Vətən
sevdalısı
Həsən Turan oğlu Dəmirovu şəhidlik zirvəsinə
ucaldan Vətən, torpaq sevgisi oldu və o, 26 yaşında
şərəfli ölümü ilə əbədiyaşarlıq
qazandı. Müqəddəs amal uğrunda canını fəda
etdiyinə görə Vətən öz qəhrəman
oğlunu bir an belə unutmur,
adı xalqın dilində iftixarla çəkilir.
44 günlük haqq savaşımızda - Vətən
müharibəsində qəhrəmanlığı ilə
tarix yazan Həsən Dəmirov 1994-cü ildə Cəlilabad
rayonunun Muğan kəndində dünyaya göz açıb.
Orta məktəbini başa vurub həqiqi hərbi xidmətə
yollanıb. Əsgərlik həyatına
cəbhə bölgəsində başlayan qəhrəmanımız
Vətən qarşısında borcunu ləyaqətlə
yerinə yetirib, bütün təlimlərdə fəal olub,
cəsurluğu, çevikliyi əsgər yoldaşlarına həmişə
nümunə göstərilib. Həsən xidmət
zamanı əsir düşən
müqəddəs Vətən torpaqlarının
azadlığı uğrunda hər an birbaşa səngərə,
düşmənlə savaşa can atıb. Söz düşəndə
deyirmiş ki, "Vətən müqəddəsdir, onun
yolunda ölüm belə şərəfdir. Vətən
torpaqların bir qarışı da düşmən ayaqları
altında qalmasın gərək. Mübarizliklə
döyüş meydanında düşmənə qalib gəlmək
üçün indidən Azərbaycan əsgəri hər
şeyə hazır olmalıdır".
Hərbi xidmətini başa vurub geri qayıdan Həsən
xeyirxah əməlləri ilə həmişə fərqlənib,
düz amallı, təmiz əməlli insan kimi tanıyanlar tərəfindən
sevilib. Ürəyi hər zaman Vətənlə döyünən
Həsən öz yerini cəbhə bölgəsində
görüb və bir müddət sonra yenidən orduya
qayıdıb, "N" saylı hərbi hissədə kəşfiyyatçı
kimi xidmətə başlayıb.
Azərbaycan Ordusunun baş əsgəri olan Həsən
Dəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı
Qüvvələri tərəfindən Ermənistan
işğalı altında olan ərazilərin azad edilməsi
və Azərbaycanın ərazi bütövlüyünün
bərpa olunması üçün başlanan İkinci
Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin
azadlığı uğrunda gedən döyüşlərdə
savaşıb. Həsən Dəmirov sentyabrın 27-də
Madagizin azad edilməsi zamanı şəhid olub, Cəlilabad
rayonunun Muğan kəndində dəfn olunub.
Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsi uğrunda
döyüş əməliyyatlarına qatılan və hərbi
hissə qarşısında qoyulmuş
tapşırıqların icrası zamanı vəzifə
borcunu şərəflə yerinə yetirdiyinə görə
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları
ilə ölümündən sonra "Vətən
uğrunda" və "Laçının azad olunmasına
görə" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
525-ci qəzet.- 2024.- 2 may,№76.-S.13.