Şəhidlər
xiyabanının ilk "sakini"
Həyatda elə igidliklər var ki, onu səssiz qəhrəmanlıq
da adlandırmaq olar. Bu qəhrəmanlıqları göstərən
oğullar heç zaman düşünmürlər ki, onlar qəhrəmandırlar.
Düşünürlər ki, öz borclarını yerinə
yetirirlər. Bu qəhrəmanlar heç vaxt sinələrinə
döymürlər ki, mən qəhrəmanam. Onlar heç
bir mükafat ummurlar. Zaman özü verir onların qiymətini
və özlərindən xəbərsiz yazılırlar
xalqın yaddaşına, tarixinə. Bu da əbədiyaşarlıq
deməkdir. Yalnız mərd, xalqını və Vətənini
böyük məhəbbətlə sevən qartal timsallı
insanlar yüksələ bilərlər bu uca zirvəyə.
Belə ömür şərəflidir, əbədidir. Həyatda
şücaətlər göstərən, Vətən naminə
çarpışan qəhrəmanların adı xatirələrdə
yaşayır, onların şərəfinə abidələr
ucaldılır, əməlləri barədə şeirlər
yazılır, mahnılar, dastanlar qoşulur.
Belə qəhrəmanlardan biri də Babayev Tale Bəyənulla
oğludur. O, 1964-cü ildə
Oğuz (keçmiş Vartaşen) rayonunun Yaqublu kəndində
anadan olmuşdu. Ağdərənin və
Güllüdağın gül ətirli və saf havasını uda-uda,
mayası halallıqdan yoğrulmuş bir ailədə
böyümüşdü. Kiçik yaşlarından
atasını itirmişdi.
Kənddəki orta məktəbinin VIII sinfini bitirəndən
sonra ehtiyac üzündən təhsilini qiyabi formada davam etdirməklə "Azərbaycan" sovxozunda işə girmişdi. Bir
neçə il heyvandarlıq
sahəsində çalışmışdır.
1984-1986-cı illərdə Qazaxıstanın Semipalatinsk şəhərində həqiqi
hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurandan sonra bir
neçə il Rusiyanın müxtəlif şəhərlərində
yaşamış və işləmişdi.
1991-ci ildə doğma kəndi Yaqubluya
qayıtmışdı. 1992-ci ilin
mart ayında könüllü olaraq qardaşı
Tehranla birlikdə cəbhəyə yola düşmüşdü.
Onların rotası Şuşa
rayonunun Kosalar kəndini
müdafiə edirdi.
1992-ci ilin mart ayının 29-da səhər tezdən
rotaya düşmən hücumunu qabaqlamaq üçün
hücuma keçmək əmri verildi. Müxtəlif istiqamətlərdən hücum
başladı. Həmin qanlı döyüşün
iştirakçılarından A.Əliyev deyir:
"Döyüşdən bir gün əvvəl Talenin
dişi ağrıyırdı. Onu müalicə
üçün Şuşaya göndərmişdilər.
Lakin Tale Şuşada bir gün qalıb geri qayıtdı. Mən
ona bir neçə günlüyə icazə alıb ailəsinə
baş çəkməsini təklif etdim. Lakin o dedi ki, mən
sizi burda - düşmən qarşısında qoyub gedə
bilmərəm. Əməliyyata hazırlıq günü
diş ağrısından sifəti şişdiyi
üçün komandir onu döyüşdən azad etmək
istədi. Lakin Tale and içdi ki, özünü lap
yaxşı hiss edir. O, bizim ən cəsur və qorxmaz
döyüşçülərimizdən idi. Ürəyində
böyük Vətən sevgisi, düşmənə dərin
nifrət vardı. Düşmənlə döyüşü
səbirsizliklə gözləyirdi..."
Qardaşı Tehranın söylədiklərindən:
"Biz Kosalar kəndini müdafiə edirdik. Kəndin ətrafındakı
postların birində mövqe tutmuşduq. Təxminən 80 nəfərlik
canlı qüvvəmiz vardı. Düşmənin hücumunu
qabaqlamaq üçün 1992-ci ilin mart ayının 29-da səhər
tezdən döyüşə başladıq.
Müxtəlif istiqamətlərdən hücum
başladı. Bir neçə düşmən postunu
darmadağın etdik. Ermənilər məcbur olub
yaxınlıqdakı qayalıqlara çəkildilər. Atəş
altında qaldığımıza görə qayalıqlara
qalxa bilmirdik. Mən qardaşım Taledən ayrı
düşmüşdüm.
Atəş altından çıxmaq üçün
bir qədər geri çəkildik. Bu zaman
qardaşımın qəhrəmancasına həlak
olduğunu bildim. Düşmənlər onun meyitini
götürməyə imkan vermir, aramsız atəş
açırdılar. Silah yoldaşlarım Tofiq, Namiq və
İlhamın köməyi ilə qardaşımın cəsədini
döyüş meydanınından çıxara bildik.
Artıq günorta idi. Döyüş isə davam edirdi. Biz qələbə
çalmaq üzrə idik.."
Bu Talenin son düyüşü oldu. O, Vətən
uğrunda öz canını qurban verdi. Allah dərgahına -
şəhidlik zirvəsinə ucaldı.
Tale Oğuz şəhərindəki Şəhidlər xiyabanında dəfn olunmuş ilk
şəhiddir. Onun bu torpaqda
uyumağa hamıdan çox haqqı vardır. Onun dəfn olunduğu
şəhidlər xiyabanı bu gün bütün
oğuzluların müqəddəs ziyəratgahı və and
yeridir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 dekabr 1993-cü il tarixli
606 saylı qərarı ilə T.Babayevin adı təhsil
aldığı Yaqublu kənd
tam orta məktəbinə
verilmişdir. Məktəbdə şəhid T.Babayev
şərəfinə xatirə abidəsi düzəldilmiş və
xüsusi guşə hazırlanmışdır.
Məktəbin şagirdləri tez-tez xatirə abidəsinin
önünə tər gül dəstələri qoyaraq qəhrəmanın
xatirəsini əbədi yaşadacaqlarına və Vətəni
onun kimi sevəcəklərinə and içirlər.
İmran VERDİYEV
Şəhidin müəllimi, Əməkdar müəllim
525-ci qəzet.- 2024.- 2 may,¹76.-S.13.