əməl qalacaq, bir də məhəbbət.

 

Haqqın səbri geniş, quyusu dərin,

Ədalət qorxuya, zalıma dərddir.

Dünyanı, həyatı düşünənlərin,

Ömrü nəsillərə bir şərafətdir.

 

Məhəbbət tükənsə, könül açılmaz,

Günəşin atəşi isitməz yeri.

Sevib sevilməyin mənası olmaz,

İnsan dərk etməsə gözəllikləri.

 

Arzular, istəklər qoşalaşmasa,

Bərəkət gen düşər ocağımızdan.

Hər kəs vicdanıyla hesablaşmasa,

Zülmün qapısında inləyər insan.

 

Silərik qəlblərdən günahımızı,

Yalandan, böhtandan biz qaça bilsək.

Nura qərq edərik sabahımızı,

Tarixin sirrindən baş aça bilsək.

 

Dünyaya, zamana dostuq, sirdaşıq,

Əməllə, amalla daim varıq biz.

Məsləksiz məzlumuq, bir qara daşıq,

Haqqa dayaq olsaq, yaşayarıq biz.

 

Güvən

 

Sağ əlim sol ələ kömək olmasa,

Əyilər qamətim, bükülər belim.

Xalq üçün döyünən ürək olmasa,

Vətən çiçəklənməz, boş qalar elim.

 

Qonşudan pay uman, kömək gözləyən,

Ac qalar, həyatın dadını bilməz.

Özün yox, özgəni bəyənən, öyən,

Nəslini, kökünü, adını bilməz.

 

Özgə qoltuqlara baş soxanların,

Keçmişi bəllidir, sabahı yoxdur.

Dilinə, dininə kəm baxanların,

Sərvəti olsa da, Allahı yoxdur.

 

Qüruru olanlar yad dilə uymaz,

Ləyaqət dövlətə, şöhrətə baxmır.

Nadan xalqa qıyar, sərvətə qıymaz,

Aqil haqq söyləyər, yolun karıxmaz.

 

Elinin sirrini özgəyə demə,

Qatır quyruğuna bağlanar dəvən.

Yaddan, ağılsızdan kömək gözləmə,

Ağlı olanların sözünə güvən.

 

İnam ver

 

Mənə inam verin, silah verməyin,

Gülləyə çevirim inamımı mən.

Yolumdan çaşdırıb günah verməyin,

Boğula bilərəm xəcalətimdən.

 

Təriflər yağmasın, tost deyilməsin,

Yersiz alqışları boğazdan asın.

Rüşvətə açılan yolları kəsin,

İnsanın ömrünü xırdalamasın.

 

Ağlı olmayanlar keçməsin başa,

Özünü, sözünü anlasın insan.

Ömrün sərf edənlər pula, daş-qaşa,

Silinsin insanlıq siyahısından.

 

Dilinə, dininə yad olan kəsi,

Qoymayın vətənin həndəvərinə.

Bir kəsin qibləsi var-dövlət olsa,

Nə sənə rəhm edər, nə də ki mənə.

 

Tənə edirsənsə ulduza, aya,

Məndən nə qayğı um, nə kömək istə.

Dərdimi yazmağa Ulu Tanrıya,

Qələmlə kağız qoy yolumun üstə.

 

Sevgi

 

Sevsən sevilərsən, sevgini güldür,

Sənə qəlb açanı duyasan gərək.

Sevgi var - dövlətə möhtac deyildir,

Qönçədir oxşasan çiçəklənəcək.

 

Sevgisiz ötüşən ömür-gün hədər,

Həyat həyat deyil, quru qəfəsdir.

Sevgiylə yaşayan insan bəxtəvər,    

Dünyanın bədbəxti sevməyən kəsdir.

 

Çəmənin, oylağın, suyun, torpağın,

Sevgisi can verir gülə, çiçəyə.

Öz istəyi vardır dərənin, dağın

Günəş yerə aşiq, yer isə göyə.

 

Sev, sevən qəlbinin istəyi artsın

Sevgiyə, qayğıya möhtacdır cahan.

Sev ki, sevilənlər kamına çatsın,

Sevəndə özünü anlayır insan.

 

Xatirə ol gəl

 

Kökə güvənənlər kökdən yapışar,

Əsilsiz sürünər qoltuğa sarı.

