Xüsusi təyinatlıların
əfsanəsi
"Dostlar, həqiqətən bəzi şeylər
var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə
deyirəm, hər zaman, hər an xalqım üçün,
torpağım üçün, Vətənim
üçün canımdan, qanımdan keçməyə
hazıram. Həmişə özümə arzu etmişəm
ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan
Respublikasının üçrəngli, ay-ulduzlu
bayrağına bükülüb dəfn olunmağa
aparılsın".
Bu fikirləri 24 mart 1981-ci ildə Astara rayonunun Əzərüd
kəndində dünyaya göz açan, 2016-cı ilin Aprel
döyüşlərində qana susamış düşmənə
qan qusduran, xüsusi təyinatlıların adı dillərdən
düşməyən əfsanəsi, gizir Pəncəli
Teymurov hələ 2013-cü ildə öz toy günündə
demişdi. Qəhrəman Vətən sevdalısı
üç il sonra, ömrünün 35-ci baharında arzusuna
çatdı. Şanlı Zəfərimizin
başlanğıcı olan Aprel döyüşlərinin
üçüncü günündə son damla qanına qədər
vuruşaraq qəhrəmancasına əbədiyyətə
qovuşdu. Ölümsüz həyatı ilə milyonların
qəlbinə köç edən Astaranın igid oğlu
dövlətimiz tərəfindən "İgidliyə
görə", "Vətən uğrunda" medalları
ilə təltif edildi.
Vətənin müqəddəsliyinə tapınan, qəlbən
onun torpağına, daşına bağlanan Pəncəli
Teymurov 1992-ci ildə baş vermiş Xocalı
soyqırımının kadrlarını izləyəndə
hərbçi olmağa və yağıdan qisas almağa
söz verir. Orta məktəbi başa vurub, ürəyində
Vətənə məhəbbət, düşmənə nifrət
1999-cu ildə ordu sıralarına yola düşür. Xidmət zamanı kəşfiyyatçı
peşəsinə yiyələnir və hərbi hissənin ən
mahir kəşfiyyatçılarından olur. Mübarizə
meydanında düşmənə qalib gəlmək
üçün son dərəcə mərd, cəsur,
ağıllı gənc verilən bütün
tapşırıqları layiqincə yerinə yetirir, ən
çətin təlimlərdə xüsusi fərqlənir, əsgərlərin,
zabitlərin sevimlisinə çevrilir.
Pəncəli Teymurov hərbi xidmətini başa
vurduqdan sonra könüllü olaraq xidmətini yenicə
yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin
kəşfiyyatçı-diversant taborunda davam etməyə qərar
verir. Vətən naminə göstərdiyi qəhrəmanlıqlar
bir-birini əvəz edir.
Gizir Pəncəli Teymurov 17 il Azərbaycan ordusunun
sıralarında öz doğma Vətənini göz-bəbəyi
kimi qoruyur, 2016-cı ilin Aprel döyüşlərində ona
olan sonuncu borcunu şərəflə yerinə yetirir və
Şəhidlik zirvəsinə ucalır.
Allah rəhmət eləsin!
Zəfər ORUCOĞLU
525-ci qəzet.- 2024.- 2 may,№76.-S.13.