Hünəri olmayan dikdən yapışar,

Cəsurlar fəth edər ucalıqları.

 

Barsız söyüdlərin başı aşağı,

Çinarlar əlçatmaz, palıdlar uca.

Tufanlar, boranlar qorxutmaz dağı,

Təpələr səksənər hava dolunca.

 

Qaya qeyrətini qayada axtar,

Səslənən hər bulaq şəlalə deyil.

Hər quş nə şahindir, nə də ki, qartal,

Hər çiçək al lalə-piyalə deyil.

 

Min tülkü bir aslan qolunu əyməz,

Günəşin qüdrəti cahana bəsdir.

Bir töhmət min saxta salama dəyməz,

Yanmadan yaşamaq boşdur, əbəsdir.

 

İnsan ol, işinlə ad alıb yüksəl,

Demirəm Günəş ol, nə də ki, bahar.

Gedəndə bir şirin xatirə ol gəl,

Arxanca yalandan ağlamasınlar.

 

 

Məni insan edən

 

Yarımçıq həyatdır yarımçıq sevgi,

Anları, günləri parçalayacaq.

Ondan boynu bükük bir acı sevgi.

Sönük xatirələr qalacaq ancaq.

 

Məhəbbət, sədaqət parçalananda,

Dünya da yarıya bölünür, sözsüz.

Sevgiylə qoy yansın qəlbin yananda.

Ağlama könülsüz, gülmə könülsüz.

 

Yarımçıq məhəbbət ömür-gün deyil,

Sevgini yarıya bölmək nifrət, kin.

Sən bütöv eşqinin önündə əyil,

Ömrünə nur saçsın sevgin, istəyin.

 

Dünyada çox şeyi bil, bölmək olar,

Sevgini, əzizim, bölmək çətindir.

Məni insan edən şirin arzular,

Bir də ki, saf eşqim, məhəbbətimdir.

 

 

İmiş

 

Sən demə naz etmək, küsmək, barışmaq,

Sevən gözəllərdə bir adət imiş.

O vaxt anlamazdım, indi bildim ki,

Küsüb barışmaq da səadət imiş.

 

Mənalı, duyğulu, istəkli günlər,

Fikrin budağından bir-bir tökülür.

Ötən günlərimi xatırladıqca,

Könlümün telləri dara çəkilir.

 

Nə dövlət, nə sərvət düşərdi yada,

Sevgidə görərdik bəxtiyarlığı.

Elə bilirdik ki, böyük dünyada,

Eşqdir, məhəbbətdir üzün ağlığı.

 

Bizi sınaqlara çəksə də dövran,

Arzuya, inama doğma yar idik.

Sevib seviləndə, Tanrım o zaman,

Hamıdan varlıydıq, bəxtiyar idik.

 

 

Sevgi əbədidir

 

Ay bəxtəvər, bu gözəllik səndə var,

Görənləri inan dərdə salacaq.

Ürəklərdə oyanacaq duyğular,

Sevənlərin ağlın başdan alacaq.

 

Kimi heyran kəsiləcək gözünə,

Vurulacaq kimi şirin sözünə.

Kimi səni yar sanacaq özünə,

Kimi şirin xəyallara dalacaq.

 

Gözəlliyə bel bağlama belə sən,

Saf eşqinlə ömrünü şad elə sən.   

Dönəcəksən neçə aya, ilə sən

Gül yanağın saralacaq, solacaq.

 

Gənclik, ömür ötəridir onu bil

Xoş gün üçün gözəllik də şərt deyil

Həyatı duy, insan kimi sev, sevil

Ancaq sevgi əbədidir, qalacaq.

 

Ay dünya, nə yaman havalanmısan

 

Unudub yaxşını, isməti, arı,

Qanmaza vermisən dövləti, varı.

Urvata mindirib urvatsızları,

Ay dünya, nə yaman havalanmısan.

 

Talelər ümiddən asılıb qalıb,

Ümidlər bir küncə qısılıb qalıb,

Bəndimiz, bərəmiz basılıb qalıb,

Ay dünya, nə yaman havalanmısan.

 

Qurdu quzu ilə dost edən gündən,

Əhvalın dəyişib, küt gedib gündən.

Yaxa tutdurmursan, ötürsən gendən,

Ay dünya, nə yaman havalanmısan.

 

Haqq deyən dillərdə haqq daşa dönüb,

İnsan gözlərində bir quşa dönüb,

Nadanlar səninçün sirdaşa dönüb,

Ay dünya, nə yaman havalanmısan.

 

Üzünə gülənlər gülməz bir daha,

Dərdindən ölənlər ölməz bir daha,

Sevincli günlərin gəlməz bir daha,

Ay dünya, nə yaman havalanmısan.

 

Dərd-səri üstümə az əsdi, düşün,

Həsrətin, hicranın di bəsdi, düşün.

Qoynun qananlara qəfəsdi, düşün,

Ay dünya, nə yaman havalanmısan.

 

Aldanıb dilinə, düşüb felinə,

Ağıllı adamlar getməz dərinə.

Tahiri qoymusan uşaq yerinə,

Ay dünya, nə yaman havalanmısan.

 

 

Bilməsək

 

Dünyanı məhv edər böhtan, iftira,

Haqqın körpüsündən keçə bilməsək.

Nadanlar qəlbləri çəkərlər dara,

Yaxşını yamandan seçə bilməsək.

 

Doğrular əriyər şər meydanında,

Cırtdanlar öyünər nər meydanında. 

İgidlər xar olar ər meydanında,

Sabahımız gəlir necə bilməsək.

 

Varımız, barımız, pulumuz gedər,

Qapımız bağlanar, yolumuz gedər.

Canımız çürüyər, qolumuz gedər,

Biz vicdan andını içə bilməsək.

 

Dünyanı bürüyər göz yaşlarımız,

Düşmənə çevrilsə qardaşlarımız.

Tahir, alovlanar baş daşlarımız,

Dünyadan şərəflə köçə bilməsək.

 

Arzu

 

Duyana gözəldir yer, göy, kainat,

Dərdin, sevincin də öz ləzzəti var.

Qədrini bilənə şirindir həyat,

Nadana eynidir payız, qış, bahar.

 

Ey insan, cahanın hakimi sənsən,

Taleyin, qismətin öz əlindədir.

Söküb dağıdansan, qurub tikənsən,

Yaxşılıq yamanlıq əməlindədir.

 

İnsanıq, matəm də, toy da bizimdir

Qəlbləri güldürən, ağladan bizik.

Gecə də, gündüz də, ay da bizimdir,

Hakimik, həm arif, həm nadan bizik.

 

Bizik bu dünyanın qışı, həm yazı,

Dünya şərik deyil günahımıza.

Gəlin, düşünəyin həyatımızı,

Gəlin baş əyəyin Allahımıza.

 

Yanağın insanın dərdi - sərinə

Sinəmiz od tutub dönməsin dağa

Gəlin qan yerinə, bomba yerinə,

Ədalət toxumu səpək torpağa.

 

Vay bizim halımıza

 

Vicdanı kor olanlar,

Günahını düşünməz.

Dünənini unudar,

Sabahını düşünməz.

İmanın pula satar,

Allahını düşünməz.

Uysaq haram dövlətə,

Güvənsək pulumuza,

Vay bizim halımıza.

 

Açmasaq tarixlərin,

Sirli səhifəsini.

Eşitməsək xalqımın,

Azadlıq nəğməsini.

Duymasaq ürəklərin,

Haqq-ədalət səsini,

Nəslimizə, güvənib.

Dönməsək ulumuza,

Vay bizim halımıza.

 

Dünyaya tanıtmasaq,

Vətəni, adımızı.

Seçməsək zamanında,

Doğmanı, yadımızı.

Düşmənlər hiss etməsə,

Qəlbdəki odumuzu.

Nadanlıq qılınc çəkib

Çıxacaq yolumuza,

Vay onda halımıza.

 

Vətəni bağ, imarət,

Torpağı pul sayanlar,

Çıxmasa aramızdan,

Bilin qiyamət olar.

Tarixin unudulmaz,

Pozulmaz qanunu var.

Bir olmasaq qandalı,

Şər vurar qolumuza

Vay onda halımıza,

Vay onda halımıza.

 

Tahir RZA

525-ci qəzet.- 2024.- 2 may,¹76.-S.14.